Məhkəmə qərarları › İş №2(103)-2728/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2728/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2728/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3306/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 566,93 ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 873,47 ABŞ dolları faiz borcu, 2834,53 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 82 ABŞ dolları borc, ümumilikdə 4356,93 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli, 80003637 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 31 ay müddətinə illik 28 %-lə 3522,92 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir.xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 566,93 ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 873,47 ABŞ dolları faiz borcu, 2834,53 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 82 ABŞ dolları borc, ümumilikdə 4356,93 ABŞ dolları məbləğində borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3306/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlkin Əliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3306/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, banklar kommersiya hüquqi şəxsidir və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bank krediti (bundan sonra - kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Qeyd olunan anlayışlardan da görünür ki, kredit olaraq pul vəsaiti vermək bankın əsas iş prinsipini təşkil edir və qanunla tənzimlənir. Müqavilə yaxud qanuni əsas olmadan pul vəsaitinin verilməsi bankın fəaliyyət prinsipinə ziddir. Odur ki, qətnamədə cavabdehə verilən borcun cavabdeh tərəfindən ödənilməməsini, cavabdehin bank qarşısında götürdüyü öhdəliyi icra etməməsini Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsaslanaraq əsassız varlanma kimi əsaslandırılması əssasız olmuşdur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Lakin qanunvericiliyin yuxanda sadalanan normlarından da göründüyü kimi bankın pul vəsaiti kimi kredit verməsi məhz qanunla tənzimlənir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 7, 739, Mülki Prosessual Məcəllənin 357, 360, 384, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 80003637 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə 566,93 ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 873,47 ABŞ dolları faiz borcu, 2834,53 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 82 ABŞ dolları borc, ümumilikdə 4356,93 ABŞ dolları məbləğində borcu vardır. Müqavilə müddəti xx xxxxxx 2014-cu il tarixdən başlamış və xx xxxxx 2017-ci il tarixində bitmişdir. Müqavilə üzrə gecikdirilən gün sayı 1025-dir. xx xxxxxx 2014-cü il tarixli, 1/17/70950544 saylı, kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Bakıxanov filialından Cavabdeh 4,460 ABŞ dolları məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya işin hallarına apellyasiya şikayətinin dəllləri ilə birgə sadalanan hüquq normalarının tələblərinə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün müqavilə, əsassız varlanma və ya zərər olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Lakin, işin hallarından görünür ki, iddiaçı peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan bank təşkilatıdır və kredit müqaviləsinin mövcudluğuna istinad edərək əsas borc, faiz borcu və cərimə borcu tələb edir. İddiaçı kredit müqaviləsinə istinad edərək pul tələb etsə də, müqavilənin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin əsası ilə razılaşaraq qeyd edir ki, münasibətlərin yarandığı zaman, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin yazılı formada bağlanmalı olmasına dair xüsusi qeyd-şərt olmamışdır. Lakin, bank təşkilatları ilə bağlanmış kredit müqaviləsi elə təbiətli müqavilədir ki, tərəflər borcun qaytarılmasının müddəti, qrafiki, faizi və. s barədə razılaşmalıdırlar. Bununla bağlı “Banklarda kreditlərin verilməsi qaydaları”, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” və .s barədə normativ hüquqi aktlar və digər normativ xarakterli hüquqi aktlar mövcuddur. Hazırki mübahisədə yazılı qaydada tərtib edilmiş kredit müqaviləsi iş materiallarında yoxdur və iddiaçı öz apellyasiya şikayətinin məzmununda bu halı təsdiq edir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, cavabdehdən əsas borcun, faiz borcunun, cərimənin, habelə borcun gecikdirilməsi ilə bağlı faizlərin ödənilməsini tələb edilməsinə baxmayaraq, həmin borcun məbləği, qaytarılma müddəti və qrafiki, o cümlədən ona hesablanacaq faiz dərəcəsinə, gecikdirildiyi halda ödəniləcək cəriməyə dair yazılı razılaşma, habelə göstərilən məbləğin cavabdehə borc kimi verilməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Hazırki iddia tələbində kredit borcunun mövcud olması iddia edildiyindən sübutetmə yükü iddiaçının üzərinə düşür. Kollegiya hesab edir ki, iş materiallarında müqavilənin olmaması səbəbindən iddiaçının iddiasının təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən iddia edilən kredit borcunun mövcud olmasını təsdiq edən kredit müqaviləsi iş materiallarında mövcud olmadığından iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3306/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar