Məhkəmə qərarları › İş №2(103)-2750/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2750/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2750/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və X9 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2009-cu il tarixli qətnamədən cavabdeh Lətifə Abasovanın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, iddiaçının vəkili X7, Cavabdeh3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin mülkiyyətçisi X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində yerləşən 9 saylı evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsində mülki işin icraatı başlanmışdır. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürüldükdən sonra, cavabdeh Kiçikxanım Həşimova ölmüşdür. Bunu nəzərə alaraq iddiaçı iddia ərizəsinə əlavə ilə Rayon Məhkəməsinə müraciət edərək həmin tələbi cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin yeni mülkiyyətçisi X9 qarşı irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 nikaha daxil olmasalar da, xx.xx.1996-cı il tarixdə ailə münasibətlərinə daxil olmuş və iddiaçı yaşamaq üçün mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt evin mülkiyyətçisi Cavabdeh3 anası X4 olmuşdur. Evdə yaşadığı dövrdə iddiaçı ilə Cavabdeh3 münasibətlərindən bir uşaq doğulmuşdur – xx.xx.2003-cü il təvəllüdlü Südabə. İddiaçı, yaşayış yeri üzrə evə qeydiyyata alınmasa da, uzun illərdir ki cavabdehlərlə birgə təsərrüfat apararaq, evdən açıq, fasiləsiz və etirazsız istifadə etmişdir. Buna baxmayaraq son vaxtlar Kiçikxanım Həşimova, onun ölümündən sonra isə evin yeni mülkiyyətçisi Lətifə Abasova iddiaçının evdə yaşamasına mane olmuşlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Lətifə Abasova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisəli ev əvvəllər Kiçikxanım Həşimovanın mülkiyyətində olmuş, onun ölümündən sonra vərəsəlik hüquqi əsasında mərhumun övladı Lətifə Abasovanın mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixdə “Çıxarış” verilmişdir. Lətifə Abasovanın ögey qardaşı Cavabdeh2 övladı Cavabdeh3 İddiaçı ilə ailə qursa da, iddiaçı evə köçməmiş və yaşamamışdır. Bu səbəbdən İddiaçı evdən istifadə hüququ yaranmamışdır. Daha sonra qeyd edilməlidir ki, qüvvədə olan qanunvericiliyə əsasən, İddiaçı mübahisəli evə istifadə hüququnun yaranması üçün iddiaçı ilə evin hazırki mülkiyyətçisi Lətifə Abasova aralarında notarial qaydada bağlanmış razılığa əsasən yarana bilər. Lakin belə bir müqavilə mövcud deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1269/2006 №-li qətnaməsindən görünür ki, anası K.Həşimova həmin vaxt cavabdehlər Mübariz və Cavabdeh3ların evdən çıxarılmaları və onlar tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia irəli sürmüş və həmin iddia təmin edilmişdir. Əgər İddiaçı həmin vaxt evdə yaşamış olsa idi, K.Həşimova İddiaçı da qarşı iddia irəli sürərdi. Həmin məhkəmə aktından görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində qoymamış, ona qarşı mənzildən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Həmin məhkəmə aktı bir daha təsdiq edir ki, iddiaçının istifadə hüququna xitam verilməmişdir və onun tələbi əsaslıdır. Odur ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv, iddia isə rədd edilməlidir. Apellyasiya baxışının əvvəlki iclaslarına iştirak etmiş cavabdeh Lətifə Abasova apellyasiya şikayəti müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Lətifə Abasova apellyasiya baxışının növbəti iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsə də iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Aralarında rəsmi nikah olmasa da onlar xx.xx.1996-cı il tarixdə ailə qurmuş, iddiaçı evə gəlin gələrək onlar ilə birlikdə evdə yaşamış və hazırda da evdə yaşayır. Nənəsi – evin mülkiyyətçisi Kiçikxanım Həşimova öldükdən sonra, ev onun ögey bibisi Lətifə Abasovanın mülkiyyətinə keçsə də, Lətifə özü evdə heç vaxt yaşamışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1269/2006 №-li qətnaməsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin qətnamə ilə onun və mərhum atası Cavabdeh2 evdən çıxarılması qət edilsə də, qətnamə bu günə kimi icra edilməmişdir, çünki nə K.Həşimova nə də ki, L.Abasova bunun marağında olmamışlar. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Birinci instansiya məhkəməsində aparılmış icraat ilə apellyasiya icraatı arasındakı müddət ərzində Cavabdeh2 ölmüşdür. Lakin onun Rayon Məhkəməsinə verdiyi izahatından görünür ki, o, iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, övladı Cavabdeh3 iddiaçı ilə 1996-ci ildə ailə qurmuş və bundan sonra iddiaçı evə gəlin gələrək onlar ilə birlikdə evdə yaşamış və hazırda da evdə onlarla birlikdə yaşayır (izahat verilən zaman nəzərdə tutulur). Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı ilə Cavabdeh3 nikaha girmədən 1996-cı ildə ailə münasibətlərinə daxil olmuşlar. Bundan sonra iddiaçı yaşamaq üçün mübahisəli evə gəlin köçmüşdür və hazırda da, həmin evdə yaşayır. Bu hal Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3, X5, Əliağa Qadaş oğlunun və Həşimov Hənifə Əlövsət oğlunun ifadələrilə də təsdiq edilir. Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 1251 №-li arayışından görünür ki, iddiaçı 1996-cı ildən mübahisəli evdə qeydiyyatsız yaşayır. İş üzrə tərəflərin Məhkəmələrə bildirdirdiklərindən müəyyən edilir ki, əvvəllər ev Kiçikxanım Həşimovanın mülkiyyətində olmuş və onun ölümündən sonra ev vərəsəlik hüququ əsasında mərhumun övladı Lətifə Abasovanın mülkiyyətinə keçmişdir. Bu hal aşağıdakı sənədlər ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhəri İH Tİ və MHQİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə əsasən verilmiş xx.xx.2000-ci il tarixli, FM seriyalı, 007211 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X1 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətifə Abasovanın adına qeydə alınmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış sahəsinə 1996cı ildə köçmüşdür. Belə olan halda mövcud mübahisə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımından həll edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, İddiaçı Cavabdeh3 ilə 1996-cı ildə ailə quraraq, mübahisəli yaşayış sahəsinə gəlin köçmüşdür və hazırda da orda yaşayır. Cavabdeh3 xx.xx.2000-ci il tarixədək həmin evin icarədarı, qeyd edilən tarixdən sonra isə evin mülkiyyətçisi olmuş K.Həşimovanın nəvəsidir. Qanunun göstərişindən göründüyü kimi şəxsin mənzilə yaşayış hüququnun tanınması üçün o, ya icarədarın ailə üzvü olmalı, və ya icarədar tərəfindən qeyd-şərtsiz mənzilə köçürülmüş digər şəxs olmalıdır. Hazırkı işdə iddiaçının uzun müddət mübahisəli mənzildə heç bir mübahisəsiz yaşaması onu təsdiq edir ki, o, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş K.Həşimova tərəfindən qeyd-şərtsiz həmin mənzilə yaşamaq üçün köçürülmüşdür və həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq da onun mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Apellyasiya şikayəti verən Cavabdeh1 mübahisəli mənzilə xx.xx.2008-ci il tarixdən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və mübahisəli mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 bildirir ki, iddiaçının onun mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması deməkdir. Çünki iddiaçıya evdən istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin L.Abasova iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsinin xx.xx.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməsindən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə istinad edərək, qeyd edir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (maddə 158.3.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.). Bundan başqa, iş materiallarına əlavə edilmiş, cavabdeh tərəfin istinad etdiyi xx.xx.2006-cı il tarixli (İş № 2-1269/2006) qətnamədən görünür ki, iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıxarılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə iddiası təmin edilmişdir. Məhkəmə qeyd edir ki, həmin məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə İddiaçı cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Bunu və İddiaçı mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2009-cu il tarixli, 1251 №-li arayışını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Lətifə Abasova tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh X8 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2009-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Lətifə Abasovanın özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar