Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2706/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2023 saylı 08 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı 12 yanvar 2022-ci il tarixdə, saat 19:28də idarə etdiyi “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən qarşıda maneə yarandığı üçün avtomobilin sürətini azaltmış və dayandırmış, bu zaman “BMW 320 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfdən həmin avtomobilə maddi ziyan vurmuşdur.
2. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* saylı, 15 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara görə Cavabdeh 12 yanvar 2022-ci il tarixdə saat 19:28-də “BMW 320 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozmuş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
3. Cavabdeh BPİ-nin DYPİ-də verdiyi izahatında göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 19:28-də idarə etdiyi “BMW 320 minik” avtomaşınla Z.Bünyadov prospektində hərəkət edərkən qarşısındakı “Toyota” markalı avtomaşın qəflətən sürətini azaldıb dayanmış və bu zaman sürətini azaltsa da, həmin maşınını arxadan vurmuşdur.
4. "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə aktına görə “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2118.67 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə dəymiş maddi zərərə görə 2.118,67 manat və mənəvi zərər görə 1000 manat, həmçinin hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 400 manat və 65,20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 19:28-də idarə etdiyi ‘’Toyota Rav-4’’ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən qarşıda maneə yarandığı üçün avtomobilin sürətini azaltmış və dayandırmışdır. Bu zaman arxadan gələn BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınını arxadan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, ancaq onun avtomobilinin arxa tərəfi və digər avtomobilin qabaq tərəfi əzilmişdir. Hadisə yerinə gələn Bakı şəhər X6 İdarəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X3 yol-hərəkəti qaydalarını pozduğu üçün “BMW 320 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində inzibati protokol tərtib edərək onun cərimə olunması barədə qərar qəbul etmişdir. “BMW 320 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının müddəti bitdiyindən o, avtomobilinin təmiri üçün sığorta xidmətindən yararlana bilməmişdir. Buna görə avtomobilin sürücüsü Cavabdeh onun avtomobilinə dəymiş zərərin ödəməsini demiş və cavabdeh də onunla razılaşmışdır. Qiymətləndirilmə üçün birlikdə ‘’Toyota- Abşeron MƏRKƏZİ’’ MMC-yə müraciət etmişlər və avtomobilə dəymiş zərəri və təmir üçün xərcləri hesablamışlar. ‘’Toyota-Abşeron MƏRKƏZİ’’ MMC-nin verdiyi qiymətləndirmə aktına əsasən, avtomobilin təmiri üçün 2.118,67 manat pul tələb olunmuşdur. Zərər müəyyən olunduqdan sonra BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ona vurduğu zərərin əvəzinin ödənilməsindən boyun qaçırmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8179 nömrəli , ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2021-ci il buraxılışlı “Toyota Rav” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.119,0 manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(011)-36/2023 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 2118.67 manat, mənəvi zərərə görə 200 manat tutularaq iddiaçıya ödənilməsi, iddia qismən təmin edildiyi üçün cavabdehdən hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat və 65.20 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 75%, yəni 348 manatın tutularaq iddiaçıya ödənilməsi, qalan 25%, yəni 116 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, “Toyota Rav-4” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər – 2119 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən və bu fakt iş materialları ilə təsdiq edildiyindən, Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərər ağlabatan məbləğdə - 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1097.1, 1108.1, 936.5, 1114.1, 1111.1, 1112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman günah iddiaçının özündə olmuşdur. O, Ziya Bünyatov prospektində avtomobili ilə hərəkətdə olan zaman onun avtomobilinin qarşısında təcili tibbi yardım avtomobili hərəkətdə olmuş, onun avtomobili ilə təcili tibbi yardım avtomobilinin arasında təxmini 30-40 metr məsafə olmuş, iddiaçının avtomobili təcili tibbi yardım avtomobilindən öndə getdiyi üçün anidən avtomobilini sağa çəkib yol verdikdən sonra anidən təkrar avtomobili sola çəkərək öz xəttinə girmişdir. O, avtomobili ilə təcili tibbi yardım avtomobilinin arxası ilə gəldiyi üçün düşünmüşdür ki, o da yolu ilə davam edə bilər, lakin iddiaçı avtomobili anidən sola çəkərək onun avtomobilinin önünə keçdiyi üçün ara məsəfəsi az olduğundan o, əyləc sistemini bassa da avtomobili iddiaçının avtomobilini arxandan vurmuş və bununla da qəza baş vermişdir. İddiaçının avtomobilinə qeyd etdiyi kimi güclü ziyan dəyməmişdir, bununla bağlı hadisə olan zaman tərəfindən video çəkiliş var. Həmçinin qəza zamanı yol polisi hadisə yerinə gələrək işi doğru düzgün araşdırmadan qərar qəbul etmiş, yol polisindən kamera görüntülərini tələb edərək günahın onda olmamasını sübut etmək istəsə də bildirmişlər ki, məhkəmə prosesləri zamanı bütün sübutlar ortaya çıxarılacaq.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
23. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
24. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən yalnız cavabdeh apelyasiya şikayəti verdiyindən, iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin müəyyən edilmiş hallarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
34. Cavabdeh hadisənin baş verməsində iddiaçının günahkar olduğuna istinad edir.
35. Lakin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ara məsafəsi qaydaları pozulmuş, “inzibati tənbeh vermə haqqında” 15 yanvar 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar isə sonuncu tərəfindən mübahisələndirilməmişdir.
36. Vurulmuş ziyanın məbləği ilə bağlı isə ekspertiza keçirilmiş və ekspert rəyi ilə 2119 manat ziyan vurulduğu müəyyən edilmişdir.
37. Cavabdehin hərəkətləri nəticəsində avtomobilinə ziyan dəydiyi üçün iddiaçı haqlı olaraq hazırda vurulmuş ziyanı cavabdehdən tələb edir.
38. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir.
39. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır.
40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2023 saylı iş üzrə 08 fevral 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.