Məhkəmə qərarları › İş №2(103)-2734/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2734/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2734/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2594/2024 saylı, 12 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0050069-F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 7.246,63 manat məbləğində əsas məbləğ üzrə borcu, 2.630,53 manat faiz borcu və 555,57 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 10.432,73 manat məbləğində kredit borcunun və ödənilmiş 122 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 2594/2024 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK0050069-F nömrəli kredit müqaviləsi üzrə 7.246,63 manat əsas, 2.630,53 manat faiz, 555,57 manat əldən çıxmış fayda olmaqla, cəmi 10.432,73 manat borc pul və 122 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci ildə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2594/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bundan başqa cavabdeh müddətin bərpa edilməsinə dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə zamanı iddiaçı tərəfinin məsləhəti ilə guya onun hüquqlarının müdafiəsi üçün tutulmuş vəkil tərəfındən ona heç bir lazımi hüquqi yardım göstərilməmişdir. Mübahisələndirilən kredit müqaviləsi ilə əlaqədar onun həmin kredit müqaviləsinə heç bir aidiyyətinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ən əsası isə onun yüksək səviyyəli hüquqi yardım almaq hüququnu kobud şəkildə pozaraq, iş üzrə nümayəndəsi və vəkili olduğu halda həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu da birbaşa onu göstərir ki, vəkil faktiki olaraq, onun yox iddiaçı tərəfin mənafeyini müdafiə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni nümayəndəsi olan atası X3 tərəfindən məhkəmə icraçısının icra ilə əlaqədar bildirişini alandan sonra həmin qətnamənin mövcudluğundan xəbər tutmuşdur və qətnamənin rəsmi qaydada verilməsi üçün məhkəməyə müraciət edərək. Qətnamənin surətini xx.xx.2025-ci il tarixdə məhkəmədən rəsmi qaydada almışdır. Lakin məhkəmə zamanı ona iddiaçının məsləhəti ilə verilmiş vəkili və nümayəndəsi iştirak etdiyi üçün qətnamədən apellyasiya şikayəti vermədiyi üçün həmin qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmış hesab edilə bilər. Belə ki, hazırda Respublikada mülki işlər elektron məhkəmə sistemi vasitəsilə aparıldığı üçün və qətnamənin tərəflərə verilməsi qətnamənin elektron kabinetdə yerləşdirildiyi vaxtdan hesablandığı üçün və vəkili tərəfindən də hüquqlarının kobud şəkildə pozularaq qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün nümayəndəsi olan atası tərəfindən qətnamə xx.xx.2025-ci il tarixdə məhkəmədən rəsmi qaydada alınsa da, yuxarıda qeyd etdiyi səbəblərə görə qətnamədən apellyasiya şikayəti vermə müddəti buraxılmış hesab edilə bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2594/2024 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(008)-2594/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsi-vəkili Vəkil2 ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-2594/2024 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi-vəkili Vəkil1 "Elekton məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü ildə yerləşdirilməlidir. Beləliklə, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il hesab edilir. Həmin müddət ərzində apellyasiya şikayəti daxil olmamış, ona görə xx.xx.2024-cü ildə icra vərəqəsi icra olunması üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə cavabdeh tərəfindən nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmişdir. Prosessual müddətin buraxılmasının səbəbləri üzrlü olması halı müəyyən edilmədi. Belə ki, vəkilin qətnaməni aldıqdan sonra tərəfə məlumat verməməsi üzrlü hal hesab oluna bilməz. Əgər belə bir hal olsaydı, tərəfin vəkillə bağlı aidiyyatı orqana şikayət vermək hüququ yaranardı. Bu faktı təsdqiləndiyi halda məhkəmə tərəfindən nəzərdən keçirilə bilərdi. Lakin, göründüyü kimi belə bir hal da mövcud deyil. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəyə baxılması ilə əlaqədar iş üçün mühüm əhəmiyyəti olan faktiki aşağıdakı faktiki hallar araşdırılmamışdır. Belə ki, o, ərizədə, onun birinci instansiya məhkəməsində iddia tələbinə baxılarkən nümayəndəsi və vəkili olmuş Vəkil1 tərəfindən ona qətnamə barədə məlumat verilmədiyini həmin qətnamədən apellyasiya şikayəti verməyə borclu olduğu halda, apellyasiya şikayəti verməyərək, faktiki olaraq, prosessual müddətin ötürülməsinə səbəb olduğunu göstərdiyi halda, hesab edir ki, qeyd olunan hallarla əlaqədar vəkil məhkəməyə çağırılıb dindirilməli idi. Bunu etməyən məhkəmə tərəfindən prosessual müddətin bərpası ilə əlaqədar işin faktiki hallarının aydınlaşdırılmadığı aydın görünür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2594/2024 saylı, 3 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Bu Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 75-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-2594/2024 nömrəli qətnaməsi “AZEMİS” Elektron Məhkəmə informasiya sistemi vasitəsilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi barədə müvafiq çıxarış mövcuddur. Hazırkı apellyasiya şikayəti isə prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. Şikayətin dəlillərinə dair qeyd edilməlidir ki, MPM-in 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır. Belə olan halda da cavabdehin istinad etdiyi hallar, yəni nümayəndəsi və vəkili olan Vəkil1 elektron kabinetinə yerləşdirilən məhkəmə aktı barəsində məlumatlı olmaması məhkəmənin prosessual müddətlərin ötürülməmiş hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin nümayəndəsi olduğu şəxsin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirməklə sənədin tərəfə rəsmi qaydada verilməsini təmin etmişdir. Qeyd edilməlidir ki, MPM-in 75.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Göründüyü kimi də cavabdeh həmin maddə ilə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, qanunla müəyyən olunmuş qaydada nümayəndəsinin səlahiyyətlərinə xitam verildiyi, yaxud da çıxmış nümayəndənin başqası ilə əvəz edildiyi barədə məhkəməyə məlumat verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(008)-2594/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2594/2024 saylı 12 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar