Məhkəmə qərarları › İş №2(103)-2698/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2698/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2698/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(006)-1785/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********99 nömrəli “Tam kart çərçivə müqaviləsi”nə əsasən Bank tərəfindən borcalana kredit limiti ayrılmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağını öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Eyni müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır.

2. İddiaçı +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmanız üçün kodunuz: *****08. Tel 937.”

3. İddiaçı məxsus 438750******7211 saylı, 338250******7199 saylı, 338810******7120 saylı hesablardan xx.xx.2023-cü il tarixində yüklü miqdarda pul vəsaiti silinmişdir.

4. “Cinayət işi başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bankın xeyrinə İddiaçı BPM**********99 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4540.90 manat tutulmuşdur.

6. İddiaçı tərəfindən Banka ünvanlanmış pretenziya məktubuna əsasən İddiaçı Bank tərəfindən icra qeydinin ləğv edilməsi üçün AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət edilməsini xahiş etmişdir

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin üzərinə ona məxsus olan, bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin qoyulması, Bankın üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsinin qoyulması, onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onunla Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nə əsasən Bank onun adına ikitərəfli ödəniş kartını vermişdir. Bundan əlavə Bank tərəfindən ona verilmiş 4127 2081 1623 5523 nömrəli əmək haqqı kartından və 4127 2211 1078 2713 nömrəli pensiya kartından istifadə etmişdir. O, 2023-cü ilin avqust ayına qədər həmin bank kartlarından istifadə etmiş, Bankla arasında heç bir narazılıq və anlaşılmazlıq olmamışdır. Lakin 2023-cü ilin avqust ayının 5-də ona “Tam kart çərçivə müqaviləsi”nə əsasən verilmiş bank kartına xaker hücumu olmuşdur, ona Bank tərəfindən bu barədə məlumat verilməmişdir. 2023-cü ilin avqust ayının 13-də onun bank kartlarından vəsaitlər onun sifarişi olmadan silinmişdir. O, dərhal 937 nömrəsinə (Bankın nömrəsi) və 102 (DİN) nömrəsinə zəng etmişdir. Bank tərəfindən həmin anda ona bildirilmişdir ki, onun kartlarında heç bir pul vəsaiti yoxdur. Halbuki, pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat pul var idi. “Tam” kartında isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul var idi, həmin pul vəsaitləri onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır. Qeyd edilən hərəkətlər cavabdehin üzərinə qanunla və müqavilə ilə qoyulmuş öhdəliklərinə əməl etməməsi nəticəsində baş vermişdir. Onun tərəfindən heç bir bank əməliyyatı aparılmadan bank kartlarında olan 9274 manat vəsaitin təhlükəsizliyi qanunvericilik tələblərinə əsasən cavabdeh tərəfindən təmin edilməli idi. Belə ki, o, kart məlumatlarını heç kimə açıqlamamış, bank kartları oğurlanmamış, itirilməmişdir. Ona heç bir SMS, və ya OTP kodu gəlməmiş, və o, həmin kodları təsdiq etməmişdir. Bank birdən birə 9000 manatdan artıq pul vəsaitinin birdəfəyə çıxarılmasına məhdudiyyət qoymamış, bu hərəkət Bankda şübhə doğurmamış, kart bloklanmamışdır. 2023-cü ilin avqust ayından Bankın təqsirindən, Bankda olan pul vəsaitlərinin təhlükəsizliyini təmin etmədiyi üçün keçirdiyi stress nəticəsində 2023-cü ilin dekabr ayına qədər səhhəti ciddi şəkildə pisləşmiş, bir neçə ay intensiv müalicə qəbul etmişdir. Bu səbəbdən keçirdiyi mənəvi iztirabın əvəzində Bankın ona təzminat ödəməyini də zəruri hesab etmişdir.

9. Cavabdeh "xxxx" ASC-nin etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nin (№ BPM**********99) 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağını öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. İş materiallarında olan çıxarışdan görünmüşdür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində OTP-lər göndərilmişdir və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır məxfi saxlayın. Mobil tətbiqə daxil olmanız üçün kodunuz *****. Tel 937". Buradan aydın olmuşdur ki, müştəriyə OTP kodlar göndərilsə də, o, bunu inkar etmiş və məsuliyyəti Bankın üzərinə atmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(006)- 1785/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də Bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, Bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə Bankın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, № BPM**********99 nömrəli “Tam kart çərçivə müqaviləsi”nin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında Bank tərəfindən ona heç bir OTP kodu göndərilmədiyini bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz: *****08. Tel 937.” Məhkəmə hesab etmişdir ki, əməliyyat zamanı Bankın təqsiri müəyyən edilməmiş, iddiaçı məhkəməyə Bankın təqsiri barədə sübut təqdim etməmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1097ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci Qərarlarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, üçüncü tələb - Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8i-4444 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə tələbi ümumiyyətlə, qətnamədə göstərilməmiş, həmin tələbə qiymət verilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, onun ***-***-**-** nömrəsinə xx.xx.2023-cü ildə saat 22:21 və 22:26-da OTP-lər göndərilmişdir. Lakin onun tərəfindən həmin OTP kodların təsdiq edilib-edilməməsi araşdırılmamışdır, halbuki dəfələrlə qeyd edilmişdir ki, həmin OTP kodları təsdiq edilməmişdir. Bank da həmin OTP-kodları təsdiq etməyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)-5996/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri səbəbindən zərərə məruz qaldığını sübuta yetirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifəsidir. Cavabdeh isə iddiaya etirazını əsaslandırdığı faktları, yəni iddiaçıya təhlükəsizlik kodu göndərməsini və iddiaçının həmin kodu qəbul edib təsdiq etməsini sübuta yetirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin notariusun icra qeydinə məhkəmə tərəfindən münasibət bildirilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə işə baxır. Notariusun icra qeydinin düzgün verilib-verilməməsi və onun hüquqi nəticələrinin qanuniliyinin yoxlanılması hazırkı məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmə düzgün olaraq onunla bağlı araşdırma aparmamış və münasibət bildirməmişdir. Apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi tələbinə münasibət bildirilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin maddi ziyanın ödənilməsində təqsirliliyi sübuta yetmədiyinə görə işə baxan məhkəmə haqlı olaraq mənəvi ziyanın əvəzinin ödənilməsi tələbini də rədd etmişdir və bununla bağlı hər hansı əlavə araşdırma aparılmasına ehtiyac olmamışdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlillərinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 3, 7, 16, 35 və 37-ci maddələri tətbiq edilərək, iddiaçının apellyasiya şikayəti təmin edilməli idi. Lakin məhkəmə tərəfindən qeyd edilən normalar ümumiyyətlə tətbiq edilməmişdir, halbuki həmin normalar məhz baxılan işdə tərəflərin münasibətini tənzimləyən əsas qanunvericilik normalarıdır. Bank sirrini təşkil edən məlumatlar Bank tərəfindən qorunmadığı üçün iddiaçının hesabında olan vəsaitlər onun icazəsi, razılığı, təsdiqi olmadan çıxarıldığı üçün Bank iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və məhkəmə “Banklar haqqında” AR Qanununun 31.1, 41.1, 41.6-cı maddələrini tətbiq etməli olduğu halda yenə də qeyd edilən normalara ümumiyyətlə müraciət etməmişdir. Məhkəmə Bankdan iddiaçıya vurulan mənəvi zərər kimi tələb etdiyi məbləğdə tutmalı idi, çünki Bankın qanunsuz hərəkətləri – bank kartı məlumatlarının təhlükəsizliyinin təmin edilməməsi nəticəsində iddiaçı güclü stress keçirmişdir, bir neçə ay xəstə yatmışdır, bu barədə sənədləri də məhkəməyə təqdim etmişdir, lakin birinci instansiya məhkəməsi qeyd edilən normaları tətbiq etsə də düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin normaları tətbiq edərək, iddiaçının iddia tələbini təmin etməli olduğu halda iddianı rədd etmişdir, nəticədə Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həcminin artırılması haqqında ərizəyə ümumiyyətlə qiymət verməmiş, həmin ərizədə göstərilən tələblərdən 3-cü tələb - Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X1 verdiyi 8i-4444 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə tələbi qətnamədə göstərilməmiş, həmin tələbə qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinə iddiaçının bank kartından pulun cinayət əməlləri nəticəsində çıxarılması barədə cinayət işinin aparılması haqqında Suraxanı Rayon Polis İdarəsinin arayışı təqdim edilmişdir, lakin hər iki məhkəmə tərəfindən həmin hala ümumiyyətlə qiymət verilməmişdir. İddiaçı tərəfindən həmin OTP kodların təsdiq edilibedilməməsi araşdırılmamışdır. Cavabdeh də iddiaçının həmin OTP-kodları təsdiq etməyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, onun telefonu yoxlanılsın, yoxlanılarsa müəyyən olunar ki, onun tərəfindən bildirmişdir ki, onun telefonu yoxlanılsın, yoxlanılarsa müəyyən olunar ki, onun tərəfindən heç bir OTP kodu təsdiq edilməmişdir, mahiyyəti etibarı ilə iddiaçının bu barədə bildirdiyi vəsatət kimi qəbul edilərək, ekspertiza təyin edilməli və ekspertiza qarşısında iddiaçının telefonuna gələn OTP kodların iddiaçı tərəfindən təsdiq edilib-edilmədiyi (1-ci sual), OTP kodlarının hansı İMEİ kodlu telefondan təsdiq edilməsi (2-ci sual) kimi sullar qoyulmaqla, məhkəmə texniki ekspertizası təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi verilmiş apellyasiya şikayəti əsasında araşdırılma aparmalı olduğu, məhkəmə ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, nəticədə MPM-in 217.1, 165, 167.1.9-cu maddələrini pozmaqla ədalətsiz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

20. Azərbayca Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2025ci il tarixli, 2(102)-430/2025 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)- 5996/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kasssasiya instansiyası məhkəməsinin mövqeyinə görə: “- 67. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 35.1-ci maddəsində göstərilir ki, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir. - 68. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır. - 69. Bu qərarın 52-ci bəndində göstərilən qanunun 37.2-ci maddəsinin tələbinə görə qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir. - 70. Ödəniş xidməti təchizatçısı bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir. - 71. İşə baxan məhkəmələr cavabdeh tərəfindən iddiaçının telefon nömrəsinə OTP göndərildiyini və məhz həmin OTP nəzərə alınmadan razılıq verilməsi ilə bağlı cavabdeh tərəfin dəlilləri ilə razılaşsa da işdə belə bir məlumatların olmamasını nəzərə almamışdır. - 72. Faktiki olaraq OTP-nin göndərilməsi, onun iddiaçı tərəfindən qəbul edilməsi və məhz həmin məlumatlandırmanın edilməsinə baxmayaraq iddiaçı tərəfindən razılığın verilməsi ilə bağlı halların cavabdeh tərəfindən sübut edilməli olmasını nəzərə almamışdır. Çünki iddiaçı ona belə bir məlumatın ona daxil olmamasını və razılıq vermədiyini bəyan edir. - 73. Bu baxımdan iddiaçının dəlillərinin aydınlaşdırılması ilə bağlı olaraq məhkəmələr tərəfindən iddiaçıya OTP göndərilib-göndərilməməsi, göndərilmişsə, bunun iddiaçıya çatması, bankın müdaxilənin olmasını bilib-bilməməsi və ya bank müdaxilə ilə məlumata malik olmuşsa (çünki bank müdaxilənin olmasını gördüyü üçün belə OTP-nin göndərildiyini iddia edir) hesabların bloklanmamasının və ya bloklanma barədə hərəkətin edilməsi ilə bağlı iddiaçıya hansı səbəbdən müraciət edilməməsi, məhz hansı kart hesablarından pullların çıxarılması, bu kartların hər birindən pul çıxarılması ilə bağlı bankın təhlükəsizlik baxımından hərəkətlərin nədən ibarət olmalı olması, pul məbləğlərinin cavabdehin göndərilməsini iddia etdiyi OTP-nin daxil olmasında əvvəl və ya sonra çıxarılması, məbləğin birdəfəlik və tam olaraq çıxarılması, hissə-hissə çıxarılmışdırsa bu zaman cavabdeh bankın hərəkətlərinin bu qərarın 52-ci bəndində göstərilən qanunun istinad olunan normalarına uyğun olub-olmaması aydınlaşdırılmalıdır. - 74. Nəzərə alınmalıdır ki, ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. İddiaçı iddia edir ki, lazımi qaydada təhlükəsizlik tədbiriləri təmin olunmadığı üçün cavabdeh tərəfindən ona ziyan vurulmuşdur. - 75. İşə baxan məhkəmələr isə gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyən olunmasını nəzərə alaraq sübut etmənin iddiaçıya aid olmasını göstərməklə kifayətlənməməli, müvafiq aydınlığın yaradılması məqsədi ilə belə qaydaları müəyyən edən Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq işə cəlb edərək bu qərarın 58-ci bəndində göstərilən halların aydınlaşdırılmasını təmin etməli olsalar da belə araşdırmanın aparılmasını təmin etməmişlər. Bununla yanaşı qeyd edilməlidir ki, araşdırmaların gedisində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması zərurəti yarandığı təqdirdə müvafiq ekspertizanın təyin olunması tərəflərlə birlikdə müzakirə oluna bilər. - 76. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, iddiaçı məhz hesablarından pulun çıxarılmasından sonra cinayət təqibi orqanına müraciət etmiş, onun ərizəsi əsasında cinayət işi başlanmışdır. Belə olan halda məhkəmələr həmin cinayət işinin nəticələrinə dair məlumat əldə edərək işdə olan digər sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirmə aparmalı olduqlar halda belə aydınlaşdırmanın aparılmasını təmin etməmişlər. - 77. İddiaçının digər dəlili iddia tələbinin artılmasına dair ərizəsinin olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən bu dəlilə qiymət verilməməsi ilə bağlı olmuşdur. - 78. Məhkəmə kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışında iddiaçının həmin dəlillərinə qiymət verilməli, birinci instansiya məhkəməsində iddia tələbinin artırılmasına dair ərizənin verilməsi, onun icraata qəbul edilib-edilməməsi aydınlaşdırılmalı, müvafiq araşdırmanın nəticəsindən asılı olaraq həmin dəlil prosessual qanunvericiliyin müəyyən etdiyi tələblər baxımından qiymətləndirilməlidir. - 79. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır”.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 18-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nə (№ BPM**********99”) əsasən müəyyən edilir ki, tərəflər arasında olan mülki münasibətlər xx.xx.2021-ci il tarixində meydana gəlmişdir. İş materiallarında olan SMS-lərin göndərilməsi barədə çıxarışdan görünür ki, müştərinin +**********40 mobil nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP-lər göndərilmişdir və orada qeyd edilmişdir ki, “DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır”. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazasında (eqanun.az) qeyd edilən məlumata əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Azərbycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən işin faktiki hallarından və qanunvericilik normalarından irəli gələrək belə qənaətə gəlmək olar ki, İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında olan münasibətlərə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun normalarını tətbiq etmək olmaz, çünki tərəflər arasında mülki hüquqi münasibət yarandığı vaxt və mübahisəyə səbəb olmuş hadisə baş verdiyi vaxt sözügedən qanun qüvvədə olmamışdır. Nəticədə, iş üzrə Mərkəzi Bankın cəlb edilməsinə heç bir zərurət yoxdur.

24. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-430/2025 nömrəli Qərarının 71-73-cü bəndlərində qeyd edilmişdir ki, iddiaçıya OTP göndərilibgöndərilməməsi (1), göndərilmişsə, bunun iddiaçıya çatması (2), bankın müdaxilənin olmasını bilib-bilməməsi (3) və ya bank müdaxilə ilə məlumata malik olmuşsa (çünki bank müdaxilənin olmasını gördüyü üçün belə OTP-nin göndərildiyini iddia edir) hesabların bloklanmamasının və ya bloklanma barədə hərəkətin edilməsi ilə bağlı iddiaçıya hansı səbəbdən müraciət edilməməsi (4), məhz hansı kart hesablarından pullların çıxarılması (5), bu kartların hər birindən pul çıxarılması ilə bağlı bankın təhlükəsizlik baxımından hərəkətlərin nədən ibarət olmalı olması (6), pul məbləğlərinin cavabdehin göndərilməsini iddia etdiyi OTP-nin daxil olmasında əvvəl və ya sonra çıxarılması (7), məbləğin birdəfəlik və tam olaraq çıxarılması, hissə-hissə çıxarılmışdırsa bu zaman cavabdeh bankın hərəkətlərinin bu qərarın 52-ci bəndində göstərilən qanunun istinad olunan normalarına uyğun olub-olmaması aydınlaşdırılmalıdır (8). Burada qeyd edilən bütün bu məsələlərə dair aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik: 1-ci və 2-ci məsələlər (OTP göndərilibgöndərilməməsi, göndərilmişsə, bunun iddiaçıya çatması) ilə bağlı qeyd etmək istəyirik ki, iş materiallarında olan SMS-lərin göndərilməsi barədə çıxarışdan görünür ki, müştərinin +**********40 mobil nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində saat 22:21:16-da "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kod göndərilmişdir və mesajın mətnində qeyd edilmişdir ki, “DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****30. Tel:937”. Elə həmin çıxarışdan həmçinin bu da görünür ki, müştərinin +**********40 mobil nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində saat 22:26:24-də "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kod göndərilmişdir və mesajın mətnində qeyd edikmişdir ki, “DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****08. Tel:937”. Bu məlumatlar bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir və iş materiallarında mövcuddur. Sözügedən SMS-lərin həqiqətən də göndərilməsini həmçinin müvafiq mobil operatordan əldə etmək olar. Belə ki, iddiaçı ona SMS-lərin gəlməməsi barədə mülahizəsini iş birinci dəfə apellyasiya instansiyasında baxılan zaman bildirdiyi zaman bizim tərəfimizdən məhkəməyə təklif edilmişdir ki, sübutların əldə edilməsi üçün müvafiq qərardadı qəbul etmək və sözügedən məlumatları üçünü şəxs olan mobil operatordan (bu işə münasibətdə "xxxx" MMC-dən) əldə etmək olar. Tərəf olduğumuz digər oxşar məzmunlu işlərdə də, bank tərəfindən müvafiq SMS-lərin həqiqətən də göndərilib-göndərilməməsi məsələsini həll etmək üçün məhkəmələr tərəfindən müvafiq mobil operatora sübutların əldə edilməsi üçün qərardadı göndərilir və zəruri məlumatlar əldə edilir. Həmçinin qeyd etmək lazımdır ki, bu kodlardan istifadə edilməsi işin digər faktiki halları ilə sübut edilir. Belə ki, iş materiallarında olan çıxarışa əsasən bəlli olur ki, birinci OTP-dən istifadə etməklə iddiaçı mobil tətbiqinə 13 avqust 2023-cü il tarixində, saat 22:22:04-də “Samsung SM-A047F” mobil telefonu (Android 12 əməliyyat sistemi) vasitəsilə giriş etmişdir. İş materiallarında olan çıxarışa əsasən bəlli olur ki, ikinci OTP-dən istifadə etməklə iddiaçı mobil tətbiqinə 13 avqust 2023-cü il tarixində, saat 22:27:00-da “Samsung SM-A145F” mobil telefonu (Android 13 əməliyyat sistemi) vasitəsilə giriş etmişdir. 3-cü və 4-cü məsələlər (bankın müdaxilənin olmasını bilib-bilməməsi və ya bank müdaxilə ilə məlumata malik olmuşsa (çünki bank müdaxilənin olmasını gördüyü üçün belə OTP-nin göndərildiyini iddia edir) hesabların bloklanmamasının və ya bloklanma barədə hərəkətin edilməsi ilə bağlı iddiaçıya hansı səbəbdən müraciət edilməməsi) ilə bağlı qeyd etmək istəyirik ki, sözügedən əməliyyatların iddiaçının iddia etdiyi kimi onun tərəfindən deyil, başqa şəxs (üçüncü şəxs) tərəfindən edilməsi barədə bankda heç bir məlumat olmamışdır və bank məhkəmə prosesində heç bir yerdə və heç zaman qeyd etməmişdir ki, müdaxilənin olmasını gördüyü üçün belə OTP-lər göndərilmişdir. İş materiallarında nə belə bir sənəd, nə də protokolda hansısa qeyd yoxdur. Əksinə bank iddiaçı (müştəri) ilə olan müqaviləsinə əsasən sözügedən əməliyyatların məhz iddiaçının (müştərinin) özü tərəfindən edilməsini qəbul edir (buna etimad bəsləyir) və müvafiq OTP kodlar da SMS vasitəsilə mobil tətbiqə daxil olmaq üçün məhz iddiaçının (müştərinin) sifarişi (etdiyi əməliyyatı) əsasında göndərilmişdir. Müvafiq OTP kodlardan uğurla istifadə edildiyinə görədir ki, müvafiq əməliyyatlar (işin mübahisəsiz halı) baş vermişdir. Ona görə də sözügedən əməliyyatlara görə bank deyil, iddiaçı (müştəri) özü məsuliyyət daşımışdır. Belə ki, İş materiallarında olan, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nin (№ BPM**********99) 8.2.5-ci maddəsinə əsasən, müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 10.4-cu maddəsinə əsasən, müştəri Tam kartdandan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Tam kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq və s.) məsuliyyəti tam şəkildə özü daşıyır. Kartların (hesabların) bloklanması barədə isə qeyd etmək lazımdır ki, sözügedən blok cavabdeh (bank) tərəfindən müstəqil şəkildə deyil, əksinə iddiaçının (müştərinin) öz istəyi (sifarişi) əsasında həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan çıxarışa əsasən bəlli olur ki, ***-***-**-** nömrəli statisonar telefon vasitəsilə xx.xx.2023-cü il tarixində banka zəng edilmiş və **********782713 nömrəli kart saat 22:47:23-də bloklanmışdır. İddiaçının (müştərinin) digər kartları da edilmiş zənglər əsasında bloklanmışdır. Belə ki, iş materiallarında olan çıxarışlara əsasən bəlli olur ki, **********997666 nömrəli kart 13 avqust 2023-cü il tarixində, saat 22:38:46-da, **********546807 nömrəli kart 13 avqust 2023-cü il tarixində, saat 22:32:45-də, **********235523 nömrəli kart 13 avqust 2023-cü il tarixində, saat 22:35:47-də bloklanmışdır. Yəni buradan aydın olur ki, müvafiq əməliyyatların iddiaçının iddia etdiyi kimi onun tərəfindən deyil, başqa şəxs tərəfindən edilməsi barədə cavabdehin (bankın) məlumatı olmamışdır, iddiaçı (müştəri) bu barədə özü banka məlumat vermişdir (kartları bloklamaq üçün) və bank bundan sonra üzərinə düşən öhdəliyi yerinə yetirərək kartları bloklamışdır. Bu o deməkdir ki, aparılan bütün əməliyyatlar yuxarıda qeyd edilənlərə əsasən cavabdeh (bank) üçün iddiaçının (müştərinin) özü tərəfindən aparılan əməliyyatlar hesab edilir. 5-ci məsələ (məhz hansı kart hesablarından pullların çıxarılması) bağlı qeyd etmək istəyirik ki, iş materiallarında olan çıxarışlara əsasən bəlli olur ki, xx.xx.2023-cü il tarixindəki əməliyyatlar müştərinin öz kartları arasında aparılan əməliyyatları da nəzərə alsaq 4 müxtəlif kart (**********782713 nömrəli kart, **********997666 nömrəli kart, **********546807 nömrəli kart və **********235523 nömrəli kart) istifadə edilməklə həyata keçirilmiş, yekunda isə müştəridən vəsaitlər kənara **********997666 nömrəli kart, **********546807 nömrəli kart və **********235523 nömrəli kartlar vasitəsilə aparılan əməliyyatlar əsasında çıxmışdır. Belə ki, iş materiallarına əsasən bəlli olur ki, **********997666 nömrəli kart, **********546807 nömrəli kart və **********235523 nömrəli kart “Google Pay” elektron ödəniş sisteminə əlavə edilmiş (token, virtual kart nömrəsi formalaşdırılmış) və nəticədə müştəridən müvafiq vəsaitlərin kənara çıxılması “Google pay” elektron ödəniş sistemindən istifadə əlavə edilməklə həyata keçirilmişdir. 6-cı məsələ (bu kartların hər birindən pul çıxarılması ilə bağlı bankın təhlükəsizlik baxımından hərəkətlərin nədən ibarət olmalı olması) ilə bağlı qeyd etmək istəyirik ki, müvafiq vəsaitlər çıxılmamışdan qabaq bank tərəfindən təhlükəsizlik qaydalarına riayət edilmiş və bu qaydalardan irəli gələrək müştəriyə mobil tətbiqə daxil olmaq üçün SMS vasitəsilə OTP kodlar göndərilmişdir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində saat 22:21:16da "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kod göndərilmişdir və mesajın mətnində qeyd edilmişdir ki, “DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****30. Tel:937”. Elə həmin çıxarışdan həmçinin bu da görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində saat 22:26:24-də "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kod göndərilmişdir və mesajın mətninda qeyd edikmişdir ki, “DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****08. Tel:937”. İş materiallarında olan çıxarışa əsasən bəlli olur ki, bundan sonra birinci OTP-dən istifadə etməklə iddiaçı mobil tətbiqinə 13 avqust 2023-cü il tarixində, saat 22:22:04-də “Samsung SM-A047F” mobil telefonu (Android 12 əməliyyat sistemi) vasitəsilə giriş etmişdir. İş materiallarında olan çıxarışa əsasən bəlli olur ki, bundan sonra ikinci OTP-dən istifadə etməklə iddiaçı mobil tətbiqinə 13 avqust 2023-cü il tarixində, saat 22:27:00-da “Samsung SM-A145F” mobil telefonu (Android 13 əməliyyat sistemi) vasitəsilə giriş etmişdir. 7-ci məsələ (pul məbləğlərinin cavabdehin göndərilməsini iddia etdiyi OTP-nin daxil olmasında əvvəl və ya sonra çıxarılması) ilə bağlı qeyd etmək istəyirik ki, iş materiallarında olan çıxarışlara əsasən xx.xx.2023-cü il tarixində əvvəlcə müştəriyə 22:21:16-da və 22:26:24-də OTP kodlar göndərilmiş (SMS vasitəsilə) və bundan sonra müvafiq kart əməliyyatları həyata keçirilmişdir. Kart əməliyyatları daha geniş şəkikdə bu münasibətin 3.5-ci bəndində qeyd edilmişdir. 8-ci məsələ (məbləğin birdəfəlik və tam olaraq yoxsa hissə-hissə çıxarılması) ilə qeyd etmək istəyirik ki, iş materiallarında olan çıxarışlara əsasən xx.xx.2023-cü il tarixində müştərinin kartları ilə aparılan əməliyyatlar aşağıdakı şəkildə olmuşdur: **********782713 nömrəli kart üzrə: – Müvafiq əməliyyatlardan əvvəl **********782713 nömrəli kartda 931.83 AZN vəsait olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:27:26-da **********782713 nömrəli kartdan müştərinin digər **********997666 nömrəli kartına, 300.00 AZN məbləğ köçürülmüşdür. – xx.xx.2023-cü il tarixində, saat 22:29:00-da **********782713 nömrəli kartdan müştərinin digər **********997666 nömrəli kartına, 600.00 AZN məbləğ köçürülmüşdür. – Yuxarıda qeyd edilən əməliyyatlardan sonra **********782713 nömrəli kartda qalan qalıq vəsait 31.83 AZN olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:47:23-də **********782713 nömrəli kart iddiaçının (müştərinin) sifarişi (istəyi) əsasında bloklanmışdır. **********997666 nömrəli kart üzrə: – Müvafiq əməliyyatlardan əvvəl **********997666 nömrəli kartda 307.91 AZN vəsait olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:27:26-da **********997666 nömrəli karta müştərinin digər **********782713 nömrəli kartından, 300.00 AZN məbləğinində vəsait mədaxil olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:28:34-də, Ukraynada, “OPTOVYİ SKLAD” ticarət məntəqəsində, **********997666 nömrəli kartdan “Google pay” elektron ödəniş sistemi vasitəsilə 1,163.57 AZN məbləğində əməliyyat həyata keçirilməyə cəhd edilmiş, amma balansda kifayət qədər vəsait olmadığına görə əməliyyat uğursuz olmuşdur (baş tutmamışdır). – xx.xx.2023-cü il tarixində, saat 22:29:00-da, **********997666 nömrəli karta müştərinin digər **********782713 nömrəli kartından, 600.00 AZN məbləğinində vəsait mədaxil olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:29:33-də, Ukraynada, “OPTOVYİ SKLAD” ticarət məntəqəsində, **********997666 nömrəli kartdan “Google pay” elektron ödəniş sistemi vasitəsilə 1,163.57 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – Yuxarıda qeyd edilən əməliyyatlardan sonra **********997666 nömrəli kartda qalan qalıq vəsait 44.34 AZN olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:38:46-da **********997666 nömrəli kart iddiaçının (müştərinin) sifarişi (istəyi) əsasında bloklanmışdır. **********546807 nömrəli kart üzrə: – Müvafiq əməliyyatlardan əvvəl **********546807 nömrəli kartda 4,830.27 AZN vəsait olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:24:10-da, Ukraynada, “Sklad” ticarət məntəqəsində, **********546807 nömrəli kartdan “Google pay” elektron ödəniş sistemi vasitəsilə, 2,327.14 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – xx.xx.2023-cü il tarixində, saat 22:24:20-də, Ukraynada, “Sklad” ticarət məntəqəsində, **********546807 nömrəli kartdan “Google pay” elektron ödəniş sistemi vasitəsilə, 2,327.14 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – xx.xx.2023-cü il tarixində, saat 22:32:31-də, Ukraynada, “OPTOVYİ SKLAD” ticarət məntəqəsində, **********546807nömrəli kartdan “Google pay” elektron ödəniş sistemi vasitəsilə, 162.90 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – Yuxarıda qeyd edilən əməliyyatlardan sonra **********546807 nömrəli kartda qalan qalıq vəsait 13.09 AZN olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:32:45-də **********546807 nömrəli kart iddiaçının (müştərinin) sifarişi (istəyi) əsasında bloklanmışdır. **********235523 nömrəli kart üzrə: – Müvafiq əməliyyatlardan əvvəl **********235523 nömrəli kartda 3,209.65 AZN vəsait olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:24:59-da tarixində, Ukraynada, “Sklad” ticarət məntəqəsində, **********235523 nömrəli kartdan Google pay” elektron ödəniş sistemi vasitəsilə 2,234.05 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – xx.xx.2023-cü il tarixində, saat 22:25:11-də, Ukraynada, “Sklad” ticarət məntəqəsində, **********235523 nömrəli kartdan Google pay” elektron ödəniş sistemi vasitəsilə 930.86 AZN məbləğində uğurlu əməliyyat icra edilmiş və müvafiq vəsait hesabdan çıxmışdır. – xx.xx.2023-cü il tarixində, saat 22:25:37-də Ukraynada, “Sklad” ticarət məntəqəsində, **********235523 nömrəli kartdan Google pay” elektron ödəniş sistemi vasitəsilə 276.26 AZN məbləğində əməliyyat həyata keçirilməyə cəhd edilmiş, amma balansda kifayət qədər vəsait olmadığına görə əməliyyat uğursuz olmuşdur (baş tutmamışdır). – Yuxarıda qeyd edilən əməliyyatlardan sonra **********235523 nömrəli kartda qalan qalıq vəsait 44.74 AZN olmuşdur. – xx.xx.2023-cü il tarixində, saat 22:35:47-də **********235523 nömrəli kart iddiaçının (müştərinin) sifarişi (istəyi) əsasında bloklanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-430/2025 nömrəli Qərarının 77-78-ci bəndlərində iddia tələbinin artırılması (icra qeydinin ləğv edilməsi) ilə bağlı məsələnin aydınlaşdırılmasının zəruriliyi qeyd edilmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, halhazırki mübahisə müstəqil xarakter daşıyır və bu mübahisə icra qeydinin ləğvi tələbli mübahisədən fərqlənir və onlara birlikdə baxılmasına yol verilməməlidir. Belə ki, hazırki mübahisədə iddiaçı kartından çıxan pulları bankdan tələb edir. Bu tələbə aid olmayan icra qeydinin ləğv edilməsi tələbi isə müstəqil (ayrı) subyektiv hüquqdan irəli gələn tələb olduğuna görə ona ayrı şəkildə baxılmalıdır və iddiaçının bununla bağlı məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)- 2698/2025 nömrəli qərardadına əsasən ********* nömrəsinə 12-14 avqust 2023-cü il tarixlərində "xxxx" ASC tərəfindən OTP və ya digər məzmunlu SMS-lər göndərilib – göndərilməməsi, SMS-lərin həmin nömrəyə çatıb – çatmaması, göndərildiyi və çatdığı təqdirdə hansı vaxt çatması, bununla bağlı digər hallar barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır.

28. "xxxx" MMC-dən alınmış məlumatlara əsasən müəyyən olunmuşdur ki, ********* nömrəsinə xx.xx.2023 tarixində 08:41:08 – Baksell, 14:21:12, 14:27:46 – Azericard, 22:21:19 – ABB, 22:24:16, 22:24:27 – Azericard, 22:26:27 – ABB, 22:27:33, 22:28:40, 22:29:07, 22:29:39, 22:32:37 – Azericard tərəfindən SMS-lər göndərilmişdir. ABB tərəfindən göndərilmiş SMS-lərin mətnləri: ABB **********40 xx/xx/2023 22:21:17 DİQQET! Tesdiq kodunuzu sorushurlarsa, meqsed firildaqchiliqdir. Mexfi saxlayin. Mobil tetbiqe daxil olmaq ucun kodunuz: 825330. Tel:937 ABB **********40 xx/xx/2023 22:26:25 DİQQET! Tesdiq kodunuzu sorushurlarsa, meqsed firildaqchiliqdir. Mexfi saxlayin. Mobil tetbiqe daxil olmaq ucun kodunuz: 195208. Tel:937. "xxxx" tərəfindən xx.xx.2023 11:48:00, xx.xx.2023 14:21:12, xx.xx.2023 14:27:46, xx.xx.2023 22:24:16, xx.xx.2023 22:24:27, xx.xx.2023 22:27:33, xx.xx.2023 22:28:40, xx.xx.2023 22:29:07, xx.xx.2023 22:29:39, xx.xx.2023 22:32:37 SMS mətnləri Azericard **********40 xx/xx/2023 11:47:58 Mebleg:-2.64 AZN Kart:4127*6807Tarix:2023-08-12 11:47:52 Merchant:POS ACCESS BALLİ M GUN Balans:4833.05 AZN Azericard **********40 xx/xx/2023 14:27:44 Mebleg:-1.19 AZN Kart:4127*6807Tarix:2023-08-13 14:27:38 Merchant:AL MARKET GUNASHLİ A- Balans:4830.27 AZN Azericard **********40 xx/xx/2023 14:21:04 Mebleg:-1.59 AZN Kart:4127*6807Tarix:2023-08-13 14:20:59 Merchant:OBA RETAİL SURAKHANİ 3 Balans:4831.46 AZN Azericard **********40 xx/xx/2023 22:24:25 Mebleg:-50000.00 UAH Kart:4127*6807Tarix:2023-08-13 22:24:20 Merchant:sklad Balans:175.99 AZN Azericard **********40 xx/xx/2023 22:29:05 Mebleg:+600.00 AZN Kart:4127*7666Tarix:2023-08-13 22:29:00 Merchant:ABB MOBİLE Balans:1207.91 AZN Azericard **********40 xx/xx/2023 22:29:37 Mebleg:-25 000.00 UAH Kart:4127*7666Tarix:2023-08-13 22:29:33 Merchant:OPTOVYİ SKLAD Balans:44.34 AZN Azericard **********40 xx/xx/2023 22:24:14 Mebleg:-50 000.00 UAH Kart:4127*6807Tarix:2023-08-13 22:24:10 Merchant:sklad Balans:2503.13 AZN Azericard **********40 xx/xx/2023 22:27:31 Mebleg:+300.00 AZN Kart:4127*7666Tarix:2023-08-13 22:27:26 Merchant:ABB MOBİLE Balans:607.91 AZN Azericard **********40 xx/xx/2023 22:32:35 Mebleg:-3 500.00 UAH Kart:4127*6807Tarix:2023-08-13 22:32:31 Merchant:OPTOVYİ SKLAD Balans:13.09 AZN Azericard **********40 xx/xx/2023 22:28:38 İmtina:Vesait catishmazligiKart:4127***7666Tarix:2023-08-13 22:28:34Mercant:OPTOVYİ SKLADMebleg:25 000.00 UAHBalans:607.91 AZN

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2025-ci il tarixli, 2(103)- 2698/2025 nömrəli qərardadı ilə məhkəmə kompüter - texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssislər cəlb olunaraq rəy alınması qərara alınmış, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı məxsus kartla bağlı "xxxx" ASC tərəfindən əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etmişdirmi? "xxxx" ASC-nin İddiaçı məxsus karta müdaxilənin olmasını bilməsi imkanı mövcud olmuşdurmu, əgər məlumata malik olmuşsa (çünki bank müdaxilənin olmasını gördüyü üçün belə OTP-nin göndərildiyini iddia edir) hesabların bloklanmaması və ya bloklanma barədə hansı hərəkətlər edilmişdir və ya edilməli idi? Pul vəsaiti İddiaçı məxsus hansı kart hesablarından çıxarılmışdır, bu kartların hər birindən pul çıxarılması ilə bağlı bankın təhlükəsizlik baxımından hərəkətlərin nədən ibarət olmalıidi? Pul məbləğləri OTP-lərin daxil olmasından əvvəl və ya sonra, birdəfəlik və ya tam olaraq çıxarılmışdır? OTP kodları hansı İMEİ kodlu telefondan təsdiq edilmişdir?

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 04 noyabr 2025-ci il tarixli, 3-16-16/2-5/832/2025 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən:

1. “Tədqiqat prosesinin təsviri” hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə, ekspertiza qarşısında qoyulmuş 1-ci sualın cavablandırılması mümkün olmamışdır.

2. “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə, ekspertiza qarşısında qoyulmuş 2-ci sualın və 3-cü sualın ikinci hissəsinin cavablandırılması mümkün olmamışdır.

3. İş materiallarında qeyd olunan xx.xx.2023-cü il tarixindəki pul çıxarılması əməliyyatlarının tarixləri 1 nömrəli cədvəldə göstərilmişdir.

4. “ComboCards debet kartı – **********997666”, Pensiya kartı – **********782713”, “Kredit kartı – **********546807” və “Əmək haqqı kartı – **********235523” kartlarından pul vəsaitləri təqribən saat 10:24 və 10:33 aralıqlarında hissə-hissə çıxarılmışdır.

4. Belə ki, bank tərəfindən təqdim edilmiş məlumatlara əsasən kodlar xx.xx.2023-cü il tarixində 22:21 və 22:26 tarixlərində göndərilmişdir. Təqdim edilən məlumatlara əsasən belə nəticəyə gəlinir ki, pul çıxarılmaları zaman olaraq ilk təhlükəsizlik kodunun göndərilməsindən sonra baş vermişdir.

5. Serverə baxış zamanı bank tərəfindən təqdim edilən məlumatlara əsasən, bankda mobil cihazların “İMEİ” kodları ilə bağlı məlumatlar saxlanılmır, həmçinin həmin məlumatlara əsasən müştəriyə göndərilən təhlükəsizlik (OTP) kodlarının konkret hansı cihazdan daxil olunması müəyyən edilmədi.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35.1. Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı aşağıdakı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir. 35.1.1. ödəyici ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda; 35.1.2. ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda; 35.1.3. ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə. Maddə 35.2. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. Maddə 35.3. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Maddə 35.4. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır. Maddə 37.1. Ödəniş xidməti təchizatçısı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edir Maddə 37.2. Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: 37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; 37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; 37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Maddə 37.3. Ödəniş xidməti təchizatçısı bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin. Maddə 37.4. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir. Maddə 37.5. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısının və ya vasitəçinin ödəniş xidməti istifadəçisinin ödəniş hesabına çıxış əldə etməsinə və ya əməliyyat aparmasına yalnız bunun icazəsiz və ya fırıldaqçılıq məqsədilə həyata keçirildiyini əsaslandırmaqla imtina edə bilər. Belə hallarda ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəyicini imtinanın səbəbləri barədə yazılı qaydada məlumatlandırır. Maddə 37.6. Ödəniş hesabına çıxış əldə edilməsinə imtina etmiş ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısına və ya vasitəçiyə bu Qanunun 37.5ci maddəsində göstərilən səbəblər aradan qalxdıqdan sonra ödəniş hesabına çıxış əldə etməyə və əməliyyat aparmağa icazə verməlidir. Maddə 37.7. Bu Qanunun 37.5-ci maddəsində göstərilən hallar baş verdikdə ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısı və ya vasitəçi ilə əlaqədar insident barədə dərhal Mərkəzi Banka məlumat verir. Məlumat insidentin təfərrüatlarını və həyata keçirilmiş tədbirin səbəblərini əhatə etməlidir. Mərkəzi Bank məsələni araşdırır və bu Qanuna müvafiq olaraq tədbirlər görür. Maddə 42.1. Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirrinin qorunması qaydaları şamil edilir. Maddə 42.2. Ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirrinin qorunması qaydalarının pozulması hesab edilmir. Maddə 42.3. Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır. Maddə 42.4. Ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatlarının aparılmasına cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kassasiya instansiyası məhkəməsinin “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun tətbiqi ilə bağlı göstərişinə münasibətdə məhkəmə kollegiyası cavabdehin etirazında qeyd olunan xüsusatlla razılaşaraq qeyd edir ki, bu qanun 14 iyul 2023-cu il tarixdə dərc olunmuş, qanunun 68.1-ci maddəsində qeyd olunmuşdur ki, dərc edildiyi gündən 3 (üç) ay sonra (14 oktyabr 2023-cü il) qüvvəyə minir. Həmçinin, Qanunun 68.2-ci bəndində qeyd olunmuşdur ki, Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər. İddianın əsasını təşkil edən proseslər isə həmin dövrdən əvvəl baş verdiyindən bu Qanunun tələbləri hazırkı mübahisə üzrə tətbiq edilə bilməz.

36. Lakin həmin Qanunun qəbulundan əvvəl də bankların fırıldaqçılıq risklərini azaltmaq, girişlərin, əməliyyatların təhlükəsizliyini təmin etmək üçün Mərkəzi Bankın normativ aktları və metodoloji sənədləri mövcud olmuşdur. Amma həmin aktlarda “hansı hallarda mütləq OTP göndərilməlidir” kimi konkret, əməliyyat-səviyyəli qaydanı adətən detallı şəkildə verilməsə də, daha çox risk əsaslı nəzarətlər, autentifikasiya alətləri (o cümlədən birdəfəlik şifrə), şübhəli əməliyyatların aşkarlanması və qarşısının alınması kimi çərçivə tələbləri qoyurdu.

37. Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi və 25 iyul 2012-ci il tarixdən qüvvədə olan “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalarının 7.1-7.2-ci bəndlərində qeyd olunur ki, emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir.

38. Bu normada qeyd olunan hallar - qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması mövcud olsa da, qeyd olunan normaya əsasən emitent qarşısında qoyulmuş tələblər yerinə yetirilməmişdir. Belə ki, cavabdehin şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmamış, müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməmişdir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməlidir.

40. Kassasiya instansiyası məhkəməsinin digər göstərişi bundan ibarət olmuşdur ki, iİddiaçının digər dəlili iddia tələbinin artılmasına dair ərizəsinin olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən bu dəlilə qiymət verilməməsi ilə bağlı olmuşdur və yeni apellyasiya baxışında iddiaçının həmin dəlillərinə qiymət verilməli, birinci instansiya məhkəməsində iddia tələbinin artırılmasına dair ərizənin verilməsi, onun icraata qəbul edilib-edilməməsi aydınlaşdırılmalı, müvafiq araşdırmanın nəticəsindən asılı olaraq həmin dəlil prosessual qanunvericiliyin müəyyən etdiyi tələblər baxımından qiymətləndirilməlidir.

41. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan xüsusat araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində işə baxılarkən 24 iyun 2024-cü il tarixdə iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə verilərək, “35 saylı notariat kontoru tərəfindən verilmiş 29 may 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” barədə tələb irəli sürülmüşdür. Lakin iş materiallarının 2-ci cildinin 110-cu vərəqəsində məhkəmə iclas protokolunda bu barədə aşağıdakı kimi qeyd aparılmışdır: “Sədrlik edən yerində müşavirə edərək qərara alır: dəqiqləşmə icraata qəbul olunmur”.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iddia ərizəsinin qaytarılması barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulduğundan bu qərardad ayrıca akt şəklində qəbul edilməli və tərəfə həmin qərardadı mübahisələndirmək imkanı verilməli idi.

43. Hazıruı situasiyada məhkəmə kollegiyası MPM-nin 372.2-ci maddəsinə əsasən bu tələbin icraata qəbul olunmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, icra qeydi xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən yaranmış borcla bağlı verilmişdir. Hal – hazırda isə icra qeydinin icrası başa çatmışdır, yəni, həmin tələbin icraata qəbulu artıq əhəmiyyət kəsb etmir.

44. Digər tərəfdən iddiaçının digər tələbi bankın üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsinin qoyulmasıdır. Lakin hazırda həmin kartın istifadə müddəti də başa çatmışdır və bununla bağlı icra sənədi icra olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə, həmçinin, əsaslar mövcud olmadığına görə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində rədd olunmalıdır.

45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə tamamilə ləğv olunmalı, yeni qətnamə çıxarılmalı, iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(006)- 1785/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(006)- 1785/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 4448,26 manat məbləğində pul vəsiati "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertizanın keçirilməsinə sərf olunmuş 180 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində (İddiaçı münasibətdə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar