Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2759/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Sədayə Əliyevanın və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-225/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev № 28-də yerləşən 23 №-li mənzilə yuxarı mərtəbədə yerləşən, cavabdehə aid olan 26 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 1.473 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə ekspertiza xərcinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Sədayə Əliyeva isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçının mənzilinə su axması həmin binadan keçən, "xxxx" ASC tərəfindən ləğv edilmiş köhnə su xətlərindən olub. Lakin müəyyən olunur ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5999 nömrəli ekspert rəyində qeyd olunub ki, 26 №-li mənzilin (cavabdehə aid mənzilin) sanitar qovşağı təmirli olduğundan və su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin eyni zamanda həmin rəydə qeyd olunub ki, su sızma cavabdehə aid mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçının təqdim etdiyi fotoşəkillər və videoyazı belə qənaətə gəlməyə əsas verir ki, su axma cavabdehin mənzilindən baş verib. Belə ki, su ləkələri mənzilin tavanının bir yerində deyil, bir neçə yerində - yaşayış otağının, mətbəxin və dəhlizin tavanında əmələ gəlib. Bu, ekspert rəyi ilə təsdiq olunur. Rəydə qeyd olunub ki, su axma nəticəsində iddiaçının mənzilinin yaşayış otağına, mətbəx və dəhlizinə ziyan vurulub. Cavabdehin mənzili iddiaçının mənzilinin bilavasitə üstündə yerləşdiyindən su axma nəticəsində əmələ gələn ləkələrin yerləşmə yeri təsdiq edir ki, su cavabdehin mənzilindən axıb. İddiaçı bildirir ki, cavabdeh mənzilində “isidilən döşəmə” quraşdırıb, habelə mətbəxin yerini dəyişib, su axma həmin borulardan baş verib. Cavadehin onun mənzilində "xxxx" ASC tərəfindən ləğv edilmiş, lakin həmin ASC-nin balansında qalan köhnə su xətlərinin olması barədə sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Ona görə də su axmaya görə iddiaçının qarşısında cavabdeh məsuliyyət daşıyır. Məhkəmə icraatı başlanana qədər cavabehin zərərin bir hissəsini – 150 manatı iddiaçıya ödəməsi də onu təsdiq edir ki, cavabdeh su axmanın onun mənzilindən baş verdiyini etiraf edib. Ekspert rəyi ilə müəyyən edilib ki, su axma nəticəsində vurulan maddi zərərin məbləği 1.623 manat təşkil edir. Cavabdeh iddiaçıya 150 manat ödəyib, qalan məbləğ 1.473 manat təşkil edir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 1.473 manat pulun tutulmsını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-225/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2759/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2759/2024
03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver