Məhkəmə qərarları › İş №2(103)-2700/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2700/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2700/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)-771/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır.

2. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, kriptovalyuta alqı-satqısı üzrə əməliyyatlar həyata keçirərək gəlir əldə etmək üçün cavabdehin təklifi ilə iddiaçı 2022-ci ildə Türkiyə Respublikasında “X3 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. İddia ərizəsində iddiaçı həmin şirkətin nizamnamə kapitalına 35711,15 ABŞ dolları vəsait qoyduğunu qeyd etmişdir.

3. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı, Cavabdeh və Tural Kərimli adlı digər sahibkar tərəfindən “OKX” birjasında alqı-satqı əməliyyatları həyata keçirərək gəlir əldə edilməsi üçün hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya etməli idi. İddiaçı bu razılaşmaya müvafiq olaraq 1.900.000 Türk lirəsi sərmayə qoysa da, cavabdeh ona birjadakı alqı-satqı əməliyyatlarından hər hansı ödəniş etməmişdir.

4. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı birgə fəaliyyətindən imtina edərək qoyduğu bütün sərmayənin geri qaytarılmasını cavabdehdən tələb etmiş, 59.780 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən ona qaytarılmış, cavabdeh sərmayənin birjada sıfırlandığını bildirərək qalan məbləğin qaytarılmasından imtina etmişdir.

5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Xidmət müqaviləsi”nə əsasən, müqavilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar bağlanmış, müqavilə şərtlərinə əsasən, iddiaçı birinci instansiya məhkəməsində qətnamənin əldə edilməsinədək ümumilikdə 5-100 ABŞ dolları məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 100.000 ABŞ dolları və “X3 ve Ticaret” A.Ş. şirkətininin təsis edilməsi və fəaliyyət göstərməsi üçün sərf olunan 30.000 ABŞ dolları vəsaitdən ödənilmiş 59.780 ABŞ dolları məbləğ çıxılmaqla qalan 70.220 ABŞ dolları real zərərin, 104.359,60 ABŞ dolları həcmində əldən çıxmış faydanın, 5.100 ABŞ dolları həcmində hüquqşünas xərclərinin, cəmi 179.679 ABŞ dolları və 596 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə on ildən artıq müddəti əhatə edən dostluq münasibəti olmuşdur. 2022-ci ilin iyul ayında cavabdeh iddiaçıya müraciət edərək, birlikdə “OKX” birjası https://www.okx.com ilə əməkdaşlıq edərək kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında iddiaçı Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında “X3 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. Bütövlükdə dəyəri 1.000.000 türk lirəsi (hazırki rəsmi məzənnə ilə 35.711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmiş və o, şirkətin rəsmi olaraq tək təsisçisi olmuşdur. Lakin faktiki olaraq və danışıqlara əsaslanaraq şirkətin payları İddiaçı, Cavabdeh və Tural Kərimli (iddiaçı daxil olmaqla 3 nəfərin) arasında bölüşdürülmüşdür. Həmçinin Türkiyə qanunvericiliyinə əsasən, şirkətin təsis edilməsi üçün qoyulan sərmayə sonradan istənilən zaman şirkətin fəaliyyəti ilə bağlı maaşların, kirayənin, vergilərin və digər bu kimi ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilir. Cavabdeh iddiaçıya 2022-ci il sentyabr ayında birja ilə əməkdaşlıq etmək məqsədi ilə həmin birjaya 300.000 ABŞ dollar depozit qoyulmalı olduğunu bildirmişdir. USDT və USDC ABŞ dollarının virtual versiyası olan kriptovalyutalardır və 1 USDT və ya USDC - 1 ABŞ Dollarına bərabərdir. Cavabdeh həmin məbləğin özü, iddiaçı və Tural Kərimli arasında bərabər, yəni hər biri 100.000 ABŞ dolları olaraq bölünüb ödəniləcəyi və cəmi 300.000 ABŞ dolları pulun birjaya depozit şəklində yatırılacağını bildirmişdir. Nəticədə iddiaçı xx.xx.2022-ci ildə X8 sahib olduğu 26.000 səhmini ümumilikdə 1.900.000 Türk Lirəsinə satıb öz payına düşən 100.000 ABŞ dollarını “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürmüşdür. Birja ilə aparılan danışıqlar əsasında iddiaçı cavabdeh tərəfindən nə şirkətin, nə də öz adına bir təminat hesabı birjada açmadığını aşkar etmişdir. Bundan sonra iddiaçı artıq 2023-cü il mart ayından etibarən xx.xx.2022-ci ildə birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100.000 ABŞ dolları və “X3 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30.000 ABŞ dolları pulu “WhatsApp” tətbiqi üzərindən yazışaraq cavabdehdən geri tələb etmişdir. Lakin cavabdeh növbəti aylarda tələb edilən məbləği müxtəlif bəhanələrlə ödəməyərək gecikdirmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh 130.000 ABŞ dolları (100000 ABŞ Dolları depozit üçün qoyulan məbləğ + 30000 ABŞ Dolları Şirkətin təsis edilməsi və fəaliyyətin göstərilməsi ilə bağlı xərclər) pulun çıxdığını əks etdirən ekran görüntüsünü “Whatsapp” mobil tətbiqi ilə iddiaçıya göndərərək həmin pulun onun hesabına köçürüldüyünü bildirsə də, iddiaçının hesabına bu vəsait daxil olmamışdır. Cavabdehin bildirdiyi məlumata əsasən sistemdə problem yarandığı üçün pul iddiaçının hesabına köçürülə bilməmişdir. Daha sonra məbləğin köçürülməsi tələbi ilə bağlı təkidlərdən, həmçinin məsələ ilə bağlı hüquqi addımların atılacağı ilə əlaqədar xəbərdarlıqdan sonra isə xx.xx.2023-cü il tarixində bu məbləğdən yalnız 59780 ABŞ Dolları iddiaçının hesabına köçürülmüşdür. Bundan sonra heç bir ödəmə cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tələb olunan məbləği ödəməkdən yayındığı üçün iddiaçı tərəfindən sonuncu dəfə 22 sentyabr 2023-cü il tarixində ona rəsmi pretenziya məktubu ünvanlanmışdır. Cavabdeh pretenziya məktubunu alandan sonra, iddiaçı ilə Whatsapp mobil tətbiqi üzərindən əlaqə saxlayaraq, 130.000 ABŞ Dollarından qalan məbləğin ödənilməsini (70220 ABŞ Dollarını) 15 gün ərzində təmin edəcəyini, lakin əldən çıxmış fayda məsələsini kənara qoyulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi ilə keçirilən görüşdə, sonuncu cavabdehin 70.220 ABŞ Dollarını iki hissə ilə yaxın bir zamanda ödəniləcəyini, lakin əldən çıxmış faydanı ödənilməyəcəyini bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşmayaraq, hazırda ondan 70.220 ABŞ dollarından əlavə olaraq əldən çıxmış faydanı da tələb edir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, cavabdeh iddiaçı ilə birlikdə 2022-ci ilin iyul ayında əməkdaşlıq edərək, Türkiyə Respublikasında kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında “X3 ve Ticaret” A.Ş. şirkəti təsis edilmiş və İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmişdir. Sonradan birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə birjada dəyərdən düşərək sıfırlanmışdır. Nəticədə iddiaçı itirdiyi pulun əvəzini cavabdehdən tələb etmiş, cavabdeh isə öz növbəsində biznes etikasından irəli gələrək pulun bir qismini öz şəxsi vəsaiti hesabına iddiaçıya ödəmişdir. Bundan sonra cavabdeh özü də zərərdə olmasına baxmayaraq, iddiaçının çəkdiyi xərclərin bir hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı haqlı olmadan daha çox məbləğ tələb edərək məhkəməyə müraciət etmişdir. Adıçəkilən şirkətə investisiya etmiş hər üç şəxs öz riski ilə sahibkarlıq fəaliyyətini həyata keçirən müstəqil şəxslər olmuş və yaranmış itkiyə görə iddiaçı cavabdeh qarşısında öhdəlik daşımır. İddiaçı öz iddiasını hər hansı yazılı sənədlə (müqavilə, təsis sənədi və digər) sübut edə bilmir və yalnız tərəflər arasındakı “Watsap” tətbiqi vasitəsilə olan yazışmaya istinad etmişdir. Qeyd edilən yazışma mətnləri iddiaçının yalnız biznes etikasından irəli gələn mövqeyini əks etdirir və öhdəliyin yaranması üçün əsas hesab oluna bilməz.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-771/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin də Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur.

11. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, lakin cavabdeh 100.000 ABŞ dolları verməklə birjadan səhm aldığını, sonradan qalan 200.000 ABŞ dolları məbləğində səhmlərin isə birjada dəyərinin itirdiyini qəbul edərək, öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100.000 ABŞ dollarını qaytaracağını bildirərək, 59.780 ABŞ dollarını könüllü qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında könüllü qəbul etdiyi öhdəliyinin həcmi 100.000 ABŞ dollarından ödədiyi 59.780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40.220 ABŞ dolları təşkil edir. İddiaçının isə məhz cavabdehin təkidi ilə “X3 ve Ticaret” A.Ş. şirkətinin təsis etməsinə dair 30.000 ABŞ dolları məbləğində pul sərf etdiyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı (30.000 ABŞ Dolları) qoyduğu maya dəyəri məbləği həddində risk daşıyaraq tək təsisçi kimi “X3 ve Ticaret” A.Ş. şirkətini təsis etmiş, onunla və ya şirkətlə cavabdeh arasında şirkətin mənfəətinin bölüşdürülməsi, bu mənfəət üzrə payların miqdarı, tərəflərin qarşılıqlı öhdəlikləri və digər şərtləri özündə əks etdirən hər hansı yazılı əqd bağlanmamışdır.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin 30.000 ABŞ dollarını tələb olunmasının hüquqi əsası mövcud deyildir. 104.359,6 ABŞ dolları həcmində əldən çıxmış faydaya münasibətdə qeyd olunmuşdur ki, qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. “X9”nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması və bunun nəticəsində səhmlərin dəyərindən əldə olunacaq dividendlərdən məhrum olması ilə bağlı dəlillərin sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda “X9” nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması iş üzrə müəyyən edilməməklə yanaşı buna dair iddiaçı yalnız formal mülahizələrə əsaslanmış, iddia tələbi üzrə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.2, 157.5, 389.1, 407.2, 439.1, 439.2, 439.6, 739.1, 740.2, 777.1, 777.2, 779.1, 1091.1, 1092.1, 1092.1.1, 1096, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 112.1.3, 106.1, 119, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında təsis edilmiş “X3 ve Ticaret” A.Ş.şirkəti sırf Cavabdeh təkidi nəticəsində yaranmış və həmin şirkətin yaranmasında cavabdehin özünün mülahizələrinə uyğun həyata keçirən kriptovalyuta əməliyyatları ilə məşğul olmaqdan başqa heç bir məqsədi olmamışdır. Qeyd etmək lazımdır ki, bütövlükdə dəyəri 1.000.000 Türk Lirəsi (hazırkı rəsmi məzənnə ilə 35.711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmişdir. Yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar ilə təsdiqlənir. Belə ki, məhkəməyə təqdim olunmuş tərəflər arasındakı “Watsapp” yazışmasına əsasən, Cavabdeh özü belə iddiaçı qarşısında borcun 130.000 ABŞ dolları olduğunu təsdiq edir (100.000 əsas zərər + 30.000 şirkətin təsis edilməsinə görə zərər). Cavabdeh iddiaçıya açıq aydın şəkildə onun 130.000 ABŞ dolları borcunun qəbul etdiyini yazmış və həmin borcun ən yaxın zamanda qaytarılmasına söz vermişdir. Məhkəməyə təqdim olunmuş “Watsapp” yazışmaları və digər sənədlər ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin təkidi ilə onun tərəfindən təqdim olunmuş elektron pul kisəsinə pulun köçürülməsi üçün birinci özünə məxsus səhmlərini satmış və cavabdeh bundan məlumatlı olmuşdur. Bunu təsdiq edən “X10”dan əldə olunmuş çıxarışı birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəməyə müraciət olunduğu tarixə isə səhmin birinin dəyəri 220,10 türk lirəsi olmuşdur (Google-da ərizənin yüklənildiyi tarixə real vaxt rejimində əldə olunmuş məlumat). Nəticədə, 2022-ci ildə satılan 26.000 səhmin məhkəməyə müraciət olunduğu tarixə dəyəri 5.722.600 Türk Lirəsi və ya 204.359,60 ABŞ dolları olmuşdur. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100.000 ABŞ dolları təşkil edirdi (cavabdehin tələb etdiyi hesaba köçürülmüş məbləğ), hazırda əldən çıxmış fayda 104359,60 ABŞ dolları təşkil edir (204359,60 ABŞ dolları – 100.000 ABŞ dolları = 104.359,60 ABŞ dolları). Onu da vurğulamaq lazımdır ki, X9”nın səhmləri bütün iri xarici fond birjalarında real vaxt rejimində satın alınır və onların satılması üçün hər hansı hazırlıq mərhələsindən keçməyə ehtiyac yoxdur, belə onların satışı real vaxt rejimində sahibin istəyi ilə onlayn baş verə bilir. Beləliklə, 2022-ci ilin sentyabr ayında 26000 səhm satılmasa idi, onların məhkəməyə müraciət olunduğu tarixə dəyəri 100.000 ABŞ dolları yox, 204.359,60 ABŞ dolları olacaqdı. 179.679,60 ABŞ dolları pul tələbi qarşısında 5.100 ABŞ dolları xidmət haqqı ağlabatan məbləğ kimi qəbul edilməli, bütün ödəniş şərtlərini əhatə edən İddiaçı ilə bağlanılan xidmət müqaviləsi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

16. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülki iş materiallarında olan, “Whatsapp” tətbiqi vasitəsilə iddiaçı ilə cavabdeh arasındakı mesajlaşmalarda cavabdeh tərəfindən zərərin əvəzinin ödəniləcəyinin bildirilməsi və iddiaçı tərəfindən təqdim edilmiş bank hesabı məlumatlarında göstərilən əməliyyatlar cavabdeh tərəfindən inkar edilməmiş, buna görə də məhkəmə iddiaçının cavabdehin hesabına 100.000 ABŞ dolları göndərməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. Halbuki, qeyd edilən fakt cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, sözügedən 100.000 ABŞ Dolları məbləğ cavabdehin deyil, təsis edilmiş şirkətin birjada olan kriptovalyuta hesabına göndərilmişdir. Həmin məbləğin şəxsən Cavabdeh hesabına göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yaxud məhkəmə sübutu yanlış qiymətləndirmişdir. Bundan başqa məhkəmə Mülki Məcəlləyə istinad edərək qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyutanın investisiya edildiyini, lakin sonradan 200.000 ABŞ dolları məbləğində səhmlərin birjada dəyərinin itirildiyini qəbul etsə də, cavabdehin “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarda öz işgüzar nüfuzu xatirinə iddiaçıya itirilmiş 100.000 ABŞ dollarını qaytaracağını bildirməyini və 59.780 ABŞ dollarının könüllü qaytarmağını öhdəliyin əsası kimi qəbul edərək 100.000 ABŞ Dollarından ödənilmiş 59.780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40220 ABŞ dollarının ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdehin iddiaçının maddi zərərə məruz qalmasında hər hansı səbəbli nəticə əlaqəsi olmadığı kimi, cavabdehin də iddiaçı ilə eyni miqdarda, hətta 59.780 ABŞ dollarının ödənildiyi nəzərə alındıqda daha artıq zərərə məruz qaldığı iş materialları ilə sübut olunur. Məhkəmə cavabdehin mülki hüquq pozuntusu törətdiyini, iddiaçıya birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hər hansı hərəkət etdiyini sübut edə bilməmişdir. Məhkəmə tərəflər arasında olan yazışmalar ilə cavabdehin iş etikasından irəli gələn və öz işgüzar nüfuzunun qorunması naminə zərərin ödənilməsi ilə bağlı fikirlərini öhdəliyin yaranması əsası kimi qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2297/2024 nömrəli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi) F.V.Abdıyev və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara baxılan zaman ilk növbədə hüquqa zidd əməlin – hərəkət və ya hərəkətsizliyin mövcud olub-olmaması araşdırılmalıdır. Hazırkı işin halları baxımından isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən edilməmişdir. Belə ki, tərəflərin kriptovalyuta əməliyyatları həyata keçirməklə gəlir əldə etmək məqsədli könüllü fəaliyyət həyata keçirmələri işin mübahisəsiz halı olmuşdur. Bu növdə əməliyyatlar üzrə gəlir əldə edilməsinin isə risk amilinə bağlı olduğu hamıya bəlli haldır. Risk isə təsərrüfat rəhbərinin gələcəkdə daha çоx mənfəət əldə etmək ehtimalı оlan qeyri standart idarəetmə qərarlarının qəbul edilməsi iqtidarında оlmasını tələb edir. Risk nəticəsində gözlənilən qazancın əldə edilməməsi, təşəbbüskarın zərərə uğraması kifayət qədər mümkün bir haldır. Lakin, hazırkı iş üzrə iddiaçının cavabdehin hesabına əmlak əldə etməsi faktı mövcud deyildir.

21. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunan hissə ilə bağlı qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, bu da qətnamənin qismən – iddia təmin olunan hissədə ləğv edilməsi üçün əsas olmuşdur.

22. Birinci instansiya məhkəməsi hüquqi dəyərləndirmə apararkən qətnamədə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsinin sübut olunmamasını qeyd etsə də, cavabdehin öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100.000 ABŞ dollarını qaytaracağını bildirərək, 59.780 ABŞ dollarını könüllü qaytarmaqla qalan məbləği ödəmək üçün vaxt istəməsinə istinad edərək 40.220 ABŞ dolları məbləğində hissədə iddianın təmin olunması qənaətinə gəlmişdir. Lakin, həmin öhdəlik cavabdeh tərəfindən etiraf olunmamışdır və məhkəmə araşdırması zamanı cavabdeh iddianı qəbul etməmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyinin hansı əsasla yaranmasını müəyyən etməli idi.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi, zərərin vurulması, əsassız varlanma halları və hər hansı bir vəzifənin yaranması üçün digər hal mövcud olmadığından iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Buna görə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə iddianın digər hissələrdə təmin olunmaması barədə dəlillərinə münasibətdə araşdırma aparmağa zərurət görməmişdir.

24. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının şirkətin yaradılması üçün qoyduğu 30000 ABŞ dollarının qaytarılması hissə ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin bu fəaliyyət üzrə qarşılıqlı öhdəliklərini özündə əks etdirən hər hansı razılaşma mövcud olmadığından, şirkətin yaradılması ilə bağlı hər hansı zərərə görə də birbaşa cavabdehin məsuliyyət daşıdığı müəyyən olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.5, 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2 .7, 16.1, 21.1, 21.2, 324.4, 386.1, 389.1, 390.1, 1091.1, 1091.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-179/2025 nömrəli qərarı ilə (hakimlər V.Ə.Baxışovanın məruzəsi ilə, hakimlər Z.Ə.Əliyev və Z.B.Babayevdən ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2(103)-2297/2024 nömrəli qətnaməsi Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin,104.359,60 ABŞ dolları əldən çıxmış faydanın, 5.100 ABŞ dolları hüquqşünas xərcinin ödənilməsinə dair tələblərin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, iddiaçının tək təsisçi olaraq Türkiyə Respublikasında təsis etdiyi “X3 ve Ticaret” A.Ş.şirkətinin nizamnamə kapitalına qoyduğu vəsaitin (35.711,15 ABŞ dolları olduğu iddia olunan) cavabdehdən tutulmasına dair tələbi əsassız olduğu üçün həmin hissədə iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur.

29. Lakin məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdehdən 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydanın tutulması barədə iddia tələblərinin rədd edildiyi hissədə əsaslı hesab edilə bilməz.

30. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyət həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Razılaşmanın məhkəmə tərəfindən müəyyən edilmiş şərtlərinə əsasən kriptovalyuta əldə edilməsi üçün İddiaçı, Cavabdeh və Tural Kərimli adlı şəxs hər biri 100.000 ABŞ dolları məbləğində sərmayə qoyulmalı, əldə edilmiş kriptovalyuta ilə kriptobirjada alqı-satqı əməliyyatları həyata keçirilərək gəlir əldə edilməli idi. İşin hallarından görünür ki, tərəflər arasında münasibətlər pozulmuş və hər iki tərəf birgə fəaliyyət göstərməkdən imtina etmişdir. Belə olan halda iddiaçının birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qoyduğu sərmayənin cavabdehdən tutulması barədə iddia tələbinin qanuni əsasını MM-nin 1091-ci maddəsi təşkil edir.

31. İşdən görünür ki, iddiaçı onun tərəfindən 2023-cü ilin iyun ayında 1.900.000 Türk Lirəsi ekvivalentində kriptovalyutanın (USDC) “Bilira Teknoloji” şirkətindən əldə edilməsi və cavabdehin tapşırığına əsasən onun göstərdiyi elektron pul kisəsinə köçürməsi barədə sübutları (hesabdan çıxarışlar, watsapp proqramı ilə yazışmalar) məhkəməyə təqdim etmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, birjada kriptovalyutanın alqı-satqısı ilə bağlı əməliyyatlar riskli olduğundan bu əməliyyatlar zamanı gəlir əldə edilməməsi, investisiya kimi qoyulmuş məbləğin itirilməsi mümkündür və bu sahibkarın riski kimi qiymətləndirilməlidir. Lakin məhkəmənin bu nəticəyə gəlməsi üçün ilk növbədə tərəflər arasında şifahi bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyin konkret olaraq nədən ibarət olduğu, bu öhdəliyin cavabdeh tərəfindən pozulub-pozulmadığı, öhdəlik pozulubsa bunda cavabdehin təqsiri olub-olmadığı, iddiaçıya məxsus pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlanılıb-saxlanılmadığı araşdırılmalı, bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının kriptovalyuta alqı-satqısına qoyduğu sərmayənin qaytarılması, əldən çıxmış faydanın, hüquqi xidmət xərcinin tutulması tələblərinə yuxarıda qeyd edilən maddi hüquq hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verilməlidir.

33. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatda kriptovalyutanın yerləşdirildiyi elektron pul kisəsinin cavabdehə deyil, “OKX” kriptobirjasında “X3 ve Ticaret” A.Ş.şirkətinə məxsus olduğunu, həmin pul kisəsinə iddiaçı ilə yanaşı, cavabdeh tərəfindən də 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta yerləşdirildiyi, hazırda hesab bağlı olduğundan məhkəməyə əməliyyatlar barədə çıxarış təqdim edilməsinin mümkün olmadığını, kriptovalyutalar türk lirəsı qarşılığında satıldıqdan sonra ABŞ dolları bahalaşdığından hesabda məbləğin azaldığını, şirkətin müştərilərinə münasibətdə öhdəliklərini icra edə bilmədiyini, daha sonra hesabda məbləğin sıfırlandığını göstərsə də, bu hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

34. Apellyasiya instansiya məhkəməsi qətnamədə cavabdehin iddiaçının hesabına əmlak əldə etməsi faktının mövcud olmamasını işin mübahisə edilməyən halı kimi qeyd etsə də, işdən görünür ki, mübahisə məhz bu halla bağlıdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin təqdim etdiyi elektron pul kisəsinə yerləşdirilmiş kriptovalyutanın alqı-satqı əməliyyatlarına iddiaçının nəzarət etmək və əməliyyatları izləmək imkanı olmadığından bu əməliyyatların razılaşdırılmış qaydada həyata keçirildiyini, razılaşmaya riayət edərək kriptovalyuta birjasına özünün də sərmayə qoyduğunu, birjadan hər hansı gəlir əldə etmədiyini və bununla da iddiaçının hesabına əsassız varlanmadığını sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda iş materiallarında bu halları təsdiq edən sübutlar mövcud deyil.

35. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə bu tələblərlə bağlı hissədə qismən ləğv edilərək istinad edilən normaların tələbləri nəzərə alınmaqla yenidən araşdırma aparılması üçün apellyasiya baxışına qaytarılmalıdır.

36. Kollegiya hesab edir ki, kriptovalyutanın birjada alqı-satqısı üzrə əməliyyatların araşdırılması xüsusi bilik tələb edən məsələ olduğundan cavabdehin etirazında bildirdiyi məlumatların araşdırılması, iddiaçının vəsaiti hesabına əldə edilmiş kriptovalyutanın köçürüldüyü elektron pul kisəsinin kimə məxsus olduğu, həmin pul kisəsindəki əməliyyatlardan gəlir əldə edilib-edilmədiyi, hesabdakı valyutanın hansı hesablara köçürüldüyü, o cümlədən mübahisənin qanuni və obyektiv həll edilməsi üçün məhkəmənin zəruri hesab etdiyi digər sualların araşdırılması məqsədi ilə bu sahədə zəruri biliyə malik mütəxəssis cəlb edilməli, zərurət olarsa ekspertiza təyin edilməlidir.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə qismən - Cavabdeh 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin,104.359,60 ABŞ dolları əldən çıxmış faydanın, o cümlədən hüquqi xidmət xərcinin tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək yeni baxışa qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2700/2025 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ekspertlərinə (mütəxəssislərinə) həvalə edilmişdir.

39. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəmənin müvafiq qərardadı ilə təyin edilmiş ekspertiza zamanı qarşıya qoyulan sualların cavablandırılması üçün halhazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ekspert mövcud deyildir. Əlavə olaraq, müvafiq qərardadda qeyd olunan sualların cavablandırılması “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsinin 5-ci bəndində nəzərdə tutulan əməliyyat-axtarış tədbirinin (texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması) həyata keçirilməsini tələb edir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun Tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 1999-cu il tarixli 206 nömrəli Fərmanının 2-ci hissəsinin 3-cü abzasında qeyd olunur ki, həmin qanunun 5-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər. Əlavə olaraq, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyataxtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001- ci il tarixli 507 nömrəli Fərmanının 1-ci hissəsinin 2-ci abzasına əsasən telefon danışıqlarına qulaqasmanı, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əməliyyat-axtarış subyektlərinin sırasına daxil olmadığından, ekspertizada qarşıya qoyulan sualların cavablandırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2700/2025 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ekspertlərinə (mütəxəssislərinə) həvalə edilmişdir.

41. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/368 nömrəli tədqiqat arayışında qeyd olunmuşdur ki, tədqiqat nəticəsində əldə olunan məlumatlara əsasən: 1. Birja fəaliyyəti ilə məşğul olan “OKX” şirkəti mövcuddur. 2. İddiaçı məxsus 100.000 ABŞ dolları məbləğində vəsait Cavabdeh aid OKX kriptobirjasında sahib olduğu kriptohesaba köçürülərək ixtiyarına keçmişdir. 2.1. Həmin hesabın sahibi Şəkil KDX_idOKX10-da göstərilən “OKX” birjasından qeydiyyatdan keçən C01955662 nömrəli ümumvətəndaş passportunun sahibi Cavabdehdur. 2.2. 14 dekabr 2025-ci il tarixinə Cavabdeh aid OKX kriptobirjasında sahib olduğu kriptohesabda olan vəsait ABŞ dolları ekvivalentində 0.**********2 BTC, 0.00000087 ETH, 0.000000878 TRX və 0.**********729838 USDT təşkil edir. 2.3. Cavabdeh aid OKX kriptohesabında 25 sentyabr 2023-cü il tarixdə saat 14:33:23-də aparılan ən son nağdlaşdırma və vəsait çıxarılması səbəbi ilə hesabdakı vəsait 0.0 USDC təşkil etmişdir.

Proses iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının 100.000 USDT ödəməsi işin mübahisəsiz halıdır. İlk növbədə məsələ cavabdehin təklifi ilə baş vermişdir, bundan başqa məbləğ birbaşa birjaya yerləşdirilmir. Belə ki, “BiLira Teknoloji” şirkəti vasitəsitəçi şirkətdir, şirkət real dolları elektron dollara çevirir. Daha sonra isə həmin elektron dollar ilə kripto birjada əməliyyatlar həyata keçirtmək mümkün olur. Cavabdeh tərəfindən üç nəfər olaraq hər biri 100.000 USDT almaları və həmin 300.000 USDT-ni birjaya yerləşdirmələri təklifi verilir. Yazışmalarda iddiaçı “Bilira Teklnoloji” şirkətinin mütəxəssisinə 100.000 ABŞ dollarını hansı hesaba köçürməsini soruşur. “BiLira Teknoloji” şirkətinin mütəxəssisi bank hesabı göndərir və iddiaçıdan pul çıxır. Daha sonra “BiLira Teknoloji” şirkətinin digər mütəxəssisi iddiaçıya onun ödədiyi 100.000 ABŞ dollarını USDT-yə çevirdiyini bildirir və hansı hesaba köçürməsini soruşur. Yazışmalardan aydın olur ki, cavabdeh özü pul kisəsinin linkini göndərir. “BiLira Teknoloji” şirkətinin mütəxəssisi cavab olaraq pulun köçürüldüyünü yazır və pulun hesaba oturduğunu soruşur, cavabdeh isə pulun hesaba oturduğunu təsdiqləyir. İddiaçı pul kisəsinin kimə məxsus olduğunu bilmir. Lakin hesab edir ki, cavabdehə məxsusdur. Qarşı tərəf şirkətə məxsus pul kisəsi olduğunu bildirsə də, bunu təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa, qarşı tərəf iddia edir ki, guya cavabdeh özü də 100.000 ABŞ dolları itirib. Ən azından cavabdeh də 100.000 ABŞ dollarını hesaba köçürdüyünü sübut etməlidir. Cavabdeh bu sahədə mütəxəssisdir, lakin heç bir sübut təqdim edə bilmir. Müqavilə faktiki olaraq icra olunmayıb. Hərkəs sayta daxil olub rahatlıqla müqaviləni əldə edə bilər. Cavabdehin təqdim etdiyi “490.000 USDT yatırımı” barədə bəyanat iddiaçı ilə bağlı deyildir və mübahisəyə aidiyyəti yoxdur. Tərəf 100.000 ABŞ dolları məbləğində sərmayənin yatırılmasını sübut etməlidir. “X9”nın səhmləri 2022-ci ilin sentyabr ayında satılmış, 1 səhmin dəyəri 73 TL olmuş, iddia ərizəsinin verildiyi tarixə qiymət artıq 220 TL idi, lakin hazırda daha çoxdur. O vaxt qiymətin dəyişməsi ilə bağlı məhkəməyə sənəd vermişlər, ancaq real vaxt rejimində “google”dan əldə olunan məlumatlara əsaslanmışlar.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı ilə cavabdehin iş birlikləri daha əvvəllər də olmuşdur. 2021-ci ildə ABŞ-da böyük bir birja batdı və dünyada insanların həmin birjada küllü miqdarda vəsaiti itdi. İddiaçının pulu “BiLira Teknoloji” şirkəti vasitəsi ilə pul USDT-yə çevilmişdir. Cavabdehin müxtəlif birjalarda USDT-ləri var. Cavabdeh müxtəlif birjalarda olan USDT-lərini yönəltmişdir. Qeyd edir ki, hazırda da cavabdeh ilə həmin batmış birja arasında yazışmalar gedir və ABŞ dövləti onları sıxışdırdığı üçün müəyyən bir hissəsini ödəməyi düşünürlər. Cavabdehin həmin birjada 4.000.000 USDT-yə yaxın pulu bir gecədə yoxa çıxıb. Bu səbəblə cavabdeh həmin daxil olmanı təqdim edə bilmir. Hazırda həmin sayta daxil olmaq mümkün deyil. Link “BiLira Teknoloji” şirkətinə aiddir. Bu isə cavabdehlə “BiLira Teknoloji” şirkəti arasında olan “Whatsapp” sosial şəbəkəsi üzərindən olan yazışmalarda öz təsdiqini tapır. İddiaçıda linkin cavabdehə aid hesab olmasına dair şübhə var idi. Lakin bildirir ki, hesab “BiLira Teknoloji” şirkətinə məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı mülahizədə şəxsən hadisənin necə baş verməsi qeyd edilib. Habelə təqdim edilmiş birinci sənəd cavabdehin, digəri isə iddiaçının yatırım etdiyi puldur. OKX olan müqaviləyə əsasən əməliyyatın icra olunması üçün 150%-nə uyğun miqdarda kripto pul saxlanılmalı idi. Cavabdeh şirkətin yarıtmaz fəaliyyətinin günahkarının iddiaçı olduğunu bildirir. İddiaçı Türkiyə Respublikasında vəkildir. Müqavilə şərtlərinə yaxşı baxmadığına görə sonradan OKX müqaviləyə xitam verib. Bu səbəblə Paymount AŞ şirkətinin OKX-ə hər hansı hüquqi müdafiə tədbiri olmayıb, səthi yanaşıldığı üçün OKX-dən də pullarını tələb edə bilməyiblər. Müqavilə ingilis dilindədir. Hesab Cavabdeh şəxsi cüzdanı deyil. Tətbiq edilən hüquq

44. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 439.6. Əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

48. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-179/2025 nömrəli qərarına əsasən yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin,104.359,60 ABŞ dolları əldən çıxmış faydanın, 5.100 ABŞ dolları hüquqşünas xərcinin ödənilməsi” tələbinə dair hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya predmetinin baxışı olan hissədə qismən - hüquqi yardıma görə ödənilmiş xərclə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə apellyasiya predmetinin baxışı olan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

51. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişləri nəzərə alaraq aşağıdakıları qeyd edir.

52. İşdən müəyyən olunur ki, tərəflər arasında gəlir əldə etmək məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi barədə razılaşma əldə edilmişdir. Razılaşmanın şərtlərinə əsasən kriptovalyuta əldə edilməsi üçün İddiaçı, Cavabdeh və Tural Kərimli hər biri tərəfindən 100.000 ABŞ dolları məbləğində sərmayə qoyulmalı, əldə edilmiş kriptovalyuta ilə kriptobirjada alqı-satqı əməliyyatları həyata keçirilərək gəlir əldə edilməli idi. Lakin tərəflər arasında münasibətlər pozulmuş və hər iki tərəf birgə fəaliyyət göstərməkdən imtina etmişdir. Belə olan halda iddiaçının birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qoyduğu sərmayənin cavabdehdən tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir.

53. Hazırda iddiaçının tələblərindən biri onunla bağlıdır ki, cavabdeh iddiaçıya verilmiş sərmayə məbləği - 100.000 ABŞ dollarından 59.780 ABŞ dollarını geri ödəmiş, qalan 40.220 ABŞ dolları isə qaytarılmamışdır.

54. İddiaçı tərəfindən 2023-cü ilin iyun ayında 1.900.000 Türk Lirəsi ekvivalentində kriptovalyutanın (USDC) “BiLira Teknoloji” şirkətindən əldə edilməsi və cavabdehin tapşırığına əsasən onun göstərdiyi elektron pul kisəsinə köçürülməsi iş materiallarında olan hesabdan çıxarışlar və watsapp yazışmaları ilə sübut olunur.

55. Cavabdeh apellyasiya şikayətində 100.000 ABŞ dolları məbləğin iddiaçı tərəfindən onun deyil, təsis edilmiş şirkətin birjada olan kriptovalyuta hesabına göndərildiyini vurğulasa da, kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış mütəxəssis rəyi ilə müəyyən edilir ki, həmin məbləğ “BiLira Teknoloji” şirkəti tərəfindən məhz cavabdehə aid OKX kriptohesaba köçürülərək onun ixtiyarına keçmiş və daha sonra xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən çıxarılmışdır.

56. Həmin rəy ilə həmçinin müəyyən edilir, cavabdeh tərəfindən kriptobirjada hər hansı alqı-satqı əməliyyatları həyata keçirilməmişdir. Onun tərəfindən alınmış 100.000 ABŞ dolları məbləğində vəsaitdən iddiaçıya yalnız 59.780 ABŞ dollar qaytarılmış, qalan 40.220 ABŞ dollar isə qaytarılmamışdır.

57. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı 40.220 ABŞ dolları məbləğində vəsaiti cavabdehdən tələb etməklə haqlı olmuşdur.

58. Kollegiya iddiaçının 104.359,6 ABŞ dolları həcmində əldən çıxmış fayda tələbinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 100.000 ABŞ dolları məbləğində vəsaitin cavabdehə təqdim edilməsi məqsədilə “X9”-nın ona məxsus səhmlərinin satışı barədə məhkəməyə sübutlar təqdim etsə də, əldən çıxmış fayda, yəni həmin səhmlərin sonradan dəyərinin artması barədə hər hansı əyani sübut (sənəd) təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclasında bildirmişdir ki, iddianı verərkən sözügedən səhmlərin qiymətinin dəyişməsi ilə bağlı məhkəməyə sənəd verməmiş, ancaq real vaxt rejimində “google”dan əldə olunan məlumatlara əsaslanmışdır.

59. Məhkəmə kollegiyası hüquqi yardıma görə vəkilə ödənilmiş 5.100 ABŞ dollarının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli “Xidmət müqaviləsi” əsasında hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar birinci instansiya məhkəməsində qətnamənin əldə edilməsinədək ümumilikdə 5.100 ABŞ dolları məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüş, apellyasiya baxışında iddiaçı həmin ödənişlərlə bağlı sənədlər təqdim etmişdir. Həmçinin, iddiaçının məhkəmədə maraqlarını vəkil təmsil etmişdir.

60. Məhkəmə iddiaçının bununla bağlı tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, iddia qismən təmin edildiyindən və Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləğin 2.500 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır.

61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-771/2024 nömrəli qətnaməsi hüquqi yardıma görə ödənilmiş 5.100 ABŞ dolları tələbi ilə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə hüquqi yardıma görə ödənilmiş vəsaitin 2.500 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə apellyasiya predmetinin baxışı olan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-771/2024 nömrəli qətnaməsi apellyasiya predmetinin baxışı olan hissədə qismən -hüquqi yardıma görə ödənilmiş xərclə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş vəsaitin 2.500 manatı Cavabdeh tututlaraq İddiaçı ödənilsin. Qətnamə apellyasiya predmetinin baxışı olan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar