Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2711/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-354/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın həcmini artırılması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8170,2 manat əsas, 3074,29 manat faiz, 67,27 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 592,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11904,11 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-354/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 592,35 manat məbləğində zərərin tutulması hissəsində ləğv olunmasını və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən ona qarşı iddia kredit veriləndən 4 il sonra qaldırılıb. Kredit müqaviləsi isə 1 illik müddətə bağlanıb. Bankı hazırkı iddianı 3 il əvvəl qaldıra bilərdi. Lakin bank əlavə gəlir əldə etmək üçün hazırkı iddianı 3 il sonra verib. Məhkəmə bu məsələni araşdırmayıb. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, qətnamənin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış zərər hissəsində mübahisələndirir. Kredit müqaviləsinə əlavə razılaşmanı özü imzalayıb. Cavabdeh şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış zərərin tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni məhz həmin hissədə mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-Y-1-0-1218-14 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya istehlak məqsədilə 12 ay müddətinə, xx.xx.2015-ci il tarixədək illik 28% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə Əlavə razılaşma imzalanmış, müqavilənin müddəti 39 ay və kreditin bağlanma tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Bank tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə 8170,20 manat əsas, 3074,29 manat faiz, 67,27 manat cərimə, əsas borca görə hesablanmış 5% əldən çıxmış faydaya görə 592,35 manat borcu vardır. Həmin arayışa əsasən borclu xx.xx.2016-cı il tarixdə banka olan borcundan 614,80 manat məbləğində ödəniş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21502 nömrəli ekspert rəyi ilə cavabdehin Banka xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) 8337,04 manat əsas, 3846,16 manat faiz, cəmi 12183,20 manat məbləğində (kredit müqaviləsinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən illik 5% hesablanılmaqla) borcu olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri mübahisəyə tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdeh kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etmədiyindən kreditora zərər vurmuşdur. Ona görə də iddiaçı geçikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan pulu tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7). Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1). Mülki Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən görünür ki, cavabdeh Bank qarşısında öhdəliklərini vaxtında icra etmədiyindən və iddiaçıya məxsus pulu qanunsuz sahibliyində saxladığından Məhkəmə haqlı olaraq ondan gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında da kredit müqaviləsinə əlavə razılaşmanı imzaladığını mübahisələndirməmiş, onun şərtlərini qəbul etmişdir. Əlavə razılaşma ilə kredit müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı hazırkı iddia ilə məhkəməyə müqavilə müddəti bitdiyi tarixdən 6 ay sonra sonra müraciət etmiş, iddia müddətini ötürməmişdir. Cavabdeh şikayətində Bankın məhkəməyə gec müraciət etməkdə məqsədinin əlavə gəlir əldə etmək etmək olduğunu iddia etsə də, işin halları ilə bu dəlil öz təsdiqini tapmamışdır. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya cavabdeh tərəfindən verilmiş şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-354/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2711/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2711/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver