Məhkəmə qərarları › İş №2(103)-2713/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2713/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2713/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin hakimləri X1 (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 İsmayil oğluna və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-928/2023 saylı işi üzrə 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10518,41 manat əsas, 74,08 manat faiz borcu və iş üzrə ödənilmiş 122,67 manat dövlət rüsumu olmaqla, cəmi 10592,49 manat tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-928/2023 saylı işi üzrə 23 fevral 2023-ci il tarixli qərardadı ilə mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, xx.xx.2022-ci il tarixli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 122,67 manat məbləğində pulun Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. Qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 saylı qərarına; Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı bu iş üzrə əsl iddiaçı deyil. İddiaçı qismində Bank çıxış etməli idi. Çünki borcalanın məhz Bankla kredit münasibətləri olub. Borcalanın iddiaçı ilə heç bir mülki (müqavilə) münasibəti yoxdur. Buna görə də iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı yalnız və yalnız Bankın ləğvedicisi, yəni qanuni nümayəndəsidir. İddiaçı kimi məhz Əmanətlərin Sığortalanması Fondu çıxış edir. Bu, həmçinin onunla təsdiq olunur ki, iddia ərizəsi iddiaçının (Əmanətlərin Sığortalanması Fondunun) işçisi tərəfindən imzalanmışdır. Yəni Bankın deyil, iddiaçının işçisidir. İddiaçı Bankın qanuni nümayəndəsidir və sonuncunun orqanlarının səlahiyyətləri iddiaçıya məxsusdur. Mülki Məcəllədə hüquqi şəxsin kənar idarəçisi institutu təsbit edilmişdir. Başqa sözlə, hər hansı hüquqi şəxs başqa şəxs tərəfindən idarə oluna və təmsil oluna bilər. Lakin bu, o demək deyil ki, kənar idarəçi öz adından çıxış edir və idarə və təmsil etdiyi şəxsin öhdəlikləri onun öhdəlikləridir. İddia ərizəsi buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandığından ərizə baxılmamış saxlanılmalıdır. İddiaçı şikayət verərək, Yasamal Rayon Məhkəməsinin e-2(004)-928/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Banklar haqqında” Qanunun 71.1, 71.3, 71.7.10, 721.1; Mülki Prosessual Məcəllənin Respublikası 69.4; 259.0.3; 269.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 14 may 2020-ci il tarixli Sərəncamına əsasən X2 Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilmişdir. ƏSF-nin icraçı direktoru Tural Piriyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən təqdim edilmiş hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən ləğv prosesində olan bankların qanuni təmsilçisidir. Məhkəmə qərarlarına əsasən, həmçinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziyası ləğv olunmuş və müflis elan edilmiş bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən LPO Bankın idarə edilməsinə dair səlahiyyətlər ƏSF-na həvalə edilmişdir. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və LPO Bankın qanuni təmsilçisi Tural Piriyev öz növbəsində Kreditlərin idarə edilməsi departamentinin Məhkəmlərlə İş şöbəsinin müdiri Azər Əmirova ləğv prosesində olan bankları bütün məhkəmə instansiyalarında və digər dövlət, ictimai və sair orqanlarda təmsil etmək, iddia qaldırmaq, iddia ərizələrini imzalamaq, vəsatətlər vermək, onun maraqlarını müdafiə etmək, iddia tələbinin həcmini artırmaq, dəyişmək, bütün məhkəmə aktlarından şikayət vermək, şikayətləri imzalamaq, məhkəmə aktlarının məcburi icrasını təmin etmək, qətnamələrin icrasıyla bağlı sənədləri imzalamaq, eləcə də məhkəmədə təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan prosessual hərəkətlərin edilməsinə dair səlahiyyətləri həvalə etmişdir. İddia ərizəsinə etiraz formal xarakter daşıyır. Belə ki, qərardadı qəbul etmiş hakim Ayaz Məmmədovun icraatında, analoji iddia tələbləri üzrə mülki işlər olmuş və qəbul edilmiş məhkəmə qətnamələri mövcuddur. Həmçinin bu günə kimi ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan bankların tələblərinə görə minlərlə iddialar qaldırılmış, bütün instansiya məhkəmələrində onlara baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Yəni formalaşmış məhkəmə təcrübəsinə əsasən bu tipli işlərin hazırki qaydada baxılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı aşağı instansiya məhkəmələrinə xüsusi göstərişləri mövcuddur. Eyni zamanda, məhkəmə həmin qərardadı qəbul edərkən, istinad olunan prosessual hüquq norması yalnız MPM-nin 259.0.3-cü maddəsidir. Həmin maddəyə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda baxılmamış saxlanılır. İddiaçının adından imzalanma səlahiyyətini verən etibarnamə və elektron imza mövcuddur. İddia ərizəsi elektron formada baxılması üçün məhkəməyə ünvanlanmışdır. İddia ərizəsini imzalayan elektron məhkəmə sistemi üzrə LPO İddiaçı ASC-nin nümayəndəsidir. Həm elektron məhkəmə sistemindən, həm də iddianın nəticə hissəsindən göründüyü kimi iddiaçı bankın özüdür. Yəni göründüyü kimi, ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Məhkəmənin qərardadında qeyd edir ki, iddiaçı subyektiv hüquq üzrə tərəf deyil hüquq üzrə tərəf bankın özü olmalıdır. Məhkəmə iddia tələbinin hüquqi təbiətini düzgün müəyyənləşdirə bilməmiş, iddiaçının bank deyil Fond olmasını qərardadında göstərmişdir. Bu hal olduğu təqdirdə belə, iş baxılmamış saxlanılmalı deyil, prosessual baxımdan işə məhkəmə qaydasında mahiyyəti üzrə baxılmalı və iddia tələbinin rədd və ya təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmənin hazırki mövqeyi olan yəni subyektiv hüququ olmayan şəxs tərəfindən iddianın qaldırılması iddianın baxılmamış saxlanılması üçün heç bir halda əsas deyildir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-928/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149 -152, 259, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki: Mülki Məcəllənin 60-cı maddəsinə əsasən 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır; 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır; 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir; 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir; 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər; 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsviyəçi, ləğvedici) çıxış edir; 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. “Banklar haqqında” Qanunun 71-ci maddəsinə əsasən 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir;71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür;71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür;71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Qeyd edilən qanunvericilik normaların tələblərindən və işdən görünür ki, iddia ərizəsi LPO İddiaçı ASC-nin adından səlahiyytli şəxs tərəfindən imzalanmış, məhkəmənin hazırki mövqeyi olan, yəni subyektiv hüququ olmayan şəxs - əsl iddiaçı tərəfindən iddianın qaldırılması belə ərizənin baxılmamış hesab edilməməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə (müddəalarına) əsasən: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-928/2023 saylı işi üzrə 23 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar