Məhkəmə qərarları › İş №2(103)-2760/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2760/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2760/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair” Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2929/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 saylı evin 9 saylı mənzilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının X4 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 saylı evin 9 saylı mənzili xüsusi mülkiyyətindədir. Mənzil 5 otaqdan ibarət olmaqla sahəsi 140 kv.m-dir. Həmin mənzildə onun qızı Xalidə, iki azyaşlı nəvələri və kürəkəni X2 yaşayırlar. Heç biri bu mənzilin pasport qeydiyyatında deyil. X3 kommersiya fəaliyyəti ilə məşğul olmuş və onun Cavabdeh2 140.000 manat borcu yaranmışdır. İlham Ələsgərov işləyərək Cavabdeh2 olan borcunu qaytarmaq istəsə də, bu hal alınmamış və borcunu qaytara bilməmişdir. Belə olan halda o, qızı və kürəkəni ilə belə qərara gəlmişlər ki, mülkiyyətində olan mənzili sataraq İ.Ələkbərovun borcunu qaytarsınlar və eyni zamanda borcu ödədikdən sonra qalan məbləğdə özləri üçün bir az ucuz mənzil alsınlar. Bununla əlaqədar olaraq o, Cavabdeh2 etibarnamə vermək qərarına gəlmişdir ki, sonuncu gələcəkdə onun borcunun ödənilməsinə inansın. Bununla əlaqədar olaraq xx xxxxx 2020ci ildə o, Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh2 mülkiyyətinidə olan mənzilə dair baş etibarnamə vermişdir. Bir müddət sonra ona məlum olub ki, etibarnamə verdiyi gündən bir həftə sonra Cavabdeh2 mülkiyyətində olan mənzili verdiyi baş etibarnamə əsasında Bakı şəhəri, 5 saylı notariat ofisində Cavabdeh1 150000 manata satmışdır. Cavabdeh2 mənzilin satılması barədə ona heç bir məlumat verməmiş, yalnız 2020-ci ilin may ayının son günlərində əvvəllər tanımadığı Cavabdeh1 polis əməkdaşları ilə onun evinə gəlib, bildirmişdir ki, mənzili alıb, onun mənzilinə dair hətta çıxarış da alıb və o, mənzildən çıxmalıdır. Bundan sonra Cavabdeh2la əlaqə saxlayıb, öyrənmişdir ki, mənzilini 150000 manata satıb, 140000 manatını borc əvəzi götürüb, qalan 10000 manat isə xərci çıxıb, buna görə də ona heç bir manat da verilməyəcək. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aralarında xx xxxxx 2020-ci ildə Bakı şəhəri 5 saylı notariat ofisində xüsusi mülkiyyətində olan mənzilin alqı-satqısına dair müqavilə aşağıdakı səbəblərdən etibarsız hesab edilməlidir. Hələ 2020-ci ilin fevral ayında mülkiyyətində olan mənzili satmaq istədikdə «xxxx» MMC tərəfindən tərtib edilmiş rəy almış və həmin rəyə görə mülkiyyətində olan mənzilin bazar dəyəri 240000 manat, likvid dəyəri isə 220000 manat göstərilmişdir. Həmin məbləğlə razılaşmadığına görə 2020-ci ilin fevral ayında o, mənzilini satmamışdır. Cavabdeh2la mənzilini 280000 manata satılmasını razılığa gəldiyinə görə ona baş etibarnamə vermiş, Cavabdeh2 isə onu aldadıb, mənzilini guya 150000 manata satmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2929/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Etibarnamə verdiyi Cavabdeh2 240000 manat dəyəri olan mənzili nəyə görə digər cavabdehə 150000 manata satması araşdırılmamışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əvvəlcədən razılığa gəlmişlər ki, mənzili ucuz qiymətə alğısatqı edib, sonradan gəlir əldə etsinlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, evin dəyəri 280000 manat olduğu halda, 150000 manata satılması absurddur. İddiaçının mənzili satmaq niyyəti olsa da, həmin qiymətə satmaq fikri olmamışdır. Kürəkənin 140000 manat borcu olmuş, evi satıb həmin borcu ödədikdən sonra isə qalan 130000-140000 manata ev almaq niyyətləri olmuşdur. Hazırda isə ev 150000 manata satılıb, onun da 140000 manatını Cavabdeh2 borca verdiyini, qalan 10000 manatının isə xərcə çıxıldığını bildirir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə niyyətlə çıxarış edərək, evin o qiymətə alğı-satqısını həyata keçiriblər. İddiaçı Cavabdeh2 etibarnaməni ona görə vermişdir ki, onlarda inam yaransın ki, onun kürəkəni İlhama borcunu ödəyəcəkdir. Həmçinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx xxxxx 2021-ci il tarixli qərarı təqdim edərək, bildirdi ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş və material əlavə araşdırmanın davam etdirilməsinin təmin edilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, Cavabdeh2 birinci instansiya məhkəməsində bildirmişdir ki, pulu götürüb, aparıb Elçin Yusubova çatdırmışdır. Cavabdeh2 özü həmin şəxsin sürücüsüdür. Cavabdeh1 nə onunla, nə qızı ilə, nə də kürəkəni İlhamla heç bir əlaqədə olmamışdır. Cavabdeh1 martın 23-də səhər evə gəlib baxıb, həmin gün axşam isə arvadı ilə yenə gəlib baxıb, onda qızı evdə olmuşdur. Cavabdeh2 etibarnamə verəndə Cavabdeh1 tanımamışdır. Fevral ayından evi 280000 manata satmaq niyyəti olmuş, bu barədə evlərinin yaxınlığında olan maklerə bildirmişdir və müxtəlif şəxslər evə gəlib baxırdılar. Etibarnaməni inam yaratmaq üçün vermişdir, Cavabdeh2 da bildirmişdir ki, ev satılsa ona məlumat versinlər. Cavabdeh1 bildirir ki, guya heç nədən xəbəri olmamışdır və mənzili vicdanlı şəkildə almışdır, əgər elədirsə, o, Elgünə mənzilə görə ödədiyi puldan da 10000 manat artıq, yəni 160000 manat ödəməyə hazırdır, təki müqaviləni könüllü ləğv etsinlər, ancaq Elgün onun bu təklifini rədd edir, bu isə onu göstərir ki, Elgün heç də vicdanlı alıcı deyil. O, bu gün də Elgünə 160000 manat ödəməyə razıdır. Mübahisəli mənzil iki mənzilin birləşməsi nəticəsində 5 otaqlı olmuşdur, mənzil ABŞ səfirliyinin yanında «Stalin» layihəli binada yerləşir və yüksək dəyərə malikdir. Belə mənzilin 150000 manata satılması mümkün deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, İddiaçı tanımamışdır. Onun kürəkəni İlhamı tanımış və etibarnamə də İlham vasitəsilə verilmişdir. İlham ilə hər hansı işgüzar münasibəti olmayıb, sadəcə yoldaşlıq münasibətləri olmuşdur. Belə ki, İlhamın onun müdirinə (Elçin Yusubova) borcu olmuşdur, mənzil də həmin borcun qaytarılması üçün satılırdı. Mənzilin satılması üçün o, maklerlərə məlumat vermiş və bir müddətdən sonra Cavabdeh1 mənzili 150000 almağa razı olmuşdur. İlhamın məlumatı olmuşdur ki, ev 150000 manata satılıb. Həmin məbləğdən vergi çıxıldıqdan sonra təxminən 146000 manat qalmışdır. Həmin pulu o, götürüb Elçin Yusubova aparıb vermişdir. Alğı-satqı günündən bir gün əvvəl notariusa getmişlər, sonra İlhamla danışıb, MKİS-ə getdilər. Növbəti gün İlham MKİS-dən arayışı alıb verdi. Alğı-satqı olan günə qədər o, Elgünü tanımamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisi məktub ünvalayaraq, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, ev axtarırdı, Bina.az saytında evlərə baxmış, orda olan elanla maraqlanmaq üçün Eyyub adlı maklerlə əlaqə saxlayanda, sonuncu başqa evlərin də olduğunu bildirmiş və görüşəndə hazırki mübahisəli mənzilə getmişlər. Eyyubun tanışı olan başqa bir Vüqar adlı maklerlə xx xxxx 2020-ci il tarixdə bu mənzilə baxmışlar, mənzili bəyənmiş, həmin vaxt İddiaçı başqa hamı evdə olmuş, yəni İlham, onun yoldaşı və uşaqları evdə olmuşdur. Vüqar evin qiymətini 175000-180000 manata demiş, o isə 140000 manat pulunun olduğunu, əgər razılaşsalar əlaqə saxlamaqlarını demişdir, bu zaman İlham da iştirak etmişdir. Mənzil 5 otaqlı idi. Təxminən bir aydan sonra qardaşı danışmış və evi 150000 manata satmağa razı olduqlarını bildirmişlər. Bundan sonra arvadı ilə getmiş evə baxmağa, bu zaman da evdə İlham və arvadı olmuşdur, bu dəfə qiymətlə bağlı hər hansı söhbət olmamışdır. Aprelin 13-ü isə alğı-satqıya getmişlər, bu zaman o, qardaşı, Cavabdeh2, maklerlər Eyyub və Vüqar iştirak etmişdir. İlham alğı-satqıda iştirak etməmiş, onunla əlaqə saxlanıldıqda, demişdir ki, etibarnamə var, iştirak etməyəcəkdir. Alğı-satqı zamanı Cavabdeh2 bildirmişdir ki, bir ay yarım vaxt istəyirlər evi boşaltmağa, o isə bir ay vaxt verə biləcəyini bildirmişdir. Bir aydan sonra Cavabdeh2la əlaqə saxlamış, sonuncu artıq evi aldığı üçün elə İlhamla əlaqə saxlamasını bildirmiş, İlhama zəng etdikdə isə sonuncu pulunu geri verək evi qaytar demiş, o isə razılaşmamışdır. Sonra İlham bir həftə vaxt istəmiş, hər dəfə vaxt istəyərək müddəti uzatmış və sonra isə məhkəmədə iddia qaldırmışlar. Evin mülkiyyətçisi kimi İlhamı tanımışdır, evin real qiyməti onun üçün maraqlı olmamışdır, hansı qiymətə ona satılıbsa həmin məbləğlə maraqlanmışdır. Düzdür, iddiaçı ona mənzili qaytarmaq üçün 160000 manat təklif etmişdir, ancaq onun belə bir niyyəti yoxdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, “Evin 150000 manata satılmağı ilə bağlı məlumatım olmamışdır. Mənim Elçin adlı şəxsə borcum olub, Elçinlə Vahid isə bir yerdə işləyirdilər. Etibarnaməni Cavabdeh2 ona görə vermişdik ki, onlar inansın ki, evi satıb borcumu verəcəm, etibarnaməni bu evin satılması məqsədi ilə verməmişik, evi özümüz satıb, borcumu qaytaracaqdım. Müxtəlif maklerlər başqa-başqa şəxsləri evə gətirirdilər ki, baxsınlar. Evi satmaq niyyətimiz var idi, lakin 150000 manata satılması ilə bağlı hər hansı bir söhbətimiz olmamışdır, çünki evin dəyəri daha bahadır, bildiyimə görə İddiaçı evi 240000 manata almışdır. Evin qiyməti ilə bağlı Cavabdeh1lə və ya maklerlə hər hansı söhbətim olmamışdır. Mən evin 170000 və ya 150000 manata satılması ilə bağlı nəsə deməmişəm, ümumiyyətlə evin qiymətini danışmağa mənim səlahiyyətim olmayıb. Alğı-satqı zamanı da iştirak etməmişəm, evin həmin gün satılmasını da bilməmişəm.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, “Cavabdeh2la əvvəldən tanış olmuşam, sonuncu mənə bildirdi ki, bir tanışının evi var, satılmağına kömək edim, tanış olduq, nömrəsini verdilər, sonra İlham özü də evdə olduğu zaman evə gəlib baxdım, İlham bildirdi ki, evi baha alıb, lakin 175000- 180000 manata almaq istəsələr, satacaqdır. Mən başqa maklerlə danışdım ki, belə bir ev var. Həmin makler Eyyub müştəri tapdı, evə baxmaq istədiklərini dedi, mən İlhamla danışdım ki, gəlib baxmaq istəyirlər, o da dedi gəlsinlər və müştəri gəldi evə baxdı. Bir müddət sonra arvadı ilə baxmaq istədiyini bildirdi. Elgünün qiymətdən xəbəri var idi. İkinci dəfə Elgün evə baxmağa gedəndə mən iştirak etməmişəm. Bir müddətdən sonra mənimlə əlaqə saxlayıb, Elgünün 140000 manat pulunun olduğunu, əgər razıdırlarsa, almaq istədiyini bildirdi. Mən desəm də razılaşmadılar. Bir müddət sonra Eyyub əlaqə saxlayıb, Elgünün 145000-150000 manat pulunun olduğunu dedi, mən Vahidə, İlhama dedim bu barədə, razılıq verdilər. Birinci dəfə alğı-satqı üçün getdikdə, baş tutmadı, notariusda dedilər ki, evdə qeydiyyatda bir nəfər var, Vahidlə mən gəldik İlhamı götürüb, MKİS-ə getdik, orda yoxladılar dedilər ki, evdə heç kim qeydiyyatda yoxdur. Sonra özləri arayış gətirdilər ki, evdə qeydiyyatda heç kim yoxdur. Bundan sonra alğı-satqı edilmişdir. Birinci dəfə Elgün evə baxanda mən iştirak etmişəm, həmin vaxt evin qiyməti barədə danışıq olub-olmadığını dəqiq xatırlamıram.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X4 Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləni satıcı qismində İddiaçı əvəzinə Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə verilmiş 2623 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2, alıcı qismində Cavabdeh1 imzalamışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 140 kv.m. olan mənzil 150000 manata sonuncuya satılmışdır. İş materiallarında olan **********203 saylı ərizədən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 11 saylı notariat ofisində Cavabdeh2 verdiyi 7E reyestrdə 2623 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini tələb edərək, bildirir ki, həmin müqavilə onun iradə ifadəsini əks etdirmir, evi satmaq fikri olsa da, həmin evi 150000 manata deyil, 250000-280000 manata satmağı düşünmüşlər, alqı-satqı müqaviləsindən və evin 150000 manata satılmasından xəbəri olmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh etibarnamə əsasında ona verilən səlahiyyət çərçivəsində həmin mənzili satdığından və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz. Digər Cavabdeh1 münasibətdə isə vicdanlı əldə edən kimi mülkiyyətçi tərəfindən qanunla müəyyən olunmuş qaydada verilmiş etibarnamə əsasında hərəkət edən şəxslə müqavilə bağlayaraq həmin mənzili almış və müəyyən olunmuş məbləğ onun tərəfindən ödənilmişdir. Mülkiyyətçi əmlakın öz iradəsindən asılı olmayan səbəbdən onun sahibliyindən çıxması barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirmir. Belə ki, iddiaçının evi satmaq niyyəti olsa da, evin 150000 manata satılması barədə tapşırığı olmamışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Daşınmaz Əmlakın qiymətləndirilməsi hesabatı ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 140 kv.m. olan mənzilin bazar dəyəri 240000 manat, likvid dəyəri isə 220000 manat dəyərində qiymətləndirilmişdir. Apelyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, mübahisəli mənzil göstərilən tarixdə iddiaçının qızı Xalidə Ağamalıyeva tərəfindən 199000 manata alınmışdır. Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə ilə sonuncuya məxsus olan mənzili onun iradəsinə zidd olaraq 150000 manata Cavabdeh1 satmışdır. Etibar edilmiş Cavabdeh2 etibar edənin, yəni İddiaçı mənafeyinə zidd hərəkət edərək, ona məxsus mənzili real qiymətindən xeyli aşağı məbləğə satmışdır. Mübahisəli mənzil şəhərin ən əlverişli yerlərindən olan ABŞ səfirliyinin yaxınlığında yerləşməklə iki və üç otaqlı iki mənzilin birləşməsindən ibarət «Stalin» layihəli beş otaqlı mənzildir. Həmin mənzilin qiymətinin 150000 manat olması real və ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə görə, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göründüyü kimi, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və bu hərəkətləri şəxsən özü etməlidir. Təmsilçi özünün maraqları daxilində deyil, təmçil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Lakin işin hallarından müəyyən edilir ki, Cavabdeh2 ona etibarnamə vermiş iddiaçının maraqlarına zidd olaraq özünün, habelə onunla birgə hərəkət edən digər şəxsin (şəxslərin) maraqları daxilində hərəkət etmişdir. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir, Cavabdeh2 Elçin Yusubov adlı şəxsin sürücüsü olmuş, iddiaçının kürəkəni İlham Əsgərovun da həmin şəxsə borcu olmuşdur. Cavabdeh2 iddiaçıya məxsus mənzili sataraq, əldə etdiyi pulu iddiaçıya deyil, həmin Elçin Yusubova vermişdir. Kollegiya Cavabdeh1 vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Kollegiyanın qənaətinə görə, Cavabdeh1 xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq müəyyən olunmur. O, aşkar şəkildə bildirir ki, mənzili məhz ucuz olması səbəbindən almışdır və onu hətta 160000 manata qaytarmaq niyyətində deyil, onun sözlərindən belə aydın olur ki, mənzilin qiyməti əvvəlcə 175-180 min manat bildirilsə də, onun 140000 manat pulu olmasını bildirməsindən bir müddət sonra 150000 manata təklif olunmuşdur. Kifayət qədər yüksək dəyərə malik olan (kollegiyanın qənaətinə görə mübahisəli mənzilin real dəyəri 200000 manatdan yüksəkdir) mənzilin 150000 manata, özü də mülkiyyətçini tanımayan nümayəndə vasitəsi ilə satılması alıcıda ən azı şübhə yaratmalı idi, lakin Cavabdeh1 heç bir araşdırma aparmadan mübahisəli mənzili almaq qərarına gəlmişdir. Beləliklə Kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, 150000 manat Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2929/2020 saylı iş üzrə 06 noyabr il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (dövlət qeydiyyatı) ləğv edilsin. Mənzilin dəyəri olaraq ödənilmiş 150000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Cavabdeh1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar