Məhkəmə qərarları › İş №2(103)-2746/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2746/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2746/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X10 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 nümayəndəsi X5, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015 il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsindən Cavabdeh1 Əmı̇rcan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun,kredit üzrə yığılmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2011-ci il tarixli, 8591 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 26 % ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında xx xxxxx 2012-ci iltarixli, 8591 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olara “Hyundai Sonata” markalı, (buraxılışili-1999, rəngi-gümüşü metal) **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və onun banka 4846.10 manat əsas borc, 3373.97 manat faiz borcu, 1259 manat dəbbə pulu olmaqla, ümumilikdə 9479.07 manat borcu yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015 il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4846,10 manat əsas borc, 3373,97 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 8320,07 manat borc və 30 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X3 Company” MMC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan “Hyundai Sonata” markalı, (buraxılışili-1999, rəngigümüşü metal) **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına ümumi borc məbləği “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X3 Company” MMC-yə ödənilməsi, borcun ödənilməsindən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, iddi tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 Əmı̇rcan oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015 il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsindəndə görünür ki, faiz bocu və dəbbə pulu çox tutulmuşdur. Demək olar ki, əsas borca bərabər faiz və dəbbə pulun tutulması qət edilmişdir ki, buda qanunsuz və əsasızdır. Əlavə olaraq bildirir ki, hörmətli X1 cənabların sərəncamı ilə həmin faiz və dəbbə pullarının silinməsi görsədilibdir. O, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsindən icra məmurun qətnaməni icra edilməsi ilə bildirilən məlumat vasitəsi ilə bilmişdir. Çünki məhkəmə onun iştirakı olmadan mülki işə baxaraq qətnamə qəbul etmişdir və qətnamənin surətini Cavabdeh1 göndərməmişdir. Binəqədi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsinin surətini rəsmi olaraq aldıqdan sonra müddəti bərpa edərək Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyatora münasibətdə tam olaraq yoxlanılması təşkil edir. Belə ki, kollegiya hesab edir ki, cavabdeh tərəf qətnaməni faiz, cərimə borcu ilə bağlı hissələrdə mübahisələndirsə də, tələb kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilmə ilə bağlı olduğundan, buna görə də, tələb bölünməz olduğundan, qətnamə apellyatora münasibətdə tam olaraq yoxlanılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015 il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsi faiz borcu və cəmi məbləğ, həmçinin dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış, xx xxxxx 2011-ci il tarixli, 8591 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 26% ödəmək şərti ilə 6000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx xxxxx 2011-ci il tarixli, 8591 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq “Hyundai Sonata” markalı, (buraxılışili-1999, rəngi-gümüşü metal) 90- LC-832 dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 4846,10 manat əsas borc, 3373,97 manat faiz borcu, 1259 manat dəbbə pulu olmaqla, ümumilikdə 9479,07 manat borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh1 banka olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar olunmuşdur. İş materiallarında olan AA seriyalı, 011162 saylı Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus “Hyundai Sonata” markalı, (buraxılışili-1999, rəngi-gümüşü metal) **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekа ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxx 2012-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 iddiaçıya hər ayın 27, 28, və 29-da 241,74 manat ödəmək şərti ilə, cəmi 8702,77 manat pul ödəməli idi. İş materiallarından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-7279/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi zamin Cavabdeh2 münasibətdə ləğv edilərək, ona münasibətdə iddia tələbi təmin edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsinin əsas, faiz və cəmi borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğun olsa da, faiz borcunun və cəmi məbləğin və dövlət rüsumunun tutulmalı olan məbləğləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020ci il tarixli, 9/985 saylı ekspert rəyinə əsasən LPO “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 8591 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə Cavabdeh1 “xxxxxxxxx” ASC-yə olan borcu əsas borc üzrə 4.865,01 manat və faiz borcu üzrə 2.094,12 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatı aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyi əsasında müqavilə müddətinin sonuna olan faiz məbləği əsas götürülməli, faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, faiz borcu 2094,12 manat müəyyən olunmalıdır. Əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu hal ekspert rəyi ilə də, öz təsdiqini tapır. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MM-nin 467ci maddəsinə əsasən cərimə məbləğini azaltmaqla, cərimənin məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, faiz borcunun məbləğinin dəyişdirilməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 7040,22 manat müəyyən edilməlidir. MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 269.4. maddəsində göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Araşdırılan sübutlar əsasında kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan “Hyundai Sonata” markalı, (buraxılışili-1999, rəngi-gümüşü metal) **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin hesabına banka olan borcunun ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf işə baxılması ilə bağlı 30 manat dövlət rüsumu ödədiyindən, qətnamə dövlət rüsumunun məbləği ilə bağlı hissədə iddianın təmin edilmiş hissəsinə münasib olaraq dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 22 manat dövlət rüsumu tutulmalıdır. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 manatın 107 manatı Cavabdeh1 Əmı̇rcan oğlundan, 38 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Əmı̇rcan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015 il tarixli, 2(001)- 9005/2015 saylı qətnaməsi faiz borcu, cəmi məbləğ və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilsin, faiz borcu 2094,12 (iki min doxsan dörd manat on iki qəpik) manat, cəmi məbləğ 7040,22 (yeddi min qırx manat iyirmi iki qəpik) manat, dövlət rüsumu 22 (iyirmi iki) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə- əsas borc və tutmanın ipoteka predmetinə yönəldilmə hissələrində dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 manatın 107 (yüz yeddi) manatı Cavabdeh1 Əmı̇rcan oğlundan, 38 (otuz səkkiz) manatı iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesabakeçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar