Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2745/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Məmmədova (Kərimova) Yeganə Sabir qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2017-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Yeganə Məmmədovanın (Kərimovanın) verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı Mərkəzi Bank, cavabdehlərə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) 16.04.2013-cü il tarixli, KBQ13-1510 nömrəli “Kredit müqaviləsi” üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz olmaqla, ümumilikdə 22.040.916,64 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə - Yeganə Məmmədovanın mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 9.619,5 kv.metr olan 7 mərtəbəli mehmanxanaya yönəldilsin; - 03.06.2013-cü il tarixli, KBQ13-1518 nömrəli “Kredit müqaviləsi” üzrə 10.000.000 manat əsas, 1.020.458,3 manat faiz olmaqla, ümumilikdə 11.020.458,3 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə - Y.Məmmədovaya məxsus həmin mehmanxanaya və "xxxx" MMC-nin mülkiyyətində olan və Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-də 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.721,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin; - 02.07.2013-cü il tarixli, KBQ13-1527 nömrəli “Kredit müqaviləsi” üzrə 20.000.000 manat əsas, 2.083.548,2 manat faiz olmaqla, ümumilikdə 22.083.548,2 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Y.Məmmədovaya məxsus həmin mehmanxanaya və "xxxx" MMC-nin mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3.001 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 462.3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 320.36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin; - yuxarıda qeyd edilən daşınmaz əmlakların Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaitləri hesabına yuxarıda qeyd edilən “Kredit müqavilələri” üzrə Bankın iddiaçı Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilsin. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.12.2017-ci il tarixli qətnamə (İş № 2(009)-3996/2017) ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh2 oxşar məzmunlu apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-4317/2018) ilə apellyasiya şikayətləri təmin olunmamış, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 08.04.2019-cu il tarixli qərarı (İş № 2(102)-2096/2019) ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 12.12.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmişdir. Bundan sonra, yəni 20.06.2019-cu il tarixdə cavabdeh Y.Məmmədova Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ona məxsus mehmanxanaya yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün mülki işlə bilikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsi ilə Rayon Məhkəməsinin qətnaməsi tam yoxlanılaraq, dəyişdirilmədən saxlanıldığından hazırkı işə Y.Məmmədovanın apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında yenidən baxıla bilməz. Bundan sonra Y.Məmmədova Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin qismən, yəni kredit borcunun ona məxsus mehmanxanaya yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv olunması, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 20.08.2020-ci il tarixli qərarı (İş № 2(102)-3050/2020) ilə Y.Məmmədovanın kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni cavabdeh Y.Məmmədovaya məxsus mehmanxanaya tələbin yönəldilməsi hissəsində ləğv edilməsini qərara almışdır. Bundan sonra, Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərardadı ilə 12.12.2017-ci il tarixli qətnamədən cavabdeh Y.Məmmədova tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən cavabdeh Y.Məmmədovanın Rayon Məhkəməsinin 12.12.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə, yuxarıda qeyd edilən həcmdə yenidən baxılmışdır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə ilk növbədə apellyasiyanın hədləri ilə bağlı onu qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh2 aid hissədə qanuni qüvvəsini almışdır. Cavabdeh Y.Məmmədovanın verdiyi apellyasiya şikayətində qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ona məxsus olan mehmanxanaya yönəldilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız cavabdeh Y.Məmmədovaya aid apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin artıq qanuni qüvvəyə minmiş hissəsi ilə müəyyən olunmuşdur ki, Mərkəzi Bank ilə "xxxx" ASC arasında 20.000.000 manat kredit verilməsi ilə bağlı 16.04.2013-cü il tarixli KBQ13- 1510 nömrəli, 10.000.000 manat kredit verilməsi ilə bağlı 03.06.2013-cü il tarixli KBQ13- 1518 nömrəli və 20.000.000 manat kredit verilməsi ilə bağlı 02.07.2013-cü il tarixli KBQ13- 1527 nömrəli kredit müqavilələri bağlanmışdır. 30.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə əlavə” ilə 16.04.2013-cü il tarixli “Kredit müqaviləsinə” dəyişiklik edilərək kreditin ödəniş vaxtı 01.04.2015-ci il tarixədək uzadılmışdır. 30.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə əlavə” ilə 03.06.2013-cü il tarixli “Kredit müqaviləsinə” dəyişiklik edilərək kreditin ödəniş vaxtı 01.04.2015-ci il tarixədək uzadılmışdır. Həmçinin 30.12.2013 və 30.12.2014-cü il tarixlərdə bağlanmış “Kredit müqaviləsinə əlavələrlə” 02.07.2013-cü il tarixli “Kredit müqaviləsinə” dəyişiklik edilərək kreditin ödəniş vaxtı 01.04.2015-ci il tarixədək uzadılmışdır. Kredit müqavilələri üzrə Bankın öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmişdir. Nəticədə, X5 16.04.2013-cü il tarixli “Kredit Müqaviləsi” üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz olmaqla, ümumilikdə 22.040.916,64 manat; 03.06.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 10.000.000 manat əsas, 1.020.458,3 manat faiz, ümumilikdə 11.020.458,3 manat; 02.07.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 20.000.000 manat əsas, 2.083.548,2 manat faiz olmaqla, ümumilikdə 22.083.548,2 manat; göstərilən üç “Kredit müqaviləsi” üzrə cəmi 50.000.000 manat əsas və 5.144.923,14 manat faiz olmaqla, ümumilikdə 55.144.923,14 manat ödənilmiş borcu yaranmışdır və həmin məbləğ Bankdan tutularaq Mərkəzi Banka ödənilməlidir. Apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia onunla əsaslandırılmışdır ki, Y.Məmmədova hər üç “Kredit müqaviləsi” üzrə ipoteka qoyandır. Belə ki, 16.04.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliyin təminatı olaraq 16.04.2013-cü il tarixli İBQ13- 1510 nömrəli “İpoteka müqaviləsi” əsasında, 03.06.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliyin təminatı olaraq 03.06.2013-cü il tarixli İBQ13-1518 nömrəli “Sonrakı ipoteka müqaviləsi” əsasında, 02.07.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliyin təminatı olaraq 02.07.2013-cü il tarixli İBQ13-1527/2 nömrəli “Sonrakı ipoteka müqaviləsi” əsasında o, öz mülkiyyətində olan və ünvan 5 ünvanında yerləşən 7 mərtəbəli mehmanxananı Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu yüklülük “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. İpoteka predmeti üzrə ipoteka saxlayan qismində hazırda yalnız Mərkəzi Bank çıxış edir. Mərkəzi Bank yuxarıda qeyd edilən həmin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyan Y.Məmmədovaya 17.02.2016-cı il tarixli 05-00208-2016 nömrəli məktubla göndərmiş və bildirişlər “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Odur ki, sözügedən “Kredit müqavilələri” üzrə yaranmış borcun tutulması Y.Məmmədova tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Y.Məmmədovanın iddiaya etirazı və qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Y.Məmmədova əmlakının ipoteka qoyulması ilə bağlı nə Mərkəzi Bank, nə də "xxxx" ASC ilə hər hansı müqavilə münasibətində olmamış və bununla bağlı hər hansı razılaşma da olmamışdır. Adıçəkilən ipoteka müqavilələrindən, qeyd olunan kreditlərdən, onunla bağlı məhkəmə proseslərindən məlumatı olmamışdır. Onun tərəfindən ipoteka müqavilələrinə imza edilməmişdir. Bu səbəbdən də Y.Məmmədovanın əmlakına tutma yönəldilə bilməz. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı Mərkəzi Bankın nümayəndəsi X3 şikayətin dəlillərinə etiraz edərək iddia ərizəsinin və Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslarına uyğun izahat verdi. İş üzrə cavabdeh Y.Məmmədovanın vəkili X1 əvvəlki apellyasiya baxışının iclasında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və Y.Məmmədovanın şikayətinin məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, işdə iştirak edən şəxslər apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə, “İpoteka müqavilələrinin” Y.Məmmədova tərəfindən imzalanmaması, onun ipoteka müqavilələrindən məlumatının olmaması barədə Y.Məmmədovanın apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2553/21 saylı 27.04.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Mərkəzi Bank arasında bağlanmış 16.04.2013-cü il tarixli İBQ13-1510 nömrəli, 03.06.2013-cü il tarixli İBQ13-1518 nömrəli və 02.07.2013-cü il tarixli İBQ13-1527/2 nömrəli “Sonrakı ipoteka müqavilələrinin” onun tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı 14.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6305/2020 saylı 18.09.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmiş, Nəsimi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)-2553/2021 saylı 27.04.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Artıq qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, müzakirə edilən “Sonrakı ipoteka müqavilələri” Cavabdeh1 (Məmmədovanın) X2 verdiyi və 07.02.2017-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında bağlanmışdır. Qeyd olunan ipoteka müqavilələri etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmış və mülki qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas mövcud deyildir. Bundan başqa, iddiaçının əmlakın mülkiyyətçisi olmaqla 2013-cü ildə onun əmlakı ilə bağlı ipoteka müqaviləsinin bağlanmasından keçən illər ərzində məlumatsız olması və bu barədə ancaq 2019-cu ildə məlumat alması barədə dəlillər inandırıcı deyil. Yeddi mərtəbəli mehmanxananın idarəçiliyi ilə bağlı gündəlik fəaliyyətdə həmin əmlakın ipoteka ilə yüklü edilməsindən mülkiyyətçinin məlumatsız olması absurddur. Həmin dəlil əqdin etibarsızlığını tələbetmə müddətinin ötürülməməsi görüntüsü yaradılmasına hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdeh Y.Məmmədovanın apellyasiya şikayətinin əsasını təşkil edən ipoteka müqaviləsindəki imzanın ona məxsus olmaması və ipoteka müqaviləsinin bağlanmasından məlumatsız olması dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə Rayon Məhkəməsinin qətnaməsinin cavabdeh Y.Məmmədovaya aid hissədə əsaslılığını yoxlayaraq qeyd edir ki, Mərkəzi Bank ilə borcalan Bank və ipoteka qoyan Y.Məmmədova arasında bağlanmış 16.04.2013-cü il tarixli İBQ13-1510 saylı, “İpoteka müqaviləsindən” görünür ki, Y.Məmmədova ona mehmanxana binasını 16.04.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə verilmiş kreditin ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflər arasında 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, təmin olunmuş kreditin müddəti “Bank” və “borcalan” arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka qüvvədə qalır və “ipoteka qoyanın” əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı 1.3-cü bənddə göstərilən digər ödənişləri təmin edir. Mərkəzi Bank ilə borcalan Bank və ipoteka qoyan Y.Məmmədova arasında bağlanmış 03.06.2013-cü il tarixli İBQ13-1518 saylı, “Sonrakı ipoteka müqaviləsindən” görünür ki, Y.Məmmədova ona məxsus qeyri-yaşayış binasını 03.06.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə verilmiş kreditin ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflər arasında 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, təmin olunmuş kreditin müddəti “Bank” və “borcalan” arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka qüvvədə qalır və “ipoteka qoyanın” əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı 1.3-cü bənddə göstərilən digər ödənişləri təmin edir. Mərkəzi Bank ilə borcalan Bank və ipoteka qoyan Y.Məmmədova arasında bağlanmış 02.07.2013-cü il tarixli İBQ13-1527/2 saylı, “Sonrakı ipoteka müqaviləsindən” görünür ki, Y.Məmmədova ona məxsus qeyri-yaşayış binasını 02.07.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə verilmiş kreditin ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflər arasında 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, təmin olunmuş kreditin müddəti “Bank” və “borcalan” arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka qüvvədə qalır və “ipoteka qoyanın” əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı 1.3-cü bənddə göstərilən digər ödənişləri təmin edir. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli “Çıxarışlardan” görünür ki, Y.Məmmədovaya məxsus mehmanxana kredit müqavilələri üzrə öhdəliyin təminatı qismində Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 317-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddianın cavabdeh Y.Məmmədovaya münasibətdə “tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satılması üçün açıq hərraca çıxarılması” hissəsi tam əsaslıdır, Rayon Məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Məmmədova (Kərimova) Yeganə Sabir qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Y.Məmmədova tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2745/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2745/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver