Məhkəmə qərarları › İş №2(103)-2743/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2743/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2743/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatında olan zaman iddiaçının vəkili Vəkil vəsatət verərək, şikayətə baxılmasında onun və təmsil etdiyi şəxsin iştirakının təmin edilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında şifahi qaydada baxılması üçün əsaslar müəyyən edilmədiyindən vəsatət Məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Şikayətə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi “iddia ərizəsinin baxılmamış saxlanması barədə” xx.xx.2024-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən edilir ki, “mediasiya prosesinin tətbiqi barədə” bildiriş cavabdehə ünvan 1 ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə Həsənova soyadlı şəxs imza etməklə həmin bildirişi qəbul etmişdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin rəsmi qeydiyyata olduğu ünvan ünvan 2r ki, cavabdehin mediasiya sessiyasından məlumatı olmamışdır. Rayon Məhkəməsinin qərardadından verilmiş şikayətdə isə iddiaçı bildirir ki, mediasiya təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin əvvəlki iclasında cavabdeh iştirak etmiş və xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya prosesinə gəlməmişdir. Buna görə də cavabdehin mediasiya sessiyasından məlumatı olmaması barədə Rayon Məhkəməsinin mövqeyi əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur (maddə 3.2.). Həmin Qanunun 21.9-cu maddəsinə görə, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: (21.9.1.) bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; (21.9.2.) tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; (21.9.3.) tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; (21.9.4.) bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Qanunun 21.6-cı maddəsinə görə, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Qanunun 21.7-ci maddəsinə görə, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Qanunun 29.2-ci maddəsinə görə, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 saylı qərarında Plenum məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər (bənd 2.). Bakı 3 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/3/2023-01300 saylı arayışından görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi xx.xx.2024-cü il tarixdə saat 16:00-16:30-dək təyin edilmişdir. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf İddiaçıdır. İş materiallarında olan xəbərnamələrdən görünür ki, “mediasiya prosesinin tətbiqi barədə” bildiriş cavabdehə ünvan 1 ünvan üzrə göndərilmiş, bildirişi xx.xx.2023-cü il tarixdə Həsənova soyadlı şəxs qəbul etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin rəsmi qeydiyyata olduğu ünvan ünvan 3 edilir ki, “mediasiya prosesinin tətbiqi barədə” bildirişin, həmçinin “ilkin mediasiya sessiyası” barədə bildirişin cavabdehə təqdim olunması barədə sübutlar iş materiallarında yoxdur. Cavabdehin mediasiya prosesindən məlumatı olmadığından ilkin mediasiya sessiyasında iştirak edə bilməmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Qərardad qanuni və əsaslıdır. Şikayətin dəlili əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar