Məhkəmə qərarları › İş №2(103)-2707/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2707/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2707/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı ilk iddiası; iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «kredit borcu, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-91/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 15%-lə 180 (yüz səksən) ay müddətinə 174.000 (yüz yetmiş dörd min) manat məbləğində kredit verilmişdir.

2. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2016-cı il tarixli Çıxarışda göstərilib ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10 A, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

3. “Borc verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İpoteka qoyan” X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075/1 saylı İpoteka müqaviləsinə əsasən , 14 oktyabr 2008-ci il tarixdə İddiaçı ASC və X3 arasında bağlanmış 075 saylı Kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən X2 ayrılmış 174 000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə. 1-ci yaşayış binasının A blokunda 16-cı mərtəbəsində istifadədə olan 174 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 42 saylı mənzili ipoteka qoyur. Mənzilin ümumi dəyəri tərəflər arasında 174 000 manat məbləğində qiymətləndirilmişdir.

4. **********462 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının xx.xx.2024-cü il tarixə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu 274.300,72 manat təşkil edir, bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 manat faiz borcu təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsi üzrə cəmi 274.300,72 manat, bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra hesablanmış 1.704,48 manat faiz və 565 manat dövlət rüsumunun Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda olan 42 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcunun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddiada göstərilib ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 174.000 (bir yüz yetmiş dörd min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R müqavilə əsasında Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli, 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********458 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının xx.xx.2024-cü il tarixə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu 274.300,72 (iki yüz yetmiş dörd min üç yüz manat, 72 qəpik) manat təşkil edir. Bundan 61.064,20 (altmış bir min altmış dörd manat, 20 qəpik) manat əsas, 211.532,04 (iki yüz on bir min beş yüz otuz iki mnat, 04 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 (bir min yeddi yüz dörd manat, qırx səkkiz qəpik) manat faiz borcu təşkil edir.

7. Cavabdehin nümayəndə və vəkili məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, öhdəliyin vaxtından əvvəl tam icra edilməsini, müddətin keçməsini nəzərə alıb, xx.xx.2008ci il tarixli, 075 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və artıq hesablanmış 61.064,20 manat əsas və 211.532,04 manat kredit faizinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiada göstərilib ki, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R nömrəli müqavilə də göstərilmiş, yəni sonuncunun sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda yerləşən 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə İddiaçı ASC ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli, 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Bunun əksinə olaraq krediti, yəni əsas və faiz borcunu vaxtından 8 il əvvəl tam ödəmiş Cavabdeh xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi olan yüklü olmayan çıxarış verilmişdir. Həmçinin iddia ərizəsində 61.064,20 manat əsas, 211.532,40 manat faiz borcunun nə vaxtdan hansı əsasla yaranması göstərilməmişdir. xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsinin tərəflərin hüquq və vəzifələri bölməsində göstərilir ki, yaşayış sahəsi özgəninkiləşdirildikdə 5 iş günü ərzində ipoteka kreditini qaytarmalıdır. Bundan isə 8 il vaxt keçmişdir. İpoteka predmeti olan (174) 167,1 kv metr sahəsi olan mənzilə görə 8 il vaxtından əvvəl, yəni xx.xx.2016-cı il tarixinədək aylıq ödəniş cədvəlinə uyğun xx.xx.2008-ci ildən 2016-cı ilədək kredit ödəmə cədvəlində göstərilən məbləğdən artıq, yəni 2435,28 manat, 4872 manat, 5000 manat, 13300 manat, 15000 manat, 31424 manat, 49276 manat, 40000 manat, 39000 manat, 16500 manat olmaqla ödənildiyindən özgəninkiləşdirilmişdir. xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsinin əlavə şərtlər bölməsinin 5.3-cü bəndində göstərilir ki, Borcalanın ödəniş qrafıkində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş aparması onun növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəlik 2016-cı il tarixinədək icra edildiyindən, müddət keçdiyindən xitam edilməli və həmin tarixli ipoteka müqaviləsi Mülki Məcəllənin 307, 309, 318, 337-ci maddələrinin və bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-91/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 61 064,20 (altmış bir min altmış dörd manat iyirmi qəpik) manat əsas, 192 535,74 (yüz doxsan iki min beş yüz otuz beş manat yetmiş dörd qəpik) manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra 5%-lə hesablanmış 1 704,48 (bir min yeddi yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 565 (beş yüz altmış beş qəpik) manat dövlət rüsumunun tutulması; qalan hissədə iddianın təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri 290 (iki yüz doxsan) manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ASC ilə cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15%-lə 180 ay müddətinə 174.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R müqavilə əsasında Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızına kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Göstərilənlərə əsasən, cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu tutulmalıdır. Müqavilə öhdəlikləri cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu, müqavilə müddəti bitən tarixdən illik 5 % hesablanmış 1 704,48 manat faiz borcun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2028-ci il tarixli, 075/1 saylı İpoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir və bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlıdır. Ona görə də, qarşılıqlı iddia qismən təmin edilməli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnaməni ləğv edilib, tədqiq edilmiş sübutlar əsasında iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib göstərir ki, 2016-cı ilin sentyabr ayınadək vaxtaşırı ödənişlər ödəniş qrafikinin tələbinə uyğun formada ödənilmişdir. Belə ki, məlum olduğu kimi dövlət vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə illik faiz dərəcəsi məhz həmin dövrdə 8 faiz olduğu halda, tələbkar bank tərəfindən müqavilədə kreditin faiz dərəcəsi 15 faiz kimi qeyd edilmişdir. Cavabdehin bu məsələlərdən çox anlayışı olmadığı üçün diqqət yetirməmiş, nəticədə müqavilə bağlanan an etiraz etməmişdir. Həmin dövrdə biznes kreditləri daha aşağı faiz dərəcəsi ilə verildiyi halda, cavadehi aldadaraq, pis niyyətlə - yüksək faizlə kredit verərək onu ağır maddi duruma salmaqla - kredit müqaviləsi bağlanmışdır. Qrafikə əsasən kreditə görə illik 15 faizlə hesablanmaqla, 180 ay (15 il) ərzində 264 350 manat faiz hesablanması nəzərdə tutulmuşdur. Bununla da mənzil almaq üçün götürdüyü 174 000 manatın üzərinə 264 350 manat hesablanmaqla, banka 438.350 manat pul ödəməli olmuşdur. Bu isə təbii ki, fantastik rəqəm olmaqla, nə qanuni nə də ədaləti hesab oluna bilər. Yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən əsas borcun böyük hissəsi ödənilmiş və sonuncu ödəniş tarixinə (2016-ci ilə) əsas borcun qalığı 61 064.20 manat təşkil etmişdir. Həmin tarxdən etibarən sonra ötən 8 il ərzində iddia qaldırılanadək iddiaçı tərəfindən cavadebə qarşı heç bir tələb, etiraz, pretenziya irəli sürülməmiş, borcun ödənilməsi tələb edilməmişdir. Məlumdur ki, borcun ödənilməsini tələb etmək iddiaçı bankın hüququdur. O istədiyi zaman iddia qaldıra, iddiadan imtina edə, tələbi güzəşt edə və s. hüquqlardan çıxış edə bilər. Lakin bu hüquq sərhədsiz deyildir. Göründüyü kimi sonuncu ödəniş tarixindən 8 il ötdükdən sonra iddiaçı bank tərəfindən iddianın qaldırılması, onun öz hüququndan sui-istifadə etməsi kimi qiymətlədirilməlidir. Lakin iddiaçı bank isə müqavilənin 3.6-cı bəndinin 8 il əvvəl yaranmasına baxmayaraq, bu qədər uzun müddəti (8 il) gözəyib, faizləri hesablamış, faiz borcunu süni şəkildə şişirtmiş, nəticədə 61 064.20 manat əsas borcun qalığına görə 211532.04 manat faiz müəyyən etmişdir. Bu isə nə ədalətli, nə də qanuni (MM-nin 16.1, 425.1, 425.2 maddələri, müqavilənin 3.6 bəndi baxımından) hesab edilə bilər. Bu cür müddət gözləməklə faizlərin hesabalanaraq, borcun şişirdilməsi müqavilənin şərtlərinə də uyğun deyildir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə 25 sentyabr 2024-cü il tarixli ekspert rəyində faiz borcu 211 534.04 manat deyil, 192 535.92 manat müəyyən edilmişdir ki, bu da arada 19 000 manat fərq yaradır. Təbii ki, bu faiz borcunu da qəbul etmir, lakin faizlərin 19 000 manat artıq göstərilməsi də onu sübut edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini vicdanlı həyata keçirmək əvəzinə əlavə faizlər tələb etmişdir. Eyni zamanda faizlərin bu qədər şişməsinin təqsiri borcalanda deyil Bankın özündə olduğu üçün onun AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad edərək müqavilə bitdikdən sonrakı dövr üçün 1704.48 manat əlavə faizlərin hesablanması da tamamilə qanunsuz və əsassıdır. İddia tələbinin əsassızlığının digər dəlili iddia müddəti ilə bağlıdır. Belə ki, iddiaçı tərəf özü iddia ərizəsində qeyd etmişdir ki, kredit ödənişi 2016-cı ildən dayandırılmışdır. Həmin vaxt borclunun 61 064.20 manat əsas borcu olmuşdur. Məlumdur ki, xx.xx.2008-ci il tarixli kredit müqviləsi üzrə ödəniş müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında vaxtaşırı icra edilməli idi. Belə olduğu təqdirdə həmin tarixdən, yəni 2016-cı ilin sentyabr ayında ödənilməli olan aylıq ödəniş ödənilmədiyi üçün məhz həmin aydan etibarən müqavilə üzrə öhdəliklərin icrası pozulmuşdur. Bu vaxtdan etibarən (hüququ pozulduğunu bildiyi və ya bilməli olduğu gündən) vaxtaşırı öhdəliklərin icrasına görə iddia müddətinin axımı başlamış və 2019-cu ilin sentyabr ayında müddətin axımı bitmişdir. Bu müddət ərzində iddia müddətinin dayanmasına və ya kəsilməsinə əsas olan hər hansı hal baş verməmişdir. Buna görə də, 3 illik müddət 2019-cu ildə bitdiyinə və iddia isə 2024-cü ilin iyul ayında (5 il ötdükdən sonra) qaldırıldığına görə iddia müddətinin ötməsi faktı digər dəlillərlə yanaşı olaraq məhkəmə tərəfindən qiymətləndirilməli, iddianın rədd edilməsi arqumentlərinin biri kimi məhz iddia müddətinin tətbiqi də nəzərə alınmalıdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh iştirak etmədi. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş ərizədə nümayəndəsinin iştirakı olmadan işə baxılması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil da elektron kabinet vasitəsilə təqdim edilmiş ərizədə tərəflər arasında əsas və faiz borcunun ödənilməsinə dair barışıq sazişi bağlanması ilə bağlı keçiriləcək kredit komitəsinin iclasının qərar qəbul etməsi üçün hazırki məhkəmə iclasının başqa vaxta təxirə salınması xahiş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsində təmin edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilən hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın isə təmin edilmədiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə lkin iddianın təmin edilən hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın isə təmin edilmədiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, üstəlik borcalanın etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından qarşılıqlı iddia təmin edilməyən hissədə haqlı sayılmır.

22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

25. Əvvəla, mülki iş apellyasiya icraatında olarkən Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətdə iş üzrə yenidən ekspertiza keçirilməsini xahiş etmiş və vəsatətini bununla əsaslandırmışdır ki, məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7008 saylı ekspert rəyi ilə iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə və xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunmuş, o, cümlədən: xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə): əsas borc üzrə 61.089,22 manat, faiz borcu üzrə 192.535,74 manat; xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 61,089,22 manat, faiz borcu üzrə 192.535,74 manat, 5% hesablamaqla gecikdirilmiş faiz borcu 1.679,95 manat təşkil etdiyi qeyd edilmişdir. Daha sonra iş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10590 saylı ekspert rəyindən göründüyü kimi, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı X5 xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 61.089,22 manat, faiz borcu üzrə 192.535,74 manat təşkil etmişdir. Həmin rəydən göründüyü kimi 2008-ci il tarixli kredit müqaviləsi üzrə hər iki tərəfin qəbul etdiyi kimi 61.089 manat əsas borca görə 8 il müddətinə (44.152 manat faiz hesablanmalı olduğu halda) 192.535 manat faiz məbləğinin necə hesablandığı aydın olmamış və məhkəmədə bu halı araşdırmamışdır. Qeyd edilənlərin araşdırılaraq obyektiv nəticəyə gəlinməsi və ədalətli qərar qəbul edilməsi üçün iddiaçı LPO İddiaçı ASCnin əsas borcun qalığı kimi qəbul etdiyi 61064,20 manat kredit məbləğinə illik 15% olmaqla yerdə qalan 8-il müddətinə nə qədər faiz məbləği hesablanması ilə bağlı təkrar ekspertiza təyin edilməlidir.

26. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 da iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2707/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasınının qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə faiz borcu, 02 may 2024-cü il tarixə isə əsas və illik 5 %-lə hesablanan məbləğ nə qədər təşkil edir? - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı ilədək (sonuncu ödəniş tarixinədək) hansı məbləğdə kredit borcu qaytarılmışdır və bu məbləğin hansı hissəsi əsas, hansı hissəsi faiz borca və cəriməyə və nəyə əsasən hesablanmışdır? -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı ildən (sonuncu ödənişdən sonra) sonra hansı məbləğdə kredit borcu qaytarılmışdır və bu məbləğin hansı hissəsi əsas, hansı hissəsi faiz borca hesablanmışdır? -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə ekspertiza rəylərinə əsasən sonuncu ödəniş xx.xx.2016-cı ildə olmuşdursa həmin tarixə olan faiz borcu nə qədər təşkil edir və bu faiz məbləği hansı qaydada və nəyə əsasən hesablanmışdır(yaranmışdır)? -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə ekspertiza rəylərinə əsasən sonuncu ödəniş xx.xx.2016-cı ildə olmuşdursa həmin tarixə olan faiz borcu xx.xx.2023-cü il tarixədək(müqavilənin müddətinin bitdiyi tarixə) hansı qaydada və məbləğdə artmışdır, yəni həmin dövrdə hesablanan faiz borcu hansı qaydada(ödəniş cədvəlinə uyğun yoxsa fərqli ) hesablanmışdır?

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 9/3137/2025 saylı, 10 iyul 2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 14 oktyabr 2008-ci il tarixli 075 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə əsas və faiz borcu, eyni zamanda 02 may 2024-cü il tarixə isə əsas və illik 5% hesablanan məbləğ aşağıdakı kimi müəyyən olunur. xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə ---- 61.089,22 manat, faiz borcu üzrə ---- 192.535,74 manat. xx.xx.2024-cü il (kredit müqaviləsindən sonra illik 5%-lə) tarixə: əsas borc üzrə ---- 61.089,22 manat, faiz borcu üzrə ---- 192.535,74 manat. 5% hesablanmaqla gecikdirilmiş faiz borcu ---- 1679,95 manat. İş materiallarında olan iddiaçı bank tərəfindən təqdim edilmiş ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən istifadə edilmiş 174.000,00 manat kredit vəsaitinə görə iddiaçı banka kredit müqaviləsinin imzalandığı tarixdən sonuncu ödənişin aparıldığı xx.xx.2016-cı il tarixədək ümumilikdə 174.045,12 manat məbləğində ödənişin aparıldığı, həmin ödənişlərdən 112.910,78 manat məbləğində pul vəsaiti cavabdehin əsas borcundan silinməsi, geriyə qalan 61.134,34 manat məbləğində pul vəsaiti isə cavabdehin faiz borcundan silinməsi müəyyən edilir. "xxxx" ASC ilə X4 arasında bağlanmış 14 oktyabr 2008- ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində aparılmışdır. "xxxx" ASC ilə X4 arasında bağlanmış 14 oktyabr 2008- ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə ekspertiza rəylərinə əsasən sonuncu ödəniş xx.xx.2016-cı ildə aparılmışdır. Həmin tarixə borcalanın Banka olan faiz borcu 127.775,71 manat təşkil edir. Kredit müqaviləsinin 2-ci bəndində "kredit üzrə faizlərin hesablanması və ödənişlərin həyata keçirilməsi" şərtləri öz əksini tapmışdır. 2.1 kreditin istifadəsinə görə Borcalan illik 15% ödəyir. 2.5-ci bəndinə əsasən kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. "xxxx" ASC ilə X4 arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişlər aylıq ödəniş cədvəlinə əsasən aparılmaması müəyyən edilir. Yəni tədqiqat zamanı borclu tərəfindən aparılmış ödənişlər müəyyən gecikmələrlə aparıldığı üçün sonuncu ödəniş xx.xx.2016-cı il tarixə və xx.xx.2023-cü il tarixədək (müqaviləsinin müddətinin bitdiyi tarixə) hesablanan faiz borcu tərtib edilmiş cədvəl hesablamalarında öz əksini tapmışdır. Kredit müqaviləsinin 2-ci bəndində "kredit üzrə faizlərin hesablanması və ödənişlərin həyata keçirilməsi" şərtləri öz əksini tapmışdır. 2.1 kreditin istifadəsinə görə Borcalan illik 15% ödəyir. 2.5ci bəndinə əsasən kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır.

29. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan yoxlamalar zamanı şikayətdə göstərilən dəlillər hər hansı bir sübutla öz təsdiqini tapmadı. Belə ki, öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir və istinad etdiyi halları sübuta yetirə bilmir.

30. Bundan başqa, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi. Cavabdehin göstərdikləri isə ilkin iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur. 31.Bundan başqa, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı dəlillər də öz təsdiqini tapmır. Çünki hazırkı iddia kredit müqaviləsinin müddəti başa çatdıqdan 3 il keçməmiş irəli sürülüb. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini pozması, yəni sonuncu ödənişi 2016-cı ilin sentyabr ayında etməsi iddia müddətinin axımının həmin vaxtdan başladığına dəlalət edə bilməz. Çünki kredit müqaviləsində öhdəliklərin icrası üçün konkret müddət, yəni müqavilə müddəti nəzərdə tutulmuşdur. Ona görə də iddia müddətinin axımı nə 2016cı ilin sentyabr ayında başlaya, nə də 2019-cu ilin sentyabr ayında bitə bilməzdi. Ona görə də, 3 illik müddət 2019-cu ildə bitdiyinə və iddia isə 2024-cü ilin iyul ayında (5 il ötdükdən sonra) qaldırıldığına görə iddia müddətinin ötməsi faktı digər dəlillərlə yanaşı olaraq məhkəmə tərəfindən qiymətləndirilə, iddianın rədd edilməsi arqumentlərinin biri kimi məhz iddia müddətinin tətbiqi nəzərə alına bilməzdi. Bu dəlillər cavabdehin şəxsi mülahizəsinə əsaslanan fikirləri kimi qiymətləndirilir.

32. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən 2 dəfə istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi faiz borcu məbləğini deyil, ekspert rəyində müəyyən edilən faiz borcunu əsas götürərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də tələb edilən borcun həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə yuxarıda qeyd olunduğu kimi 3-cü dəfə ətraflı suallar qoyulmaqla ekspertiza keçirildi və yenə də nəticə dəyişmədi. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istəristəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin borcun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən 4-cü dəfə ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi də həm özü, həm də birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylərin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Çünki təmin edilən faiz borcu müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur.

33. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Hazırkı işdə iddiaçı 2016-cı ilin sentyabr ayından sonra cavabdehə xəbərdarlıq məktubu göndərərək müqavilədən imtina etməmişdir. Ona görə də, yəni müqavilədən imtina edilmədiyi üçün faiz məbləği müqavilə müddəti üçün tələb edilə bilər. Müqavilə ləğv edildikdən və ya ondan imtina edildikdən sonra faiz borcu tələb edilə bilməz. Başqa sözlə, faiz borcu yalnız müqavilə müddəti üçün istənilir, müqavilə müddətindən sonra isə gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz formasında zərər tələb edilə bilər ki, hansı ki, iddiaçı da müqavilə müddəti bitdikdən sonra bunu da tələb etmiş və məhkəmə də təmin etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın qismən olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsi yaxud lazımınca icra edilməməsi və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-91/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutulmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-91/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar