Məhkəmə qərarları › İş №2(103)-2722/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2722/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2722/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Ayaz Məmmədzadənin iştirakı ilə, iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7250/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4747,10 ABŞ dolları, faiz borcu üzrə 2504,51 ABŞ dolları olmaqla, cəmi 7251,61 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nömrəli, “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban-LB37624S7EL001078, rəngi-ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Həmçinin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, banLB37624S7EL001078, rəngi-ağ) avtomobilinin üzərinə iddianı təmin etmmə tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7250/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh məxsus **-SZ-*** dövlət qeydiyyat nömrəli, “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban- LB37624S7EL001078, rəngiağ) avtomobillin üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 7250/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, yaxud dəyişdirilməklə Cavabdeh məxsuz **-SZ-*** dövlət qeydiyyat nömrəli, “GEELY MK” minik markalı (buraxılış ili 2013, banLB37624S7EL001078, rəngi-ağ) avtomobillin üzərinə həbs qoyulması əvəzinə həmin avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözü gedən qərardadı qanunsuz və əsassızdır. Belə ki, avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə qərardaddan ümid edilən nəticəyə nail olmaq mümkünkən, ağır bir iddianın təmini tədbiri görülməsi ədalətsizlik olmaqla yanaşı qanunun ruhuna və məqsədinə ziddir. O, uzun müddətdir xarab olan, nasazlığı olan həmin avtomobili yenicə 1500 manata yaxın pul qoyaraq təmir etmişdir. Məqsədi isə onlayn satışla çatdırılma işləri görərək qazanc əldə edərək iddiaçıya olan borcunu ödəmək olmuşdur. Pandemiya və sərt karantin rejimi olduğu üçün qazanc əldə etmək və borcları ödəmək imkanının çox məhdud olduğu hər kəsə məlumdur. Onun gündəlik çörək pulu qazanmaq və borcunu ödəməsi üçün yeganə vasitə həmin avtomobillə onlayn satış və çatdırılma işləri görməsidir. Hazırda məhkəməni sözügedən qərardadı ilə onun bu imkanı əlindən alınmışdır. Bu hal isə həm onun həm də iddiaçının mənafeyinə ziddir. O qazanc əldə edə bilməyəcək və borcunu ödəyə bilməyəcək, iddiaçı isə qazancından məhrum olacaq. Hazırda pandemiya və sərt karantin rejimində avtomobillərin münasib qiymətə satışı real görünmədiyindən iddiaçının avtomobilin satılması ilə nəsə əldə edə bilməsi müşkül işdir. Qeyd edir ki, o iddiaçıya olan borcunun çox hissəsini ödəmişdir. Əgər avtomobildən istifadə etmək imkanı olarsa onun qalan borcunu ödəmək imkanı olacaq. Həmçinin borc məbləği yanlış hesbalanmışdır. O borcunun çox hissəsini ödəmişdir və çekləri vardır. Bundan əlavə barəsində ABŞ dollarına münasibətdə qanunda nəzərdə tutulan güzəştlər tətbiq edilməmiş, iddiaçı iddia müddətini ötürmüş, eləcədə maddi hüquq baxımından əsaslı olması şübhə doğurduğu halda ağır bir iddianın təmini tədbiri görülməsi hər bir halda ədalətsizlikdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1549/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Baxılan iş üzrə iddiaçının tələbi pulun tutulması və tutmanın avtomobilə yönəldilməsidir. İddianı təmin etmə tədbiri qismində avtomobilin üzərinə həbs qoyulması barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7250/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar