Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2725/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmayılov Musa Mirnuh oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-870/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, MM/97748/52/10 saylı kredit Sazişindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 18 ay müddətinə, yəni 13 fevral 2017-ci il tarixədək, illik 25 faiz olmaqla 2096 ABŞ dolları məbləğində kredit vermişdir.
2. 29.11.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 708,12 ABŞ dolları məbləğində əsas borcu və 482,50 ABŞ dolları məbləğində faiz borcu vardır.
3. 29.11.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə həmin dövr üçün xx.xx.2019-cu il tarixdə olan son ödəniş - AR Prezdentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən kompensasiya məbləğindən ödənilmişdir.
4. 13.08.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 708.12 ABŞ dolları məbləğində əsas borcun, 482.50 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1190.62 ABŞ dolları borcun və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 18 ay müddətinə, illik 25% olmaqla 2096 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ona qarşı olan tələbi üzrə qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-870/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, bankla borclu arasında yaranan öhdəlik münasibətləri kredit müqaviləsinə əsaslanır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/97748/52/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 2096 USD məbləğində kredit verilmişdir. Müştəriyə kreditin verilməsi, onun kredit məbləğindən istifadəsi və hesab üzrə həyata keçirdiyi əməliyyatlar yalnız hesabdan çıxarış vasitəsilə sübuta yetirilir. Bu səbəbdən çıxarışdan məlum olduğu kimi, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur. Kredit borcu üzrə ödənişin icra edilməsi borcun etirafı kimi qəbul edilməlidir. Yuxarıda qeyd olunan normanın məzmununa uyğun olaraq borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin məhkəmə işə obyektiv yanaşmayaraq düzgün araşdırma aparmadan cavabdehin ərizəsinə istinadən qərar qəbul etmişdir. Hesab edir ki, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən hesab edirik ki, bu normanın tələbləri pozulmuş, məhkəmə mülkiiş üzrə qətnamə qəbul edərkən məhkəmə gedişi zamanı mübahisələndirilməyən məsələni əsas olaraq qeyd etmişdir. Belə ki, kredit ödənişinin məhz borclu yaxud başqa biri tərəfindən ödənilməsi mübahisə predmeti olmamışdır. Etiraza baxmayaraq məhkəmə ödənişi birbaşa borclunun özünün icra etməyini sübuta yetirəcək hal olan video görüntü və şəkil faylını təqdim etməyə iddiaçıya şərait yaratmamışdır. Belə ki, Bakı Şəhəri Atatürk prospekti 50 A ünvanında yerləşən İddiaçınun İnzibati binasının 3- cü mərtəbəsində olan 502 saylı cashin xx.xx.2022- ci il tarixli görüntülərindən məlum olur ki, Cavabdeh həmin cashine saat 11.30 radələrində 100 və 50 manat əskinazında pul daxil etmişdir. Cavabdehin İddiaçı ASC-də MM/97748/52/10 kreditindən başqa krediti yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmayılov Musa Mirnuh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq sənədlər təqdim edərək xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə edilmiş son ödənişin məhz şəxsən Cavabdeh özü tərəfindən icra oldunuğunu qeyd etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;
19. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. Maddə 448.1 əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
21. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
22. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 372.1 bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
24. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
25. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
26. Maddə 377.2 icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;
27. Maddə 380.1 müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-870/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərəfindən sonuncuya illik faiz dərəcəsi 25% olmaqla 18 ay müddətinə 2096 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və qaydada krediti və ona hesablanmış faiz məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti 13 fevral 2017-ci il tarixdə bitmişdir.
41. İddiaçı cavabdehdən əsas və faiz borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir.
42. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti ötürülməklə verilidiyindən cavabdehin ərizəsi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.
43. Belə ki, 13 avqust 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 13 fevral 2017-ci il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 13 fevral 2017-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
44. İddiaçı iddia müddətinin ötürülməməsi ilə bağlı sübut kimi hesabdan çıxarışda xx.xx.2022-ci il tarixdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödəniş edildiyini göstərmiş və həmin ödənişin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən görüntünü məhkəmə təqdim etmişdir.
45. Kollegiya xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə məhz Cavabdeh tərəfindən ödənilməsini qəbul edir. Lakin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddia müddəti bitdikdən sonra müəyyən miqdarda ödənişin icra edilməsi iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilə və cavabdehin ziyanına şərh edilə bilməz.
46. Belə ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
47. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-870/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.