Məhkəmə qərarları › İş №2(103)-2703/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2703/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2703/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Aztəminatlı X2rşı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2703/2024 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X13 İctimai Birliyinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Aztəminatlı X2rşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 22 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Aztəminatlı X2rşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 250 kv.m torpaq sahəsinin ona məxsus olan 125 kv.m sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh X13 İctimai Birliyinin qeyri-qanuni istifadəsi nəticəsində həmin fərdi yaşayış evinə dəymiş 71200 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 304 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissədə paylı mülkiyyətçisidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli 2(001)-11516/2014 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun Qərb küçəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə cavabdeh X6 payları müəyyən edilmiş və həmin paylara uyğun İddiaçı və X6 adlarına bələdiyyə qərarının verilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə X6 payı müəyyən edilmiş, sözügedən torpaq sahəsinin 125 kv.metr hissəsi onun adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli qətnaməsi ilə X10 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Nikahın pozulmasından sonra bir müddət xarici ölkədə yaşadığı üçün sözügedən əmlakınhansı vəziyyətdə olması ilə bağlı məlumatlı olmamışdır. Azərbaycana qayıtdıqdan sonra uşaqları ilə birgə evində yaşamaq istəsə də, keçmiş həyat yoldaşı X10 tərəfindən qeyd olunan əmlakın - fərdi yaşayış evinin paylı mülkiyyətçi kimi onun razılığı olmadan cavabdeh "Damla" X13 İctimai Birliyinə (VÖEN: **********) qeyriqanuni olaraq icarəyə verildiyini öyrənmişdir. Belə ki, həmin əmlakın "Damla" X13 İctimai Birliyinə icarəyə verilməsinə dair keçmiş həyat yoldaşı ilə cavabdeh arasında heç bir – müqavilə olmamışdır. Həmin əmlak - fərdi yaşayış evi cavabdehə qeyri-qanuni icarəyə verilərkən belə paylı mülkiyyətçi kimi onun razılığı alınmamışdır. Bu da onun həmin əmlak üzərində mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Azərbaycana himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qayıtdıqdan sonra evdə yaşamaq niyyətini və qanunsuz yolla icarəyə verilmiş əmlakın boşaldılaraq ona təhvil verilməsini cavadeh "Damla" X13 İctimai Birliyinin rəhbərliyinə bir neçə dəfə bildirsə də, onlar tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmiş və fərdi yaşayış evi boşaldılaraq ona təhvil verilməmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq tərəfindən cavabdeh "Damla" Aztəminatlı X2rşı "əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və ona təhvil verilməsi" tələbi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan mübahisə ilə bağlı mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsinin ona məxsus olan 125 kv.metr sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına, ondan istifadə etməyinə olan maneənin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, eyni zamanda cavabdeh "Damla" X13 İctimai Birliyinin qeyd edilən fərdi yaşayış evində fəaliyyətinin dayandırılması növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizəsi məhkəmə tərəfindən qismən təmin edilərək, onun Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına və ondan istifadə etməyinə maneə törədilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadı əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri aparılan zaman cavabdeh "Damla" Aztəminatlı X3 məxsus olan 250 m2 torpaq sahəsində yerləşən üçmərtəbəli fərdi yaşayış evindən çıxmış və beləliklə onun fərdi yaşayış evindən qanuni istifadəsi təmin edilmişdir. İcra hərəkətlərinin aparılması barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev, o və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Cavabdeh "Damla" X13 İctimai Birliyi həmin fərdi yaşayış evindən onun iradəsi əleyhinə qeyri-qanuni (heç bir hüquqi əsas olmadan) istifadə etdiyi dövrdə daşınmaz əmlaka böyük miqdarda maddi ziyan vurmuşdur. Bu halla bağlı Qiymətləndirici şirkət olan "xxxx" MMC ilə müqavilə bağlayaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməsini sifariş etmişdir. "xxxx" MMC tərəfindən iştirakı ilə həmin fərdi yaşayış evinə texniki baxış keçirilmiş, əmlaka dəymiş maddi ziyanın məbləği müəyyən edilərək ona 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. Belə ki, dəymiş madi ziyanın məbləğinin müəyyən edilməsi barədə 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh "Damla" Aztəminatlı X1 məxsus olan fərdi yaşayış evindən qeyri-qanuni istifadə etməsi nəticəsində həmin fərdi yaşayış evinə mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğdə dəymiş maddi ziyanın məbləği cavabdehdən tutularaq ona ödənilməlidir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh X13 İctimai Birliyindən maddi zərərin əvəzi olaraq 25023,50 (iyirmi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,84 (yüz altı manat səksən dörd qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 197,16 (bir yüz doxsan yeddi manat on altı qəpik) manatın iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pulun Cavabdeh X13 İctimai Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh X13 İctimai Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mübahisəli evə paylı və ya tam mülkiyyət hüququnun olmaması, ümumiyyətlə, bu evin hər hansı hüquqla ona məxsus olmaması Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2 qətnaməsi ilə də təsdiq olunmuşdur. İddiaçının bu evə dair hüququnun olmaması həm də onunla təsdiq olur ki, bu ev onlardan əvvəl də digər şəxslərin istifadəsinə verilmiş, lakin iddiaçı heç vaxt buna qarşı çıxmamış və bunu mübahisələndirməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu evə dəymiş zərərin əvəzini tələb etmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır. Lakin məhkəmə buna düzgün hüquqi qiymət verməmiş və iddiaçının əsassız varlanması ilə nəticələnən qətnamə qəbul etmişdir. .Məhkəmə bu evi mülkiyyət hüququilə məxsusluğu gözlənilən əmlak kimi qiymətləndirib onun yalnız ½ hissəsinin iddiaçıya aid olma ehtimalını qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir. Lakin, buna baxamayaraq, qətnamənin nəticə hissəsində ziyana görə cavabdehdən tutulmalı olan məbləğin 100%-ni iddiaçıya aid edərək ziddiyətli qətnamə qəbul etmişdir. İddianın hüquqi əsasını MM-nin 215-ci maddəsi təşkil edir. İddiaya qarşı etirazda da qeyd edilmişdir ki, MM-nin 215-ci maddəsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı bu evin paylı və ya tam mülkiyyətçisi olmadığına görə, bu əmlakın kirayə verilməsi üçün ondan icazə almaq və bu cür şəxsə mülkiyyətində olmadığı əmlakla bağlı hər hansı bir əvəz ödəmək qanunvericiliyə, o cümlədən bu normaya zidd olardı. Bundan başqa, iddiaçı özü də məhkəmədə etiraf etmişdir ki, 3-cü şəxsin bu evi cavabdehin istifadəsinə verməsindən məlumatlı olmuşdur və 3-cü şəxsin ona hər ay göndərdiyi 500 dollar pulun bir hissəsi icarəyə götürülmüş bu əmlakdan verilmişdir. Ekspert ziyan və ya zərəri deyil, qüsurları müəyyən etmişdir və rəydə qeyd olunmuş qüsurlar ziyan və zərər anlamına gəlmir. Bu qüsurların cavabdeh tərəfindən yetirilməsi və onun zərərin vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi də sübut olunmur. Bundan başqa, nə ekspert, nə də ki məhkəmə evin cavabdehə hansı vəziyyətdə verildiyini, qüsurların konkret olaraq nə zaman yarandığını müəyyən edə bilməmiş, məhkəmə isə əlavə olaraq bu zədələrin cavabdeh tərəfindən vurulmadığını təsdiq edən 3-cü şəxsin ərizəsinə heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə evin tavanında lepkanın çatlamasında da cavabedehi təqsirli bilmiş və buna görə ondan 105 manatın tutulmasını qət etmişdir, halbuki lepkanın çatlamasında cavabedehin təqsirli olması fiziki cəhətdən mümkün deyil. Bundan başqa, məhkəmə qüsur kimi qeyd olunmuş əmlakın ilkin vəziyyətini, dəyərini, istifadə və yararlılıq müddətini, aşınma dərəcəsini və zədənin xarakterini nəzərə almamışdır.

7. Qətnamədən həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu evi o, 2007-ci il tarixində inşa etmişdir və sahibi də odur. Fərdi yaşayış evinin təmirindən uzun vaxt (2007-ci il tarixindən) keçdiyindən təmir korlanmışdır. Bu fərdi yaşayış evini bu vəziyyətdə, xeyriyyəçiliklə məşğul olan "Damla" ictimai birliyinin istifadəsinə vermişdir. "Damla" ictimai birliyi bu fərdi yaşayış evindən istifadə elədiyi gündən bu fərdi yaşayış evində olan oboy, kafel, metlaq, mebel, avadanlıq və s. əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə, heç bir xəsarət yetirməmiş və heç bir əmlaka ziyan vurmamışdır. O, fərdi yaşayış evini o vəziyyətdə onlara təhvil vermişdir. Əksinə olaraq, onun razılığı ilə bu fərdi yaşayış evinin həyətində abadlıq, zirzəmisində isə təmizlik işləri aparmışdırlar. Onu da qeyd edir ki, bu fərdi yaşayış evi "'Damla" ictimai birliyinin istifadəsində olduğu müddət ərzində o da tez-tez buraya gəlir və evin durumunu yoxlamışdır və hər dəfə onu müşahidə etmişdir ki, "Damla" ictimai birliyi bu evi daim təmiz və səliqəli saxlayır. İddiaçı uzun müddətdir ki, Bakı şəhərində olmadığından fərdi yaşayış evinin vəziyyəti haqqında heç bir məlumatı olmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilən şəkillər 2018-ci ilə aiddir. Orada da görünür ki, cavabdeh birlik həmin evdə olarkən, oranın vəziyyəti yaxşı olmuşdur. Evə köçəndə necə olması barədə video görüntü də var. Bundan əlavə həmin mənzildə su axma mövcud olmuşdur, lakin bu onlardan qaynaqlanmayan səbəbdən baş vermişdir və bu barədə mənzilin mülkiyyətçisinə məlumat vermişlər.

11. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini bildirirb, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh və üçüncü şəxs tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, hazırki iş üzrə qətnamənin qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə də rədd edilməlidir.

28. Birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual normaların tətbiq olunmasında səhvə yol vermiş, işin bütün hallarını ətraflı aydınlaşdırmamış və mötəbər sübutlarla təsdiq olunmayan halları işin nəticəsi üçün əsas götürmüşdür.

29. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X6 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı və X6 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, həmçinin birgə nikah dövründə həmin torpaq sahəsində tikilmiş tikiliyə də paylar bərabər olmaqla, ½ hissədə arvadın, ½ hissədə ərin əmlak hüquqları olsa da, lakin hazırki mərhələdə tikiliyə dair hər hansı bir sənəd təqdim edilə bilmədiyindən, hazırki mərhələdə tikilinin bölünməsi mümkün deyildir. Gələcəkdə tikili reyestrdən qeydiyyatdan keçərkən paylar bərabər hesab edilməlidir.

30. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 saylı Qərarına əsasən Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)- 11516/2014 saylı qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X6 paylarının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin 125 kv.m hissəinin İddiaçı adına rəsmiləşdirilməsi, Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır.

31. Binəqədi bələdiyyəsi (satan) ilə İddiaçı (alıcı) arasında bağlanmış Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində olan sahənin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən satan mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 125 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün alıcıya təklif etmiş, alıcı isə fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul etmişdir.

32. Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 saylı qətnaməsinə əsasən X10 ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində 14 dekabr 2004-cü il tarixdə, 1506 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 09 yanvar 2006-cı il təvəllüdlü X12 və 14 mart 2007-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması, 09 yanvar 2006-cı il təvəllüdlü X12 və 14 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq X5 hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

33. AZ-İ 423072 seriya nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X10 ilə İddiaçı arasındakı nikah 22 may 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş və bu barədə nikahın pzoulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir.

34. İş materiallarında olan Bakı şəhəri Binqədədi Rayon Məhkəməsinin 16(001)- 16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır.

35. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədiləcəyi təqdirdə qanunvericilikdən irəli qələn məsuliyyət Cavabdeh X13 İctimai Birliyinin sədri X7 izah olunmuşdur.

36. "xxxx" MMC-nin 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil etdiyi müəyyən edilmişdir.

37. Cavabdeh X13 İctimai Birliyinin rəsmi internet səhifəsində, facebook və instagram səhifələrində yerləşdirilmiş 2019-2022-ci illəri əhatə edən fotoşəkillərdən görünür ki, Cavabdeh X13 İctimai Birliyi həmin dövrdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun Qərb küçəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin kürsü mərtəbəsinin divarları boya ilə rənglənmiş, döşəməsinə metlax vurulmuşdur. Divarlarında işıq plafonları quraşdırılmışdır. Qarajın baş tərəfində taxtadan arakəsmələr quraşdırılmışdır. Birinci və ikinci mərtəbədə yaşayış evinin yaşayış (qonaq və yataq otaqları) otaqlarının və dəhlizinin divarlarının və tavanın şpakyovka qatı ilə üzləndiyi, boya ilə rəngləndiyi, divar kağızı ilə üzləndiyi müəyyən edilmişdir. Mənzilin otaqların tavanın kənarlarına perimetr boyu gips materialdan divar künclükləri (paduqalar) vurulmuş, üzəri boya ilə rənglənmişdir. Mətbəxin, dəhlizin, qonaq və yataq otaqlarının döşəməsinə taxta vurulmuş, üzəri laklanmışdır. Sanitariya qovşaqlarının divarlarına kafel, döşəməsinə metlax, tavanına asma tavan vurulmuşdur. Sanitariya qovşaqlarının daxilində sanitartexniki qurğu, avadanlıqlar və onlara aid müvafiq aksesuarlar quraşdırılmışdır. Tədqiq olunan mənzilə divariçi elektrik və istilik boru xətləri çəkilmiş, elektrik qutuları yerləşdirilmiş və istilik radiatorları quraşdırılmışdır. Baxış zamanı fərdi yaşayış evinin kürsü, birinci və ikinci mərtəbələrində divara çoxlu sayda oyuqların açıldığı, işıq plafonlarının yerlərinin söküldüyü, elektrik xətlərinin divar üstünün dağıdılmış, kafellərin bəzi yerlərdə sındığı, döşəməyə vurulmuş lak qatının ovulduğu, döşəmə taxtalarının bir-birindən aralandığı, qaraldığı və s. qüsurların olduğu müşahidə olunmuşdur. Tədqiq olunan yaşayış evində yuxarıda qeyd olunan qüsurların xüsusiyyətlərini nəzərə alaraq, həmin qüsurların kənar müdaxilə və susızma nəticəsində baş verməyə xarakterik olduğu müəyyən edilir. Yaşayış evində yaranmış qüsurların hansı dövrə aid olmasının müəyyən edilməsinə dair metodika olmadığından, həmin qüsurların 2019-cu ildən əvvəl və ya 2019-cu ildən sonra istifadə zamanı əmələ gəlib-qəlməməsinə dair tədqiqat aparılmadı. Lakin tədqiq olunan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 25023,5 manat məbləğində olduğu müəyyən edilmişdir.

39. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ekspert izahatında bildirmişdir ki, məhkəmə ekspertizasının rəyini qanunvericiliyə uyğun əsaslı və obyektiv hesab etmək olar. Ekspertiza baxış zamanı əldə edilən məlumatlara əsasən aparılmışdır. Qüsurlar müəyyən edilmiş və smeta tərtib edilmişdir. Smetada müvafiq preyskurantlar və digər məlumatlara əsasən bazar qiymətlərinə əsasən aparılır. Məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın aparılması üçün baxış zamanı əldə edilmiş məlumatlardan və aparılmış hesablamalardan istifadə olunmuşdur. Qiymətlər bugunkü olan bazar qiymətləri ilə müəyyən edilir. Rəydə qeyd edilmiş qüsurların 2018-ci il və ya ondan əvvəl yaranmasını müəyyən etmək üçün hər hansı bir metodika yoxdur. Yaşayış yerinə baxış keçirərkən fotoçəkiliş aparmışdır. Videoçəkilişə zərurət olmamışdır. Aşınma dərəcəsi tikinti-təmir işlərinin müəyyən edilməsinə dair metodika yoxdur. Müəyyən edilmiş qüsurlar, o cümlədən oyuqların açılması, kabel xətlərinin üstünün açılması, kafelin sınması aşınma nəticəsində baş verə bilməz. Radiatorun kranı qırılmışdır. Elektrik açarı və yuvasının ehtiyatsız istifadə nəticəsində təmirinə zərurət yaranmışdır. Tavanda oyuqlar açılmış, həmçinin su sızması izləri vardı. Tərtib etdiyi smetada göstərilən qüsurların aradan qaldırılması aşınma nəticəsində deyil, müdaxilə nəticəsində yaranan qüsurlardır. Rəydə qeyd edilən əmlakların ilkin vəziyyətini müəyyən etməmişdir. Rəydə qüsurları və dəyərlərini qeyd etmişdir. Rəydə qüsur kimi qeyd edilən əşyaların cavabdehin istifadəsinə verildikdə hansı vəziyyətdə olduğunu bilmir. Divarlarda olan oboylar İtaliya istehsalı olmaya bilər, lakin keyfiyyətli oboylardır. Əlavə elektrik işləri, əlavə santexnika işləri, zibilin daşınması və s. xərcləri təcübələrinə əsasən işin həcminə görə müəyyən etmişlər. Evin kürsüsünün divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsü, dərinliyi müxtəlif olur, dəqiq deyə bilmir. Evin birinci mərtəbəsinin divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsünü, dərinliyini də dəqiq deyə bilmir. Ehtiyac olmadığından ölçməmişdir. İşıq plafonlarının həm özləri, həm də yerləri sökülmüşdür. Kürsüdə 3 ədəd plafon sökülmüşdür. Evin birinci mərtəbəsində neçə plafonun söküldüyünü smetada qeyd etmişdir. Elektrik xətlərinin divar üstünün dağıdılması dedikdə divarın üst səthində şırım açılması nəzərdə tutulmuşdur. Elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarların, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumatı heç bir mütəxəssis deyə bilməz. Evin birinci, ikinci mərtəbəsində elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarlarda, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumat verə bilməz. Evin zirzəmisində, birinci, ikinci mərtəbəsində qırılmış kafelləri sayla deyil, kvadratmetrlə qeyd etmişdir. Sınıqların ölçüləri barədə də məlumat verə bilməz. Evin zirzəmisinin hansı hissədində kafelin qırıldığını xatırlamır. Evin ikinci mərtəbəsinin döşəməsində olan lak qatının neçə ədəd ovuntusunun olmasını deyə bilmir. Evin birinci mərtəbəsinin döşəməsində olan lak qatında qüsur yoxdur. Döşəmə taxtalarının aralanması zirzəmiyə aid deyil. Evin birinci və ikinci mərtəbələrində döşəmə taxtalarının aralanması, yeri, aralanmanın ölçüsü barədə dəqiq məlumat verə bilmir. Taxta döşəmələrdə olan qaralmaların səbəbi su sızmasıdır. Evin birinci, ikinci mərtəbələrində taxta döşəməsinin qaralmış taxtalarının ölçüsü, sayı, yeri barədə məlumat verə bilmir. Bu, kürsüyə aid deyil. Taxta döşəmənin silinməsi belə qaralmaya səbəb ola bilməz. Rəydə qüsurlar ümumi göstərilmiş, baxış zamanı əldə edilmiş qeydlərə əsasən xırdalıqla smetada ətraflı göstərmişlər. Su sızma ikinci mərtəbədə döşəmədə, birinci mərtəbənin tavan və divarlarında müşahidə edilir. Mütəxəssis rəyinə nəzər yetirmiş, lakin tam şəkildə ondan istifadə etməmişdir. Baxış zamanı müəyyən edilmiş qüsurların hamısını rəydə qeyd etmişdir. Dəymiş zərərin orta qiymətini göstərmişlər.

40. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh X13 İctimai Birliyinin iddiaçının hazırki tələblə çıxış etməklə bağlı subyektiv hüququnun olmamasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

41. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X6 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı və X6 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir.

44. Göründüyü kimi mübahisəli mənzilin üzərinə yerləşdiyi torpaq sahəsinin üzərində hazırki iş üzrə iddiaçının ½ hissədə pay hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Mübahisəli mənzil də həmin torpaq sahəsinin üzərində yerləşdiyindən və ondan ayrılması mümkün olmadığından hazırki iş üzrə iddiaçının qeyd edilən mənzillə bağlı iddia irəli sürməkdə subyektiv hüququ mövcuddur.

45. İddia tələbinin əsaslılığı ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərək mübahisəli mənzilə dəymiş zərərin müəyyən edilməsi istiqamətində araşdırma aparılmış və müəyyən bir məbləğ hesablanmışdır. Lakin qeyd edilməlidir ki, istər həmin ekspert rəyində, istərsə də, ekspertin birinci instansiya məhkəməsində verdiyi izahatında həmin zərərin məhz cavabdeh tərəfindən həmin mənzildən istifadə olunması nəticəsində yaranması halını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, mübahisəli mənzil cavabdehin istifadəsinə verilərkən sonuncu ilə mənzilin mülkiyyətçisi, yəni üçüncü şəxs X10 arasında hansısa təhvil-təslim aktı aparılmamış, mənzilin cavabdehə verilərkən hansı vəziyyətdə olması, hazırda müəyyən edilən qüsurların həmin vaxt mövcud olub-olmamasını təsdiq edən hər hansı mötəbər sübutlar iş materiallarına əlavə olunmamışdır.

47. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

48. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

49. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən də göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün mövcud olması zəruri olan əsaslardan biri də zərərin məhz tələbin yönəldiyi şəxs tərəfindən vurulmasının sübut olunmasıdır. Lakin yuxarıda qeyd olunan işin hallarından da göründüyü kimi hər nə qədər mübahisəli mənzilin cavabdehə verilən zaman hansı vəziyyətdə olması məlum olmasa da, əgər, həqiqətən də, mənzilə yetirilmiş bir zərər mövcud olsa belə, həmin zərərin məhz Cavabdeh X13 İctimai Birliyi tərəfindən yetirilməsi öz əksini hansısa mötəbər sübutlarla tapmamışdır.

50. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı mübahisəli mənzilə cavabdeh tərəfindən su axıdıldığını və bunun nəticəsində də mənzilə ziyan dəydiyini qeyd etsə də, bu fakt da özünü heç bir əsaslı dəlillə tapmamışdır. O cümlədən işin halları ilə də müəyyən olunur ki, iddiaçı ilə X10 arasında hələ ailə münasibətləri mövcud olarkən onlar həmin mənzildə yaşamışlar və həmin vaxtdan indiyədək istifadə və yararlılıq müddəti, aşınma dərəcəsi də nəzərə alınmalıdır. Lakin qeyd edilən halların heç biri öz təsdiqini işin gedişatında tapmamışdır.

51. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

52. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

54. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə də rədd edilməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalı, apellyasiya şikayətinin verilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ödənilmiş 152 (yüz əlli iki) manat və Cavabdeh X13 İctimai Birliyi tərəfindən ödənilmiş 152.60 (yüz əlli iki manat altmış qəpik) dövlət rüsumunun məbləği İddiaçı tutularaq həmin şəxslərin özlərinə ödənilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X13 İctimai Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh X13 İctimai Birliyindən maddi zərərin əvəzi olaraq 25023,50 (iyirmi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pulun tutulması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Apellyasiya şikayətinin verilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ödənilmiş 152 (yüz əlli iki) manat və Cavabdeh X13 İctimai Birliyi tərəfindən ödənilmiş 152.60 (yüz əlli iki manat altmış qəpik) dövlət rüsumunun məbləği İddiaçı tutularaq həmin şəxslərin özlərinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar