Məhkəmə qərarları › İş №2(103)-2743/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2743/2020

26.02.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2743/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə rəsmi qeydiyyatda olduqları, məhkəmə qətnaməsi ilə köçürüldükləri Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilin 2004-cü ildən yaşadıqları və cehiz əmlaklarının əksəriyyətinin yerləşdiyi otaqda yaşamalarına, həmin otaqda sahiblik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənzildən (mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaq) istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ilə 2004-cü ildə ailə həyatı qurmuş və onun yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə gəlin köçmüşdür. Gəlin köçərkən bütün cehiz əşyalarını həmin mənzilə gətirmişdir. Hal-hazırda da bütün cehiz əşyaları həmin mənzildədir. xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə rəsmi qeydiyyata köçürülmüşdür. Birgə nikahdan olan iki uşağı ilə həmin mənzildə fasiləsiz olaraq qeydiyyatdadırlar. xx.xx.2017-ci ildə gecə saat 11-12 radələrində heç bir səbəb olmadan əri tərəfindən yenə də döyülmüş, uşaqları ilə birlikdə mənzildən çıxarılmış, evdən çıxarkən onun və uşaqlarının bütün əşyaları, paltar və ailə qurarkən hədiyyə edilmiş qızıl-zinyət əşyaları evdə qalmışdır. Onlar mənzilə buraxılmır, hətta şəxsi əşyalarını götürməyə belə imkan verməyiblər, o vaxtdan kirayə ev tutaraq orada yaşayırlar. İddiaçı müəllimə işləyir, ayda 170 manat əmək haqqı alır, bu da dolanışığa, kirayə haqqına çatmır. Cavabdehlə aralarında olan nikah xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışlar. O, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əmlaklarının olduğu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə köçürülməsini istəmiş, xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia təmin olunmuş və o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülmüşdür. Lakin cavabdehlər onu və uşaqları yaşadıqları otağa buraxmamış, kiçik otaqda qalacaqlarını bildirmişlər. O, cavabdehlərə həmin kiçik otaqda onun iki övladı ilə birlikdə yaşamalarının, yataq taxtı, şfoner, termo və sair əşyalarının digər otaqdan çıxardaraq həmin kiçik otağa yığmanın mümkünsüz olduğunu bildirərək onun iki övladı ilə birlikdə gəlin köçdüyü, 2014-2017-ci ilin oktyabr ayına kimi yaşadığı, əşyalarının əksəriyyətinin olduğu otağa buraxılmağını istəsə də, onu öz yaşadığı otağa buraxmadılar, otağın qapısını bağlayaraq əmlaklarına baxmağa, paltarlarını götürməyə belə imkan vermədilər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixliqətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzildən mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından ümumi istifadə qaydaları müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə köçürülsə də, onu uşaqları ilə birlikdə evin 9 kv.m olan ən kiçik otağına köçürmüşlər. Sahəsi 12 kv.m olan digər yaşayış otağında isə cavabdehlər yaşayırlar. Hakim mənzilə baxış keçirərkən iddiaçının evin ən kiçik otağında yaşamasının mümkünsüz olmasını müəyyən etsə də, cavabdehlərin xeyrinə qərar qəbul etmişdir. Habelə, cavabdehlər iddiaçıya mənzildə olan digər 2 otaqdan və mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaqdan istifadəyə mane olur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9096/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8199/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, məhkəmənin qətnaməsi ilə onun mübahisəli mənzilə köçürülməsi qət olunsa da, icra qaydasında bu məsələ həllini tapmamışdır. Belə ki, cavabehlər tərəfindən onun gəlin köçdüyü vaxtdan yaşadığı eyvanla birləşdirilmiş 9,72 kv.m sahəsi olan otağın qapısını bağlamaqla həmin otaqdan onun istifadəsinə maneələr yaratmaqda davam edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 isə əlavə olaraq bildirdi ki, iddiaçı gəlin köçdüyü vaxtdan həmin otaqda yaşamışdır. Həmin otaq həqiqətən eyvanla birləşdirlmiş olsa da, məqsədi həmin eyvanda gələcəkdə rəf düzəltməklə evin müəyyən əşyalarının oraya yığılmasıdır. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixliqətnaməsi iddia tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçının mübahisəli mənzilin ümumi sahəsi (mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaq) ilə yanaşı eyvanla birləşdirilmiş 9,72 kv.m yataq otağında (girişdən solda ikinci otaq) yaşamasına və həmin otaqdan istifadəyə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7195/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı uşaqları - xx.xx.2005ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6462/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və 148 saylı qeydlə qeydə alınmış nikahın pozulması, birgə nikadan olan xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi xx xxxxx 2019-cu il tarixdə yerində müayinə aparmış və bu barədə protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 birgə nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları vardır. Nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışlar. Birgə nikah dövründə kredit götürülmüş birgə nikah dövründə də kredit borcu ödənilmişdir. İddiaçı gəlin köçdüyü evə köçürülməsi barədə məhkəmədə iddia qaldırılmış, iddia tələbi təmin olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, 024806 saylı xx xxxxxx 1991-ci il tarixli Cavabdeh1 verilmiş orderdə Binəqədi rayonu,9 mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilə digər ailə üzvləri ilə birlikdə istifadə hüququ vardır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasənİddiaçı həmin mənzilə yetkinlik yaşına çatmayan iki üşağı ilə birlikdə köçürülmüşdür. Qeyd edilən qətnamə icra olunmuş, bu barədə Akt tərtib olunmuşdur. Hazırda iddiaçı övladları ilə rəsmi qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilin 2004-cü ildən yaşadıqları və cehiz əmlaklarının əksəriyyətinin yerləşdiyi otaqda yaşamalarına, həmin otaqda sahiblik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ödənilmiş dövlət rüsumunu cavabdehlərdən tələb etmir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, məhkəmə yalnız giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından istifadə qaydasını müəyyən etməklə əslində iddiaçı üçün əsas maraq kəsb edən mübahisəni həll etməmişdir. Məhkəmə iddia tələbini həmin hissədə rədd edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, iddiaçının tələb etdiyi otaqdan istifadəsinin qeyrimümkünlüyünə və yaxud iddianın hər hansı başqa qaydada təmin edilməsi imkanına qiymət verməmişdir. Qüvvədə olan Mənzil Məcəlləsi mənzildən istifadə qaydasının müəyyən olunması ilə əlaqədar mübahisəni tənzimləmədiyindən məhkəmə qanunun analogiyasına əsasən mübahisəni həll etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürüldüyündən onun mənzilin istifadə edilməsi zəruri olan sahələrindən bərabər istifadə etmək hüququ mövcud olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla üç otaqdan ibarətdir və həmin mənzildən hər iki tərəf istifadə etmək hüququna malik olan şəxslərdir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülsə də və həmin qətnamə icra olunsa da, işdən görünür ki, mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisə vardır və iddiaçı faktiki yaşadığı və əmlakının yerləşdiyi otağa cavabdehlər tərəfindən buraxılmır. İşdən göründüyü kimi iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq icarədarın ailə üzvü kimi mənzildən istifadə hüququna malik olan şəxsdir və onun digər ailə üzvləri ilə bərabər mənzilin yaşayış və ümumi istifadə yerlərindən istifadə etmək hüquqları vardır. Lakin İddiaçı iddia etməsinə görə o, mənzilin yaşayış otaqlarından istifadə etmək imkanından cavabdehlər tərəfindən məhrum olunmuşdur. Mənzilin böyük otağı daim onların istifadəsində olduğu üçün və əmlakı orada yerləşdiyi üçün məhz həmin otaqdan istifadəsinin təmin olunmasını xahiş edir. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülməsi hazırkı mübahisəni, yəni iddiaçının hansı otaqdan istifadə etməsi barədə mübahisəni həll etmədiyindən məhkəmə qətnaməsinin mübahisələndirilən hissə ilə bağlı dəlili əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, bərabər hüquq və vəzifələrə malik olan şəxslərin hüquqlarını həyata keçirmələri eyni hüquqlara malik olan şəxslərin hüquqlarını pozmamalıdır. Hazırkı mülki işin hallarından da görünür ki, cavabdehlər iddianın təmin edilməsinə qəti razı deyirlər, yəni tərəflər arasında balansı nəzərə alsaq iddia təmin edildiyi halda cavabdehlərin hər hansı hüquqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bu baxımdan yuxarıda sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 7, 33 saylı mənzilin 2004-cü ildən yaşadıqları və cehiz əmlaklarının əksəriyyətinin yerləşdiyi otaqda yaşamalarına, həmin otaqda sahiblik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən maneələrin yaradılması tam təsdiq olunduğundan, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixliqətnaməsi iddia tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçının mübahisəli mənzilin ümumi sahəsi (mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaq) ilə yanaşı eyvanla birləşdirilmiş 9,72 kv.m yataq otağında (girişdən solda ikinci otaq) yaşamasına və həmin otaqdan istifadəyə yaradılan maneələr aradan qaldırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixliqətnaməsi iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçının mübahisəli mənzilin ümumi sahəsi (mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaq) ilə yanaşı eyvanla birləşdirilmiş 9,72 kv.m yataq otağında (girişdən solda ikinci otaq) yaşamasına və həmin otaqdan istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar