Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2735/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X4, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da öz növbəsində İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-4425/20) ilkin iddia qismən təmin edilərək, Cavabdeh 6.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh bir müddətdir tanıyır, aralarında olan borc xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh 10 000 (on min) manat pulu xx.xx.2020-ci il tarixədək 15 (on beş) ay ərzində hissə-hissə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin müddətinin bitməsinə baxmayaraq cavabdeh qalan pulu qaytarmaqdan açıqcasına boyun qaçırır və bununla pulu qaytarmaq niyyətinin olmadığını nümayiş etdirir. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmur. Qeyd edilənlərlə yanaşı bildirir ki, sonuncu dəfə görüşən zaman cavabdehin qohumu X3 qeyd edilən borc pulun geri qaytarılmasına zəmanət vermişdir. Lakin bütün qeyd edilənlərə baxmayaraq cavabdeh yenə də öz məsuliyyətini dərk etməmişdir. Halbuki, bilirdi ki, iddiaçı gələcəkdə bu pulu onun qohumundan tələb edə bilər. Göstərilənləri nəzərə alaraq cavabdehlə aralarında bağlanmış müqavilənin şərtinə uyğun olaraq (müqavilənin 8-ci bəndi) cavabdehin iddiaçıya ödəməli olacağı pul məhkəmə qaydasında tutulmalıdır. Bununla əlaqədar İddiaçı Cavabdeh ilə arasında bağlanmış və xx.xx.2019-cu ildə 37 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 10 000 (on min) manat miqdarında pul məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan 4 000 (dörd min) manat pul ödənilmiş, ödənişlər hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 420 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2020-cu il tarixində 400 manat, xx.xx.2020-ci il tarixində 300 manat ödəniş edilmişdir. Bu günə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borc 6 000 (altı min) manat təşkil edir. Bundan əlavə cavabdehin bu cür qanunsuz hərəkətləri səbəbindən mənəvi iztirab keçirmişdir. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması nəticəsində vurulduğu qeyd edilib. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq kredit müqaviləsi üzrə ödənilməmiş 6 000 (altı min) manat miqdarında pul məbləğinin, mənəvi zərərə görə 2 000 (iki min) manat miqdarında kompensasiyanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə Suraxanı rayonunda torpaq sahəsi almış, bir müddət Türkiyədə yaşamalı olmuş, aldığı torpaq mübahisəli olduğu üçün problemlə üzləşmişdir. Cavabdeh Əli adlı şəxslə bu torpaqla əlaqədar tanış olmuş, o, hər gün oğlu İlqarla birlikdə onun yaşadığı evə gəlib, azyaşlı uşaqlarını qorxudurdu ki, evini sökdürəcəklər. Tez-tez evlərinə polis göndərirdilər. Uşaqlar həyəcanlanırdılar, psixikalarına bu təzyiq təsir edirdi. Ancaq həmin pulların qaytarılması barədə cavabdeh iddiaçıya qəbz verib və bu qəbzi öz imzası ilə bloknotundakı qeyddə təstiq edib, bir surəti də özündə qalıb. İddiaçı pulun qaytarılması barədə ikitərəfli imzalanmış qəbz var. Cavabdeh, həyat yoldaşı və cavabdeh banka gedib 10 000 manat bank vasitəsilə ödəniş etdilər. Bu 10 000 manatdan 6 000 manatı Hüseynov İbrahim, qonşu Əfqan və onun qardaşının yanında cavabdehə verdi. 4 000 manatı isə qəbzlərlə (ikitərəfli imzalanmış) ödəmişdir. Bildirir ki, onun müqavilə üzrə heç bir borcu qalmayıb və buna görə də müqavilə ləğv edilməlidir. Borc müqaviləsi məcburi qaydada imzalanmışdır. İddiaçı iddia qarşlıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, tərəflər arasındakı şifahi razılşmaya əsasən kredit müqaviləsi üzrə 4 000 manat hissə-hissə ödənilmiş, qalan 6 000 manat isə qaytarılmamışdır. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh nümayəndəsi Z.Nəbiyeva ilkin iddiaya etiraz edərək, mövcud kredit müqaviləsi üzrə heç bir borcun qalmadığını, onu tam olaraq ödədidyini, 6 000 manatı kredit müqaviləsinin bağlandığı gün, sonradan da 4 000 manatın hissə-hissə ödənildiyini, ayrıca 6 000 manatla əlaqədar digər şifahi razılaşmalarının olduğunu və bu borca aidiyyəti olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən “borc verən" İddiaçı "borc alan" Cavabdeh 10 000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. Müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" Cavabdeh krediti xx/xx/2020-ci il (doqquz may iki min iyirminci il) tarixədək 15 (on beş) ay müddətində hissə-hissə "Borc verən" İddiaçı qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. "Borc alan” Cavabdeh kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti, "Borc verən" İddiaçı müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. "Borc alan" Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və va faizləri ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılılğı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş X2 yazılı ərizəsinə əsasən qohumu Cavabdeh İddiaçı 10 000 (on min) manat nağd şəkildə götürdüyü pulu hər ay vaxtı-vatxtında qaytarılmasına tərəfindən zəmanət vermişdir. Əks halda tərəfindən ödənilməsinə söz vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan 4 000 (dörd min) manat pul ödənilmiş, ödənişlər hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Həmin qəbzə əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 420 manat, (sonra qeyd olunur ki, qalıq borc 7600 manat təşkil edir), xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2020-cu il tarixində 400 manat, xx.xx.2020-ci il tarixində 300 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində Cavabdeh İddiaçı 6 000 manatın maşında qaytarılmasını təsdiq etmiş, lakin pulun qaytarılması müqavilənin bağlanmasından əvvəl və yaxud sonra baş verdiyi barədə məlumat verə bilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ilə eyni məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə başdansovdu ədalətsiz qərar qəbul etmişdir. Onun göstərdiyi dəlil və mülahizələrə məhkəmədə hüquqi qiymət verilməmiş, ədalətli qərar qəbul edilməmişdir. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, tərəflər arasında 10000 manat borc verilməsinə dair müqavilə bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə göstərilən məbləğ notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə verilmişdir. İddiaçı müqavilə məbləğinin yalnız 4000 manat hissəsinin qaytarıldığını, qalan məbləğin qaytarılmadığını biuldirərək Cavabdeh qarşı hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddianı qəbul etməyərək müqavilə üzrə borcu qaytardığını, 6000 manat borcun şifahi razılaşma ilə bağlı olduğunu və onun kredit müqaviləsi üzrə borca aidiyyəti olmadığını göstərmişdir. Cavabdeh eyni zamanda qarşılıqlı iddia verərək kredit müqaviləsi üzrə borcu qalmadığına görə müqavilənin etibarsız hesab edilməklə ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən əsaslı sayaraq 6000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmiş, ilk iddianı qalan hissədə, eləcə də qarşılıqlı iddianı bütünlüklə rədd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində Cavabdeh İddiaçı 6 000 manatın maşında qaytarılmasını təsdiq etmiş, lakin pulun qaytarılmasının müqavilənin bağlanmasından əvvəl və yaxud sonra baş verdiyi barədə məlumat verə bilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən və hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10 000 (on min) manat məbləğin 15 ay müddətində qaytarılması şərtilə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. İddiaçı əvvəl tam olaraq, 10 000 manat tələb etsə də, sonradan cavabdehin ödənişlərinə dair qəbz təqdim edərək, iddianın azaldılmasını xahiş edərək 6 000 manat qaytarılmasını xahiş etmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdeh tərəfindən 4 000 (dörd min) manatın qaytarılması hər iki tərəfin izahatları və təqdim olunmuş materiallarla (notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi, ödənişlərə dair hər iki tərəfin imzaladığı qəbz) təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş qəbzi cavabdeh da təsdiq edir, hətta həmin qəbzin özü tərəfindən iddiaçıya verilməsini bildirir. Deməli, məhkəmə tərəflərin kredit müqaviləsinin bağlanmasını və həmin müqaviləyə dair cavabdeh tərəfindən 4 000 manatın qaytarılmasını artıq işin mübahisələndirilməyən hallarına aid edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 10 000 manatın 15 ay ərzində hissə-hissə ödənilməsinə dair bağlanmış kredit müqaviləsi üzrə 4 000 manat qaytarılmışdır və həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzaları ilə təsdiq edilmiş xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixə qədər cavabdeh tərəfindən ödənişlərin qeydə alınmasın dair qəbzlə təsdiq edilir. Kredit müqaviləsi üzrə qalan 6 000 (altı min) manatın cavabdeh tərəfindən ödənilməsi sübuta yetirilmir. Cavabdeh həmin 6 000 manatın kredit müqaviləsi bağlandığı gün qaytarılmasını bildirsə də, qəbzlərdə həmin halın əks olunmamasını və yaxud kredit müqaviləsinin sırf 10 000 manat məbləğə bağlanması səbəbini izah və yaxud təkzib də edə bilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 427, 442, 443.1, 442, 443, 448.1, 739-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni qaydada əsaslandırılan apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını və eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2735/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2735/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver