Məhkəmə qərarları › İş №2(103)-2753/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2753/2024

16.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2753/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4686/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia əsl olmayan cavabdehə qarşı verildiyindən təmin olunmamışdır. Həmin qətnamədən X1 tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4686/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər qaytarılmışdır. Həmin qərardaddan L.Abbasova şikayət vermiş, şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə müraciət edərək, əsl olmayan tərəfin əvəz olunaraq onun əsl tərəf - cavabdeh kimi işə qoşulmasını xahiş etmiş, lakin bu prosessual baxımdan mümkün olmamışdır. Bundan sonra, L.Abbasova müstəqil tələb irəli sürən üçüncü şəxs kimi prosesə cəlb olunmasını xahiş etmiş, lakin nəzərə alınmamışdır. Hesab edir ki, onun müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hüquqları pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4686/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 357.1. və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual normaların tələblərindən göründüyü kimi, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktlarından işdə iştirak edən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmçinin, əgər şəxs işdə iştirak edən şəxs deyilsə, qətnamədən şikayət verdikdə, qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını əsaslandırmalıdır. Hazırkı halda isə, iş üzrə yekun məhkəmə aktı qəbul olunmuş, iddia tələbi iddianın əsl cavabdehə qarşı irəli sürülməməsi əsası ilə rədd olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh onun əsl cavabdeh X1 (hazırda şikayət verən şəxs) ilə əvəz olunması barədə vəsatət vermiş, lakin iddiaçılar buna razı olmadığından məhkəmə iddianı qeyd edilən əsasla rədd etmişdir. Mülki işdən görünür ki, L.Abbasova cavabdeh (və ya digər prosessual şəxs) kimi icraata cəlb olunmamış, onun hüquq və vəzifələrinə toxunan qərar qəbul edilməmişdir. Belə olan halda, ərizəçinin birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmək hüququ da yaranmır. Bununla yanaşı, L.Abbasova iddiaçılara qarşı tələblərinin olmasını göstərsə də, onun həmin tələblərlə müstəqil qaydada məhkəməyə müraciət etmək hüquqları istisna olunmur. Belə ki, MPM-nin 4.1. və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 402-408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun açılması və çirkab sularının axıdılmasına törədilən müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4686/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4686/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar