Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2744/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı X1rşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 55 000 manatın, mənəvi zərərin əvəzi olaraq 45 000 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, səhhəti ilə əlaqədar olaraq X3 müraciət etmiş, müvafiq ilkin müayinədən sonra ona və ailə üzvlərinə problemli heç bir şey olmadığı, 3-cü dərəcəli hipertoniya, beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult, sağ tərəfli hemiplegiya və motor afaziyu diaqnozu qoyulsa da, xəstəliyinin ürək xəstəliyi olduğu və stent qoyulmaqla səhhətində olan problemin aradan qalxacağı bildirilmişdir. Xəstəxanaya anlaqlı vəziyyətdə və kənar yardım olmadan gəlmiş, xx xxxx 2018-ci il tarixdə X3 daxil olmuş, əməliyyatdan sonra iflic vəziyyətinə düşmüş, nitqi, eləcə də ətrafların hərəkətləri tam itmişdir. Yeriyə, hərəkət edə və danışa bilmir. Yaxınları tərəfindən xəstəxanadan bunun səbəbi soruşulduqda onlar buna normal izah verə bilməmişlər. Hesab edir ki, səhhətində yaranan bu problem həkim səhvi, düzgün müayinənin aparılmaması, eləcə də müalicə vasitələrinin düzgün seçilməməsinin nəticəsidir. Məsələnin ağır tərəfi bir də ondan ibarətdir ki, onu şikəst etmələrinə baxmayaraq, müalicəni edə bilməyəcəklərini bildirmiş, əlavə vəsait tələb etməklə onu taleyin hökmünə buraxmışlar. Yaxınları onu məcburən başqa tibb müəssisəsinə köçürdükdə orada bildirmişlər ki, belə bir vəziyyətə düşməyinin səbəbi həkim səhvi, yanlış müalicədir. Ümumilikdə tərəfindən X3 5000 manatdan artıq pul ödənilsə də, 4825 manatın ödəniş qəbzi vardır. Cavabdeh tərəfindən ona fiziki və mənəvi, o cümlədən maddi zərər vurulmuş, onların səhlənkarlığı və səhv müalicəsi nəticəsində nitq qabiliyyətindən və sərbəst hərəkətdən məhrum olunmuşdur. Belə bir hal onda və ailə üzvlərində sarsıntı yaratmış, onlara mənəvi əzab vermişdir. Gələcək müalicəsi və qulluq göstərilməsi əlavə xərclər tələb edir ki, bu, kiçik büdcəsi olan ailəsi üçün mümkünsüzdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının bildirdiyi faktiki hallara görə, həkim səhvi, düzgün müayinənin aparılmaması, eləcə də müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində üzərində X2 aparılan əməliyyatdan sonra iflic vəziyyətinə düşmüş, nitqi, eləcə də ətrafların hərəkətləri tam itmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1099.1-ci maddəsinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 71/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “...İddiaçı adına X2 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona aparılmış angioqrafıya müayinəsi zamanı ürək-damarlarına iki stent qoyulmuş və bundan sonra xəstədə ağırlaşma, yəni baş beynində kəskin işemik insult yaranmışdır. İddiaçı X2 aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı stent əməliyyatından sonra yaranmış baş beynin kəskin işemik insultu polietioloji serebro-vaskulyar xəstəliklərə aiddir və xəstəliyin baş vermə səbəbi haqqında konkret fikir söylənilməsi mümkün deyil. İddiaçı adına X2 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun üzərində aparılmış stent əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmiş, ona “Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet İİ tip. Beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult. Sağ tərəfli hemiplegiya və motor afaziya ilə” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və göstərilmiş ixtisaslı tibbi yardımlar təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən onun hal-hazırda “Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet İİ tip. Beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult. Sağ tərəfli hemiplegiya və motor afaziya ilə” xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edildi. İddiaçınm hazırki sağlamlıq durumu ilə əlaqədar onun müalicəyə ehtiyacı var”. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri, eləcə də kassasiya instansiyasının göstərişləri əsas götürülərək əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, həmin təyinat əsasında verilmiş rəydə isə əvvəlki rəydə göstərilənlər təkrarlanaraq “...Tibbi təcrübəyə əsasən, İddiaçı ürək damarlarına stendin qoyulması ilə əlaqədar baş beyində kəskin işemik insultun yaranması inkar olunur” nəticəsi vurğulanmışdır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-448/2019 saylı iş üzrə xx xxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2744/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2744/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver