Məhkəmə qərarları › İş №2(103)-2737/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2737/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2737/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı ilk iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (X13 və X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin icrası, öhdəliklərin üçüncü şəxsə verilməsinin mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X9 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (X13 və X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəliklərinlərin üçüncü şəxsə verilməsi barədə” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-29/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Bank Technique ASC ilə Park Azure MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Bank Technique ASC ilə Cavabdeh2 və Park Azure MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsindən görünür ki, ünvan 1 ünvanında tikintisi aparılan Azure Parkinq kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147.465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 YH382/14 saylı kredit müqaviləsi üzrə 136.123.54 AZN əsas, 67.372.50 AZN faiz, 109.886.95 AZN cərimə, cəmi 313.382.99 AZN borcu yaranmışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsinə əsasən cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən X14 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdən X20 X17 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 6, (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdən X15 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209cu məhəllə, ev 27A, mənzil 6, (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdən X12 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 313.382.99 (üç yüz on üç min üç yüz səksən iki manat 99 qəpik) manat - bundan 136.123.54 (bir yüz otuz altı min bir yüz iyirmi üç manat 54 qəpik) manat əsas, 67.372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat 50 qəpik) manat faiz və 109.886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat 95 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 603.38 (altı yüz üç manat 38 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddianın dəlilləri: "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh2 (İ Borcalan) və Cavabdeh1 MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kompleksində mənzil alınması məqsədi ilə 120 (yüz iyirmi) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 147.465 (bir yüz qırx yeddi min dörd yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, MTK və müştəri birgə borcalanlar hesab edilirlər. Kredit müqaviləsinin 2.3-cü maddəsində qeyd edilmişdir ki, birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3.8-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, birgə borcalanlar üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi təqdirdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini və öhdəliklərinin icrasını təmin edəyəcəyini vəd edir. Həmçinin, xx.xx.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********724 saylı xx.xx.2023-cü il tarixli, **********415 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq və **********595 saylı xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdirlər. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 313.382.99 (üç yüz on üç min üç yüz səksən iki manat 99 qəpik) manat təşkil edir. 136.123.54 (bir yüz otuz altı min bir yüz iyirmi üç manat 54 qəpik) manat əsas, 67.372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat 50 qəpik) manat faiz və 109.886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat 95 qəpik) manat cərimə borcu təşkil edir. Daha sonra iddiaçı Cavabdeh2 (X13 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH- 382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X10 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi onun adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: onunla "xxxx" ASC-nin “Yeni həyat” filialı ilə Cavabdeh1 kompleksində mənzil almaq məqsədilə 120 ay müddətinə, illik 12% olmaqla 147465 manat məbləğində kreditin götürülməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən də Cavabdeh1 MTK tərəfindən kreditlə satılan mənzillər bank tərəfindən götürülmüş kreditin təminatı olaraq girov kimi götürülürdü. Həmin vaxt ona satılmış bu mənzil də bank tərəfindən girov götürülmüşdür. Nəzərə çatdırır ki, həmin bu müqavilə bağlanandan bir müddət sonra maliyyə vəziyyətində yaranan çətinliklərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə problemlər yarandı. Ona görə də Cavabdeh1 MTK-nın rəhbərliyinə müraciət edərək maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu mənzilin geri qaytarılmasını xahiş etmişdi. Cavabdeh1 MTK-nın rəhbərliyi "xxxx" ASC-nin rəhbərliyi ilə danışıb razılaşaraq onun müraciətinə müsbət cavab verilmiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə bu mənzil X8 adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən Cavabdeh1 MTK-ya təhvil verilmişdir. Artıq bu prosesdən 8 ilə yaxın vaxt keçmişdir və bu müddət ərzində nə bank tərəfindən, nə də Cavabdeh1 MTK tərəfindən bu mənzillə əlaqədar onu heç kim narahat etməmişdir. Yalnız bu günlərdə ona məxsus olan avtomobilləri satmaq istəyərkən həmin avtomobillərin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğundan xəbərdar olmuşdur. Yalnız bundan sonra belə bir məhkəmə mübahisəsinin olduğundan məlumatlanmış və hal-hazırki qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddiaya etirazın dəlilləri: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin borcalan kimi X10 verilməsini və kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsini xahiş edir. xx.xx.2014-cü il tarixli YH382/14 saylı kredit müqaviləsi kreditor "xxxx" ASC və borclular Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində "xxxx" ASC-nin razılığı ilə mənzili X2 bildirmişdir. Qeyd edilir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında mənzilin çıxarışı olmadığından ipoteka müqaviləsi bağlanmamışdır. Yəni bankın və ya Fondun sözügedən mənzil üzərində hər hansı tələb hüququ yoxdur. Bildirilir ki, Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə borclulardan kredit borcunun qaytarılması tələb edir. Yəni sözügedən mənzilin başqalarına satılması ilə iddia tələbi arasında heç bir əlaqə mövcud deyildir. Mənzilin başqa şəxsləri satılması borc öhdəliklərinin onlara ötürülməsi mənasına gəlmir. Cavabdeh2 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 həmin müqavilənin bağlanmasını qarşılıqlı iddia ərizəsində etiraf edir. Hal-hazırda kreditor tərəfindən borcludan həmin öhdəliyin icrası tələb edilir. Borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərindən kənar hüquq münasibətləri kreditorun iddia tələbi ilə əlaqələndirilə bilməz. Cavabdeh2 borcun ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, borcun ötürülməsi ilə bağlı "xxxx" ASC-ə və ya Əmanətlərin Sığortalanması Fondundan razılıq almamışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X22 iddianı müdafiə edərək iddianın təmin, qarşılıqlı ididanın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək iddianın rədd, qarşılıqlı ididanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-29/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136.001.44 (bir yüz otuz altı min bir manat qırx dörd qəpik) AZN əsas, 66.787.58 (altmış altı min yeddi yüz səksən yeddi manat əlli səkkiz qəpik) AZN faiz, 1000 (bir min) AZN cərimə, cəmi 203.789.02 (iki yüz üç min yeddi yüz səksən doqquz manat iki qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 493.79 (dörd yüz doxsan üç manat yetmiş doqquz qəpik) AZN hissəsinin tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən bu müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH- 382/14 saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147.465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) xx.xx.2018-ci il tarixdə X14 adına qeydiyyata alınmış, daha sonra isə onun tərəfindən özgəninkiləşdirilmiş və müxtəlif vaxtlarda digər şəxslərin adına qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh1 MTK İddiaçı ilə arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh2 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 136.001.44 manat, faiz borcu üzrə 66.787.58 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə ekspert rəyini əsas borca və faiz borcuna aid hissədə sübüt növü kimi qiymətləndirib, hesab etmişdir ki, əsas borc üzrə 136.001.44 manat, faiz borcu üzrə 66.787.58 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “109.886.95 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işin hallarını və müqavilə üzrə ödənilməli ola əsas və faiz borcunun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 109.886.95 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, Cavabdeh2 X13 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin İİİ şəxsə verilməsi barədə” qarşılıqlı iddia ərizəsi üzrə qeyd etmişdir ki, kredit müqaviləsində müqavilənin tərəfi Cavabdeh2 olduğundan, kredir öhdəliklərinin digər şəxslərə ötürülməsi barədə hər hansı bir razılaşma olmadınından, razılaşma olsa belə buna kreditorun razılığı olmadığından xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X10 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi X8 adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının X7 tələb edilməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 522, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-29/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MTK-ya və ona qarşı “Pul tələbi” ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-29/2025 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və onlardan müştərək qaydada 203.789 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (ARƏSF) qarşı öhdəliklərin üçüncü şəxsə verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edir ki, onunla Cavabdeh1 MTK və "xxxx" ASC arasında xx.xx.2014-cü il tanrixli müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə Cavabdeh1 MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində mənzilin alınması məqsədi ilə ona 120 ay müddətinə, illik 12% dərəcəsi ilə 147.465 manat məbləğində kredit verilmişdir. Onun maddi vəziyyəti çətin olduğu üçün bu kredit müqaviləsi bağlanılandan 1 il sonra o, maddi vəziyyəti ilə əlaqədar ödənişlərdə çətinliklər çəkdiyini və ona görə də həmin mənzili Cavabdeh1 MTK-ya qaytarmağa razı olduğunu bildirib. Cavabdeh1 MTKnın rəhbərliyi "xxxx" ASC-nin rəhbərliyi ilə danışıb razılaşaraq onun münasibətinə müsbət cavab vermiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə bu mənzil X4 və onun adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən Cavabdeh1 MTK-ya təhvil verilmişdir. O vaxtdan yaxın günlərə kimi də heç kim onu bu kredit müqaviləsi ilə əlaqədar narahat etməmişdir. Ona görə də o, Cavabdeh1 MTK tərəfindən kredit müqaviləsi öhdəliklərini yerinə yetirildiyini düşünmüşdür. Lakin bu iddia ərizəsinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X13 da xx.xx.2017-ci il tarixində həmin bu mənzili X6. Yəni bütün bu preoseslər həm Cavabdeh1 MTK-nın, həm də Azərbaycan Respublikası ƏSF-nun razılığı ilə icra olunmuşdur. Məhkəmə tərəfindən bu evə dair sənədlərin alınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrinə sorğu verildikdən sonra bu mənzilə dair bütün sənədlər əldə edilmiş və həmin sənədlərdə də hal-hazırki iş üzrə Azərbaycan Respublikası ƏSF-nın razılığı olduğu öz təsdiqini tapmışdır. Yəni iddiaçı bu mənzillərin satılarkən onun razılığının və məlumatlı olmasını məhkəmə zalında təsdiq etməsə də, lakin mülki işin sənədləri içərisində olan sübutlar bunun əksini göstərir. Çox qəribədir ki, mübahisə predmeti olan mənzil onda olmadığı halda və həmin mənzillərin bir neçə dəfə satılması ilə əlaqədar müxtəlif şəxslər gəlir əldə etdikləri halda Azərbaycan Respublikası ƏSF bu iddia ilə əsassız olaraq ona qarşı müraciət edir. Həmçinin aralarında bağlanmış üç tərəfli müqaviləyə görə əgər o, bank qarşısında öhdəliyini icra etməzsə onda Cavabdeh1 MTK həmin kredit müqaviləsi üzrə borcun tutulmasını üzərinə götürmüşdür. Belə bir halda məhkəmə işin faktiki hallarına və qanunvericiliyə əsasən onun qarşılıqlı iddiasını təmin etməli və ona maddi ziyan vurmuş həmin şəxsdən bu pulun tutulması barədə qətnamə qəbul etməli idi. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən bu icra olunmamış və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və onun qarşılıqlı iddia ərizəsi təmin edilməli, ilkin iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsi – Qanunun bu norasından görsənir ki, borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə bu yalnız kreditorun icazəsi ilə etibarla olur. Mülki işin sənədlərindən də görünür ki, ilkin olaraq bu mənzil xx.xx.2014-cü il tarixli müqavilə ilə ona satılmış, lakin sonradan o, maddi çətinliyi ilə əlaqədar bu mənzildən imtina etdiyi üçün həm "xxxx"ASC-nin, həm də Cavabdeh1 MTK-nın həmin mənzil ondan sonra X1. xx.xx.2017-ci il tarixində isə X13 da X5. Məhkəmə tərəfindən sorğu nəticəsində əldə edilmiş sənədlərdən də açıq-aydın görünür ki, həmin bu mənzil satılan zaman həm "xxxx" ASC-nın, həm də onun ləğvedicisi Azərbaycan Respublikası ƏSF-nun razılığı və məlumatı olmuşdur. Yəni hal-hazırki iddiaçı bu mənzilin onun adından başqa şəxslərin adına keçirilməsinə razılıq verməklə birmənalı şəkildə öhdəliyin də başqa şəxslərə keçməsinə öz razılığını bildirmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bütün bu halları düzgün araşdırılmamış və bununla da Azərbaycan Respublikası MM-nin 522-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 526-ci maddəsi - Qanunun bu normasından görünür ki, əmlakı qəbul edənin məsuliyyəti istisna edilə və ya məhdudlaşdırıla bilməz. Mülki işin sənədlərindən də görünür ki, ona satılmış bu ev sonradan iddiaçının razılığı ilə bir neçə nəfərə satılmışdır. Halhazırda da bu ev onun yox, həmin şəxslərin faktiki sahibliyindədir. Belə olan halda da həm qanuni baxımdan, həm də haqq ədalət baxımından bu kredit müqaviləsi üzrə öhdəlikləri də həmin şəxslər icra etməlidirlər. Lakin iddiaçının buna qarşı etirazını bildirməsi və məhkəmənin də bu etirazla razılaşaraq belə bir qətnamə qəbul etməsi nə qanuni, nə də ədalətli ola bilməz. Belə ki, 10 ildən çoxdur ki, həmin mənzil ondan alınmış və başqa şəxslər tərəfindən istifadə olunur. Belə bir halda ondan əlavə pulun da tələb edilməsi haqq və ədalət prinsiplərinə zidd bir əməldir. Ona görə də hesab edir ki, işin bu halları yenidən araşdırılmalı və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki-Prosessual Məcəllənin 14-cü maddəsi- Qanunun bu normasına görə məhkəmə bütün səlahiyyətlərindən istifadə edərək işin bütün hallarını araşdırmalı və yalnız bundan sonra müvafiq qətnaməsini qəbul etməlidir. Amma işin hallarından görünür ki, məhkəmə tərəfindən işin bütün halları ətraflı araşdırılmamış və yalnız iddiaçının istinad etdiyi hallar əsas götürülərək belə bir qətnamə qəbul edilmişdir. Təbii ki, belə bir vəziyyətdə qətnamənin qəbul edilməsi onun hüquqlarının pozulması deməkdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 14, 217-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2, qarşılıqlı iddia tələbi ilə bağlı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X10 və X16 rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh2, qarşılıqlı iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X8 və X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X19 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır, buna görə onlar tərəfindən şikayət verilməmişdir. Cavabdeh2 tərəfindən ev satılıb, ümumilikdə ev bir neçə dəfə satılıb və sonuncu alqı-satqıdan sonra evə dair çıxarış alınıb. Ev artıq başqasının mülkiyyətindədir. Bankın ləğvi dövründə əlavə müqavilənin bağlanması yaxud öhdəliklərin ötürülməsi ilə bağlı hansısa müraciətləri də olmayıb. Sonuncu dəfə R.Quliyev tərəfindən Fonda müraciət edilərək bildirilib ki, ev hal-hazırda onundur. Cavabdeh2 tərəfindən ev borcun məbləği qədərində özgəninkiləşdirilib. Sonuncu dəfə isə ev satılanda məlum olduğu qədərilə bütöv məbləğdə satılmışdır. Artıq kimin tərəfindən evin kimə satıldığı onlara məlum olmayıb. Onlara sadəcə R.Quliyev müraciət edib ki, ev onundur, ödəniş edəcəkdir. Ləğvedici üçün bu problem deyil, kim ödəyir ödəsin. Sadəcə olaraq, borcu heç kim ödəmədiyi təqdirdə rəsmi olaraq onlar borclu kimi Cavabdeh2 tanıyırlar. Onlarla başqa müqavilə bağlanmayıb, öhdəliklər ötürülməyib. Öhdəliklərin ötürülməsi ilə bağlı hansısa müraciət yaxud razılaşma olmayıb. Nağd qaydada ödənişi kimin etməsinin kreditor üçün fərqi yoxdur, sadəcə olaraq heç bir ödəniş edilmədiyindən ancaq Cavabdeh1 MTK və Cavabdeh2 ödənişin müştərək qaydada tutulmasını tələb edə bilərlər. Cavabdeh1 MTK vaxtı ilə evin satılmasına razılığını bildirib. Ev satılarkən qəbul edilən məbləğlə bağlı da banka heç bir məlumat verilməyib. Cavabdeh2la bağlı onların qaraj məsələsinə dair başqa mübahisələri də olub və Ali Məhkəmənin bununla bağlı qərarı artıq öz qanuni qüvvəsini alıb. Ev hal-hazırda Cavabdeh2 deyil, başqasındadır. Cavabdeh1 MTK özü bu məsələlərə dair münasibət bildirmir, hətta şikayət verir ki, pul ondan tutulmalı deyildir. Lakin, bağlanılan müqaviləyə əsasən MTK birgə məsuliyyət daşıyır. Kredit müqaviləsi 120 ay müddətinə bağlanmışdır. Onlar borcu müqavilənin bitdiyi tarixə qədər hesablayıblar. Kredit müqaviləsi isə 30 sentyabr 2014-cü il tarixdə bağlanmışdır. 2017-ci ildə Cavabdeh1 MTK mənzili Həsənov İlhama satmağa razılaşıb və satıb. O dövrdə Cavabdeh1 MTK-nın işlərində bütün vətəndaşlarla eyni formalı müqavilə bağlanırdı. Cavabdeh1 MTK-nın məqsədi o olub ki, özünü öhdəlikdən azad etsin. Təkcə vətəndaşlar borclu kimi tanınsınlar. Yəni Cavabdeh1 MTK-nın məqsədi bu kimi sazişlər bağlamaqla özünü kənara çəkmək olmuşdur. Müqavilə şərtlərindən də aydın olur ki, mənzil mülkiyyətə keçdikdən sonra ipoteka ilə yüklü edilməli idi. Ancaq bu iş üzrə müqavilə də daxil olmaqla, heç bir müqavilə üzrə mənzillər ipoteka ilə yüklü edilməyib. Ona görə də onlar bu günə kimi bütün işlərdə Cavabdeh1 MTK-nı müştərək qaydada cavabdeh kimi təqdim edirlər. Cavabdeh2la bağlı Ali Məhkəmənin qərarlarını da elektron sistemə əlavə etmişdir. Yəni, iş üzrə belə bir sazişin olmasına baxmayaraq icra edilməmişdir. Öhdəliklərin ötürülməsi ilə bağlı da heç bir razılaşma yoxdur. Mənzil çox adama satılmışdır amma hər dəfə onlar bunu izləyə bilmirlər. Kredit müqaviləsinin müddəti 120 ay olduğu üçün, həmin müddət bitdikdən sonra onlar məhkəməyə müraciət etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ilk iddia təmin olunduğundan, qarşılıqlı iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilkin iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bank Technique ASC ilə Park Azure MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəliklərini təşkil edir. Bank Technique ASC, Cavabdeh2 və Park Azure MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-382/14 saylı kredit müqaviləsinə əsasən isə ünvan 1 ünvanında tikintisi aparılan Azure Parkinq kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147.465 manat məbləğində kredit vermiş, birgə borcalanlar olan Cavabdeh2 və Park Azure MTK bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Bank Technique ASC-in ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu birgə borclular olan Cavabdeh2 və Park Azure MTK-dan bağladıqları kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiklərindən ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas, faiz və cərimə borcunun ödəniləməsini tələb edir. Kredit müqaviləsi üzrə borclulardan biri olan Cavabdeh2 isə aldığı mənzili özgəninkiləşdirdiyi üçün kredit müqaviləsi üzrə öz öhdəliyinin üçüncü şəxsə ötürüldüyünü iddia edir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə mümkün və etibarlı olur. Hazırkı mülki işdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 onunla "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi üçüncü şəxs - X10 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi X8 göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının üçüncü şəxsdən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə borclu olaraq öhdəliyinin X3, öhdəliyin ötürülməsində kreditorun razılığının olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, ilkin iddiaçı Əmanətlərin Sığortalanması Fondu birgə borcluları olan cavabdehlərdən xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsi üzrə vaxtında və lazımı qaydada icra edilməyən öhdəliklərinin icrasını tələb edir. Bu öhdəliyin icrasının təmin edilməsi üçün yüklü edilməyən mənzilin digər bir şəxsə satılması halı isə öhdəliyin üçüncü şəxsə ötürülməsi üçün əsas ola bilməz. Belə ki, mülki qanunvericiliyin imperativ xarakterli normasının tələblərinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Araşdırma zamanı isə nə vaxtsa belə icazənin verilməsi müəyyən edilməmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddianı qismən əsaslı hesab edərək, müddətinin bitməsi səbəbindən xitam verilmiş kredit müqaviləsi üzrə birgə borclular olan cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə əsas borca görə 136.001,44 manat, faiz borcuna görə 66.787,58 manat, cəriməyə görə 1000 manat olmaqla cəmi 203.789,02 manat borcun tutulmasına, ilk iddianı qalan hissədə, qarşılıqlı iddianı isə tam təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə xərclərinin tərəflər arasında bölgüsünü də düzgün müəyyən etmişdir. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-29/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar