Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2747/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi təlbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2239/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2005-ci il tarixdə Salyan rayonu Noxudlu kəndində yerləşən 0,80 ha torpaq sahəsini X1 və qeyrilərindən almışdır.
2. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-107/2021 saylı qətnaməsinə əsasən X2, X3, X4, X8, X7, X5 və X6 ilə Cavabdeh arasında 0,80 ha torpaq sahəsinin satılması barədə hissədə Salyan 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ No ******* nömrəli müqavilə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində ********** nömrə ilə xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmış ******* nömrəli çıxarışın faktiki olaraq İddiaçı satılmış 0,80 hektar torpaq sahəsinə aid hissəsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Məhərrəm Nəcəfov və ailə üzvlərinə məxsus 2,34 ha torpaq sahəsinin 0,80 ha hissəsini almışdır. Həmin torpaq sahəsindən hal-hazıradək istifadə edir. 2020-ci ilin iyul ayında cavabdehin torpağına sahiblik edən Mirzəağa heyvanlarını ona məxsus torpaq sahəsinə saldıqdan sonra, M.Nəcəfovun torpağının qalan 1,54 ha hissəsini 2015-ci il tarixdə Cavabdeh satdığını bilmişdir. Cavabdehə aldığı 0,80 ha torpaq sahəsini qanunsuz zəbt etdiyini deməsinə baxmayaraq, cavabdeh onun iradına məhəl qoymadığı üçün o, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-107/2021 saylı qətnaməsinə əsasən X2, X3, X4, X8, X7, X5 və X6 ilə Cavabdeh arasında 0,80 ha torpaq sahəsinin satılması barədə hissədə Salyan 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ No ******* nömrəli müqavilə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində ********** nömrə ilə xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmış ******* nömrəli çıxarışın faktiki olaraq İddiaçı satılmış 0,80 hektar torpaq sahəsinə aid hissəsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Onun 0,80 ha torpaq sahəsi 2015-2021-ci illər arasında yonca əkini altında olmuşdur. Cavabdeh qanunsuz olaraq onun yerini zəbt edərək ona ziyan vurmuşdur. Əldə etməsi nəzərdə tutduğu gəlir əldən çıxmışdır. Dəymiş ziyanın hesablanması barədə X20 İnkişaf Mərkəzinə müraciət etmişdir. Nəticədə torpaq sahəsinə baxış keçirilmiş və ona 2.530 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından ona 2.530 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı dəymiş 2.530 manat məbləğində maddi ziyanın və 46 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2239/2022 saylı qətnaməsi ilə (hakim Ş. Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 506 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 536 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya satılmış 0,80 ha torpaq sahəsinə müdaxilə etməsi səbəbindən iddiaçı ona satılmış torpaq sahəsindən müəyyən müddət istifadə edə bilmədiyi üçün qanunsuz müdaxilə səbəbindən cavabdeh tərəfindən ona vurulmuş ziyanın tutulması ilə bağlı tələb irəli sürməklə haqlı hesab edilməlidir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən iddiaçıya satılmış 0,80 ha torpaq sahəsinə müdaxilənin 2020-ci ilin iyul ayında olması müəyyən edildiyindən, iddiaçı isə 2015-ci ildən 2021-ci ilədək olan müddət ərzində ziyan tələb etdiyindən, cavabdeh tərəfindən vurulmuş ziyanın 2020- 2021-ci illər ərzində olması nəzərə alınmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 80, 82,3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilərək iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi 2015-2021-ci illər arasında yonca əkini altında olmuşdur. Cavabdeh qanunsuz olaraq onun yerini zəbt edərək ona ziyan vurmuş, əldə etdiyi nəzərdə tutduğu gəlir əldən çıxmışdır. Dəymiş ziyanın hesablanması barədə X20 inkişaf Mərkəzinə müraciət etmiş, nəticədə torpaq sahəsinə baxış keçirilmiş və ona 2.530 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, X20 İnkişaf Mərkəzinin rəyinə heç bir qiymət verilməmiş, cavabdeh günahkar olduğunu bilərək məhkəmə iclasına da gəlməmişdir. Məhkəmə isə yarımçıq qətnamə çıxarmış və korkoranə hüquqa və qanuna zidd bir qərar vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamənin əsaslığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus 0,80 ha torpaq sahəsinə 2020-ci ildə müdaxilə etməyə başlamış, bu səbəbdən də də iddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
18. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin X17 X19 Mərkəzi tərəfindən verilmiş rəyə əsasən həmin torpaq sahəsindən bir ildə əldə olunan gəlirin məbləği 506 manat təşkil edir.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində 2015-2021-ci illər üçün dəymiş ziyanın ödənilməsini tələb etdiyindən, lakin ona məxsus torpaq sahəsinə müdaxilənin 2020-ci ilin iyul ayında olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən vurulmuş ziyanın 2020-2021-ci illər ərzində olduğunu nəzərə alaraq iddianı qismən təmin etmiş, yəni bir il üçün dəymiş ziyanın əvəzinin tutulmasını qət etmişdir.
20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
21. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2239/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.