Məhkəmə qərarları › İş №2(103)-2733/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2733/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2733/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2733/2025 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 14 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş 7440 manat zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehlərdən 2440 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Binəqədi- Mehdiabad yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi **-HO-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobili yol hərəkəti qaydalarını pozaraq iddiaçının mülkiyyətində olan “Volskvagen Multivan” markalı avtomobillə toqquşaraq ona 7440 manat zərər vurmuşdur. Odur ki, vurulmuş zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir.

4. Cavabdeh yazılı vəsatət verərək iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki prosesdə tərəflərin məhkəmə iclasında iştirak etmək vəzifəsi yoxdur. İddiaçı tərəf sərəncamında olan zəruri sübutları məhkəmə təqdim etmişdir. Odur ki, iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi iddia tələbinin baxılmamış saxlanılması üçün əsas deyildir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh2 674 manat pulun və ödənilmiş 95 manat dövlət rüsumunun 30 manat hissəsinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza üzrə 150 manat məbləğində ekspertiza xərcinin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1,1096.2, 1099.1, 1099.2, 1108.1, 1008.2 və 1108.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia İddiaçı MMC tərəfindən verilmiş, ərizə icraata qəbul edilərək məhkəmənin hazırlıq iclası 27 dekabr 2024-cü il tarixə təyin edilmiş, sonradan 01 aprel 2024-cü il, 27 iyun 2024-cü il, 15 yanvar 2025-ci il tarxə təxirə salınmış və son olaraq 07 fevral 2025-ci il tarixə baxış iclası təyin edilmiş, ümumilikdə 4 hazırlıq və 1 baxış iclası keçirilmiş, lakin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarının heç birində iştrak etməmiş, məhkəmə iclasına onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməmişlər. Bununla bağlı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olunaraq işin baxılmamış saxlanılmasına dair vəsatət versə də, məhkəmə vəsatətini nəzərə almayaraq iş üzrə qətnamə qəbul etmişdir. Hakim iş üzrə məhkəmə qətnaməsi çıxarmış və qətnamədə cavabdehin işin baxılmamış saxlanılmasına dair vəsatətinin əsassız olduğunu qeyd edərək göstərmişdir ki, mülki prosesdə tərəflərin məhkəmə iclasında iştirak etmək vəzifəsi yoxdur. Halbuki, qeyd olunan norma imperativ normadır, məhkəmə tərəfindən tətbiq olunması mütləqdir. Məhkəmə qətnamə çıxararkən iddiaçı tərəfin səlahiyyətli nümayəndəsinin iddiaya münasibətini aydınlaşdırmamışdır. İş üzrə məhkəmə tərəfindən qətnamə deyil, işin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddia tələbinə münasibətdə isə bildirdi ki, tələblə razı deyil. Belə ki, sığorta şirkətinin ödədiyi pul əmlaka dəymiş zərəri qarşılamışdır. Bu səbəbdən iddiaçının əlavə pul tələb etməsi əsassızdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq təmin edilməməsini xahiş etdi. Belə ki, o, həmin dəlillərlə bağlı izahatında bildirdi ki, əgər iddiaçının iddiayla bağlı mövqeyi olmasaydı, dəqiqləşdirmə ərizəsi verməzdi, bu iddianın müdafiəsi ilə bağlıdır. Hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün zərurət yoxdur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-nin 376.2-ci maddəsinə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

20. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, qətnamənin tamamilə ləğv edilməsini xahiş etmişdir.Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini qətnamənin bötüvlükdə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməli olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, mövcud vəziyyəti, iddiaçı tərəfin iddianın müdafiəsi ilə bağlı izahatını və prosessual qənaət prinsipini rəhbər tutaraq, hazırki iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsinə hər hansı zərurət yoxdur.

27. Mübahisələndirilən qətnamə ilə bağlı isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə **-HO-*** dövlət Cavabdeh1, sürücüsü Cavabdeh2, zərərçəkən isə İddiaçı MMC olmuşdur. Sürücü Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir.

29. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3035-8/1180 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “Volskvagen Multivan” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7440 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə isə 5674 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir.

30. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/1969 nömrəli xx.xx.2024-cü il tarixli təkrar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, müvafiq metodika olmadığından təkrar ekspertiza rəyinin verilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

31. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

34. Hazırki işdə iddiaçının zərərə məruz qalması, zərərin Cavabdeh2 hüquqazidd hərəkəti nəticəsində yaranması və sonuncunun təqsirli olması işdəki sübutlarla təsdiq olunur. Belə olan halda AR MM-nin 1108.1-ci maddəsinə əsasən iddiaçıya dəymiş zərərə görə Cavabdeh2 məsuliyyət daşıyır. Qeyd edilənlər öz növbəsində iddianın digər Cavabdeh1 aid hissədə əsassız olması və ona aid hissədə rədd edilməsi anlamına gəlir.

35. İş üzrə keçirilmiş məhkəmə iclaslarında Cavabdeh2 verdiyi izahatından görünür ki, o, özü də hadisənin baş verməsində təqsirli olduğunu etiraf etmişdir.

36. Göründüyü kimi Cavabdeh2 qanuni əsasla idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması işin mübahisəsiz halıdır. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam öd36ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Hazırki işdə iddiaçının əmlakına dəymiş zərərin məbləği ilə bağlı qüsur aktı və ekspert rəyi mövcuddur. Lakin kollegiya həmin məbləğin müəyyən edilməsində mötəbər və şübhədən kənar sübut qismində ekspert rəyinin əsas götürülməli olduğunu hesab edir. Həmin rəydən görünür ki, iddiaçıya məxsus “Volskvagen Multivan” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin müvafiq aşınma tətbiq edilməklə 5674 manat təşkil edir. Həmçinin işdən görünür ki, zərərvuranın sığortaçısı tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir. Buna görə də qeyd olunan avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün qalan 674 (5674-5000=674) manat məbləğində pul təqsiri sübuta yetirilmiş Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də hazırki apellyasiya baxışında həmin məbləğin həqiqiliyini istisna edən hər hansı digər sübut məhkəməyə təqdim olunmamışdır.

39. Buna görə də kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qət etdiyi zərərin məbləği işin faktiki hallarına uyğun olduğundan əsaslı hesab oluna bilər.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar