Məhkəmə qərarları › İş №2(103)-2763/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2763/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2763/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6078/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim S.Mustafayeva, iş № 2(006)- 6078/20) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Hazırda Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli hüquq münasibəti o zaman hüquq varisliyinə yol vermir ki, həmin münasibət ölmüş fiziki şəxsin bilavasitə şəxsiyyəti ilə bağlı olsun. Buna misal olaraq, aliment öhdəliklərini, birgə yaşayışın mümkün olmaması halında mənzildən çıxarılmanı, sağlamlığa vurulan ziyana görə zərərin əvəzinin ödənilməsi haqqında iddianı və s. misal göstərmək olar. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət prosessual hüquq varisliyindən gedir. Prosessual hüquq varisliyi dedikdə MPM-nin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Daha sonra məhkəmə bu halda işi icraata qəbul edib icraatı dayandırmaq əvəzinə sənədləri geri qaytarmaqla bankın mövqeyinə zərər vurmuşdur. Belə ki MPM-nin 254.1.1-ci maddəsinə əsasən hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə icraatı dayandırmalıdır, iddiaçı bank ilə cavabdeh arasında olan hüquq münasibəti həm qanuna, həm də Konstitusiya Məhkəməsinin Qərarına görə, hüquq varisliyinə yol verir və icraat hər bir halda dayandırılmalıdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək Cavabdeh artıq ölmüş olduğundan və bu əsasla da onun iş üzrə cavabdeh olması qeyri-mümkün olduğundan məhkəmə iddianın yolverilməzliyi əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 50.1, 50.3, 153.2.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarına əlavə edilmiş MAPS arayışından (i.v.3) görünür ki, Cavabdeh həqiqətən də xx xxxx 2018-ci il tarixdə vəfat etmiş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə bundan 2 il 5 ay sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İddiaçı öz şikayətində Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Sözügedən maddədə qeyd olunan “məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir” dedikdə, qanunverici artıq icraatı başlanılmış iş üzrə prosesin hər hansısa bir mərhələsində tərəflərdən birinin sıradan çıxması, o cümlədən ölməsi halını nəzərdə tutur ki, hazırkı işdə belə hal mövcud deyildir. Hazırki iş üzrə isə ölmüş şəxsi məhkəməyə vermək və məhkəmənin üzərinə prosessual hüquqi varisi müəyyən etmək kimi bir vəzifənin qoyulması əsassız olmaqla heç bir qanun normasında nəzərdə tutulmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, qərardad qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfə izah edir ki, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə cavabdehin mirası qəbul etmiş vərəsələrinə (vərəsəsinə) qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar