Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2733/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi Nümayəndə4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-23/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı LPO QSC "xxxx" KB cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsi üzrə 54232.30 ABŞ dolları məbləğində əsas borcun, 9844.49 ABŞ dolları məbləğində faiz borcunun, 2452.05 ABŞ dolları məbləğində cərimə üzrə borcun, ümumilikdə isə 66528.84 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 MMC və Cavabdeh2 tutulması, Cavabdeh1 MMC və Cavabdeh2 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü olan, dəyəri 92.500 manat olan ipoteka predmetinə - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126 saylı evin 69 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 MMC arasında 21.07.2015-ci il tarixində kredit verilməsi haqqında 170/02/3707/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 18 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 58.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı evin 69 saylı mənzilini 22.07.2015-ci il tarixində 170/02/3707/15 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bununla yanaşı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 10 iyul 2017-ci il tarixə Banka 54232.30 ABŞ dolları məbləğində əsas borc, 9844.49 ABŞ dolları məbləğində faiz borcu, 2452.05 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 66528.84 ABŞ dolları məbləğində borcu qalmışdır.21,07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsinin 5.1.4-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 dəflərlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Cavabdeh3 arasında bağlanmış 22.07.2015-ci il tarixli 170/02/3707/15 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə poteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda Bank ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı zaminlik müqaviləsinə əsasən «Borc alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə «Zamin» «Borc alan» ilə birlikdə «Kreditor» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-23/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsi üzrə yaranmış 54232,30 ABŞ dolları əsas borc, 9844,49 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 64276,79 ABŞ dolları borcun (ödəniş günü ABŞ dollarının manata məzənnəsi ilə manatla) və ödənilmiş dövlət rüsumunun müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin dəyərinin 105000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 MMC və Cavabdeh2 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 126 saylı evin, 69 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun cərimə və ipoteka predmetinin qiymətləndirmə hissələrində dəyişdirilərək həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini bir sıra dəlillərə yanaşı ipoteka predmetinin qiymətinin düzgün müəyyən edilmədiyi arqumenti ilə əsaslandırmışdır. Həmçinin, qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, müqavilə qüvvəyə mindiyi tarixdən 2016-cı ilin fevral ayınadək tərəflərindən müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənişlər aparılmışdır. Respublikada neft gəlirlərinin azalması səbəbindən müştəriləri olan büdcə təşkilatlarının qənaət rejimində çalışması sifarişlərin kəskin azalmasına səbəb olmuş və kredit ödənişlərində çətinliklər yaranmışdır. Bundan başqa 2015-ci ilin dekabrında baş vermiş devalvasiya öhdəliklərin yerinə yetirilməsində əlavə maliyyə çətinliyinə səbəb olmuşdur. Eyni iqtisadi şərait QSC “Bank Standart” KB-nın müflis elan olunması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, digər cavabdeh tərəfindən isə verilmiş apelyasiya şikayətinin isə təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı-yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni cərimə və qiymətləndirmə hissələrində mübahisələndirilmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə əsas və cərimə məbləğlərinə, həmçinin ipoteka əmlakının ilkin satışı qiymətinə aid hissəsində dəyişdirilməlidir. İş materiallarında olan 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 18 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 58.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı zaminlik müqaviləsindən görünür ki,kredit müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126 saylı evin 69 saylı mənzilini 22.07.2015-ci il tarixində 170/02/3707/15 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 21-dən gec olmayaraq 60 ay müddətinə hər ay 1490.59 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126 saylı evin 69 saylı mənzili Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün QSC "xxxx" KB Korporativ filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, LPO QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 17.09.2020-ci il tarixə 53082 manat əsas, 9844,49 ABŞ dolları faiz borcu, 2452,05 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 427,46 ABŞ dolları, cəmi 65806,30 ABŞ dolları borcu vardır. İş materiallarında olan LPO QSC "xxxx" KB -nin 03.10.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə bildirş göndərilmiş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı onlara bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 26.11.2018-ci il tarixli 0926/18/BS saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 68.1 kv.m ümumi, 38.6 kv.m yaşayış və 29.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin hazırki bazar qiyməti 150.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 01/05 nömrəli 09.04.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 xüsusi mülkiyyətində olan, **********90-05301-093043 reyestr nömrəli əmlakın 68.1 kv.m sahəsinin hazırki bazar qiyməti 103500 manat təşkil edir. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzininin 03.07.2020-ci il tarixli 14571 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin 10 iyul 2017-ci il tarixə "xxxx" KB QSC-yə olan borcu ümumilikdə 64909.50 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 10.07.2017-ci il tarixə (maliyyə arayışı tarixinə) 54928,48 ABŞ dolları, 9981.02 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək faiz borcu məbləğinin müəyyən edilməsində düzgün hüquqi nəticəyə gəlmişdir. Lakin, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun və cərimə borcunun məbləğlərini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd edilən ekspert rəyi 21.07.2015-ci il tarixdə bağlanmış 170/02/3707/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC 10.07.2017-ci il tarixə (maliyyə arayışı tarixinə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 54.928,48 ABŞ dolları, faiz borcu üzrə 9981,02 ABŞ dolları. Bununla belə kollegiya qeyd edilən müqavilə üzrə iddiaçı bankın 54.232.30 ABŞ dolları məbləğində əsas borcu tələb etdiyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən həmin kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcunun məbləği 53082,30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, ekspert rəyində də qeyd edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən 10.07.2017-ci il tarixindən sonra 1150 ABŞ dolları ödəniş olunmuş və iddiaçının təqdim etdiyi 23 sentyabr 2020-ci il tarixli maliyyə arayışından da (i.v.252) görünür ki, kredit müqaviləsi üzrə əsas borc 17 sentyabr 2020-ci il tarixə 53082,30 ABŞ doları məbləğindədir (54232,30–1150=53082,30). Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin birinci insytansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə əsas bor məbləğinə münasibətdə heç də tənasübsüz surətdə və yüksək olmayan cərimə məbləğini azaldmışdır. Belə ki, kollegiya hesab edir ki, bankın əsas borca münasibətdə tələb etdiyi 2452,05 ABŞ dolları cərimə tam əsaslı və ədalətlidir. Ona görə də həmin məbləğdə cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçı banka ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 26.11.2018-ci il tarixli 0926/18/BS saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 68.1 kv.m ümumi, 38.6 kv.m yaşayış və 29.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin hazırki bazar qiyməti 150000 manat təşkil etdiyi, "xxxx" MMC-nin 01/05 nömrəli 09.04.2019-cu il tarixli ekspert rəyinə əsasən isə ipoteka predmeti olan əmlakın bazar qiymətinin 103500 manat təşkil etdiyi aydın olur. İşin apellyasiya baxışı zamanı zərurət yarandığından şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 126, mənzil 69 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 68.1 kv.m ümumi, 38.6 kv.m yaşayış və 29.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar və likvid dəyərinin müəyyən olunması məqsədilə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması «X1» MMC-yə həvalə olunmuşdur. «X1» MMC-nin 16 noyabr 2021-ci il tarixli H/01-PLS nömrəli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 68.1 kv.m ümumi, 38.6 kv.m yaşayış və 29.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 94.000 manat, likvid dəyəri 85.000 manat təşkil edir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Rspublikası Qanununun 39.3.3-cü maddəsinə əsaəsn ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya ipoteka predmeti – ünvan 2 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan 68.1 kv.m ümumi, 38.6 kv.m yaşayış və 29.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış (likvid) qiymətinin «X1» MMC-nin 16 noyabr 2021-ci il tarixli H/01-PLS nömrəli rəyi ilə müəyyən edilməsini qanuni, əsaslı və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-23/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi əsas və cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 21.07.2015-ci il tarixli 170/02/3707/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə tutulmalı olan məbləğ 53082,30 (əlli üç min səksən iki dollar 30 sent) ABŞ dolları müəyyən edilsin, cərimə borcu üzrə tutulmalı məbləğ 2452,05 (iki min dörd yüz əlli iki dollar beş sent) ABŞ dolları məbləğində müəyyən edilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2733/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2733/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver