Məhkəmə qərarları › İş №2(103)-2711/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2711/2024

04.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2711/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər X2, Cavabdeh2 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı MMC-nin X2, Cavabdeh2 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 267 saylı sərəncamı ilə İddiaçı MMC-nə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942Q saylı məhəllədə yaşayış binalarının tikintisinə icazə verilmişdir.

2. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintiyə xx.xx.2021-ci il tarixli 29 saylı icazə verilmişdir.

3. Cavabdeh3 və digərləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (İddiaçı MMC üçüncü şəxs qismində cəlb edilməklə) “obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin iş (2-1(112)- 4732/2023 saylı inzibati iş) hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı MMC (iddiaçı) X2, Cavabdeh2 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942Q saylı məhəllədə yaşayış binalarının tikintisi ilə bağlı fəaliyyətə mane olmamaq vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh1 nümayəndəsi (vəkili) vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin onlara qarşı iddia qaldırmasının əsasını təşkil edən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı xx.xx.2020ci il tarixli 29 saylı sənədin qanuniliyi bina sakinləri tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilir və həmin 2-1(112)-4732/2023 saylı iş üzrə məhkəmə araşdrıması davam edir. İş Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatındadır və iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinin icraatında olan işə baxılıb qurtaranadək işin dayandırılmasını xahiş edir.

6. Birinci instansiya məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Cavabdeh3 və qeyrilərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1 (112)- 4732/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə qərar qəbul edilməyənə qədər, iddiaçının iddia tələbinə baxmaq mümkün deyildir.

8. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə istinad etmişdir.

9. Qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 28 dekabr 2023-cü il tarixli qərardadı təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

12. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

13. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

14. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət vermişdir; belə ki, Bakı İnzibati Məhkəməsində baxılmaqda olan sözügedən inzibati iş üzrə müəyyənləşdiriləcək hallar hazırki iş baxımından preyudisial əhəmiyyət kəsb edə bilər.

15. Nəzərə alınmalıdır ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.

16. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-28/2023 saylı iş üzrə 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar