Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2761/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(009)-129/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27,9% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişinə əsasən tərəflər kreditin 6861,49 ABŞ dolları qalıq məbləği kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11.664,53 manat təşkil etməsi, illik 29% ödəmək şərti ilə kreditin müddəti 60 ay müddətinə–xx.xx.2023-cü il tarixidək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ASC (əvvəlki adı-"xxxx" KB ASC ) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X8 1 üzrə 11.298,59 manat əsas borc, 2.399,11 manat faiz borcu, 7,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 348,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.053,95 manat borcun və 132,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh və "xxxx" İKB ilə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X8 1-ə əsasən "xxxx" İKB-dən illik 29 faizlə, 60 ay müddətinə 11.664,54 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 2023-cü ilin sentyabrın 22-dək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X8 1 üzrə 11.298,59 manat əsas borc, 2399,11 manat faiz borcu və 30,78 manat cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 348,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14.077,03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X81 qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanlara nəzərə alaraq kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 5.İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh əsas borcu üzrə 10.798,59 manat, faiz borcu üzrə 2.713,64 manat, cərimə borcu üzrə 106,74 manat və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 402,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.041,27 manat borcu vardır. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə X8 1 üzrə 10.798,59 manat, faiz borcu üzrə 2.713,64 manat, cərimə borcu üzrə 106,74 manat və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 402,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.041,27 manat borcun və 132,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 fevral 2024-cü il tarixli, 2(009)-129/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Şahin Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 10.798,59 manat əsas borc, 106,74 manat cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 402,5 manat faiz borcu - əldən çıxmış fayda, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,16 manat, cəmi 11.439,99 (on bir min dörd yüz otuz doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan: 7.“Kreditor” qismində "xxxx" KB ASC-nin 1 saylı filialı ilə digər tərəfdən “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış 06 oktyabr 2015-ci il tarixli, 1-Y-1- 0-847-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27,9% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. 8.“Kreditor” qismində "xxxx" KB ASC-nin 3 saylı filialı ilə digər tərəfdən “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1-Y-1-0- 847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişinə əsasən tərəflər müqavilənin 1.2,1.5,1.6,1.8,1.10,1.11 və 1.13-cü bəndlərinin aşadığakı redaksiyada dəyişdirilməsi (bənd 1.1.), müqavilənin predmeti – 6861,49 ABŞ dolları qalıq məbləği kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11664,53 manat ilə ifadə edilən pul öhdəliyidir (bənd 1.2.), kreditin qalıq məbləği - kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11.664,53 manat təşkil etməsi (bənd 1.5), kreditin müddəti - 60 ay (bənd 1.6), kreditin bağlanma tarixi – xx.xx.2023-cü il tarixi (bənd 1.8), kreditin valyutası – manat (bənd 1.10), kreditin illik faiz dərəcəsi – 29%, FİFD-29% (bənd 1.11), kreditin ödənilmə qaydası – annuitet ödəniş qrafiki əsasında (bənd 1.13), müqavilənin 5.2-ci bəndi ləğv olunması və növbəti bəndin sıralanması müvafiq ardıcıllıqla dəyişdirilməsi (bənd 1.2) barədə razılığa gəlmişlər. 9.İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə əsasən borc alana 11.664,54 manatı məbləğində illik 29% olmaqla 60 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı ASCyə olan əsas və faiz borcunun ödənilməsinin icra etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindənyerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Cavabdeh borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək Cavabdeh digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. 10.İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y- 1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 3.028,7 manat faiz borcu, 0 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 155,3 manat, cəmi 14.482,59 manat borcu var. 11.İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y- 1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 2.950,22 manat faiz borcu, 61,56 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 290,95 manat, cəmi 14.601,32 manat borcu var. 12.İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y- 1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 2.399,11 manat faiz borcu, 30,78 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 348,55 manat, cəmi 14.077,03 manat borcu var. 13.İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 10.798,59 manat əsas borcu, 2.713,64 manat faiz borcu, 106,74 manat cərimə, əldən çıxmış fayda (5%) 402,5 manat, cəmi 14.021,47 manat borcu var. 14.Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9150 saylı rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli müqavilə şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu: - xx.xx.2023-cü il tarixə (müqavilənin bitmə tarixi) - əsas borcu üzrə 11.535,51 manat, faiz borcu üzrə 2.947,61 manat; - xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) – əsas borcu üzrə 11.535,51 manat, faiz borcu üzrə - 0,00 manat, faiz borcu (5%-lə) – 702,35 manat müəyyən olunmuşdur. 15.Məhkəmə müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27,9% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinəxx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişinə əsasən tərəflər kreditin 6861,49 ABŞ dolları qalıq məbləği kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11.664,53 manat təşkil etməsi, illik 29% ödəmək şərti ilə kreditin müddəti 60 ay müddətinə – xx.xx.2023-cü il tarixidək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. 16.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra da banka müvafiq ödənişlər həyata keçirilmiş və bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 11.535,51 manat, faiz borcu üzrə 0,00 manat və faiz borcu (illik 5%-lə) 702,35 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas (10.798,59 manat), cərimə borcunun (106,74 manat) və gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanan faiz borcunun (402,5 manat) tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun olmaması müəyyən edildiyindən, həmin ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5-ci; “Dövlət ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin218.3, 88, 101.3, 103.1, 119.1 və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və onun tərəfindən edilmiş 8000 manatdan artıq ödənişlərin və əsas borcunun 10.798,59 manat təşkil edə bilmədiyi nəzərə alınaraq yeni qətnamə qəbul edilməsini, qətnamədə göstərilən əsas borcun 3664,53 manat müəyyən edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnamə çıxararkən onun tərəfindən edilmiş ödənişləri tam nəzərə almamış, bununla da qətnaməilə cavabdehin üzərinə əlavə ödəniş öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi onun etdiyi ödənişlərə dair təqdim etdiyi ödəniş qəbzlərinin surətlərini nəzərə almamışdır. Buna görə də qətnamə həmin hissədə əsaslı olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 29.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 31.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 39.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2015-ci il tarixli 1- Y-1-0-847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişi üzrə əsas borca görə 10.798,59 manat, cərimə borcu üzrə 106,74 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi - əldən çıxmış fayda kimi 402,5 manat faiz borcu yaranmışdır. 40.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 41.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 42.Məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh apellyasiya şikayətində onun tərəfindən ödənişlər edildiyini və bu bərədə qəbzlər təqdim etməsinə baxmayaraq həmin qəbzlərin nəzərə alınmamasını bildirsə də, iş materiallarında məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9150 saylı rəyində qeyd olunan və ekspert tərəfindən nəzərə alınan ödənişlərdən başqa, cavabdeh tərəfindən kredit borcuna görə ödənişlərin edilməsini təsdiq edən hər hansı qəbzlər müəyyən edilməməmişdir. 43.Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə daxil olmuş etirazda qoşma kimi “Məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatət” və “23 ədəd ödəniş çekinin surəti” qeyd olunsa da, etiraza əlavə edilmiş sənədlərdə qeyd olunan çeklər və vəsatət aşkar edilməmişdir. 44.Hətta bununla bağlı məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, № 12 saylı akt tərtib edilərək göstərilmişdir ki, “Biz aşağıda imza edənlər dəftərxana müdiri X4 və böyük mütəxəssis (operator) X5 və böyük mütəxəssis (operator) X2 bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən xx.xx.2023-cü il tarixdə Səbail Rayon Məhkəməsinə poşt vasitəsi ilə daxil olmuş ərizənin qoşma hissəsində “Məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatət” və “23 ədəd ödəniş çekinin surəti” əlavə edildiyi göstərilsə də, ərizəyə əlavə edilmiş sənədlərdə aşkar olunmamışdır.” 45.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(009)-129/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2761/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2761/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver