Məhkəmə qərarları › İş №2(103)-2742/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2742/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2742/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi ilə, İddiaçı Heydərova (Əliquliyeva) Aynurə Qalib qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(094)-79/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq anası Heydərova (Əliquliyeva) Aynurə Qalib qızının himayəsində saxlanılmış və uşağa görə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2192/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, həmin alimentin tutulmasının 30 dekabr 2022-ci tarixdən hesablanması qət edilmişdir. Hazırda iddiaçı alimenti sabit pul məbləğində tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Heydərova (Əliquliyeva) Aynurə Qalib qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2192/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirilərək, Cavabdeh onun xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin, eləcə də mediasiya təşkilatına müraciət ilə bağlı ödədiyi 60 manat məbləğində ödənişin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında olan və xitam verilmiş nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2192/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə azyaşlı Aylanın onun yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. Həmin qərara əsasən cavabdehdən hər ay 80,0 manat məbləğində tutulan aliment böyüməkdə olan və ehtiyacları daim artan Aylanın saxlanılması üçün kifayət etmir. Cavabdehin ödədiyi 80,0 manat yaşayış minimumundan dəfələrlə aşağıdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(094)- 79/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2192/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı Heydərova (Əliquliyeva) Aynurə Qalib qızının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,0 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması, iddiaçı tərəfindən mediatora ödənilmiş 60 manatın Cavabdeh Heydərova (Əliquliyeva) Aynurə Qalib qızının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab etmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin, 2-ci hissəsinə, 19-cu maddəsinə, Ailə Məcəlləsinin 100.2, 112.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.2 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2192/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi işin faktiki hallarına və onun maddi vəziyyətinə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. O da cavabdeh kimi hər ay vaxtlı vaxtında 03 iyul 2018 ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında iddiaçı (Heydərova) X1 xeyrinə müəyyən olunmuş alimenti ödəmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi "xxxx"-dən verilmiş 29 fevral 2024-cü il tarixli, 3-17-7/2- Ə-12033/2/21 saylı arayışda göstərilir ki, “Cavabdeh (FİN: xxxxxxx) həqiqətən 5 yanvar 2021-ci il tarixindən "xxxx" MMC-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti üzrə Pirallahı rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışır. Cavabdeh Adışirin oğlunun aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) manatdır. Göründüyü kimi aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manat təşkil edir. Əmək haqqının hər ay 235,0 manatı aliment kimi tutulub iddiaçı Heydərova (Əliquliyeva) Aynurə Qalib qızına ödənildiyi halda ona əmək haqqından 110 manat məbləğində pul qalır. Hazırda kirayədə qalır. Kirayə üçün hər ay 200 manat pul ödəyir, еvi yoxdur. Bundan başqa qızı - Ayla ilə hər həftə görüşür. Görüşəndə ona pal-paltar, ərzaq alır və bu zaman da onun toplam olaraq ayda 70-80 manat xərci çıxır. Bütün bunlar üçün isə maddi vəsait lazım olur. İddiaçı Heydərova (Əliquliyeva) Aynurə Qalib qızı özü də işləyir, gündəlik əmək haqqı alır. Onun isə qeyd olunan 345 (üç yüz qırx beş) manat məbləğində əmək haqqından başqa digər gəliri və qazancı yoxdur. Eyni zamanda Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsinin çıxarıldığı vaxtdan hal-hazıra kimi istər onun, istərsə də qarşı tərəfin maddi və sosial vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. 13 iyul 2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay əmək haqqının dörddə biri hissəsində aliment ödəməkdən imtina etmir və razıdır. İndiyə kimi də həmin alimenti hər ay ödəyir. Maddi imkanı buna çatır. Bundan başqa işə baxan məhkəmə tərəfindən cavabdehə, yəni ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmiş, onun məhkəmə iclasının keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə tərəfindən yaşadığı ünvana bildiriş göndərilməmişdir. Məhkəmə qətnaməsinin mövcudluğundan qətnamə qəbul edildikdən sonra məlumatı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi hazırkı qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 185.5 ci maddəsinə istinad etməsi tamamilə yanlışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa ilk dəfə aliment məbləği - Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında müəyyən edilmişdir. Hazırda isə 2024-cü il üçün bu məbləğ 235 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında cavabdeh X1 xeyrinə müəyyən olunmuş alimentin tutulmasının 30 dekabr 2022-ci tarixdən hesablanması qət edilmişdir. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, iddiaçının işləyib-işləməsindən asılı olmayaraq cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Bundan başqa cavabdehə SMS-bildiriş də göndərilmişdir. Bu əsasdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsində məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(094)- 79/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar