Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2723/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-309/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc kimi 12000 ABŞ dolları, əldən çıxmış fayda kimi 1920 ABŞ dolları, cəmi 13920 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmisi X9 tərəfindən cavabdehə Bakı şəhəri 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 12000 ABŞ dolları borc verilmiş, cavabdeh isə həmin borc pulu xx xxxxxx 2018-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Əmisi xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş, vəfat etməmişdən əvvəl, yəni xx xxxxx 2017-ci il tarixdə ona Ağstafa rayon Notariat Kontorunda vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Bu səbəbdən də o, əmisi tərəfindən cavabdehə verilmiş 12000 ABŞ dollarının alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. O, həmçinin hesab edir ki, cavabdeh 2018-ci ilin fevral ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. Ona görə də cavabdehdən 12000 ABŞ dolları borcdan başqa, qanunsuz olaraq həmin puldan faydalandığına görə də 2018-ci ilin fevral ayından başlayaraq 08 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faiz də tələb edir. Yəni hər ay həmin məbləğin 2% hesabı ilə 8 ay üçün (12.000: 100 x 2% x 08) cəmi 1920 ABŞ dolları məbləğində faizə görə pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Dəfələrlə cavabdehdən pulları tələb etmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 309/2019 saylı qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia qismən təmin olunmuş, iddiaçının xeyrinə 12000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6702/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7623/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, sübutlara düzgün qiymət verilməməsi, mərhum X5 borc aldığı pul vəsaiti sağlığında sonuncuya qaytarması, borcunun qalmaması, bununla bağlı bəzi qəbzləri məhkəməyə təqdim etməsi, borc müqaviləsinin müddətinin başa çatdığı xx xxxxxx 2018-ci il tarixdən V.Zamanovun vəfat etdiyi xx xxxx 2018-ci il tarixədək ona qarşı hər hansı tələbin olmaması, bu halın tərəfindən öhdəliyin icra olunmasına dəlalət etməsi, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və əvvəllər verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və əvvəllər verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X9 tərəfindən Cavabdeh 12000 ABŞ dolları məbləğində borc verilmiş, borcun qaytarılması müddəti xx xxxxxx 2018-ci il tarixi müəyyən olunmuşdur. İşdə olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh «xxxxxxxx» ASC-nin Gənclik filialı və Bank «xxx» ASC-nin Sahil filialı vasitəsi ilə X7 xx xxxxx 2017-ci il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2018ci il tarixdə vəfat etmişdir. İşdə olan vəsiyyətnamənin və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərindən görünür ki, X9 bütün əmlakını hazırki iş üzrə İddiaçı vəsiyyət etmiş, sonuncunun adına Ağstafa rayon notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdeh xx xxxxxx 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X5 12000 ABŞ dolları məbləğində borc pul almışdır. Bu faktı cavabdeh özü də məhkəmə iclasında təsdiq etmiş və həmin pulu tam olaraq qaytardığını bildirmiş, lakin pulun qaytarılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də cavabdeh 12000 ABŞ dollarını iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı tam rədd edən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən araşdırılan faktiki hallarına Mülki Məcəllənin «Öhdəliyin icrasının qəbulu» adlanan 529-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən «Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.» İş materiallarından göründüyü kimi xx.xx.2017-ci il tarixdə 12.000 ABŞ dolları məbləğində pulun X9 tərəfindən Cavabdeh borc verilməsinə dair müqavilə notarial qaydada təsdiq olunmuşdur. Beləliklə, hazırki iş üzrə iddiaçı vəsiyyət üzrə vərəsə kimi borc müqaviləsinə (miras aktivi) əsaslanaraq cavabdehdən borcun qaytarılmasını tələb edir (Mülki Məcəllənin 1255ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır), cavabdeh isə borcun mövcudluğunu təsdiq etsə də, etirazının əsası kimi aldığı pulu tam olaraq qaytardığını bildirir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM)390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Borc müqaviləsinə görə - iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (MM-nin 739-cu maddəsi). MM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin hallarına əsasən borc müqaviləsinin etibarlılığına şübhə yoxdur (eyni zamanda, cavabdeh də bu halı mübahisələndirməyib). Bununla yanaşı, müqaviləyə əsasən borcun qaytarılması müddəti bitmiş, bu səbəbdən də müvafiq tələb hüququ yaranmışdır. Həmçinin qeyd edilməlidir ki,MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-nin 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə borcun tam olaraq qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyin qeyd edilən tələbləri nəzərə alınmaqla, əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş şahid ifadəsi də borcun tam olaraq qaytarılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı əvvəlki apellyasiya icraatı zamanı telefon danışığını əks etdirən səs yazısını məhkəməyə təqdim etmiş və həmin danışığın onunla cavabdeh arasında aparıldığını, danışığın əmisinin vəfat etməsindən sonrakı dövrə aid olmasını, cavabdehin borc aldığı pulu qaytaracağına vəd verməsini, bu halın bir daha cavabdeh tərəfindən pulun sağlığında əmisinə qaytarılmamasını sübut etməsini və s. bildirmişdir. İşdən görünür ki, həmin səs yazısı ilə bağlı tərəflərə Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsinin tələbləri (qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz) izah olunmuş, lakin cavabdeh həmin səs yazısının dinlənilməsinə və sübut kimi istifadə olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin səs yazısı dinlənildikdən sonra cavabdeh bildirmişdir ki, səsyazmadakı səs ona məxsus deyildir, ona görə də iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsini xahiş etmiş, iddiaçı həmin vaxtı ekspertizanın təyin olunmasına etiraz etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası qeyd edilən halla bağlı xx xxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi telefon danışığını əks etdirən səs yazısına dair məhkəmə-fonoskopik ekspertizasının təyin olunmasına iddiaçı tərəfindən edilmiş etirazın səbəbləri aydınlaşdırılmamışdır. Bununla əlaqədar Ali Məhkəmənin mülki kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, pulun alınmasına dair işdə kifayət sübutlar olduğundan, işin uzadılmaması məqsədi ilə həmin ekspertizanın keçirilməsinə etiraz etmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdeh bir daha səsyazmadakı səsin ona məxsus olmamasını və bu halın yoxlanılması üçün iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsinə etirazının olmamasını bildirmişdir. İddiaçı isə məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək, iş üzrə məhkəmə fonoskopik ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hətta səs yazısı mövcud olmasaydı belə, cavabdeh borc aldığı pulun tam olaraq qaytarılmasını sübut edə bilməmişdir. Lakin, iş üzrə tam və hərtərəfli araşdırma aparılması, eləcə də cavabdehin etirazlarının obyektiv yoxlanılması üçün iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/557 nömrəli ekspertiza rəyinə əsasən – ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Həmin mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı məxsusdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi səs yazısı həqiqətən iddiaçı ilə cavabdeh arasında aparılmışdır ki, bu hal da bir daha cavabdehin etirazlarının əsassız olmasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 12000 ABŞ dolları hissədə tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, işdə olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh «xxxxxxxx» ASC-nin Gənclik filialı və Bank «xxx» ASC-nin Sahil filialı vasitəsi ilə X7 xx xxxxx 2017-ci il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Cavabdeh etirazında həmin pul vəsaitlərini borcundan ödəniş kimi etməsini bildirmişdir. İddiaçı tərəf isə həmin pul vəsaitlərinin mərhum X1 həyata keçirilməsini, bundan məlumatlı olmamasını, lakin həmin pul vəsaitlərinin ümumi borcdan çıxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əksi sübuta yetirilməyində göstərilən pul vəsaitləri borcun bir hissəsinin qaytarılması kimi qəbul edilməli, bu səbəbdən də ümumi borc məbləğindən çıxılmalıdır (12000 ABŞ dolları – 600 ABŞ dolları – 295 ABŞ dolları (yəni, 500 manat : 1,70 ABŞ dolları) = 11105 ABŞ dolları). Bu səbəbdən də, qətnamə yoxlanılan hissədə qismən ləğv olunmalıdır. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 11105 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 250 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-309/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 309/2019 saylı qətnaməsi yoxlanılan hissədə qismən ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun, Cavabdeh 11105 (on bir min yüz beş) ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə verilsin. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 250 (iki yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2723/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2723/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver