Məhkəmə qərarları › İş №2(103)-2765/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2765/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2765/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli qətnamədən cavabdeh X3 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X1 Bank ilə bağladığı xx.xx.2019-cu il tarixli, BPM**********72 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.654,47 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.628,07 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 130,73 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,14 manat, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavad Musayev, onunla Bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 20 faiz dərəcəsi ilə 42 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 6.000 manat məbləğində borc götürmüşdür. Cavad Musayev xx.xx.2021-ci il tarixdə ölmüşdür. Öldüyü məqama Cavad Musayevin iddiaçı Banka 3.654,47 manat məbləğində əsas kredit borcu, əsas kredit borcuna hesablanmış 1.628,07 manat məbləğində faiz borcu, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 130,73 manat məbləğində cərimə (dəbbə) borcu olmuşdur. Bakı Şəhəri 33 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mərhum Cavad Musayevin övladı olan cavabdehin adına vərəsəlik işi açılmış, lakin sonuncu tərəfindən “vərəsəlik şəhadətnaməsi” alınmamışdır. Cavabdeh, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, bina № 13-də yerləşən 12 saylı mənzili faktiki olaraq miras əmlak kimi qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-6865/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, borcun məbləği barədə məlumat verilmiş və borcun ödənilməsi xahiş olunmuşdur. Lakin cavabdeh borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 74.14 manat, rüsumun ödənilməsi üçün isə 0,40 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin verdikləri izahatlar barədə məlumat

3. İddiaçı Bankın nümayəndəsi X5 Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. İş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsində qeyd edilən və Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev № 13-də yerləşən 12 saylı mənzil onun nənəsinə, yəni atasının anasına 1965-ci ildə verilmişdir. Nənəsi 2012-ci ildə vəfat etmişdir. Bundan sonra həmin mənzil atasının adına rəsmiləşdirilməmiş, mənzilə dair atasının adına “Kirayə müqaviləsi” verilmişdir. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, özü həmin mənzildə 1988-ci ildən qeydiyyatda olmuş, 2021-ci ildə qeydiyyatdan çıxmışdır. Mənzil ona vərəsəlik ilə keçməmişdir. O, mənzili öz adına özəlləşdirmiş və 2021ci ilin oktyabr ayında 36.500 manata satmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, vəfat etmiş borcalan Cavad Musayevin sağlığında Bank ilə bağladığı xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.654,47 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.628,07 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 130,73 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,14 manat, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, mərhum borcalan Cavad Musayevin övladı olmaqla sonuncunun birinci növbə vərəsəsidir. Cavad Musayevin sağlığında Bank ilə bağladığı xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə onun öldüyü məqama Banka 3.654,47 manat məbləğində əsas kredit borcu, əsas kredit borcuna hesablanmış 1.628,07 manat məbləğində faiz borcu, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 130,73 manat məbləğində cərimə (dəbbə) borcu olmuşdur. Mərhumun vərəsəsi olan cavabdeh “Vərəsəlik şəhadətnaməsi” almasa da, miras qalmış mənzili faktiki qəbul etmiş və ona yiyələnmişdir. Belə olan halda, o, mərhumun iddiaçı Banka olan borcunu ödəməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, ölmüş şəxsin mülkiyyətində əmlak varsa və vərəsə həmin əmlakı miras əmlak kimi qəbul edirsə, onda mirasqoyanın borclarını ödəməlidir. Lakin cavabdehin mərhum atasının mülkiyyətində əmlak olmamış və vərəsəlik ilə cavabdehə keçməmişdir. Cavabdeh, Rayon Məhkəməsinə verdiyi izahatda da bildirmişdir ki, iddia ərizəsində qeyd edilən və mənzil onun nənəsinə, yəni atasının anasına 1965-ci ildə verilmişdir. Nənəsi 2012-ci ildə vəfat etmişdir. Bundan sonra həmin mənzil atasının adına rəsmiləşdirilməmiş, mənzilə dair atasının adına “Kirayə müqaviləsi” verilmişdir. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdeh həmin mənzili öz adına özəlləşdirmiş və 2021-ci ilin oktyabr ayında satmışdır. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, cavabdehin atası Cavad Musayevin mülkiyyətində hər hansı, o cümlədən qeyd edilən daşınmaz əmlak olmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, əsassız olan iddianı təmin etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyator olan iş üzrə cavabdeh apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı Bank ilə cavabdehin atası Cavad Musayev arasında xx.xx.2019cu il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavad Musayev həmin müqaviləyə əsasən Bankdan illik 20 faiz dərəcəsi ilə 42 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 6.000 manat məbləğində pulu borc götürmüşdür.

14. İş materiallarında olan AZ-İİ seriyalı, 160338 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavad Musayev xx.xx.2021-ci il tarixdə ölmüşdür.

15. İş materiallarında olan “Maliyyə arayışından” görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Cavad Musayevin öldüyü tarixə əsas kredit borcu 3.654,47 manat, əsas kredit borcuna hesablanmış faiz borcu 1.628,07 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən ona hesablanmış 130.73 manat məbləğində cərimə (dəbbə) borcu olmuşdur.

16. 33 saylı Notariat Ofisi tərəfindən iddiaçı Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4 №-li məktubdan görünür ki, mərhum Cavad Musayevin övladı olan cavabdehin adına vərəsəlik işi açılmış, lakin sonuncu tərəfindən “vərəsəlik şəhadətnaməsi” alınmamışdır.

17. İş materiallarından müəyyən edilmir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, bina № 13-də yerləşən 12 saylı mənzil Cavad Musayevə məxsus olmuş və vərəsəlik ilə cavabdehə keçmişdir.

18. Cavabdeh, Rayon Məhkəməsinə verdiyi izahatda və apellyasiya şikayətində bildirmişdir ki, həmin mənzil onun nənəsinə, yəni atasının anasına 1965-ci ildə verilmişdir. Nənəsi 2012-ci ildə vəfat etmişdir. Bundan sonra həmin mənzil atasının adına rəsmiləşdirilməmiş, mənzilə dair atasının adına “Kirayə müqaviləsi” verilmişdir. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdeh həmin mənzili öz adına özəlləşdirmiş və 2021-ci ilin oktyabr ayında satmışdır.

19. Bu halı əsas gətirən cavabdeh iddianın əsassız olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.

20. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə, hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307.).

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən İcranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edilir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

22. Qeyd edilən maddi hüquq normaların tələblərindən və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarda təsbit edilmiş hüquqi mövqedən hazırkı iş üzrə cavabdehin bildirdirdiklərinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onun atası Cavad Musayev ilə bağlanmış “Kirayə müqaviləsinin” predmeti olan mənzili özəlləşdirməkdən ibarət gözlənti hüququnu qəbul etdiyindən və mənzili özəlləşdirərək, mənzili satdığından o, atası Cavad Musayevin sağlığında iddiaçı Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə yaranmış borcu ödəməlidir.

23. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

28. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar