Məhkəmə qərarları › İş №2(103)-2714/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2714/2022

10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2714/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2021 saylı, 11 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(001)- 4199/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 22.700 (iyirmi iki min yeddi yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, İddiaçı verilməsi qərara alınmışdır. Həmin qətnamədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh 29 dekabr 2021-ci il tarixli apellyasiya şikayəti həmin Müəssisənin 04 yanvar 2022-ci il tarixli məktubu ilə 07 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4199/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(001)- 4199/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh məhkəmənin 11 yanvar 2022-ci il tarixli qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin eyni saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(001)- 4199/2021 saylı qətnaməsi 29 sentyabr 2021-ci il tarixli məktubla Cavabdeh təqdim edilməsi üçün poçt vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmiş və qətnamə həmin Müəssisə tərəfindən 16 oktyabr 2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnamə imza edilməklə rəsmi qaydada alınmışdır. Belə olan halda aydın olur ki, sözügedən qətnaməni 16 oktyabr 2021-ci il tarixdə almış cavabdeh həmin qətnamədən apellyasiya şikayətini 07 yanvar 2022-ci il tarixdə, yəni qanunla müəyyən olunmuş müddət bitdikdən sonra vermiş, şikayətə müddətin bərpası barədə vəsatət əlavə etməmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Eyni Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2021 saylı, 11 yanvar 2022-ci il qərardadı ilə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar