Məhkəmə qərarları › İş №2(103)-2749/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2749/2022

15.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2749/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh hüquq varisi (övladı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, Sabunçu rayonu, Buzovna qəsəbəsi, M.Moqamayev küçəsində yerləşən 47 nömrəli evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi kimi hesablanmış 3.744 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh 29.12.2021-ci il tarixdə öldüyünə görə o, hüquq varisi (övladı) X2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Zərərin əvəzi kimi tələb olunan 3.744 manatın tərkibinə 2 əsasla hesablanmış məbləğ daxildir: 1-ci, qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 2.383,2 manat; 2-ci, qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 1.360,80 manat. Hər 2 məbləğin cəmi 3.744 manat təşkil edir. 1-ci məbləğin, yəni 2.383,2 manatın tutulması barədə tələb əsassızdır. Belə ki, həmin məbləğ iddiaçının tərtib etdiyi 2 akta – 29.03.2018 və 21.09.2018-ci il tarixli aktlara əsasən hesablanıb. 1-ci akta əsasən 439,32 manat, 2-ci akta əsasən 1.944 manat hesablanıb. Həmin 2 məbləğin cəmi 2.383,2 manat təşkil edir. 1-ci aktda, yəni 29.03.2018-ci il tarixli aktda qeyd olunub ki, qaz sayğacının flyans plombunun sındırıldığı aşkar edildi. 2-ci aktda, yəni 21.09.2018-ci il tarixli aktda qeyd olunub ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. İddiaçı iddia edir ki, cavabdeh sayğaca müdaxilə edib, sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilib, bununla bağlı hesabat aparılaraq itirilmiş qazın həcmi müəyyən edilib. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. 2-ci məbləğin, yəni 1.360,80 manatın tutulması barədə tələb əsassızdır. Belə ki, iddiaçı həmin tələbi iddia ərizəsində bir cümlə ilə belə əsaslandırıb: “Bundan əvvəl cavabdehin Birliyə 1.360 manat məbləğində borcu var idi”. Lakin iddiaçı həmin borcun hansı dövrə aid olduğunu və hansı qaydada hesablandılğını iddia ərizəsində göstərməyib və onu zərərin əvəzi kimi tələb edib. Sayğac üzrə borcu ödəmək öhdəliyi müqaviləyə əsaslanan öhdəlikdir, zərərin əvəzini ödəmək öhdəliyi isə deliktə əsaslanan öhdəlikdir. Müqaviləyə əsaslanan öhdəliyin icrası deliktə əsasən tələb oluna bilməz. Mülki- Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə həm də iddianın əsası nəzərdə tutulur. Həmin məbləğ deliktə əsasən, yəni zərərin əvəzi kimi tutula bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar