Məhkəmə qərarları › İş №2(103)-2754/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2754/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2754/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcunun olmaması və borcun silinməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı «kredit borcunun olmaması və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh tərəfindən qanunsuz hesablanmış 25936,87 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 11 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona avtomobil alınması məqsədi ilə 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 24880 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin icrasının təmini kimi aralarında bağlanmış 11 iyul 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən «Hyundai İX 35» markalı, 2011-ci il buraxılışlıavtomobili ipoteka ilə yüklü edilmiş, avtomobil 29270 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. O, üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirərək banka olan borcunu ödəmiş, lakin sonradan maddi vəziyyəti çətinləşdiyindən avtomobili digər şəxsə satmaq qərarına gəlmişdir. Avtomobili alan adam bir müddət ödəniş etdikdən sonra ödənişləri dayandırmış, bu səbəbdən 2012-ci il tarixdə həmin şəxsdən avtomobili geri alaraq bankın əməkdaşı olan problemli kreditlər şöbəsinin rəhbər şəxsi Elgün adlı şəxsə təqdim etmişdir. 2015-ci il tarixdə ona Şəhla adlı xanım zəng edərək avtomobili bankdan aldığını və ona etibarnamə verməsini xahiş etmişdir. Bununla bağlı bankın əməkdaşı olan Elgünlə maraqlandıqda bildirmişdir ki, heç bir problem yoxdur, onun heç bir öhdəliyi qalmamışdır, avtomobili banka qaytarmışdır və öhdəliklə bağlı üzərinə düşən vəzifəsini icra etmişdir. Bu səbəbdən Şəhla adlı şəxsə avtomobilə dair mülki etibarnamə vermişdir. Lakin, bank əməkdaşlarının saxtakarlığı nəticəsində 2016-cı il tarixdə öhdəlik müddəti bitdiyi halda, xx.xx.2024-cü il tarixdə 25936,87 manat borcunun olmasına dair əvvəlcədən heç bir xəbərdarlıq və ya məlumat vermədən maaş aldığı kart hesabına «Beynəlxalq Bank» proqramı vasitəsi ilə bildiriş göndərilmişdir. Bu barədə bankla əlaqə saxladıqda bildirmişlər ki, borcu olduğu üçün kartında olan məbləğdən tutulmalar həyata keçiriləcəkdir. Qeyd edir ki, öhdəlik müddəti 11 iyul 2016-cı il tarixdə bitmiş və öhdəliyinin bitməsindən 3 il müddətində ondan ödənişin tutulmasına görə addımlar atılmamışdır. Lakin kreditin götürülməsindən 13 il, öhdəliyin bitməsi tarixindən isə hazırda 8 il keçdikdən sonra ondan pulun tutulmasına dair qərar qəbul etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, 2011-cı ildə bankla onun arasında kredit müqaviləsi bağlanmış, həmin öhdəliyin icrasının təmini olaraq avtomobilini banka ipoteka qoymuş, təxminən bir il sonra ödənişləri edə bilmədiyindən avtomobili bankın əməkdaşına təhvil vermiş, lakin bununla bağlı hər hansı sənəd almamışdır. Ona şifahi bildirmişlər ki, kredit öhdəliyi qalmamışdır. O, avtomobilinə görə digər şəxsə etibarnamə vermiş, bir müddət ödənişlər edilmişdir. bank isə uzun müddət sonra ona borc barədə bildiriş göndərmişdir. Halbuki, müqavilənin müddəti 2016-ci ildə bitmişdir. Göründüyü kimi bank iddia müddəti keçdikdən sonra ondan pulun ödənilməsini tələb edir. Eyni zamanda bank ondan həddindən artıq çox məbləğ tələb edir. Hesab edir ki, ödənişlər də nəzərə alınmaqla kredit borca daha az qalmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında müvafiq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçı avtomobili digər şəxsə verməklə öhdəliyin icrasından azad olduğunu düşünsə də, faktiki olaraq o bank qarşısnda borclu kimi qalmış, kredit müqaviləsindən yaranmış öhdəliklər başqasına ötürülməmişdir. İddiaçı ümumiyyətlə tələbinin əsası kimi stinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bank tərəfindən iddiaçıya qarşı iddia tələbi irəli sürülməmiş, avtomobil isə iddiaçının adınadır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 11 iyul 2011-ci il tarixli, 040 saylı kredit müqaviləsindən və xx.xx.2011-ci il tarixli məxaric orderinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən (müqavilə bağlanan dövrdə «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-nin «Sənaye» filialı) nəqliyyat vasitəsinin alınması məqsədi ilə, 60 ay müddətinə, illik 18 faiz hesablanmaqla 24880 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 11 iyul 2011-ci il tarixli 40 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış eyni tarixli 040 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı kimi 29270 ABŞ dolları dəyərində qiymətləndirilmiş «Hyundai» markalı «İX-35» modelli, 2011-ci il buraxılışlı, ağ rəngli, KMHJU81BDBU323313 ban nömrəli avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan «Azərbaycan Respublikası Beynəlxalq Bankı» «Sənaye» filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2012-ci il tarixli 19/492 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı banka 22.481 ABŞ dolları əsas və 676 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23157 ABŞ dolları borcunun ödənilməsi tələb edilmişdir. İşdə olan ƏN-İ seriyalı 308129 nömrəli xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı daşınmaz əmlak istisna olunmaqla bütün əmlaklarını idarə etməyi və əmlaklar üzərində sərəncam verilməsi hüququnu 50 il müddətinə X3 etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-84118/2024 nömrəli məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, İddiaçı məxsus «Hyundai» markalı «İX- 35» modelli, **-NL-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtonəqliyyat vasitəsini etibarnamə ilə öncə X5, daha sonra ardıcıllıqla X8, X7, X5, X9, X1 istifadəsində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli 9/6412 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 11 iyul 2011-ci il tarixli 40 saylı kredit sazişi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016cı il tarixə – əsas borc üzrə 17162,64 ABŞ dolları, faiz üzrə 4121,10 ABŞ dolları, xx.xx.2024-cü il tarixə – əsas borc üzrə 17162,64 ABŞ dolları, faiz üzrə 4108,89 ABŞ dolları, illik 5 % dərəcəsi ilə faiz 6860,29 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin Sənaye filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixə ola maliyyə arayışından görünür ki, ödənilməmiş əsas borc 17266 ABŞ dolları, ödənilməmiş faizlər 8695,13 ABŞ dolları, cəmi tələb edilən borc 25061,13 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı tərəfindən avtomobilə dair digər şəxsin idarə etməsi üçün etibarnamə verilməsi onun bank qarşısında öhdəliklərini aradan qaldırmamışdır. Borcun hesablanması ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə də iddiaçının bank qarşısında icra edilməmiş öhdəliyinin olması (əsas borc üzrə 17162,64 ABŞ dolları və faiz borcunun 4121,10 ABŞ dolları) müəyyən edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya borc məbləği cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmışdır və borc məbləğinin hazırki halda silinməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlara əsasən - tərəflər arasında 11 iyul 2011-ci il tarixli müvafiq kredit və ipoteka müqavilələrindən irəli gələn mülki hüquqi münasibətlər yaranmış, cavabdehə 60 ay müddətinə, illik 18 faiz hesablanmaqla 24880 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu həmin öhdəliyin icrasının təmini kimi mülkiyyətində olan “Hyundai İX35” markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırki tələbində qeyd edilən əqdlərin etibarlılığını (həqiqiliyini) mübahisələndirməmiş, əksinə kredit müqaviləsindən bir müddət sonra maddi vəziyyəti ilə bağlı ödənişlərini lazımi qaydada həyata keçirə bilməməsini, bu səbəbdən də ipoteka qoyulmuş avtomobili bankın əməkdaşına təqdim etməsini, avtomobilə dair digər şəxsə etibarnamə verməsini, bankın əməkdaşları tərəfindən ona kredit öhdəliyinin qalmamasının bildirilməsini, lakin uzun müddət sonra ona borc barədə bildiriş göndərilməsini, iddia müddətinin keçməsini və s. göstərməklə həmin borc məbləğinin silinməli olmasını iddia etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq borcun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.6-cı maddəsinə əsasən, əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-in 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. İddiaçı isə, kredit müqaviləsi üzrə öhdəliyini icra etməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bununla yanaşı, iddiaçı öhdəliyinin digər şəxsə ötürülməsi ilə bağlı da məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iddiaçı ipoteka qoyulmuş avtomobilin bankın tələbi ilə üçüncü şəxsə verilməsini, bununla da öhdəliyinə xitam verilməsini bildirsə də, bu halların mövcudluğunu əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdeh də qeyd edilənləri təsdiq etməmiş, iddiaçının bank qarşısında kredit öhdəliyinin davam etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, MM-nin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. MM-nin 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən avtomobilə dair digər şəxsin idarə etməsi üçün etibarnamə verilməsi onun bank qarşısında öhdəliklərini aradan qaldırmamışdır. Həmçinin məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə də iddiaçının bank qarşısında icra edilməmiş öhdəliyinin olması müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarda iddiaçının 11 iyul 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam olaraq yerinə yetirilməsi halı müəyyən edilmir. Belə olan halda borcun olmaması ilə bağlı iddiaçının dəlilləri əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. İddiaçının şikayətinin digər dəlili isə bank tərəfindən tələbetmə (iddia) müddətinin keçməsidir (11 iyul 2011-ci il tarixli kredit müqaviləsinin müddətinin 11 iyul 2016-cı ildə bitməsi və öhdəliyə müddətin keçməsinə görə xitam verilməsi). İddiaçının bu dəlilinə münasibətdə Kollegiyası qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372) İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). İddia müddəti tələb hüququ üçün xarakterikdir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarı). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər (Müddətin keçməsinə görə öhdəliyin xitamı, maddələr 550-554) hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenum qərarı). MM-nin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, tərəflər arasında mövcud olmuş münasibətlərə əsasən iddiaçı borclu, bank isə kreditor çıxış edir. Bu zaman isə, borclu tərəfindən öhdəlik lazımınca icra olunmadıqda və ya tam icra olunmadıqda, kreditor borcludan müəyyən olunmuş müddət ərzində səlahiyyətli orqan (məhkəmə və s.) vasitəsi ilə öhdəliyin məcburi qaydada həyata keçirilməsi tələb edə bilər. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan azad olsun. Lakin, hazırkı halda məhz borclu məhkəməyə müraciət edərək tələbində həmçinin iddia müddətinin tətbiq olunaraq borcunun olmamasının müəyyən edilməsini (borcun silinməsi) tələb etmişdir. Halbuki, kredit borcunun tutulması bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ tələbkara, yəni "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər. Beləliklə, qeyd edilənlər ona dəlalət edir ki, müddətini keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Bu səbəbdən də kreditor borcun məhkəmə qaydasında tutulması barədə müvafiq iddia verdikdə borclu həmin icraat çərçivəsində hazırki dəlillərini (iddia müddətinin tətbiqi və s.) irəli sürməklə fərdi müdafiəsini qurmaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır (MM-nin 554.1-ci mad). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar iddia tələbinin təmin olunması üçün qanuni əsas yaratmır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı da iddianın əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcunun olmaması və borcun silinməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar