Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2731/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 07.10.2015-ci il tarixli manat öhdəliyinə dair kredit müqaviləsi üzrə 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat məbləğində borcun, 07.10.2015-ci il tarixli dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları əsas, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 ABŞ dolları cərimə, cəmi 103.958,16 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin qeyri yarayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra ünvan 1ndə yerləşən ümumi sahəsi 224.2 kv.m olan, 20 nömrəli fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2015-ci il tarixli, BK-2475/15 nömrəli Baş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin baş kredit müqaviləsi əsasında bağlanmış və onun tərkib hissəsi olan 07 oktyabr 2015-ci il tarixli, 2475/15 saylı kredit müqavilələrinə əsasən Cavabdeh müvafiq olaraq illik 21,5 % dərəcəsi ilə fazi hesablamaq şərti ilə 24 ay müddətinə 40.000 manat məbləğində və illik 18 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 36 ay müddətinə 85.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh məxsus olan ünvan 1ndə yerləşən 20 nömrəli fərdi yaşayış evi 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 06 oktyabr 2015-ci il tarixli Baş kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsini təşkil edən kredit müqavilələrinə görə şərtləşdirilmiş cədvəllərdə göstərilən ödənişlər aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 19 iyun 2017-ci il tarixinədək Cavabdeh manat öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat borcu var. 19 iyun 2017-ci il tarixinədək Cavabdeh dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 80.636,65 ABŞ dolları əsas borc, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 ABŞ dolları cərimə, ümumilikdə 103.958,16 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun tutulmasına yönəldilməlidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 07 oktyabr 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 (iyirmi səkkiz min dörd yüz əlli altı manat, doqquz qəpik) manat məbləğində əsas, 5.608,22 (beş min altı yüz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 2.000 (iki min) manat məbləğində cərimə, cəmi 36.064,31 (otuz altı min altmış dörd manat, otuz bir qəpik) manat məbləğində borc, 07 oktyabr 2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 (səksən min altı yüz otuz altı ABŞ dolları, altmış beş sent) ABŞ dolları məbləğində əsas, 19.100,62 (on doqquz min bir yüz ABŞ dolları, altmış iki sent) ABŞ dolları məbləğində faiz, 3.000 (üç min) ABŞ dolları məbləğində cərimə, cəmi 102.737,27 (bir yüz iki min yeddi yüz otuz yeddi ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğindəxidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini, tutmanın 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilərək həmin əmlak açıq hərrac vasitəsilə satılması və satışdan əldəolunan vəsait hesabına borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan ünvan 1ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1ndəyerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manat hissəsi Cavabdeh, 45 (qırx beş) manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qətnamə faiz borcunun qismən təmin edilməsi hissəsində əsassız olduğundan ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tətbiq edilmiş 27.11.2019-cu il və 04.06.2020-ci il tarixli ekspert rəylərinə əsasən 19.06.2017-ci il tarixinə cavabdehin 1-ci müqavilə üzrə 28459.09 manat məbləğində əsas, 5608.22 manat faiz, 2-ci müqavilə üzrə 80637.16 ABŞ dolları əsas, 19100.62 ABŞ dolları faiz borcu yaranmışdır. 19.06.2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən 2000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ödənilmiş 2000 ABŞ dolları faiz borcundan silinmişdir. Qətnamədən eyni zamanda Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı qətnaməsinin ləğv edilməsini, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün obyektiv qiymətləndirmə təyin edilməsini və bununla bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi məbləğ həddindən artıq şişirdilmişdir, ipoteka predmetinin qiymətləndirilməsi obyektiv aparılmamış, evin dəyəri həddindən aşağı az göstərilmişdir. Evin təmiri nəzərə alınmamış, qiymətləndirici kənardan ətraf ərazilər üzrə ortalama bazar dəyəri çıxartmaqla qiymət qoymuşdur, halbuki onun evini dəyərli edən və qiymətə birbaşa təsir edən təmiri, təmirə çəkilmiş xərclər, materialların markası, qiyməti, hansı ölkənin istehsalı olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə dəbbə pulunu mövcud şəraiti nəzərə almadan silməmiş, hesablanmış dəbbə puluna münasibətdə nisbətən çox cüzi bir məbləğ silmişdir. Bundan əlavə cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 06 oktyabr 2015ci il tarixli baş kredit müqaviləsinə əsasən 300000 manat məbləğində kredit limiti ayrılmışdır, gələcəkdə bağlanılacaq kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli 2475/15 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil ipotekaya qoyulduğu qeyd edilmişdir. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi kreditin verilməsi vədini ifadə etməməklə yanaşı kreditin tərəflər arasında bağlanacaq ayrıca kredit razılaşmaları ilə veriləcəyi qeyd edilmişdir. Baş kredit müqaviləsində 06 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin mövcudluğu qeyd edilsə də tərəflər arasında həmin tarixə dair ipoteka müqaviləsi bağlanılmamışdır. Sonrakı ipoteka müqaviləsi 07 oktyabr 2015-ci il tarixdə bağlanmışdır ki, orada da müqavilənin predmetinin 06 oktyabr 2015-ci il tarixli baş kredit müqaviləsi təşkil etdiyi, bu müqavilə ilə 300000 manat təşkil edən kredit öhdəliyinin təmin edildiyi qeyd edilmişdir. Cavabdeh 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə bankdan 40000 manat məbləğində kredit götürmüşdür və mülkiyyətində olan yaşayış sahəsini də həmin kredit müqaviləsi üzrə ipoteka qoymuşdur, baş kredit müqaviləsindən, sonrakı ipoteka müqaviləsindən o cümlədən də 07 oktyabr 2015-ci il tarixli 40 000 manat ilə bağlı kredit müqaviləsindən göründüyü kimi valyuta manat olduğu halda digər kredit müqaviləsində 85000 ABŞ dolları kredit verilməsi qeyd edilmiş və həmin cavabdehin mülkiyyətindəki yaşayış sahəsi bir daha ipoteka ilə yüklü edildiyi qeyd edilmişdir. Hansı ki, onun həmin müqaviləni ipoteka ilə yüklü etməyini xatırlamır, aralarında belə bir müqavilə olmamışdır. Baş kredit müqaviləsinə əsasən hər bir müqavilə üzrə ayrıca razılaşma və ipoteka müqaviləsi bağlanması gərəkdiyi halda bank rəfindən sənədlər saxtalaşdırılaraq devalvasiya zamanı cavabdehə dollarla kredit verməklə bilərək onu pis vəziyyətə salmışlar və bununla bağlı ayrıca ipoteka müqaviləsi bağlanılmamışdır. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində işə baxılarkən, Cavabdeh 05.05.2021-ci ildə vəfat etdiyi üçün, onun oğlu X4 və həyat yoldaşı X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən prosessual hüquq varisi qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh prosessual hüququ varisləri X4 və X1 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Kollegiya iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini tədqiq edərək hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli, BK-2475/15 saylı Baş Kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, iddiaçı "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 300.000 manat məbləğində kredit xətti açır və ayrıca müqavilə əsasında ona kredit verir. Həmin Baş kredit müqaviləsi çərçivəsində iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli iki kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 21,5 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 40.000 manat məbləğində (bundan sonra 1-ci müqavilə) və illik 18 % dərəcəsi ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 85.000 ABŞ dolları məbləğində (bundan sonra 2-ci müqavilə) kredit verilmişdir. Cavabdeh hər iki müqavilə üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilələrdə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, habelə əsas kredit borcuna hesablanacaq faiz məbləğlərini, ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh məxsus olan ünvan 1ndə yerləşən 20 nömrəli fərdi yaşayış evi 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehə pretenziya qaydasında məktubla müraciət edərək, yaranmış borc məbləği barədə məlumat vermiş və borcun 3 gün müddətində ödənilməsini tələb etmiş, əks halda yaranmış borc məbləğinin tutulması barədə iddia ilə məhkəməyə müraciət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. Lakin buda bir nəticə verməmiş, borc məbləğinin ödənilməsi bundan sonra da cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin 19.06.2017-ci il tarixinə 07.10.2015-ci il tarixli 1-ci müqavilə üzrə 28.677,88 manat məbləğində əsas, 5.651,93 manat məbləğində faiz, 2.050,95 manat məbləğində cərimə, cəmi 36.380,76 manat məbləğində borcun, 07.10.2015-ci il tarixli 2-ci müqavilə üzrə 80.636,65 ABŞdolları məbləğində əsas, 19.518,61 ABŞ dolları məbləğində faiz, 3.802,90 ABŞ dolları məbləğində cərimə, cəmi 103.958,16 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və bu məbləğlərin cavabdehdən tutulmasını tələb edir. Mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş 27.11.2019-cu il və 04.06.2020-ci il tarixli ekspert rəylərinə əsasən 19.06.2017-ci il tarixinə cavabdehin 1-ci müqavilə üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2-ci müqavilə üzrə 80.637,16 ABŞ dolları məbləğində əsas, 19.100,62 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. 19.06.2017ci il tarixdən sonra Cavabdeh tərəfindən 2.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ödənilmiş 2.000 ABŞ dolları faiz borcundan silinmişdir. Kredit müddəti 1-ci müqavilə üzrə 07.10.2017-ci il tarixdə, 2-ci müqavilə üzrə isə 07.10.2018-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, baş kredit müqaviləsi, həmin müqavilə çərçivəsində kredit müqavilələri və təminat olaraq sonrakı ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh kredit müqavilələri üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın cavabdehin mülkiyətində olan ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində ekspert rəyi nəzərə alınmaqla, məhkəmə tərəfindən əsas və faiz borcu düzdün olaraq müəyyən edilmişdir. Kollegiya iddiaçı və cavabdeh tərəfin borcun düzgün hesablanmaması ilə bağlı dəllərini əsassız hesab edərək, qeyd edir ki, tərəflər işdə olan ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması ilə bağlı düzgün nəticəyə gələrək, kredit müqavilələri üzrə tənasübsüz surətdə yüksək məbləğdə olan cərimə məbləğlərini azaltmaqla, düzgün nəticəyə gəlmişdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya cavabdehin dəbbə pulunun cüzi silinməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, 28456,09 manat əsas borca münasibətdə 2000 manat dəbbə pulu, 80636,65 ABŞ dollarına münasibətdə 3000 ABŞ dolları məbləğində dəbbə pulu tutulması ilə bağlı məhkəmə ədalətli mövqedən yanaşmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmiş və düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş "xxxx" MMC-nin rəyindən görünür ki, ipoteka predmetinin bazar qiyməti 190000 manat, likvid qiyməti 160000 manat təşkil edir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar və likvid dəyəri (əmlaka baxış keçirilməklə, internet, qəzet məlumatları nəzərə alınmaqla) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin az olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ipoteka predmetinin dəyərinin çox olması ilə bağlı işdə olan rəyi təkzib edən heç bir sübut təqdim olunmadığından, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra mənzilin boşaldılması” tələbi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edərək, düzgün olaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərətlər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin çıxarılması aid ola bilər. Həm Mülki Məcəllədə, həm də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldildikdən sonra bu əmlak özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Kollegiya cavabdeh olan apellyastorun hər bir kredit müqaviləsinə görə ayrılıqda ipoteka müqaviləsi bağlanması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, 07.10.2015-ci il tarixdə bağlanmış 2475/15 saylı sonrakı ipoteka müqaviləsi, 06.10.2015-ci il tarixli Baş Kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Həm baş kredit müqaviləsi və sonrakı ipoteka müqaviləsində hər bir kredit müqaviləsinə görə ayrılıqda ipoetka müqaviləsinin bağlanması halı nəzərdə tutulmamışdır. Kollegiya cavabdeh olan apellyatorun 07.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin manatla verilməli olduğu halda, ona 85000 ABŞ dolları verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, verilən kreditlərin məbləğləri Baş Kredit müqaviləsində ayrılmış limiti keçməmişdir. Həmçinin məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələni düzgün olaraq həll etmişdir. Kollegiya yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı qətnaməsi dədəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2731/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2731/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver