Məhkəmə qərarları › İş №2(103)-2704/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2704/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2704/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297Vəkil2, cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(009)-180/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 iyul 2020-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına 11200 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

2. Cavabdeh tərəfindən İddiaçı məxsus bank kartına 23941 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24600 manat pulun və ödənilmiş 164 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanıdır. O da, Cavabdeh 2007-ci il tarixdən 2013-cü il tarixinədək yavəri vəzifəsində işləmişdir. Sonradan 2013-cü ildə Cavabdeh barəsində cinayət işi başlanılmış və o həmin vəzifədən uzaqlaşdırılmışdır. Cavabdeh işdən kənarlaşsa da, onların əlaqələri kəsilməmişdir. O həmişə cavabdehə maddi və mənəvi dəstək olub, ona köməklik göstərmişdir. 2020-ci ildə Cavabdeh ona müraciət edərək, ona təcili 15000 manat pul lazım olduğunu və ona həmin məbləğdə borc pul verməyini xahiş etdi. O da, cavabdehə o qədər pulunun olmadığını, həmin vaxt 11200 manat borc pul verə biləcəyini bildirdi və həmin pulu bank vasitəsi ilə cavabehə göndərdi. Cavabdeh isə borcunu iki müddətə qaytaracağına söz verdi. Lakin Cavabdeh verdiyi sözə əməl etməmişdir. Bundan başqa, cavabdeh Gəncə şəhərində oğlu X4 ev inşa etdirirdi və həmin evin inşasına tikintisinə rəhbərliyi ona tapşırmışdı və ona işinin qarşılığında 10000 manat pul verəcəyini bildirmişdi. Belə ki, o, evin inşa edilməsi üçün ustalar gətirib, ustaların işinə nəzarət edirdi və inşaat üçün materialları alıb, ustalara verirdi. Evin təmirinə və ustalara verilən pulu özü verib, sonradan cavabdehdən həmin pulları alırdı. Lakin Cavabdeh evin təmir xərcindən onun ustalara verdiyi pulu, materiala verdiyi pulu və ona evin inşası üçün söz verdiyi 10000 manat pulu bu günkü tarixədək ödəməmişdir. Belə ki, kombi ustasının zəhmət haqqısı olaraq 1000 manat, elektrik ustasının zəhmət haqqısı olaraq 200 manat, elektrik materiallarına 800 manat, divar üzdüyü materiallarına 500 manat və divar üzlüyünü vuran ustanın zəhmət haqısı olaraq 400 manat, aqlay daşının vurulması üçün ustanın zəhmət haqqısı olaraq 500 manat pulu öz şəxsi vəsaitindən versə də, cavabdeh bu günkü tarixədək həmin pulları ödəməmişdir. Həmçinin evin tikintisinə rəhbərlik etməyinə görə 10000 manat verməli idi. Dəfələrlə cavabdehdən ona borc olaraq verdiyi 11200 manat pulun, evin inşasına çəkdiyi 3400 manat (təmir üçün ustalara və materiallara verdiyi ümumilikdə) pulun və evin inşasına görə ona verilməli 10000 manat pulun verilməsini tələb etsə də, lakin Cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. O, cavabdehə inanıb onun evinin inşası üçün materialların alınmasını və ustaların pulunun verilməsini öz vəsaiti hesabına etmişdir. Çünkü cavabdeh ona evin təmir-tikintisi başa çatdıqdan sonra həm ustalara, həm materiallara, həm də evin tikintisinə rəhbərlik etdiyi üçün olan pulları qaytaracağına söz vermişdir. Cavabdehə pulun ödənilməsi barədə 13 sentyabr 2024-cü il tarixdə məktub ünvanlanmış (məktub 17 sentyabr 2024-cü il tarixdə alınmış), lakin cavabdeh tərəfindən bu günkü tarixədək məktuba heç bir cavab (münasibət) bildirilməmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 19941 manat pulun, 2500 manat vəkil xidmət haqqının, 171 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun keçmiş iş yoldaşı olub. Cavabdeh uzun müddət onun yavəri olub və onların şəxsi münasibətləri yaranıb. Bir neçə il bundan əvvəl cavabdeh ona təklif etdi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etsinlər və həmin torpaq sahəsində istilikxana qursunlar, meyvə ağacları əksinlər və s. O və ailə üzvləri cavabdehin bu təklifini qəbul etdilər. Onun həyat yoldaşı X3 və cavabdehin adına Şəmkir rayonunun ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etdilər. Həmin torpaq sahəsi həm cavabdeh İddiaçı, həm də onun arvadı İradə Sultanovanın və qeyrilərinin paylı mülkiyyətindədir. İddiaçı təklifi ilə onlar həmin torpaq sahəsinin bir hissəsində istilikxana qurdular, bir hissəsində meyvə ağacları əkdilər və bir hissəsində yonca bitkisi əkdilər. Eyni zamanda həmin torpaq sahəsinin üzərində su anbarı, ofis binası, qazanxana və məhsulların saxlanması, qablaşdırılması üçün iri bir naves inşa etdiklər. Torpaq sahəsi ilə bağlı arvadı İradə Sultanovanın, cavabdeh İddiaçı və qeyrilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bütün xərclər onlar tərəfindən ödənildi və 2019-cu ildə istilikxana məhsul verməyə başladı. İddiaçı və mütəxəsislərin deməsinə görə istilikxana hər il 130 ton məhsul verəcəkdi. Orta hesabla hər il çəkilmiş maya dəyəri çıxıldıqdan sonra orta hesabla istilikxanadan, yonca sahəsindən və meyvə bağından onlara 25000-30000 manat qazanc veriləcəkdir. Lakin bu günə kimi həmin iş birliyindən onlara cavabdeh tərəfindən heç bir qazanc verilmədi. Əksinə cavabdeh onları aldatdı. Bu səbəbdən arvadı X5 tərəfindən Şəmkir rayon Məhkəməsində Seymur Ahyevə qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair” və “maddi ziyan tələbinə dair” iddia qaldırılıb. Hazırda hər iki iddia tələbi Şəmkir rayon Məhkəməsinin icraatındadır. İddia tələbi ilə bağlı araşdırma davam edir. İddia tələbinin təmini tədbiri olaraq İddiaçı məxsus olan əmlakların üzərnə həbs qoyulub. Bu səbəbdən də İddiaçı ona və ailə üzvülərinə qarşı qərəzçiliyi yaranıb. Hesab edir ki, hazırkı iddianı da qərəzli şəkildə ona qarşı qaldırıb. Cavabdehdən heç vaxt borca pul almamışdır. Buna heç ehtiyac da olmayıb. Əksinə o, cavabdehə məxsus olan bank kartına ümumilikdə 23941 manat pul göndərmişdir. Cavabdeh həmin pulları ona qaytaracağına söz versə də, bu günə kimi həmin pulları geri qaytarmamışdır. İddiaçı onun ünvanına göndərmiş olduğu 11200 manat pul əslində onların iş birliyində xərclənmiş maya dəyərinin bir hissəsidir. Belə ki, həmin ərəfə pandemiya vaxtı olduğu üçün İddiaçı həmin pulu poçt vasitəsi ilə onun ünvanına göndərib. Əgər doğurdan da o ondan borc pul almışdırsa, nə üçün o, bu vaxta kimi məhkəməyə müraciət edib, pulunu ondan tələb etməyib? Hesab edir ki, İddiaçı onun arvadı İradə Sultanovanın məhkəməyə müraciətindən aylar sonra hazırkı iddianı qaldırmaqla, ondan və onun ailə üzvlərindən qisas almaq, onun şərəfinə, işgüzar nüfuzuna xələl gətirmək istəmişdir. O, Dəniz Donanmasında Azərbaycanın ilk və yeganə admiralıdır və hazırda təqaüddədir. Hesab edir ki, İddiaçı ona qarşı qərəzli şəkildə hazırkı iddianı qaldırıb. İddiaçı iddiası əsassızdır. Hesab edir ki, İddiaçı hazırkı iddiası ilə bağlı o, məhkəmədə təmsil olunmaq və müdafiə olunmaq üçün vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Vəkil xidmət haqqı və dövlət rüsumu ödəməli olmuşdur. Bununla da, maddi ziyan çəkmişdir. İstəyir ki, məhkəmə həm ilk iddia tələbini rədd etsin, həm də onun qarşılıqlı iddia tələbini təmin etsin, İddiaçı 23941 manat pulun, 2500 manat vəkil xidmət haqqının və 171 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qərar qəbul etsin. Bununla da İddiaçı ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəsin.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(009)- 180/2025 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüməhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tamaraşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli vətambaxaraq dəyərləndirməlidir.

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, o qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xahişi ilə ona borca pul verdim. Bununla bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etdim. İddiaçı ona qarşı qaldırmış olduğu əsassız iddiasına görə maddi ziyan çəkmişdir. Dövlət rüsumu və vəkil xidmət haqqı ödəmişdir. Əsassız yerə məhkəmə çəkişməsinə cəlb olunmuşdur. O cavabdehə məxsus olan bank kartına ümumilikdə 19941 manat pul göndərmişdir. İddiaçı həmin pulları ona qaytaracağına söz versə də, bu günə kimi həmin pulları geri qaytarmamışdır. O da bu hüquqlarından istifadə edərək sözü gedən qətnaməni qarşılıqlı iddia tələbinə münasibətdə mübahisələndirir. Hesab edir ki, qeyd olunan əsaslara və səbəblərə görə məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməklə maddi hüquq normalarını pozmuşdur. Bu isə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə ləğv olunması üçün əsasdır. Qeyd etdiyi əsaslara görə hesab edir ki, məhkəmə prosessual hüquq normalarını kobudluqla pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı, onun nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297Vəkil2 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297Vəkil1 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətləri ilə həm ilkin, həm də qarşılıqlı iddianın rədd olunması hissələri mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Hər 2 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətlərdə ümumi normalara istinad olunmaqla ilkin və qarşılıqlı iddia ərizəsində qeyd olunan hallar təkrar olaraq sadalanmış, birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normasının tələblərinin pozulması qeyd olunmamışdır.

21. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, nə ilkin, nə də qarşılıqlı iddia tələbində qeyd olunan pul məbləğlərinin göndərilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir.

22. İddiaçı iddia tələbinin hüquqi əsası kimi ümumi norma olan Mülki Məcəllənin 385.1-ci maddəsinə, Cavabdeh qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi 21, 1096 və 1115-ci maddələrinə istinad etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi 3 hissədən ibarətdir: - 11200 manat borc pul; - Gəncə şəhərində evin inşasını həyata keçirmək üçün ödənilməli olan 10000 manat; - həmin evin təmirinə özünün xərclədiyi 3400 manat pul vəsaitinin tutulması.

24. Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyasında 739.1-ci maddəsinin məzmununa görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. 11200 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən 07 iyul 2020-ci il tarixli qəbzə əsasən Cavabdeh göndərilməsi təsdiqini tapsa da, həmin məbləğin sonuncuya borc olaraq verilməsi ağlabatan deyildir. Belə ki, İddiaçı Cavabdeh üçün 2010-2013-cü illər ərzində ev tikintisndə sonuncunun ona 10000 manat və 3400 manat olmaqla borcunun yarandığını qeyd edir və bu borc məbləği mövcud olduğu halda yenidən 11200 manat məbləğində pul vəsaitinin ona borc verilməsi inandırıcı deyildir.

26. İlkin iddianın Gəncə şəhərində evin inşasını həyata keçirmək üçün ödənilməli olan 10000 manat və həmin evin təmirinə özünün xərclədiyi 3400 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə iddianın hüquqi əsasını podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalar təşkil edir. Lakin iddiaçı qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir və buna görə də məhkəmə kollegiyası bu hissələrdə iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

27. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi zərər və deliktlə bağlı normalara istinad olunsa da, tələbin məzmunundan və qarşılıqlı iddiaçının izahtından da görünür ki, həmin məbləği hissə - hissə borc olaraq qarşı tərəfə verdiyini bildirir.

28. Ümumiyyətlə, işin hallarından görünür ki, tərəflər arasında yaxın münasibət, həmçinin, gəlir əldə olunması üçün birgə fəaliyyət nəticəsində gəlir əldə olunması ilə bağlı razılıq olmuş, sonradan münasibətlərin pozulması nəticəsində məhkəmə mübahisələri yaranmış və bundan sonra hər 2 tərəf pul vəsaitlərinin digər tərəfə göndərilməsi ilə bağlı qəbzlərə istinad edərək hazırkı iddiaları irəli sürmüşlər. Qeyd olunan xüsusatlar tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatların məzmunu ilə təsdiqini tapır. Məsələn, Cavabdeh qarşılıqlı iddiası məbləğin borc olaraq verildiyinə əsaslansa da, 21 fevral 2025-ciil tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan (153-158-ci vərəqə) görünür ki, Cavabdeh izahatında qeyd edir ki, “Seymura mənim şəxsi məsələlərim üçün dəfələrlə hissə - hissə borc vermişəm, indi həmin 19941 manat məbləğində borcu ondan istəyirəm.” İzahatın məzmunundan da görünür ki, köçürülən pul vəsaitləri Cavabdeh şəxsi məsələləri üçün verilmişdir və borc kimi qiymətləndirilə bilməz.

29. Birinci instansiya məhkəməsi tərəflər arasında hansı müqavilə münasibətlərinin mövcud olub – olmamasını, tərəflərin biri - birindən pul vəsaitini hansı hüquqi və faktiki əsaslarla tələb etməsi ilə bağl məsələləri araşıdırmamış və qiymətləndirməmidir. Qeyd olunan məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilsə də, birinci instansiya məhkəməsi mahiyyət etibarı düzgün nəticəyə gəldiyindən məhkəmə kollegiyası qətnamənin ləğvinə zərurət görmür.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(009)- 180/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(009)- 180/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar