Məhkəmə qərarları › İş №2(103)-2758/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2758/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2758/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.800 manat əsas borcun və məhkəmə rüsumu olaraq ödənilmiş 144 manat pulun, 220 manat vəkil bürsouna ödədiyi pulun iş üzrə Cavabdeh alınaraq iddiaçıya İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə oğlu Cavabdeh onun öz xahişi ilə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat borc vermişdir. Sahib borca pul götürəndə ona vəd vermişdi ki, ondan götürdüyü bütün borcunu tez bir müddət ərzində qaytaracaqdır. Həmin borcu o Sahibə hazırda yaşadığı ünvanda, yəni- Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan ermişdir. Sahib ondan götürdüyü 27.800 borcundan 10.000 AZN-nin 28 aprel 2023-cü ildə ona qaytardı. Borcundan qalan 17.800AZN-İ də tez bir müddət ərzində qaytaracağını vəd etdi. Həmin vaxtdan 5 ay keçməsinə baxmayaraq Sahib yerdə qalan 17.800 AZN borcundan heç bir ödəniş etməmişdir. Borcu gecikdirdiyini görəndə o ondan pulu tələb etməyə başladı. O artıq borcu qaytarmamaq üçün yalandan, müxtəlif bəhanələrlə ondan uzaq durmağa, telefon zənglərinə cavab verməməyə və borcunu verməmək üçün müxtəlif şər və böhtan xarekterli sözlər danışmağa başladı. Nəhayət ondan borcunu tələb etməsin deyə telefonunu belə bloka atmışdır. Hazırda o onunla heç cür əlaqə saxlaya bilmir. Halbuki onun ona borclu qaldığına dair aralarında yazılı müqavilə var. Hansı ki həmin müqavilədə onun ona 17.800 AZN borclu qaldığı öz təsdiqini tapır. Üstəlik hər ikisi aralarında tərtib edilmiş həmin müqaviləni öz imzaları ilə təsdiq etmişdirlər. Bu müqavilə ilə yanaşı ona 17.800 AZN borclu qaldığına dair əvvəllər oğlu Sahiblə aralarında dəfələrlə whatsapp danışıqları olub ki, həmin danışıqlarında onun ona verdiyi borc və onun ona borclu qaldığı etiraf olunur. Hətta əvvəllər notariusa gedib orada həmin 17.800 manat borca dair müqavilə bağlamağı özü təklif etsə də, sonradan o fikrindən də daşındı.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 17800 manat borc, ödənilmiş 144 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 220 manat pulun tutulması qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, borcu götürdükdən 10 gün sonra "xxxx"dan 035/FV -0523 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə 36 aylıq bankın ona verə biləcəyi qədər məbləğdə 17000 manat kredit götürmüş və həmin gün evə gələrək bioloji anası olan - İddiaçı vermişdir. Qalan 800 manatı isə maaşda verəcəyi barədə razılaşmışlar. Birinci instansiya məhkəməsi isə qərəzli olaraq bu hissəyə baxmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi saxta əqdə əsaslanaraq qətnamə çıxarmışdır. Belə ki, həmin əqd onun yuxulu olduğu zaman iddiaçının onun yuxulu olduğundan istifadə edərək oxuyub tanış olmadan imzaladığı qeyriformal əqdə əsaslanmışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, evinin təmirinə görə iddiaçıdan 17800 manat borc pul götürmüş, lakin həmin pulu bankdan götürmüş olduğu kreditlə qaytarmış, cəmi 800 manat borcu qalmışdır. Həmçinin iddiaçının təqdim etdiyi qəbzdəki imza ona məxsus olsa da qəbzin mahiyyətini oxumamış, qəbzlə tanış olmadan onun yuxulu olmasından istifadə edərək iddiaçı həmin qəbzə imza etdirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin xahişi ilə 27.800 manat borc vermişdir. Cavabdeh həmin borcdan 10000 manat hissəsini qaytarsa da qalan 17800 manat hissəsini qaytarmamışdır. Bununla belə qalan məbləğə dair aralarında müqavilə olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəf borcunu qaytarmasını və cəmi 800 manat borcunun qalmasını bildirsə də pulun qaytarılması barədə sübut təqdim edə bilmir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

9. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 27800 manat olan borcdan 10000 manat ödədiyini, 17800 manat borcu qaldığını öz imzası ilə təsdiq etmişdir.

10. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli, 035/FV-KM-0523 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 17000 manat məbləğində kredit verilmişdir .

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 6 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülmüşdür.

12. İş materiallarında olan iddiaçının vəkili tərəfindən məhkəmə iclasında təqdim edilmiş video diskdə əks edilmiş fayllardan (“Whatsapp” yazışmaları (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi)) görünür ki, Cavabdeh həmin günün 14 may olduğunu, onun 13 may tarixindən etibarən anası ilə yaşamadığını evdən çıxdığını, onun anasına borcunun nə qədər qaldığını ona deməsini, onun bildiyi qədərilə 17800 manat borcu qaldığını bildirmişdir. Anası İddiaçı isə cavab olaraq, cavabdehin ona 17800 manat borcu qaldığını, bu barədə kağıza yazdığını, Cavabdehda imzaladığını, həmin pulu ayın axırına qədər verməli olduğunu bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Cavabdehin iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını mübahisələndirmir, onun apellyasiya şikayətinin iki dəlili var: 1) iddiaçının təqdim etdiyi qəbzin saxta (qeyri-formal) olması; 2) borcundan 17000 manat ödəməklə, cəmi 800 manat borcunun qalması.

39. Kollegiya şikayətin 1-ci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəf birinci instansiya, eləcə də apellyasiya baxışında həmin qəbzdə olan imzanın özünə məxsus olmasını qəbul etmişdir. Digər tərəfdən qeyd etmişdir ki, həmin qəbzi yuxulu halda imzalamışdır. Lakin cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən, tərəflər arasında olan qəbz 28 aprel 2023-cü il tarixə aid olsa da, cavabdeh həmin qəbzi hər hansı formada mübahisələndirməmiş, yalnız iddiaçı hazırki tələblə məhkəməyə müraciət edən zaman qeyd olunan dəlilləri irəli sürmüşdür ki, həmin dəlillər də formal mülahizələrdən ibarət olmuşdur.

40. Kollegiya şikayətin digər “borcundan 17000 manat ödəməklə, cəmi 800 manat borcunun qalması” dair dəlilinə dair münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut (qəbz) əlavə etməmişdir, halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi qaçılmaz idi, demək ki, cavabdehin belə bir sübutu olmamışdır, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçı tələb etdiyi məbləğin cavabdehə verilməsi barədə qəbz təqdim etdiyi halda, cavabdehin istinad etdiyi məbləği, yəni 17000 manatı iddiaçıya qəbz imzalatmadan verməsi inandırıcı olmamaqla yanaşı, tərəflər arasındakı münasibətlər zəmnində ağlabatan hesab edilmir. Nəticə:

41. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar