Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2755/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17010- 0058/392016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə 3015,05 ABŞ dolları əsas, 783 ABŞ dolları faiz, 7,5 ABŞ dolları cərimə olmaqla, cəmi 3805,55 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin banka cəmi 430 manat borcu qalmışdır. Lakin bankın əməkdaşları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının və MBNP-nin təsdiq etdiyi Qaydaların 3-cü bəndinin tələblərini pozaraq, devalvasiya üzrə şərtlərin düzgün tətbiq edilməsindən yayınıblar. Sağlamlığında yaranmış problemlərlə bağlı məhkəmədə iştirak edə bilmədiyindən, mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışları, vəsatətləri təqdim edə bilməmişdir. Kredit borcları haqqında sorğularda cavabdehin borcunun olmaması göstərilmişdir. Bu barədə Palataya iki dəfə yazılı müraciət etmiş, məsələnin araşdırılıb həll ediləcəyi və nəticəsi barədə məlumat veriləcəyi bildirilsə də, müraciətləri nəticəsiz qalmışdır. Qətnamədə bank tərəfindən təqdim edilmiş rəqəmlər qəsdən şişirdilmişdir. Qeyd olunan rəqəmlər cavabdehə aid olmamaqla yanaşı, həm də səhv hesablanmışdır. Bundan başqa, həmin kredit üzrə faizlərin külli miqdarda yüklənməsi də qanun pozuntusudur. Bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və ekspertlər tərəfindən aydınlaşdırılmalıdır. Belə ki, bankın verdiyi maliyyə arayışına əsasən yox, cavabdehin hesabından çıxarış alınmalı və ətraflı yoxlanılmalı idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə illik 10 % olmaq şərti ilə xx.xx.2016-cı il tarixli, 2(004)-1159/2016 saylı Yasamal Rayon Məhkəməsinin qətnaməsinə müvafiq olaraq 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3, həmin tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərlərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına zamin kimi təminat vermişlər. Cavabdeh1 öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və iddia qaldırılan tarixə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Sözügedən kredit müqaviləsi üzrə əsas borcun qalıq məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən MBNP tərəfindən müəyyən edilmiş restruktizasiya olunmalı kredit borclarının siyahısında yoxdur. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2017-ci il tarixli 17010- 0058/392016 saylı kredit müqaviləsi, xx.xx.2017-ci il tarixli 17010-0058/392007 Z saylı və17010-0058/392013 Z saylı zaminlik müqavilələri,xx.xx.2017-ci il tarixli memorial order, xx.xx.2019-cu il tarixli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli, 1000 nömrəli məktub, problemli kreditlərin kompensasiyası üzrə elektron çıxarış və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 739.1-ci, 741-ci və 462.1-ci və 472.1-ci maddələrinə əsasən, kredit müqaviləsinin ləğv edilməsini və tələbdə göstərilən məbləğlərdə borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. MM-in 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, apellyasiya şikayətində xx.xx.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyü üçün borcunun restruktizasiya olunduğunu və cəmi 430 manat borcunun qaldığını, lakin işə birinci instansiya məhkəməsində baxılarkən səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyini bildirsə də, cavabdeh apellyasiya baxışında kifayət qədər vaxtı və imkanı olduğu halda da, yəni xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Apellyator, həmçinin, borcun düzgün hesablanmadığını və iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olduğunu bildirir. Kollegiya nəzərə alır ki, hazırkı işdə iddiaçının tələb etdiyi borc tərəflər arasındakı kredit müqaviləsinin müddəti (xx.xx.2022-ci il) bitmədən xx.xx.2019-cu il tarixə hesablanmış məbləğdir. Apellyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6503/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-2755/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2755/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver