Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2750/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2750/2025 (Açar sözlər: icra qeydinin ləğv edilməsi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-292/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana 60 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) 10.000 manat məbləğində kreditdən istifadəyə görə illik 19 faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
2. "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, Bank tərəfindən 10.000 manat məbləğində pul vəsaiti İddiaçı verilmişdir.
3. "xxxx" ASC tərəfindən İddiaçı göndərilən bildirişdən görünür ki, İddiaçı Bank tərəfindən ona verilən kreditdən istifadə etmiş, lakin hesablanmış 8303.87 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını pozmuşdur. Yuxarıdakıları nəzərə alaraq bildirilir ki, borc 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
4. 186732 nömrəli poçt qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş İddiaçı göndərilmiş və “Əhmədov” adlı şəxs tərəfindən qəbul edilmişdir.
5. 07 may 2024-cü il tarixli notariat icra qeydi haqqında ərizədən görünür ki, BPM**********95 (120KANL1********) nömrəli kredit müqaviləsi üzrə İddiaçı ödənilməmiş əsas borcu 8303.87 manat, ödənilməmiş faiz borcu 3970.10 manat, tutulmalı olan cəm məbləğ 12.274,37 manat təşkil edir.
6. 08 may 2024-cü il tarixli, 8İ-4306 nömrəli İcra qeydindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X2 Şahin Şakir oğlundan BPM**********95 (120KANL1********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12.274 manat 37 qəpik tutulmasını, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12.299 manat 37 qəpik pul tutulması təklif etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BPM**********95 (120KANL1********) nömrəli kredit müqaviləsinə əsasən 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8 may 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış BPM**********95(120KANL1********) nömrəli kredit müqaviləsi üzrə əsassız olaraq hesablanmış 3000 manat faiz və 2512,03 manat cərimə borcunun silinməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında BPM**********95(120KANL1********) nömrəli, xx.xx.2019-cu il tarixli, məbləği 10000 AZN olan kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı uzun müddət kredit ödənişini həyata keçirtmiş, daha sonra iddiaçı Vətən Müharibəsində iştirak etdiyi üçün, həmçinin sonrakı tarixlərdə xəstəxanada müalicə aldığı üçün ödənişlər həyata keçirə bilməmişdir. Bir müddət sonra cavabdeh banka yaxınlaşaraq faizlərin və cərimələrin silinməsini, kredit borcunun yenidən formalaşdırılmasını xahiş etmiş, lakin bugünədək bank tərəfindən cavab verilməmişdir. İddiaçı tərəfindən bugünədək 5802,03 AZN kredit ödənişi həyata keçirilmişdir. Buna baxmayaraq hal-hazırda bank iddiaçıdan əsassız olaraq əlavə 12273,97 AZN ödəniş tələb edir. İddiaçı tərəfindən kredit ödənişi həyata keçirilmədiyi üçün 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 8 may 2024-cü il tarixli icra qeydi çıxarılmış və icra olunması üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. İddiaçı icra şöbəsi tərəfindən dəvət edildikdən sonra icra qeydi barədə məlumatı olmuşdur. Notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən qanunun tələbinə görə kredit verən bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlar mövcud deyil. Cavabdeh bank tərəfindən kredit borcu əsassız olaraq şişirdilmişdir. Belə ki, iddiaçı özündən asılı olmayaraq üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməməsi nəticəsində cavabdeh bank əsas borcdan yaranan faiz və cərimə pulunun miqdarı süni şəkildə artırılmış və bank tərəfindən iddiaçıya hesablanmış faiz və cərimə pulu tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Həmçinin, kreditlər üzrə faiz düzgün hesablanmamış, ödənən pullar əsas borcdan çıxılmamış, əsassız olaraq faiz borcundan silinmişdir.
9. "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 120KANL191490501 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilmiş əsas borcu 1696.13 manat, ödənilmiş faizləri 4018.24 manat, ödənilməmiş əsas borcu 8303.87 manat, ödənilməmiş faizləri 3970.1 manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 25 manat, borc üzrə tələb olunan məbləğ 12273.97 manat təşkil edir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 12 dekabr 2024-cü il tarixli, 9/8676 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********95 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı Banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4000,45 manat, müqavilə bitən müddətə, yəni xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4092,49 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün yuxarıda göstərilən tarixlər üzrə cavabdeh İddiaçı cərimə borcu hesablanmadı. Aparılan tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 yanvar 2025-ci il tarixli 2(006)-292/2025 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl (xx.xx.2024-cü il tarixdə) sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, sözügedən bildiriş “Əhmədov” adlı şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı bildirişin onun rəsmi qeydiyyatda olduğu hərbi hissəyə göndərildiyini, lakin həmin vaxtı orduda xidmət etmədiyi üçün bildirişin başqa şəxs tərəfindən qəbul edildiyini bildirsə də, bununla bağlı sübutlarını (alan şəxsi tanımaması və s.) əlavə etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi sözügedən hissədə əsassızdır.
13. Bundan əlavə isə məhkəmə qeyd etmişdir ki, tələbkarın tələb edilən məbləğ ilə bağlı bildirişi rəsmi poçt vasitəsilə borclunun rəsmi (məlumat verilən) ünvanına göndərməsi tələbkarı digər risklərdən azad etmiş hesab etməlidir.
14. Məhkəmə iddia tələbinin "xxxx" ASC tərəfindən əsassız olaraq İddiaçı hesablanmış 3000 manat faiz və 2512,03 manat cərimə borcun silinməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən mühasibat ekspertizası təyin edilmişdir. Müvafiq ekspert rəyi ilə iddiaçının həqiqətən Banka borcunun olması öz təsdiqini tapdığından və bunun əksi iddiaçı tərəfindən sübut olunmadığından qeyd edilən hissədə də iddia əsaslı olmadığından, təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 527.1, 527.2, “Notariat haqqında” Qanuna, .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 88, 101.7, 103.1, 103.2, 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, iddiaçı Vətən müharibəsi iştirakçısı olmuşdur. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı krediti bankdan götürdüyü gündən 2020-ci ilin sentyabr ayınadək (müharibə başlayan günədək) cədvəl üzrə müqavilənin tələblərinə uyğun formada aylıq ödənişlərini həyata keçirtmişdir. Müharibə başladıqdan sonra iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müharibədə iştirak etdiyi üçün, daha sonra döyüşlərdə yaralandığı üçün ödənişləri həyata keçirtməsi mümkün olmamışdır. Bundan sonra dəfələrlə cavabdeh bankla müraciət edərək faiz borcunun silinməsini, ödəniş qaliyyətininin özündən asılı olmayan səbəblərə görə baş verdiyini bildirsədə, cavabdeh bank tərəfindən faiz borcu silinməmişdir. Buna əsasən hesab edir ki, öhdəliyin pozulmasına görə iddiaçı məsuliyyət daşımır, çünki pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Qanunun tələbinə görə kredit verən bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlar mövcut deyil. Məhkəmə iclasında tərəfimizdən bildirilmişdir ki, iddiaçı müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi hissəyə qeydiyyata düşmüş, xidmətdən ayrıldıqdan sonra başqa ünvana qeydiyyata düşməyə mənzili olmadığı üçün, formal qeydiyyatda olmaqla həmin ünvanda qeydiyyatını davam etdirməkdədir. Həmçinin qeydiyyatda olduğu ünvandaki yaşayış binaları sökülmüşdür. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspert rəyində faizlərə aid hissə nataman olaraq hesablanmışdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən yeni ekspertiza təyin edilməmişdir. Cavabdeh bank tərəfindən üzərində imza, möhür olmayan poçt qəbzi təqdim edilmişdir. Lakin buna baxmayaraq məhkəmə təqdim olunan sənədin həqiqiliyi müəyyən etmədən sübut qismində qəbul etmişdir. Həmin poçt qəbzinin hansı şəraitdə, hansı ünvanda Əhmədov adlı şəxs tərəfindən imzalanması qeyri müəyyəndir. Poçt qəbzində Əhmədov adlı şəxsin şəxsi məlumatları (fin kodu və ya vəsiqəsinin nömrəsi) olmadığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Əhmədov” adlı şəxsin kim olduğunu isə cavabdeh bank izah edə bilməmişdir. İddiaçı da həmçinin “Əhmədov” adlı şəxsi tanımır, lakin buna baxmayaraq məhkəmə bildirişin iddiaçıya çatdığını hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etdiyini və onun təmin edilməməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası “Notariat haqqında” Qanunu
21. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.
22. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
23. Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
24. Maddə 162. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
25. Maddə 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
35. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsinə əsasən Bank iddiaçıya 60 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 10.000 manat məbləğində kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdələrinə götürmüşlər. Daha sonra iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyinə görə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 08 may 2024-cü il tarixli, 8İ-4306 nömrəli İcra qeydi aparılmışdır. Hazırda iddiaçı sözügedən icra qeydinin qanunvericiliyin tələbləri pozularaq verildiyini və icra qeydində nəzərdə tutulan borcun əsassız olaraq Bank tərəfindən hesablandığını iddia edərək, həmin icra qeydinin ləğv edilməsini və Bank tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsini tələb edir.
36. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
37. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı göndərilən bildirişdən görünür ki, İddiaçı Bank tərəfindən ona verilən kreditdən istifadə etmiş, lakin hesablanmış 8303.87 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını pozmuşdur. Yuxarıdakıları nəzərə alaraq bildirilir ki, borc 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
38. İş materiallarında olan 186732 nömrəli poçt qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş İddiaçı göndərilmiş və “Əhmədov” adlı şəxs tərəfindən qəbul edilmişdir.
39. İddiaçı ona istinad edir ki, bildiriş göndərilsə də, kimin tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir.
40. İddiaçının qeydiyyatda olduğu ünvan üzrə “Əhmədov” soyadlı şəxsin olub-olmaması əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının məlum olan qeydiyyat ünvanı üzrə bildiriş göndərilmiş (əlaqə nömrəsi qeyd edilməklə) və xəbərnamə imzalanaraq bildiriş qəbul edilmişdir və bu imzaların məhz iddiaçıya və ya başqa şəxsə məxsus olub-olmaması önəm kəsb etmir, bildirişin məhz iddiaçının qeydiyyatı üzrə ünvanda alınması əsasdır.
41. İddiaçı bildirişin onun rəsmi qeydiyyatda olduğu hərbi hissəyə göndərildiyini, lakin həmin vaxtı orduda xidmət etmədiyi üçün bildirişin başqa şəxs tərəfindən qəbul edildiyini bildirsə də, göstərilən hallar vəziyyəti dəyişmir, iddiaçı üzərinə düşən vəzifəni icra edərək, sifarişli poçt vasitəsi ilə düzgün ünvan üzrə bildiriş göndərmişdir. Ünvanının dəyişməsinin riskini iddiaçı özü daşıyır. 42.Kollegiya hesab edir ki, hazırda borc məbləğini mübahisələndirməklə iddiaçı işi yubatmaq məqsədini güdür. 43.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi alınmışdır. 44.Ekspert rəyini şübhə alına alacaq, eləcə də borcun yenidən hesablanması üçün iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. 45.İddiaçının müharibə iştirakçısı olması və hərbi əməliyyatlarda yaralanmasına məhkəmə rəğbət və hörmətlə yanaşır, ancaq iddiaçı nəzərə almalıdır ki, hər hansı güzəştin tətbiq edilib-edilməməsi bankın hüququdur.
46. Göründüyü kimi icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, icra qeydinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının tələbi əsassızdır.
47. Belə olan halda hazırki iddia tələbinin formal xarakter daşıdığı müəyyən edilir.
48. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-292/2025 nörməli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.