Məhkəmə qərarları › İş №2(103)-2747/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2747/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2747/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD 862997 nömrəli, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir.

2. xx.xx.2023-cü il tarixli AR-İİ 993382 nömrəli etibarnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 ona məxsus olan qeydiyyat nişan OO-936-OX, Mersedes-Benz Vita markalı minik avtomaşını idarə etməyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyində, Azərbaycan Respublikası DİN DÜPİ-də Bakı Nəqliyyat Departamentində təmsil etməyi, adından sənədləşdirmə işləri aparmağı, müqavilə imzalamağı, ərizə verməyi, ona çatası sənədləri, arayışları alınmağı və təhvil verməyi, adından imza etməyi, dövlət rüsumları ödəməyi, sənədləri imza etməyi, tapşırığın yerinə yetirməsi ilə əlaqədar bütün hərəkətlər etməyi 5 ay 1 gün müddətinə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 oğluna etibar etmişdir.

3. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh3 idarə etdiyi “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobillə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 6.277,10 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 82,78 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Azərmaş" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh3 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus və etibarnamə əsasında Cavabdeh1 etibar edilmiş “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobillə Xocəsən yolunda əks istiqamətə manevr edərək yolnəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Ekologiya YPX inspektoru tərəfindən sürücü Cavabdeh3 barəsində 28 aprel 2023-cü il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilməklə 40 manat məbləğində cərimə edilmişdir. "Azərmaş” Servis Mərkəzi tərəfindən 05 may 2023-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 6.277,11 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “X5" minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmamışdır. Hesab edir ki, “X5” markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobili icbari qaydada sığorta etdirmədiyi üçün, etibar edilən şəxs Cavabdeh1 nəqliyyat vasitəsini heç bir hüquqi əsası olmadan üçüncü şəxsə verdiyi üçün və Cavabdeh3 nəqliyyat vasitəsini hüquqi əsası olmadan idarə edərək zərər vurduğu üçün İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5.794,39 (beş min yeddi yüz doxsan dörd manat otuz doqquz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, 28 aprel 2023-cü il tarixdə, saat 18:10 radələrində, Cavabdeh2 məxsus və etibarnamə əsasında Cavabdeh1 etibar edilmiş “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobili heç bir hüquqi əsası olmadan idarə edən Qarayev X2 yolunda əks istiqamətə manevr edərək yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 99-PL295 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh3 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7503 nömrəli, xx.xx.2023-üi il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında 2020-ci il buraxılışlı “Khazar” minik markalı, “SD” model, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.794,39 manat müəyyən edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1010/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnaməndə dəyişiklik edilərək, qətnamənin “qət etdi” hissəsində cavabdehlər siyahısından onun adının çıxarılması və ona aid hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun tərəfindən “X5” minik markalı, OO-936-OX dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh1 verilmişdir. Lakin həmin yol-nəqliyyat hadisəsini Cavabdeh3 törətmişdir. Yəni işin hallarından da görünür ki, onun tərəfindən mülkiyyətində olan avtomobili idarə etmək üçün Cavabdeh3 hər hansı bir etibarnamə verilməmişdir. Həmçinin avtomobilin də Cavabdeh3 tərəfindən hansı əsasla idarə olunması ona məlum olmamışdır. Yəni onun xəbəri və razılığı olmadan bu avtomobil Cavabdeh3 idarəsinə verilmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən ətraflı araşdırılmamış və bununla da AR MM-nin 1108.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə onun bu prosesdə iştirakını təmin etmək üçün heç bir cəhd göstərməmişdir. Bir halda ki, “Elektron Məhkəmə” sistemi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrələrini müəyyən edərək məhkəmə iclası barədə ona mesaj göndərmək olardı. Lakin işin hallarından görünür ki, bununla əlaqədar heç bir zəruri tədbirlər görülməmiş və bununla da AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətini müafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində olan prosesdən xəbəri olmayıb. Əgər cavabdeh prosesdən xəbəri olsaydı, işin halları ilə bağlı etirazlarını və sübutlarını təqdim edərdi. İşin hallarından görünür ki, etibarnamə Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmişdir. Hadisəni törədən Cavabdeh3 ümumiyyətlə Cavabdeh2 heç bir münasibəti olmamış və avtomobilin ona təhvil verilməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda Cavabdeh2 pulun tutulması, onun fikrincə, Mülki Məcəllənin 1108-ci maddəsinin tələblərinin pozulması deməkdir. Həmin maddədə qeyd edilir ki, həmin avtomobilə qanuni əsaslarla mülkiyyət hüququ başqa şəxsə verilərsə, sonuncu məsuliyyət daşıyır. İşin hallarından görünür ki, hadisəni törədən Cavabdeh3dır. Qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən avtomobilin ona verilməsi ilə əlaqədar heç bir etibarnamə və sənəd yoxdur. İddiaçının istinad etdiyi dəlilə münasibəti odur ki, sığorta və başqa məsələləri etibarnamə verilmiş Cavabdeh1 öz üzərinə götürmüşdür. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətiə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsi, iddianın ona münüasibətdə rədd olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 21.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 22.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 23.1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

24.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. 27.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 28.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 29.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 30.Qeyd edildiyi kimi, qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 31.Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 32.Beləlikə, qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. 33.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

34. Mübahisələndirilən qətnamədən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına baxmayaraq, Mülki Məcəllənin 157.8 və 1108-ci maddəsini düzgün tətbiq etməmiş, “X5” minik markalı, OO- 936-OX dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olduğuna, tərəfindən sığrtalanmadığına istinadən onun iddiaçıya dəymiş zərər üçün mülki məsuliyyət daşıması qənaətinə gəlmişdir.

35. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.

36. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının və bu hüquqlara uyğun vəzifələrin təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də aiddir.

37. İş materiallarından görünür ki, “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. O, nəqliyyat vasitəsini idarə edilməsi üçün AR-İİ № 993382 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Cavabdeh1 verilmişdir. Etibarnamədə qeyd edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz və etibarnamə xx.xx.2023-cü il tarixə qədər etibarlıdır. Sonuncu isə bu avtomobili səlahiyyətsiz şəxs Cavabdeh3 vermiş, o, isə öz növbəsində mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir.

38. Beləliklə, Cavabdeh3 avtomobili, sürmək üçün notarial etibarnamənin olmamasına baxmayaraq idarə etmiş, Cavabdeh1 isə nəqliyyat vasitəsinin üzərində sahiblik hüququ olan şəxs kimi həmin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq hüquqa malik olmayan şəxsə - Cavabdeh3 vermişdir. Əmlakdan istifadəni üçüncü şəxsə verən bu cavabdeh həmin şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının etibarnamə əsasında Cavabdeh1 verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirmiş, bu hal da qanuni sahibliyində olan əmlaka dair müvafiq hüquq və vəzifələrin yaranmasına əsas olmuşdur. Belə ki, əmlakı qanuni sahibliyinə alan tərəf bu əmlaka dair hansı həcmdə hüquqlara malik olursa, o həcmdə də üçüncü şəxslər qarşısında sahibliyə dayanan məsuliyyət daşıyır.

40. Beləliklə, İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini etibarnamə üzrə qanuni sahib olan Cavabdeh1 daşıdığından, Cavabdeh2 “X5” minik markalı, OO-936- OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmasına baxmayaraq, dəymiş zərərin yaranmasında hər hansı təqsirli və ya təqsirsiz mülki hüquq məsuliyyətinin yaranmasını mümkün edən hallar müəyyən edilmədiyindən, o hazırki iddia üzrə cavabdehlik daşıyan şəxs deyildir. Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının olmaması da “X5” minik markalı, OO-936-OX dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin yaranmış zərərin qarşılanması üzrə mülki hüquq məsuliyyətini yaratmır.

41. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

42. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

43. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi qismən – Cavabdeh2 aid hissədə ləğv edilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar