Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-271/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ləğv prosesində QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il il tarixli, 1xx/xx/94876/15 saylı kredit müqaviləsinə sonuncuya illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.
2. Bankın vermiş olduğu maliyyə arayışına əsasən borcalanın 16 noyabr 2021-ci il tarixinə 3182,61 manat əsas, 3119,61 manat faiz, 1263,03 manat cərimə, 444,40 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8009,65 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 1xx/xx/94876/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3182,61 manat məbləğində əsas, 3119,61 manat məbləğində faiz, 1263,03 manat cərimə borcu, 444,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 8009,65 manat məbləğində pulun, 100,09 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu yaranmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-645/22) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 10 fevral 2015-ci il tarixli 1xx/xx/94876/15 saylı kredit müqaviləsi üzrə 3182,61 manat əsas, 3119,61 manat faiz borcu, 222,78 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 444,40 manat faiz borcu olmaqla, ümumilikdə 6969,40 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100,09 manat dövlət rüsumunun tutulması qət edimiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 3 illk iddia müddətini ötürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək xx.xx.2022-ci il tarixdə hazırkı iddianı qaldırmışdır.
20. İddiaçının tələbi 3182,61 manat məbləğində əsas, 3119,61 manat məbləğində faiz, 1263,03 manat cərimə, 444,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8009,65 manat məbləğində pulun cavabdehdən tutulması barədədir.
21. Birinci instansiya məhkəməsi iddianı əsas, faiz və gecikdirilmiş faiz borcu hissəsində əsaslı sayaraq tam təmin etmiş, dəbbə pulunu 222,78 manata qədər azaltmışdır.
22. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 9/9357 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddianın qaldırıldığı xx.xx.2019-cu il tarixinə cavabdehin 3119,16 manat əsas, 1621,96 manat faiz borcu; xx.xx.2022-ci il tarixə isə 467,87 manat 5 faizlə hesablanmış faiz borcu vardır.
23. Göründüyü kimi, ekspert rəyi əsasında müəyyən edilən əsas və faiz borcunun miqdarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə arasında fərq vardır.
24. Məhkəmə kollegiyası MPM-in 88-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutulan əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 3119,16 manat, faiz borcunun məbləği isə 1621,96 manat müəyyən edilməlidir.
25. Gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ekspert rəyi ilə yüksək hesablandığından, Kollegiya MPM-in 218.3-cü maddəsinə əsasən tələbdən kənara çıxmadan həmin məbləğin tələb həddində tutulmasını əsaslı hesab edir.
26. Dəbbə pulu isə tələbə mütənasib olduğundan dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, kredit müqaviləsi xx.xx.2015-ci il il tarixdə 48 ay müddətinə bağlanmış, iddia ərizəsi isə məhkəməyə müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu ildən başlayan 3 illik müddətin son günü, yəni xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddia qanunla müqavilə öhdəliklərinin mübahisələndirilməsi üçün müəyyən edilmiş müddət daxilində verilmiş, iddia müddəti ötürülməmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə 3182,61 manat məbləğində əsas və 3119,61 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq əsas borcun məbləği 3119,16 (üç min yüz on doqquz manat, on altı qəpik) manat, faiz borcunun məbləği 1621,96 (bir min altı yüz iyirmi bir manat, doxsan altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Nəticə etibarilə 10 fevral 2015-ci il tarixli 1xx/xx/94876/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 3119,16 (üç min yüz on doqquz manat, on altı qəpik) manat, faiz borcuna görə 1621,96 (bir min altı yüz iyirmi bir manat, doxsan altı qəpik) manat, cərimə borcuna görə 222,78 (iki yüz iyirmi iki manat, yetmiş səkkiz qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 444,40 (dörd yüz qırx dörd manat, qırx qəpik) manat olmaqla, cəmi 5408,3 (beş min dörd yüz səkkiz manat, üç qəpik) və ödənilmiş dövlət rüsumuna görə 100,09 manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.