Məhkəmə qərarları › İş №2(103)-2748/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2748/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2748/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(009)-411/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İddiaçı ilə Cavabdeh birgə nikahından 1 uşaqları vardır: 10 may 2012-ci il tarixdə anadan olmuş X4.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli, 2(009)- 1311/2013 nömrəli qətnaməsinə əsasən Babayeva (Ağayeva) Ülviyyə Ələkbər qızı ilə Cavabdeh arasında nikahın pozulması, 10 may 2012-ci il tarixdə anadan olmuş X2 anasının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh 30 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 93 manat alınaraq Babayeva (Ağayeva) Ülviyyə Ələkbər qızına verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(009)-1311/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh 10 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, təyin olunmuş 93 manat aliment uşağın minimum ehtiyaclarını ödəmir və hesab edir ki, bu məbləğ olduqca azdır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuş və həmin qanun 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Bu səbəbdən hesab edir ki, aliment tutularaq minimum 235 manat olmalıdır. Göründüyü kimi uşağın saxlanılması üçün ödənilməli olan 93 manat aliment məbləği, uşağın dövlət tərəfindən müəyyən olunmuş ehtiyac meyarından çox-çox aşağıdır. Odur ki, bu xüsus nəzərə alınmalı və uşağın mənafeyi nəzərə alınaraq aliment məbləği artırılmalıdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(009)- 411/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Qətnamənin əsaslarına görə, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən şikayət verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayətinin dəlillərinə görə, məhkəmə isə dair qətnamə qəbul edərkən onun maddi vəziyyətini, yəni, əmək fəaliyyəti ilə məşğul ola bilməməyini, əlilliyinin olmasını və himayəsində üç azyaşlı övladının olmasını və s. amilləri nəzərə almamışdır. Belə ki, məhkəmə işə birtərəfli mövqedə yanaşmış, tərəflərin məhkəmə prosesində iştirak etməsinə yönələn heç bir hüquqi addımlar atmamışdır. O, hazırda xəstəliyi ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul ola bilmir və övladlarının baxılması və zəruri xərclərinin ödənilməsi yalnızca onun maddi vəsaiti hesabına həyata keçirilir. Hələ özünün yaşayışı üçün lazım olan minimumu da hesablasaq, təyin edilən aliment məbləği onun yaşayışına olduqca mənfi təsir göstərir, şəxsin yaşayış standartlarının pozulması ilə nəticələnir. Bu səbəbdən hesab edir ki, birinci instansiya tərəfindən nəzərə alınmamış, məhkəmənin diqqətinə çatdırmaq imkanından məhrum edilməyini və hazırda məhkəmənin diqqətinə çatdıra bildiyi faktları-xəstəliyinin olması ilə daimi müayinə və həkim müşahidəsinə ehtiyacımın olması, üç azyaşlı övladının daha saxlanılması xərclərini və işsiz olmağını nəzərə alınaraq alimentin miqdarı azaldılmalıdır. Hazırki təyin edilmiş alimentin miqdarı çox olduğundan onun yaşayışına mənfi təsir göstərəcək. Belə ki, o bu günədək öz öhdəliyimi icra etmək üçün çalışmış və müəyyən edilmiş alimemt məbləğini də ödəmişdir. O, 93 manat məbləğində müəyyən edilmiş aliment məbləğini belə ödəməkdə çətinlik çəkmiş, hətta, sonuncu ayda ödəmək imkanı da olmamışdır. Belə olan təqdirdə hazırda müəyyən edilmiş 235 manat məbləğində aliment onun vəziyyətinin daha da ağırlaşdıracaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 93 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 235 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.

21. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

22. Belə ki, cavabdehin real maddi vəziyyətinin aşağı olması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(009)-411/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(009)-411/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar