Məhkəmə qərarları › İş №2(103)-2704/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2704/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2704/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1455/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25980 (iyirmi beş min doqquz yüz səksən manat) məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında ASAN Xidmət Mərkəzi Notariat Kontorunda bağlanmış 08 oktyabr 2018-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh ona 25980 (iyirmi beş min doqquz yüz səksən manat) məbləğində borcu olduğunu etiraf edərək, həmin borcu 15.11.2019-cu il tarixədək aylıq 2165 (iki min yüz altmış beş manat) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından və müqavilənin icra edilmə müddətindən iki ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh onu aldadaraq, borcu qaytarmaqdan imtina edir, telefon zənglərinə cavab vermir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1455/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, 08 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 25080 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Asan Xidmət Mərkəzi Notariat Kontorunda 08.10.2018-ci iltarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 25.980 manat borcunun olmasını etiraf edərək, həmin borcu 15.11.2019-cu il tarixinədək hər ay 2165 manat ödəniş etmək şərtiilə öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bir müddət sonra Cavabdeh həmin məbləğdən 18.000 min manatını şəxsən özü İddiaçı ödəmiş, bu barədə aralarında telefon danışıqlarıda olmuş, həmin telefon danışıqları hal-hazırda cavabdehə məxsus telefondadır. Bu barədə cavabdeh məhkəmə iclasında bildirsə də, lakin məhkəmə tərəfindən buna heç bir hüquqi qiymət verilməmiş, heç bir araşdırılma aparılmamış, hətta qətnamədə bu barədə heçnə göstərilməmişdir. Bundan əlavə, məhkəmə öz qətnaməsində cavabdeh tərəfindən iddiaçıya 900 və 1600 manat pul vəsaitinin ödənildiyini qeyd etmiş, halbuki məhkəmə iclasında cavabdeh belə ifadə verməmişdir. Digər tərəfdən İddiaçı məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində cəlb edilən X2 bildirmişdir ki, guya cavabdeh X3 ona 49.500 manat məbləğində borcu vardır, həmin borcu cavabdehdən aldıqdan sonra özünün Natiqə olan borcunu qaytaracaqdır. İddiaçı ilə Cavabdeh arasında olan borc pul məbləğinin 18.000 min manatının qaytarılmasına dair iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqları vardır. (iş materiallarına əlavə olunmuş diskdə olan danışıqların 13-cü dəqiqəsi) Xəzər RayonMəhkəməsinin 14 noyabr 2018-ci il tarixli 1(103)- 346/2018 saylı məhkəmə hökmünə əsasən cinayət işi üzrə təqsirləndirilən, mülki iş üzrə cavabdeh olan Cavabdeh hazırki iş üzrə iddiaçı, cinayət işi üzrə zərərçəkmiş şəxs olan İddiaçı dəymiş ziyanla bağlı barışıq əldə etməsini bildirmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan İddiaçı ona dəymiş ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 5 saylı ASAN Xidmət Mərkəzi Notariat Kontorunda bağlanmış 08 oktyabr 2018-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı 25980 (iyirmi beş min doqquz yüz səksən manat) məbləğində borcu olduğunu etiraf edərək, həmin borcu 15.11.2019-cu il tarixədək hər ay 2165 ( iki min yüz altmış beş manat) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında izahat verən iddiaçı isə borcun etirafı barədə müqavilə üzrə müəyyənləşdirilmiş və ödənilməli olan 25980 manat məbləğdən cavabdeh tərəfindən yalnız 900 manatı ödəniş etməsi etiraf edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 1(003)- 346/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı Abasqulu oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış borcun etirafı haqqında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, ödənilməli olan pul vəsaitini ödəməmişdir. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci və 882.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı 25980 məbləğində borcu olduğunu etiraf etmiş, həmin borcu 15.11.2019-cu il tarixədək hər ay 2165 manat olmaqla ödəməli olsa da, yalnız 900 manat ödəniş etsə də, müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator apellyasiya şikayətində iddiaçıya olan borcunun tam ödənildiyi bildirsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişlər. Bundan əlavə məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş CD-diskə baxış keçirilmiş, lakin borcun ödənilməsi təsdiq edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin mülahizələrinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1455/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar