Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2750/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı istifadə olunmuş elektrik enerjisinin haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(003)-2107/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 7275,35 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu **********10002 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 7275,35 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 7275,35 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(003)- 2107/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə istifadə olunmuş elektrik enerjisinə görə yaranmış borc kimi 4544,82 manat və ödənilmiş dövlət rüsumuna görə 18 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, İİ qrup əlildir. Elektrik enerjisinə görə borc anası X1 adına yazılmışdır. Anası 28.09.2015-ci il tarixdə vəfat etmişdir. O heç vaxt qanunsuz olaraq elektrik enerjisindən istifadə etməmiş, borc isə əsassız olaraq hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(003)-2107/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, abonent kodu **********10002 sayla qeydiyyata alınmış ünvanda istehlakçının elektrik enerjisindən istifadə etməsi nəticəsində 7275,35 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ilə qədər 1898,34 manat, 2015-ci ildə 337,14 manat, 2016-cı ildə 495,05 manat, 2017-ci ildə 1178,42 manat, 2018-ci ildə 1054,89 manat, 2019-cu ildə 1051,92 manat, 2020-ci ildə 1008,5 manat, 2021-ci ildə 251,09 manat, cəmi 7275,35 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi vaxtaşırı ödənişlər haqqında tələblər üzrə öhdəliklərin xitamı üçün mülki qanunvericilkdə beş il müddət nəzərdə tutulduğuna əsaslanaraq son beş ildə (2017, 2018, 2019, 2020 və 2021-ci illər) elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcun əvəzi kimi 4544,82 manat pulun cavabdehdən tutulub "xxxx" ASC-yə tutulmasını qət etmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanına abonent kodu cavabdehin anası X1 adına açılmışdır. X2 28 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavabdeh apellyasiya şikayətində həmin ünvanda abonent kimi anası Məliknisə Dadaşovanın qeydə alındığını, elektrik enerjisindən istifadəyə görə borcun anasının adına yazıldığını, anasının vəfat etdiyini, elektrik enerjisindən heç vaxt qanunsuz istifadə etmədiyini göstərmişdir. İşin faktiki hallarından görünür ki, qeyd olunan ünvanda elektrik enerjisindən istifadəyə görə abonent kimi mərhum Məliknisə Dadaşova göstərilsə də, həmin ünvanda elektrik enerjisindən faktiki olaraq orada yaşayan Cavabdeh istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci maddəsinə əsasən, elektrik enerjisi istehlakçısı dedikdə, müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) dedikdə isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı başa düşülür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Cavabdeh ünvan 1 ünvanında isifadə olunan elektrik enerjisinə görə abonent kimi qeydə alınmasa da, həmin ünvanda yaşayan istehlakçı kimi istifadə olunmuş elektrik enerjisinin haqqını ödəməyə borcludur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(003)- 2107/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2750/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2750/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver