Məhkəmə qərarları › İş №2(103)-2762/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2762/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2762/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3429/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********04070 nömrəli abonent kodu verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib edilmiş akt üzrə 2.795,40 manat məbləğində pulun, 52,36 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində vəkil xərcinin, cəmi 3.247,76 manat məbləğində pulun tutularaq, İddiaçı (İBAN: AZ50İBAZ**********9955001922, SWİFT: İBAZA2X, alan bankın müxbir hesabı: AZ03NABZ********************, Alan bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi iddiacı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********04070 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir və həmin evdə qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsi (PQ-4) göstərilmişdir. Sənədlərə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixi də daxil olmaqla iddiaçının əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 6.048 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,10 manatdan hesablanmaqla) 604,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Eyni əsaslarla tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı akta əsasən 14,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu iİ tarixli, ******* saylı akta əsasən 396 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci iİ tarixli, ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci iİ tarixli, ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci iİ tarixli, ******* saylı akta əsasən 194,40 manat məbləğində ziyanın vurulduğu göstərilmiş və aktların tarixlərinə uyğun qəbul edilmiş qərarlarla həmin məbləğlərin tutulması qərara alınmışdır. Hazırda iddiaçı qeyd edilən aktları və onların əsasında qəbul edilmiş qərarları əsas götürüb, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq ümumilikdə 2.795,40 manat məbləğində pulun, hazırki iddia ilə bağlı vəkilə çəkilmiş 400 manat məbləğində xərcin və ödənilmiş 52,36 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3429/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etməsini, yəni cavabdeh tərəfindən ona birbaşa maddi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərə yol verməsini sübuta yetirə bilməmişdir. Təqdim edilmiş sübutlar mötəbər kimi qiymətləndirilə və iddianın hər hansı formada təmin edilməsinə əsas ola bilməz. Mövcud vəziyyətdə abonent saldosu üzrə göstəricilərin slfıra (0) bərabər olması da cavabdehin qanunsuz qoşulmaya yol verməsini və ondan hər hansı məbləğdə zərərin tutulmasını şərtləndirmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 1096, 1097.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.6, 4.7, 5.2, 5.6, 6.5, 6.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı ünvana 2022-ci ilin avqust ayında baxış keçirilmiş, lakin Cavabdeh təbii qazdan qeyriqanuni 2019 və 2020-ci illərdə istifadə etməsinə görə İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar 2019 və 2020-ci illərdə tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsa da cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə iclası zamanı Cavabdeh daim həmin ünvanda yaşamadığını, yay aylarında hərdən həmin evdə qaldığını qeyd etsə də, həmin ünvanda daim yaşamamasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin abonent saldosundan görünür ki, Cavabdeh 2019 və 2020-ci illərdə təbii qazdan istifadə etməsinə görə ödənişləri qış aylarında etmişdir. İş materiallarında olan abonent saldolarından da görünür ki, cavabdeh təbii qazdan istifadə etməsinə görə 2019-cu ilin mart ayında 1 manat, dekabr ayında 10 manat, 2020-ci ilin fevral ayında 1 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib, 2019 və 2020-ci illər üzrə cəmi 12 manat ödəniş edilməsi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir. Bundan başqa birinci instansiya məhkəməsi aydınlaşdırmalı idi ki, cavabdeh məhkəmə iclası zamanı Cavabdeh daim həmin ünvanda yaşamadığını, yay aylarında hərdən həmin evdə qaldığını qeyd etsə də niyə həmin ünvanda daim yaşamamasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin 2019 və 2020-ci illərdə təbii qazdan istifadə etməsinə görə ödənişləri niyə qış aylarında etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmadan əsassız olaraq iddianı təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfinə məxsus evə baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilmədiyini qeyd etmişdir. Cavabdeh yaşadığı ünvana 2022-ci ilin avqust ayında baxış keçirilmiş, lakin cavabdeh təbii qazdan qeyri-qanuni 2019 və 2020-ci illərdə istifadə etməsinə görə İddiaçıİB-nin əməkdaşları tərəfindən aktlar da 2019 və 2020-ci illərdə tərtib edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbinə əsasən ünvan 1 ünvanında Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi iddiacı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********04070 nömrəli abonent kodu verilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixi də daxil olmaqla iddiaçının əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 6.048 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının aktda qeyd etdiyi evdə yaşamadıqlarını, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə əks olunmuş evin ona məxsus ev olmadığını, sayğacdan kənar təbii qazdan istifadə etmədiyini, iddiaçının əməkdaşlarının heç vaxt bu evə gəlmədiyini, onunla ünsiyyətdə olmadığını və sayğacına baxış keçirmədiyini bildirir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə əks olunmuş evin cavabdehə məxsus olan ev (fərqli evlər idi) olmadığı, əsas qaz xəttinin cavabdehin evinin giriş qapısı ilə üzbəüz durduqda sol divarından ayrı (törəmə) xətt üzrə onun sahəsinə daxil olduğu, cavabdehin sahəsindən keçən xəttin ayrı-ayrı hissələrindən də qonşu evlərə ayrı-ayrı xətlərin çəkildiyi müəyyən edilmişdir. Həmçinin, yerində müayinə zamanı cavabdehin sahəsindən keçən xətt üzrə hər hansı kənar qoşulma halı, habelə qaz sayğacından hər hansı kənar xəttin ayrılması aşkar edilməmişdir (yerində müayinədə iddiaçının nümayəndəsi də iştirak etmiş, lakin cavabdehin evinin yerləşdiyi sahənin ona aid sahə olmadığını bildirmiş və özünü təqdim etməkdən imtina etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yerində müayinənin nəticələrinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə əks olunmuş evin cavabdehə məxsus olan ev olmadığı və buna uyğun olaraq əks olunmuş qaz xəttinin (quruluşu və quraşdırıldığı yer fərqlidir) də cavabdehə aid olmadığını düzgün müəyyən etmişdir. Bunun da öz növbəsində iddiaçının nümayəndələri tərəfindən həmin evə deyil, digər evə baxış keçirildiyini təsdiq etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılahır. Həmçinin, kollegiya qeyd edir ki, yerində müayinə zamanı cavabdehə məxsus olan qaz xətti üzərində qanunsuz qoşulma izləri, habelə sayğaca gedən hər hansı kənar xətt aşkar edilməmişdir. Digər tərəfdən abonentin saldosundan cavabdehə məxsus fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) göstərilsə də, aktlarda 3 cihaz üzrə hesablama aparılmışdır. Cavabdehə məxsus qaz sayğacının fərdi yaşayış evinin daxilində olması da nəzərə alınmaqla, bu hal iddiaçının nümayəndələrinin cavabdehə məxsus olan fərdi yaşayış evi barədə məlumatlı olmamasına dəlalət etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini kollegiya əsaslı sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda təbii qazdan istifadəyə görə ödənişin edilməsi, onun təbii qazdan qeyri-qanuni istifadə etməsi anlamına gəlmir. Eyni zamanda iddiaçı tərəf cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bunun əksinə isə işin araşdırmış halları ilə iddiaçının dəlillərinin əsassız olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etməsini, yəni cavabdeh tərəfindən ona birbaşa maddi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərə yol verməsini sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “vəkilə çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “borcun ödənilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan və iddia tələbi borcun ödənilməsi hissəsində rədd edildiyindən, iddia tələbinin qeyd edilən hissələrdə də əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3429/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar