Məhkəmə qərarları › İş №2(103)-2727/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2727/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2727/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-11195/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “X6” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsi üzrə 8563,56 AZN əsas kredit borcu, xx.xx.2017-ci il tarixinə hesablanmış 2448,75 AZN faiz borcu, ümumilikdə 11012,31 AZN pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “Daewoo Nexia - minik” markalı, Az **-NV-*** dövlət qeydiyyat nişanlı və “KİA – Rio minik” markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutma yönəldilməsi, girov predmeti olan avtomobillərin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, qeyd olunan girov predmetlərinin hərracda satışından əldə edilən pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetlərinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan “X6” ASC və Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 26% dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxx 2012-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus “Nexia” minik markalı, Az **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil, habelə xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus “KİA Rio” minik markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun iddiaçı Banka borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8563,56 manat əsas borc, 2448,75 manat faiz borcu olmaqla, cəmi 11012,31 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq ləğv prosesində olan “X6” ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş və Cavabdeh məxsus “Nexia” minik markalı, Az **-NV-*** dövlət qeydiyyat nişanlı və “KİA Rio” minik markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilərək, həmin avtomobillərin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Cavabdeh tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, xx xxxx 2012-ci il tarixdə cavabdehlə bank arasında heç bir müqavilə imzalanmamışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsi ilə Cavabdeh və “X6” arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, “KİA Rio” minik markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekadan azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-1248/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-11195/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-109/2020 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan “X6” ASC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-1248/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini, cavabdeh isə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-11195/2017 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 26% dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus “Nexia” minik markalı, Az **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil, habelə xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus “KİA Rio” minik markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(001)-10436/17 saylı qətnaməsinə əsasən, Cavabdeh və “X6” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, “Kia Rio” minik markalı, Az **-OG-*** qeydiyyat nişanlı avtomobil ipotekadan azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/996 nömrəli rəyinə əsasən, xx.xx.2012-ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “X6” ASC-yə olan borcu 711,78 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yenə həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, cavabdehin iddiaçı banka olan borcunu düzgün müəyyən etməmişdir. Buna görə də xx.xx.2012-ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “X6” ASC-yə olan borcu 711,78 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(001)-10436/17 saylı qətnaməsinə əsasən, Cavabdeh və “X6” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilərək “Kia Rio” minik markalı, Az **-OG-*** qeydiyyat nişanlı avtomobil ipotekadan azad edildiyindən, qətnamə həmin avtomobilə tutma yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. xx xxxx 2012-ci il tarixdə cavabdehlə bank arasında heç bir müqavilə imzalanmaması barədə apelyasiya şikayətinin dəlili araşdırma zamanı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)- 11195/2017 saylı qətnaməsi qismən---kredit borcunun məbləği və tutmanın “Kia Rio” minik markalı, Az **-OG-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsində ləğv edilsin. xx.xx.2012-ci il tarixli 40-1440-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan “X6” ASC-nin xeyrinə 711,78 manat məbləğində kredit borcu tutulsun. İddia tələbi tutmanın “Kia Rio” minik markalı, Az **-OG-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat pulun 2 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin, qalan 28 manat pul iddiaçıya aid edilsin. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat pulun 14 manat hissəsi iddiaçıdan tutulub cavabdehə ödənilsin, qalan 1 manat pul cavabdehə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 350 manat pulun 21 manat hissəsi cavabdehdən, 329 manat hissəsi iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar