Məhkəmə qərarları › İş №2(103)-2757/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2757/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2757/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair mülki iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1295/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4351,33 manat əsas, 130,95 manat faiz borcu və iş üzrə ödənilmiş 64,82 manat dövlət rüsumu olmaqla cəmi 4482,28 (dörd min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat pulun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat məbləğində kredit və k/x ödənilməsi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 4482,28 (dörd min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Bundan 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat əsas, 130,95 (bir yüz otuz manat doxsan beş qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********956 saylı xx.xx.2022-ci il tarixli məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1295/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsi üzrə 4482,28 (dörd min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat -bundan 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat əsas, 130,95 (bir yüz otuz manat doxsan beş qəpik) manat faiz borcu və 64.82 (altmış dörd manat, səksən iki qəpik) ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat məbləğində kredit verilmişdir.

7. LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 nömrəli kredit müqaviləsi üzrə 4482,28 (dörd min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat bundan 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat əsas, 130,95 (bir yüz otuz manat doxsan beş qəpik) manat faiz borcu yaranmışdır.

8. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixinə 4482,28 (dörd min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat -bundan 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat əsas, 130,95 (bir yüz otuz manat doxsan beş qəpik) manat faiz borcu yaranmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu; və Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284-6.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işi tam araşdırmamış və ödənilmiş məbləğləri iş materialına iddiaçı tərəfindən əlavə edilməmişdir. Əfsuslar olsun ki, məhkəmə MPM-nin hər hansı bir normasına istinad etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 385.1 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

20. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4351,33 (dörd min üç yüz əlli bir manat otuz üç qəpik) manat kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 21.Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun Banka borcu yaranmışdır.

22. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 24.Lakin, məhkəmə kollegiyası faiz borcunun məbləği ilə bağlı məhkəməni gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həmin hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

25. Belə ki, iş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-cii l tarixli bildirişdən görünür ki, Bank tərəfindən cavabdehə bildirilir ki, sonuncunun xx.xx.2022-ci il tarixə LPO İddiaçı ASC-yə 4351.33 AZN məbləğində əsas borc, 83.40 AZN məbləğində faiz, ümumilikdə 4434.73 AZN məbləğində borcu qalmışdır. Eyni zamanda qeyd olunur ki, kreditor borclarını ödəməkdən qəsdən yayınmağı son nəticədə cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Buna görə də Cavabdeh tələb olunur ki, 4434.73 AZN məbləğində borcun ödənilməsini 3 gün ərizində təmin etsin.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.”

27. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 28 iyun 2022-ci il tarixldə xəbərdarlıq-pretenziya məktubu ilə müraciət edilərək qeyd edilmişdir ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin cavabdehdən tutulması üçün tədbirlər görülərək.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, pretenziya məktubunun göndərildiyi xx.xx.2022-ci il tarixdən sonra hesablanmış borcun tutulması yolverilməz olduğundan, cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği 83,40 manat məbləğində müəyyən edilməlidir. 29.Məhkəmə kollegiyası ödənilmiş məbləğlərin nəzərə alınmaması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, kredit borcunun məbləği işdə olan sənədlərlə (məliyyə arayışı hesabdan çıxarış və s.) öz təsdiqini tapdığı halda cavabdeh tərəfindən mübahisələndirilən kredit müqaviləsi üzrə hər hansı ödənişlərin edilməsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.

30. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1295/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsi üzrə 83.40 manat (səksən üç manat, qırx qəpik) iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır. 31.Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1295/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi faiz borcu hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi faiz borcu ilə bağlı hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli 100.LN.1675.261119.00001 saylı kredit müqaviləsi üzrə 83.40 manat (səksən üç manat, qırx qəpik) iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar