Məhkəmə qərarları › İş №2(103)-2721/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2721/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2721/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 4851,96 manat əsas borc, 3088,63 manat faiz borcu, 437,76 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 5,65 manat cərimə borcu olmaqla, cəmi 8384 (səkkiz min üç yüz səksən dörd) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 19,28 (on doqquz manat iyirmi səkkiz qəpik) manat hissəsinin tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 10,72 manat hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən “xxxx” ASC apelyasiya şikayəti verərək qətnamənin qismən, cərimə borcunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, həmin maddənin tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə uyğun olaraq, tənasübsüzlüyü hansı üsul və vasitələrlə müəyyən etdiyini, niyə tələb olunan 4660.76 manat dəbbə pulu məbləğindən yalnız 5.65 manat saxladığını, bu zaman hesablamanı necə apardığını, işin hansı hallarını nəzərə alaraq belə qənaətə gəldiyini qanunda göstərilən şəkildə əsaslandırmamışdır, kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin cərimə borcunun təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni “xxxx” ASC yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Ona görə də, hazırki halda məhkəmə işə yalnız mübahisələndirilən hissədə baxır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014-SM33 saylı Təminatlı Kredit Müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya illik 25% ödəmək şərti ilə, 36 ay müddətinə 7000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014-SM33 saylı Zaminlik Müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014- SM33 saylı Təminatlı Kredit Müqaviləsinin təminatı olaraq bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə “xxxx” ASC-yə 3088,63 manat əsas borc, 3526,39 manat faiz borcu, 4660,76 cərimə borcu və 437,76 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi borcu 13012,1 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/4284 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 “xxxx” ASC-yə olan borcu xx.xx.2017-ci il tarixə əsas borc üzrə 4851,96 manat, faiz borcu üzrə 3089,75 manat, cərimə borcu üzrə isə 3637,75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi cərimənin məbləği ilə bağlı qeyd etmişdir ki, Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5,65 manat cərimə tutulmalıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 4660.76 manat məbləğində deyil, 5.65 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, həmin dəlil yuxarıda göstərilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3431/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar