Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2736/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(010)-36/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 17 dekabr 2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsi üzrə 98458,96 manat əsas borc, 70404,99 manat faiz borcu və 26000 manat cərimə olmaqla cəmi 194863,95 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 12 B döngəsində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X3 17.12.2014cü il tarixli NSBK-149 saylı kredit müqaviləsi üzrə 194863,95 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evindən çıxarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 17.12.2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 18 faiz dərəcəsi ilə 60 ay müddətinə qaytarmaq şərtilə 130000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 12 B döngəsində yerləşən 70 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, bundan əlavə Cavabdeh2lə həmin bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(010)- 36/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarixli NSBK- 149 saylı kredit müqaviləsi üzrə 98458,96 manat əsas borc, 70404,99 manat faiz borcu və 1000 manat cərimə olmaqla cəmi 169863,95 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 12 B döngəsində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X3 16.12.2014cü il tarixli NSBK-149 saylı kredit müqaviləsi üzrə 169863,95 manat borcunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evindən çıxarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat müəyyənləşdirilməsi və məhkəmə xərclərinin bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin banka olan borcu düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(010)-36/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh1 ilə İddiaçı ASC arasında 16 dekabr 2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsinin bağlanması, bank tərəfindən Cavabdeh1 18 faiz dərəcəsi ilə 60 ay müddətinə qaytarmaq şərtilə 130000 manat məbləğində kredit verilməsi, kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik və ipoteka müqavilələrinin bağlanması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 12 B döngəsində yerləşən 70 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi, Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, nəticədə onun borcunun yaranması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı tələb olunan borcun məbləği ilə bağlıdır. İddiaçı bank tərəfindən sonuncu dəfə 14 oktyabr 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət olunmuş, digər tələblər olduğu kimi saxlanmaqla cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 98458,96 manat əsas borc, 70404,99 manat faiz borcu və 26000 manat cərimə olmaqla cəmi 194863,95 manat borcun tutulması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi tələb olunan faiz borcunun məbləğini dəqiqləşdirmədən bankın verdiyi maliyyə arayışına uyğun qaydada əsas borcun məbləğini 98458,96 manat, faiz borcunun məbləğini 70404,99 manat müəyyən etmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 may 2021-ci il tarixli 9/2756 saylı rəyinə əsasən, Cavabdeh1 16 dekabr 2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə müqavilə müddətinin sonuna, yəni 16 dekabr 2019-cu il tarixinə əsas borcunun məbləği 101782,27 manat, faiz borcunun məbləği 39695,09 manat, iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 14 oktyabr 2020-ci il tarixə əsas borcunun məbləği 101782,27 manat, faiz borcunun məbləği 54860,64 manat müəyyən edilmişdir. Göründüyü kimi, müqavilə müddətinin sonuna Cavabdeh1 İddiaçı ASC-yə əsas borcunun məbləği iddia tələbinin həcmindən artıq, faiz borcunun məbləği isə azdır. Buna görə də faiz borcunun məbləği azaldılaraq 39695,09 manat müəyyən edilməli, əsas borcun məbləği isə olduğu kimi saxlanılmalıdır. Cərimə borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər azaldıldığından, cərimənin məbləği dəyişdirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 16 dekabr 2014-cü il tarixli NSBK-149 saylı kredit müqaviləsinin müddəti 16 dekabr 2019-cu il tarixdə başa çatdığına görə bank həmin müddətdən sonrakı dövrə müqavilə üzrə faiz borcunu yox, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(010)- 36/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 39695,09 manat, kredit müqaviləsi üzrə ümumi borcun məbləği 139154,05 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 100 manat pulun 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2736/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2736/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver