Məhkəmə qərarları › İş №2(103)-2719/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2719/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2719/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı «İddiaçı» ASC-nin nümayəndəsi X3 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı «İddiaçı» ASC-nin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(006)-121/2017 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı «İddiaçı» ASC-nin Cavabdeh qarşı iddiası təmin olunaraq, Cavabdeh iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas və 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu vəsaitin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı «İddiaçı» ASC Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə»iddia verərək , Cavabdeh iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 002CASA1114/001537/236 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 25 faiz olmaqla 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımınca və vaxtında icra etməmiş və nəticədə onun banka xx xxxxxx 2015-ci il tarixə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 1649 (bir min iyirmi bir) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcu yaranmışdır. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli maliyyə arayışına istinad edərək kredit üzrə xx xxxxxx 2015-ci il tarixdə 25348,54 ABŞ dolları ödəniş edilməsi qeyd edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi bank cavabdehə 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə müddətinin xx xxxxxx 2015-ci il tarixdə bitməsini və xx xxxxxx 2017-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən 1 ay sona 25348,54 ABŞ dolları ödəniş edilməsini nəzərə alsaq, cavabdehin kredit müqaviləsi üzrə hər hansı bir borcu müəyyən edilmir. Məhz bu səbəbdən də tərəflərindən mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmiş və məhkəmənin xx xxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin, iddiaçı tərəfindən ekspertizaya zəruri sənədlər təqdim edilmədiyindən iş məhkəməyə geri qaytarılmış, birinci instansiya məhkəməsi isə öz növbəsində ekspertizanın keçirilməsini təmin etmədən və ekspert rəyi olmadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən xüsusatlara isə birinci instansiya məhkəməsi ümumiyyətlə əhəmiyyət verməmiş və onlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədən və heç bir araşdırma aparmadan işi yekunlaşdırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 3689/18 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-121/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 3689/18 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 557/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-121/2017 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7943/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırda apellyasiya baxışı iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və kredit xətti üzrə borcunun olmadığını göstərib qətnamənin ləğv edilməsini, iddia tələblərinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı «İddiaçı» ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilənləri də nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 002CASA1114/001537/236 nömrəli kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə illik 25 faiz olmaqla 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin isə iddianın əsassız olması ilə bağlı və apellyasiya şikayətinin dəllilərindən görünür ki, müqavilə müddətinin xx xxxxxx 2015-ci il tarixdə bitməsini və xx xxxxxx 2017-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən 1 ay sona 25348,54 ABŞ dolları ödəniş edilməsini nəzərə alsaq, cavabdehin kredit müqaviləsi üzrə hər hansı bir borcu müəyyən edilmir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilir ki, əsas və faiz borcunun düzgün müəyyənləşdirilmədiyi ilə bağlı cavabdehin dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli 6946 saylı rəyi ilə razılaşaraq həmin rəylə razılaşmamaq üçün hər hansı əsasın mövcud olmamasına, eləcə də cavabdehin borcu ödəməsi ilə bağlı sənəd təqdim etməməsi qənaətinə gəlsə də, cavabdehin iddiaçıya borcunun olmamasına dair iş materiallarında olan «Azərbaycan Kredit Bürosundan çıxarış» adlı sənəd üzrə tam və hərtərəfli araşdırma aparmamış, həmin çıxarışla razılaşmamasına dair qənaətinin əsası kimi cavabdehin banka borcu vaxtında ödənilmədiyindən həmin borc məbləğinin balansdan kənar hesaba oturması ilə bağlı Bankın nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesab üzrə Çıxarışa istinad etsə də, sonuncu sənədin hansı əsaslara görə «Azərbaycan Kredit Bürosundan çıxarış» adlı sənəddən daha mötəbər sübut növü olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli 6946 saylı rəyindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 002CASA1114/001537/236 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borcu 9942,95 ABŞ dolları, faiz borcu 1649,75 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7 və 103.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdə olan «İddiaçı» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2016-cı il tarixli bildirişdə onun 9942,95 ABŞ dolları əsas, 2912,98 ABŞ dolları faiz, cəmi 12885,93 ABŞ dolları borcu olduğu bildirimişdir. İşdə olan «İddiaçı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışında əsas kredit məbləği üzrə xx.xx.2015-ci il tarixdə 1015, 87 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 25348,54 ABŞ dolları ödənildiyi, iddia qaldırılan günə (xx.xx.2015-ci il tarixə) əsas kredit borcunun 9942, 95 ABŞ dolları, faiz borcunun isə 1649,75 AB dolları təşkil etdiyi göstərilmişdir. Halbuki, işdə olan “Azərbaycan Kredit Bürosu” tərəfindən verilmiş, borcalan Cavabdeh haqqında tarixçənin xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə verilmiş, müqavilənin bitmə tarixi xx.xx.2015-ci il tarixli kredit xətti üzrə onun götürdüyü 10000 ABŞ dolları kredit kartı üzrə (istehlak krediti) əsas və faiz borclarının gecikdirildiyi günlər olmamışdır. Bundan başqa, iddiaçı «İddiaçı» ASC-nin Cavabdeh barəsində verdiyi xx.xx.2019-cu il tarixli «hesab haqqında məlumat»da giriş və çıxış qalığının 9942,95 USD olması göstərilmiş, «hesablanmış kredit limiti, faizsiz kredit, faiz hesablanan kredit, overdraft, vaxtı keçmiş kredit» hissələri üzrə hesablanmış faizlərin «0» olması qeyd edilmişdir. Göründüyü kimi, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir və müqavilə müddəti bitdikdən sonra xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh tərəfindən «İddiaçı» ASC-yə 25348,54 ABŞ dolları ödəniş edilmişdir. Bu hal «İddiaçı» ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli maliyyə arayışında da göstərilsə də, işə baxan birinci instansiya məhkəməsi bu hala qiymət verilməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməməsi və onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi üçün iddia tələblərinin əsaslılığı baxımından işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəyə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hazırki apellyasiya baxışı zamanı aparılmış araşdırma nəticəsində Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 002CASA1114/001537/236 nömrəli kredit xətti müqaviləsi üzrə «İddiaçı» ASC-yə əsas və faiz borcunun olması müəyyən olunmadığından, Bankın iddia tələbləri rədd edilməlidir. Kollegiya bu nəticəyə gəldiyindən həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat «İddiaçı» ASC-dən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-121/2017 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı «İddiaçı» ASC-nin Cavabdeh 9942,95 ABŞ dolları əsas borcun, 1649,75 ABŞ dolları faiz borcunun və 20 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 200 (iki yüz) manat «İddiaçı» ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar